(İslami saytlara əsasən)
Şəxsiyyəti təhqir edən amillərdən biri də başqalarına istehza və məsxərə etməkdir. Bəzi insanlar istehza və məsxərə etmək yolu ilə digərlərin şəxsiyyətini alçaldarlar. Bu yanaşmanın özü də şeytanın üslublarındandır. Bu, hər bir cəmiyyətdə mövcuddur.
Təcavüz edən bu qrup görəndə ki, kimsə onun “səliqəsinə” uyğun gəlmir və ya malına, vəzifəsinə və ya həyat tərzinə görə onda narahatçılıq yaradırsa, bu halın inkişaf etməsinin qarşısını almaq üçün onu istehza küləyi ilə yox etmək istəyərlər. Təhqir və məsxərə ilə şəxsiyyətini alçaldarlar. Bu məsələ hər bir cəmiyyətdə mövcuddur. Hətta peyğəmbərləri belə, bu yolla məhv etməyə çalışardılar. O zaman ki, bir peyğəmbər (ə) məbus olurdu, ona qarşı göstərilən reaksiyalardan ən yayılmışı - onu istehzaya məruz qoymaq idi. Bu yolla onun cəmiyyətdəki mövqeyini alçaltmaq istəyirdilər ki, insanlar onun sözlərinə qulaq asmasınlar. Təbii ki, peyğəmbərlərə istehza etmək - məsxərənin ən alçaq növüdür. Çünki, cəmiyyətdə peyğəmbərlərin (ə) varlığı Allahın böyük neməti idi. Onları təhqir etmək isə Allahın ən böyük nemətinə küfr etmək deməkdir, eyni zamanda cəmiyyətə ən böyük xəyanətdir.
Ümumi olaraq isə kiməsə məsxərə etmək mənfi dəyərə malik olmaq deməkdir. Əlbəttə, hər bir şəxsiyyət Allah dərgahında möhtərəm bir fərddir. Ona görə də məsxərə mənfi dəyər yaradar.
Hər bir halda cəmiyyətin hər bir üzvü İslam üçün, cəmiyyət üçün nəsə bir faydalı iş görə bilər. Ancaq onu təhqir etmək səbəb olar ki, o, cəmiyyət üçün görəcək olan faydalı işi düzgün yerinə yetirməsin və ya ondan lazımlı istifadə etməsin. Aydındır ki, bu, cəmiyyətin ziyanına olacaqdır. Bundan başqa mümkündür ki, insanların nəfsinə pis təsir qoysun. İntiqam almaq ruhu o biri tərəfdə alovlansın. Çünki bütün insanlar peyğəmbərlər (ə) və məsum İmamlar (ə) kimi deyildirlər. Onlar özlərinə hakim ola bilmir və səbir edə bilmirlər. Bu təhqirləri görməməzliyə və eşitməməzliyə vura bilmirlər. Bəzən mümkündür ki, onları çox narahat edərək, psixoloji problemlərlə üzləşmələrinə gətirib çıxarar. Bu məsələ təkcə ictimai deyil, fərdi həyat mövqeyinin də süqut etməsinə səbəb olar.
Quranın istehza haqqındakı baxışı
Qurani-Kərim bu mövzuda çox sayda tövsiyələr vermişdir. Onları bir neçə dəstəyə bölmək olar: birincisi, o ayələr ki, əmr edir heç bir mömin kişi və qadınlar başqa möminlərə məsxərə etməməlidirlər. Məsələn: “Ey iman gətirənlər! Heç bir qövm başqa bir qövmü məsxərəyə qoymasın. Ola bilsin ki, bunlar onlardan daha yaxşı olsunlar. Həmçinin qadınlar da başqa qadınları məsxərəyə qoymasınlar, ola bilsin ki, bunlar onlardan daha yaxşı olsunlar”. (“Hücərat” surəsi, 11).
İkincisi isə baş verən hadisələri olduğu kimi bəyan edir. Onların çirkinliklərini və təhlükələrini yada salar. Bu hadisələr bəzi vaxtlarda kafirlər tərəfindən, bəzi vaxtlarda isə münafiqlər tərəfindən baş verər.
Məsələn: “Kafirlər üçün dünya həyatı zinətlənmişdir və onlar iman gətirən şəxslərə məsxərə edirlər, halbuki təqvalılar Qiyamət günü onlardan üstündürlər. Allah, istədiyi şəxsə saysız-hesabsız ruzi verər”. (“Bəqərə” surəsi, 212).
Dünya kafirin gözündə gözəl və zinətlidir. Ancaq möminlər dünyaya çox diqqət etməzlər. Onu axirətə çatmaq üçün bir vasitə kimi görərlər. Dünyaya bağlılıqları o qədərdir ki, axirətin səadəti üçün faydalı olsun. Ona görə də möminlər arasında elə kəslər olmuşdur ki, öz mallarını İslam yolunda xərcləmişdilər. Özləri isə imkansız vəziyyətdə qalmışdılar, ya da başqa bir səbəbdən yoxsul olmuşdular. İslamın düşməni olan kafirlər də onlara bu səbəbdən məsxərə edərdilər. Yuxarıdakı ayədə də Allah bu cür möminlərə ürək-dirək verər və onlara təslim olmamağı tövsiyə edər. Və bildirər ki, onların Allah dərgahında məqamları Qiyamət günü uca olacaqdır. Kafirlər daha çox möminlərin yoxsul olmasına görə onlara məsxərə edərdilər. Ona görə də Allah buyurur ki, Allah hər kəsin ruzisini nə qədər istəyir, o qədər verir.
