Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir çobanın Məhəbbəti

Allahdan istəmək şücaətdir, versə hacətdir verməsə hikmətdir. Allahdan qeyrisindən istəmək xəcalətdir, versə minnətdir verməsə zillətdir.

Günlərin bir günü çoban şahın qızını uzaqdan görüb, ilk baxışdan bir könüldən min könülə aşiq olur.
Daha sonra bu sevgi lap böyüyür. Yemək yemir, arıqlayır qızın dərdini çəkməkdən. Şah hara, şahın qızını almaq hara?!

Gün keçir, dövran dönür və bir gün şahın yaşlı məsləhətçisi ilə bu oğlan rastlaşırlar. Yaşlı adam oğlanın niyə solğun olduğunu soruşur, yardım etmək istəyir.
Çoban isə deyir ki, mənə heç kim yardım edə bilməz, dərdim böyükdü, mən olmaz bir şeyi istəyirəm.
Qoca əl çəkmir və oğlanın niyə belə olduğunu öyrənir. Ona məsləhət verir ki, mən sənə bir yol göstərəcəm, əməl etsən 40 gün sonra şahın qızı sənindir.
Oğlan qəbul edir. Məsləhəti bu olur ki, kənar, insanlardan uzaq bir yerdə 40 gün içərisində yalnız Allahı zikr et.
Oğlanı aparır bir evə, bütün bazarlığını edir və əlinə də təsbeh verir. Oğlan başlayır zikrə.
Günlər, həftələr ötür və axır günlərdə oğlanın səs-sorağı bütün aləmə yayılır. Evin yayından keçən insanlar, içəridən gələn “Allahu Əkbər” sözünü eşidib vahimələnir.
Bundan ona, ondan buna hər kəsə xəbər çatır ki, uzaq bir məkanda belə bir adam var ki, bütün günü zikrlə məşğuldur.
Hamıya maraqlı gəlir onu görmək, hətta şahın da qulağına gedir və o da oğlanın saraya gətrilməsini istəyir.
38-ci gündə şahın adamları oğlanın yanına gəlib onu aparmaq istəyərkən oğlan razılaşmır. Şah fikirləşir ki, nə etsin, necə etsin ki, oğlanı saraya gətirsin?! 40-cı gündə qərar verir ki, özü gedib razı salsın.
Şah, şahın adamları, bu söhbəti eşidən hər kəs yığışır evin başına. Şahın həmin o yaşlı məsləhətçisi, təklif edir ki, şah qızını versə bəlkə çoban razı olub saraya gələr. Fikri bəyənən şah oğlana qızını vermək istədiyini deyir.
Bunu eşidən oğlan bir daha da əlində təsbeh “Allahu Əkbər” deyib, başını qaldırır və gedib qapıdan çıxarkən üzünü arxaya döndərir və deyir: Bu evə bir qız üçün girib, Allahı zikr etdim. Allah mənə nə vermədi?! Hətta şahı ayağıma gətirdi. Mən çox təəssüf edirəm ki, bu evə Allah üçün girməmişəm. Gör Allah üçün girsəydim O mənə nələr verərdi.

Qoca vəzir isə, yavaşca belə deyirdi: "Allahdan istəmək şücaətdir, versə hacətdir verməsə hikmətdir.
Allahdan qeyrisindən istəmək xəcalətdir, versə minnətdir verməsə zillətdir.


Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 117 Bölmə: Maraqlı melumatlar
loading...