Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

PEYĞƏMBƏRİN MÜBARƏK MERAC HADİSƏSİ.. Diqqetle Oxu

Həzrət Mühəmməd Peyğəmbərin (s) həyatında baş vermiş ən mühüm hadisələrdən biri. Hansı tarixdə baş verməsi barədə alimlər arasında fikir ayırılığı vardır. Geniş yayılmış məlumata görə, Məkkə dönəmində, peyğəmbərliyin 10-cu ilindən sonra (daha dəqiq desək, Əbu Talibin vəfatından sonra) baş vermişdir.
Merac gününün də dəqiq tarixi məlum deyil. Müxtəlif mənbələrdə 17 ramazan, 2 rəbiül-əvvəl, 17 rəbiül-əvvəl və ya 27 rəcəb gecəsində, yaxud rəcəb ayının ilk cüməsinin gecəsində baş verdiyi yazılıb. Merac Həzrət Mühəmməd Peyğəmbərin (s) ən böyük möcüzələrindən biri sayılır. “Merac” sözünün ərəb dilindən tərcüməsi “yüksəliş, yuxarıya qalxma” mənasını verir.

Əbu Talibin və Xədicənin vəfatından sonra Həzrət Mühəmməd (s) tez-tez öz qohumlarının evini ziyarət edir, onlara qonaq olur, bəzən gecəni də orada qalırdı. Bir gün o, Əbu Talibin qızı, Həzrət Əlinin (ə) bacısı Ümmi-Haninin evində qonaq idi. Gecəyarı Allahın vəhy mələyi Cəbrail İslam Peyğəmbərinin görüşünə endi və onu çox şərəfli bir səfərə dəvət etdi. Bu səfərdə Həzrət Mühəmmədə (s) bələdçilik etməyi Allah-təala ona tapşırmışdı.

Peyğəmbərimiz Cəbrailin gətirdiyi “Büraq” adlı xüsusi miniyə minib gecəyarı Məkkəni tərk etdi. Onun səfərinin birinci mərhələsi müsəlmanların ilk qibləsi, böyük peyğəmbərlərin vətəni Qüds (Yerusəlim) şəhərindəki Beytül-Müqəddəs məscidinə oldu. Mmerac gecəsində Peyğəmbərin Məkkədən Qüdsə səfərini “isra” adlandırırlar.
Beytül-Müqəddəs məscidini, habelə Qüds şəhərinin başqa dini ziyarətgahlarını gəzib orada namaz qıldıqdan sonra Peyğəmbərin ilahi səyahətinin ikinci mərhələsi başlandı. Həzrət Mühəmməd (s) Cəbrailin müşayiəti ilə səmaya qalxdı. Büraq o həzrəti səmanın təbəqələrindən asanlıqla keçirərək bu səfərin asanlığını təmin edirdi.

Həzrət Mühəmməd (s) meracda keçmiş peyğəmbərlərin ruhları ilə görüşdü, cənnətdə möminlərə nə kimi mükafatlar veriləcəyindən, günahkarların necə cəzalandırılacaqlarından xəbərdar oldu. Hədislərdə deyildiyi kimi, merac zamanı Peyğəmbərimiz Allahın qüdrət və əzəmətinin zahir olduğu yerlərə elə yaxınlaşdı ki, heç bir mələk, o cümlədən cənab Cəbrail Onu müşayiət edə bilməyib geri qaldı.

Meracın əsas əhəmiyyəti bundadır ki, həmin hadisə zamanı Allah-təala müsəlmanlara gündəlik namazları qılmağı vacib elan etdi.
Həzrət Mühəmməd (s) çox qısa müddət ərzində, cəmi bir neçə dəqiqə içində böyük səfərini başa vurdu, getdiyi yolla da geri qayıtdı. O, səmada hərəkət edib Məkkəyə dönərkən yolda şəhərə yaxınlaşan ticarət karvanını gördü və karvanın nişanələrini yadda saxladı.