İslamı qəbul etmiş kimi özlərini göstərən münafiqlər də möminlərin içində yaşayaraq, həqiqi möminlərə müxtəlif bəhanələrlə məsxərə edərdilər. Bəzi ayələrdə buna işarə edilmişdir: “Öz meylləri ilə sədəqə verən möminlərə lağ edənləri və güc-bəla ilə əllərinə düşəni ehsan edənləri məsxərəyə qoyanları Allah özü məsxərəyə qoyacaqdır. Onlar üçün ağrılı əzab vardır”. (“Tövbə” surəsi, 79).
Bu ayədən göründüyü kimi, münafiqlər İslam cəmiyyətinin iki qrupunu: möminləri və yaxşı insanları məsxərə edərdilər. Onlardan bir qrupu həddən artıq sədəqə verənlər idi. Onlar bu yolla Allahın razılığını əldə etmək istəyirdilər. İkincisi isə o qrup insanlar idi ki, az miqdarda sədəqə verirdilər, daha çox yardım etməyə gücləri çatmırdı. Həm bizim əsrimizdə, həm də İslamın əvvəllərində elə insanlar olub ki, daim kömək etməyə meyilli olublar. Ancaq əlləri boş olub. Gücləri çatan az miqdarda yardımı böyük meyl və rəğbətlə verərdilər. Nadan münafiqlər bu cür insanlara istehza edərdilər. Ancaq bu münafiqlər gərək bilsinlər ki, onların məsxərə etdikləri insanların arxasında Allah dayanır. Allah onları məsxərə edəcəkdir. Onları dəhşətli əzab gözləyir.
Peyğəmbərlərə (ə) məsxərə edən münafiqlər haqda gələn ayələr bir neçə dəstəyə bölünür.
Birincisi o ayələrdir ki, bu acı tarix və ictimai həqiqətdən xəbər verir. Tarix boyunca elə bir peyğəmbər olmamışdır ki, cəmiyyətdəki insanlar tərəfindən istehza edilməsin. Məsələn : “Vay bu bəndələrin halına! Onlara heç bir peyğəmbər gəlmədi ki, onu lağa qoymasınlar”. (“Yasin” surəsi, 30).
“Onlara heç bir peyğəmbər gəlmədi ki, ona istehza etməsinlər”. (“Hicr” surəsi, 11).
“Onlara heç bir peyğəmbər gəlmədi ki, onu lağa qoymasınlar”. (“Zuxruf” surəsi, 7).
İkincisi isə peyğəmbərlərə məsxərə edənləri pis aqibət gözlədiyini xəbər verən ayələrdir. Məsələn: “Səndən qabaqki Peyğəmbərlər də istehza edildilər. Nəhayət istehza edənlərə, məsxərəyə qoyduqları şeyin özü gəlib çatdı”. (“Ənbiya” surəsi, 41).
“Və Bizim ayələrimizdən bir şey öyrəndiyi zaman, onu lağa qoyar. Rüsvay edən əzab da elə onların özləri üçündür”. (“Casiyə” surəsi, 9).
Bəzi ayələrdə isə istehza edənlərin öz işlərindən peşman olduqlarına işarə edilir. Belə ki, buyrulur: “(Elə edin ki, sonra) bir kəs: “Allaha itaət barəsində etdiyim təqsirlərə görə vay olsun mənə! Doğrudan da mən məsxərə edənlərdən idim”, - deməsin”. (“Zumər” surəsi, 56).
Bəzi ayələrdə bu məsxərələrin aqibətinə işarə olunur. Məsələn: “Nəhayət, Allahın ayələrini təkzib edib onları istehzaya qoymaqla pislik edənlərin axır-aqibəti lap pis oldu”. (“Rum” surəsi, 10).
Məsxərəyə qoyan insanlar möminlərə istehza edərək, bir-birinə göz vurardılar. Sonra evə gələndən sonra isə bunu ailələrinə danışaraq, gülərdilər. Allah bu haqda buyurur: “Bəli! Günahkarlar iman gətirənlərə (dünyada) gülürdülər. Onların yanından keçəndə bir-birlərinə qaş-göz atırdılar. Öz adamlarının yanına dönəndə (etdiklərinə) gülüşüb şadlıq edirdilər”. (“Mütəffifin” surəsi, 29-31).
Qurani-Kərim insanları bu pis əməldən uzaqlaşdırmaq üçün xüsusi tərbiyəvi proqrama malikdir. Yuxarıda qeyd etdiyimiz “Hucərat” surəsinin 11-ci ayəsində Allah Təala ilk növbədə möminlərə buyurur ki, məbada möminlər bir-birinə məsxərə etsinlər. Sonra isə bu məsələni psixoloji təhlil edir və bu işin çirkin olduğunu sübut edərək, buyurur: “O qədər olub ki, o kəslərə ki, pis hesab etdiyinizə, onlarda çatışmamazlıqların olduğunu eşitdiyinizə görə onlara məsxərə etmisiniz. Ancaq onlar sizdən də yaxşı, Allah yanında sizdən də əzizdirlər”.
Hazırladı: Məşhədi Xanım
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 161 Bölmə: Maraqlı melumatlar