Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Axşam eşidilən səs...

Otağın divarındakı bəyaz rəngin ahəngini dini bir tablo və qonşu binadan düşən işığın əks etdirdiyi pərdənin kölgəsi pozurdu. Gözünə yuxu getmədiyi üçün tabloya gözünü zilləyərək düşünürdü. Ötən günün və günlərin hesabatını verirdi...

Nə etdim bu gün mən? Necə keçdi günüm? Günah işlətdimmi? Kiməsə bir yaxşılığım oldumu?... Maddi sıxıntısı olan iş yoldaşına yardım edə bilməmişdi, amma istəyərək yox. Tələbənin təklif etdiyi rüşvəti qəbul etməmişdi. Deyəsən bu gün etdiyi ən yaxşı iş idi, hə əlbəttə bir də xırda bir şey - yerə yıxılıb qalxması üçün kömək istəyən yaşlı qadına kömək etmişdi. Daha bir sadə günü geridə qoymuşdu. Keçmiş artıq keçmişdir deyib, əvvəlki günləri düşünməkdənsə sabahı düşünməyə çalışdı...



Sabahı üçün əsas maddi sıxıntı görürdü. Aylıq xərcləri deməkj olar ki, aylıq qazancı ilə üst-üstə düşürdü. Bu aydan digərinə bir əlavə demək olar ki, mümkün deyildi. Bəs mənəvi cəhət? Valideynlərini az qala bayramdan-bayrama ziyarət etmə vaxtı olurdu. Uşaqları ilə, ailəsi ilə az vaxt keçirirdi. Bir ay əvvəl yuxarı mərtəbəyə köçən qonşunu hələ görməmişdi. Uşaqlığı keçən bibisi oğlunu ən son 5 ay əvvəl görmüş, 1 ay əvvəl danışmışdı. Gündəlik problemlər, iş-güc, istirahət üçün vaxt tapılmırdı. Ən son məzuniyyətə çıxanda gördüyü dost-tanışlar vardı.



"Nə olacaq bu həyatın sonu?" - deyə düşünməyə başladı. İllər, aylar, günlər keçir. İstirahətə, ailə, qohum-əqrəba, dost-tanışla vaxt keçirməyə imkan tapılmır. Bu qədər iş-güc, amma maddi sıxıntı var. Nə olacaq bundan sonra? Bu günə kimi necə gəlibsə bundan sonra da elə gedəcək? Daha yaxşı olma ehtimalı yoxdur? Amma yox, var, insan şüuru, o çox şeyi həll edə bilər, əziyyət də çəkər, xoş gün də görər, hamısını yaşayar. Hər zaman işıqlı sabah vardır. Amma necə? Bunun üçün arxamda güc lazımdır. Bundan sonra hər şeyi dəyişmək üçün nə edəcəm? Off, sözdə demək asandır...

Bu anda bütün gecə düşündüklərinin, sıxıntılarının cavabı pəncərədən eşidildi. Gözünü rahat yumub yata bildi. Artıq gec də olsa yadına düşmüşdü, gücü necə artacaq? Kim ona arxa olacaq?...



Pəncərədən gələn səs: "Əllahu Əkbər! (4 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Əşhədu ən lə ilahə illəllah! (2 dəfə) (Şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)
Əşhədu ənnə Muhəmmədən rasulullah! (2 dəfə) (Şəhadət verirəm ki, Məhəmməd (s) Allahın rəsuludur)
Həyyə ələs-saləh (2 dəfə) (Namaza tələsin)
Hayyə ələl-fələh (2 dəfə) (Nicat tapmağa tələsin)
Hayyə əla xayril əməl (2 dəfə) (Əməllərin ən xeyirlisinə tələsin)
Əllahu Əkbər! (2 dəfə) (Allah vəsf oluna bilən bütün şeylərdən ucadır)
Lə ilahə illəllah (2 dəfə) Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur)" - sübh Namazının Azan səsi idi...


Tarix: 03.12.2014 / 15:17 Müəllif: Aziza Baxılıb: 82 Bölmə: Maraqlı melumatlar
loading...