Səhər Həzrət Mühəmməd (s) şəhərə çıxıb öz ilahi səfərini məkkəlilərə xəbər verdi. Onun bir neçə dəqiqə ərzində Məkkədən Qüdsə, oradan da səmaya qalxdığını, göy təbəqələrini dolaşdıqdan sonra geri döndüyünü eşidən bütpərəstlər yenə istehza etməyə başladılar. Bu zaman Həzrət Peyğəmbər yolda gördüyü karvanı təsvir etdi, dəvələrin sayını, rəngini, yükünü yerli-yerində söylədi. Məkkəlilər Peyğəmbərdən tələb etdilər ki, əgər doğrudan da Qüdsə getmişdirsə, oranın mənzərəsini təsvir etsin. Həzrət Mühəmməd (s) Beytül-Müqəddəs məscidinin içini və çölünü, habelə başqa müqəddəs yerləri ətraflı şəkildə təsvir etdi. Tez-tez Qüdsə səfər edən tacirlər onun dediklərinin həqiqətə tam uyğun olduğunu təsdiqlədilər. Bu vaxt Peyğəmbərin yolda gördüyü ticarət karvanı Məkkəyə daxil oldu. Karvanın bütün əlamətləri Həzrət Mühəmmədin (s) söylədikləri ilə eyni idi.

Keçmiş dövrdə yaşamış tədqiqatçıların bir hissəsi meracın cismani deyil, ruhi olduğunu söyləmişlər. Onların fikrincə, Peyğəmbərin yalnız ruhu meraca getmiş, yəni o, xəyalən gəzib-dolanmış, bədəni isə Məkkədə qalmışdır. Alimlərin bu fikrə düşməsinin səbəbi orta əsrlərdə astronomik düşüncədə Ptolomeyin geosentrik (Yer mərkəzli) sisteminin hakim olması idi. Bu düşüncəyə görə, Yer kurəsini ardıcıl olaraq 4 həyat ünsürü – su, torpaq, hava və od əhatə edir. Bundan sonra “fələklər” adlanan doqquz qat gəlir. Hər hansı cismin bu fələkləri yarıb keçməsi mütləq kainatın məhvi ilə nəticələnər. Buna görə də, insanın cismani olaraq fələkləri yarıb meraca qalxması qeyri-mümkün sayılırdı. Lakin elm inkişaf etdikcə, həm Ptolemeyin geosentrik sisteminin, həm də “doqquz fələk” anlayışının yanlış olduğu aşkara çıxdı. Şiəliyin “şeyxiyyə” qolunun banisi Şeyx Əhsai kimi alimlər isə meracın ayıqlıqda deyil, yuxuda baş verdiyinə inanırdılar.

Lakin İslam alimlərinin böyük əksəriyyətinin fikrincə, Həzrət Mühəmməd Peyğəmbər (s) cismani (fiziki) halda meraca getmişdir. Bu hadisənin bəzi cəhətləri əlçatmaz və qeyri-mümkün görünə bilər. Lakin Eynşteynin nisbilik nəzəriyyəsi, həmçinin müasir kvant fizikasına istinadən belə bir hadisənin məhz fiziki formada baş verə bilməsini əsaslandırmaq mümkündür.

Qurani-kərimin bir neçə ayəsində Həzrət Mühəmməd Peyğəmbərin (s) merac və israsına həm açıq, həm də üstüörtülü işarələr mövcuddur. Belə ayələrin birində buyurulur: “Bəzi ayətlərimizi göstərmək üçün öz bəndəsini bir gecə Məscidül-həramdan ətrafını mübarək etdiyimiz Məscidül-əqsaya aparan Allah pak və müqəddəsdir. Ö,doğrudan da (hər şeyi) eşidəndir, görəndir” (‘İsra”, 1).


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 129 Bölmə: Maraqlı melumatlar
loading...