O gün ki, sur çalınacaqdır, yerdə və göydə olan hər kəs qorxacaq və hürkəcəkdir. Allahın xüsusi bəndələrindən başqa. Sonra hamı xar və zəlil halda məhşər səhrasında hazır olacaqdır.
“Elə isə əgər kafir olsanız, uşaqları (qorxunun şiddətindən) ağ saçlı qocaya döndərən gün(ün əzabın)dan necə qorunacaqsınız?!”. (“Muzzəmmil” 17).
İnsan həyatdakı ömrünə ana bətnindən başlayır. Bu, çox kiçik bir evdir ki, bayırla əlaqəsi yoxdur. O, bu dünyada olan zaman dünya həyatından xəbərsiz və agahsız olar. Bütün dünyanı qaranlıq hesab edər.
Çox çəkməz ki, bu məhdud fəzadan bayıra çıxar. Daha geniş bir dünyaya qədəm basar. Dünya öz gözəllikləri ilə hər aldadıcı gözü özünə məşğul edər. Ananın kiçik bətnində yaşamağa öyrəşən körpə həyatının təhlükəyə düşdüyünü zənn etdiyi üçün bu dünyaya gələn zaman ağlamağa başlayır. Zaman keçdikcə uşaq gözlərini açır və dünyanın böyük və cəzbedici olduğunu dərk edir. Ona görə də ağlamaq yerinə gülür və təbəssüm edir. Get-gedə bədəni güclənməyə başlayır. Ancaq çox çəkməyəcəkdir ki, ömrü başa çatacaq və qəlbi dayanacaqdır. Bəli, insan ömrü böyu çox sayda hadisələrlə rastlaşar. Enişli-yoxuşlu həyatı arxada qoyar.
İnsanın önündə cavidan bir həyatı vardır və o, bu həyata öləndən sonra daxil olar. Ölümdən sonrakı dünyada İlahi ədalət məhkəməsi təşkil ediləcəkdir. İnsan hələ bu dünyada olan zaman bu məhkəməyə ümid edərək yaşayar və bir gün haqqının alınacağını düşünmək ona sonsuz ümid verər. Bu cür əzəmətli bir həyata başlamaq Qiyamət günündən sonra baş verəcəkdir.
İmam Əli (ə) bu əzəmətli gün haqqında buyurur: “Ey Allahın bəndələri! O gündən qorxun ki, insanın rəftar və əməli yoxlanacaqdır və o gün iztirab və təşvişlə dolu olan bir gündür. Uşaqlar o gündə qocalacaqlar!”.
İmamın (ə) bu nurani kəlamlarından görmək olur ki, bu elm dənizi bizi o günün dəhşətindən xəbərdar etmək istəyir. Bu hadisələrin heç birini yer əhli ömründə görməmişdir.
Qiyamət gününün dəhşəti və qorxusu çox ağır və ürək ürpədəndir. İnsan bu gündə acizliyini etiraf edərək, belini bükəcəkdir.
Qətəb Ravəndi İmam Sadiqdən (ə) nəql edir ki, Həzrət (ə) buyurur: “Həzrət İsa (ə) Cəbrayildən (ə) soruşur: “Qiyamət nə zaman bərpa olacaqdır? Cəbrayil (ə) qiyamətin adını eşidən kimi titrəməyə başlayır və özündən gedir, yerə düşür. Özünə gələn zaman Həzrət İsaya (ə) buyurur: Qiyamətə görə sual eşidən sual verəndən daha agah deyildir”.
İmam Səccad (ə) nəql edir ki, cənab İsrafil (ə) Allah tərəfindən Qiyaməti bərpa etmək üçün vəzifələndirilmişdir. Xüsusi şeypuru vardır ki, onu 3 dəfə səsləndirəcəkdir. Birinci dəfə insanları qorxutmaq üçün, ikinci dəfə onları öldürmək üçün və üçüncü dəfə isə onları diriltmək üçün.
İmam (ə) bu hadqa buyurur: “O zaman ki, dünya sona çatar, ömrü başa vurar, Allah İsrafilə (ə) əmr edəcəkdir ki, suru çalsın. İlahi mələklər İsrafili (ə) əlində şeypurla yerə gələn halda görəndə deyərlər: “Allah yer və göy əhlinin ölməsinə icazə vermişdir”. Sonra İsrafil (ə) Beytul-müqəddəsdə yerə enəcək və üzü qibləyə dayanacaqdır. Sonra da şeypuru çalmağa başlayacaqdır.
O günü yer o qədər titrəyəcəkdir ki, hər südverən ana öz körpəsini unudacaqdır. Qorxunun şiddətindən hamilə qadın uşağını salacaqdır. O günü insanlar bir-birinin üstünə düşər və özlərində olmazlar. Sanki məst olublar. Qorxunun şiddətindən cavanların qara saqqalı ağaracaq və şeytanlar yerin ətrafında pərvaz vuracaqlar. Hər biri bir tərəf pənah aparacaqdır. Bu şeypur o qədər qorxuludur ki, əgər Allahın iradəsi bədənlərindəki ruhu saxlamaq istəməsə hər an bu ruhlar bədənlərindən çıxar”.
İmam Səccadın (ə) bu dəhşətli xəbərdarlıqlarından görmək olur ki, hər birimiz heç də uzaq olmayan bir gələcəkdə dəhşətli hadisələrə düçar olacağıq. Bu dəhşətli hadisədə nicat tapmaq üçün tez bir zamanda özümüzə gəlməli və iman və təqva silahı ilə silahlanmalıyıq. Özümüzü salehlərin cərgəsinə qatmalıyıq. O kəslərdən olmalıyıq ki, Qiyamətin dəhşətini heç bir an belə qəlblərindən çıxartmırlar.
İblis lənətlik Qiyamətin olacağını insanın yadından daima çıxarmağa çalışır. Zira, insan Qiyaməti unutmasa, əməllərinin keyfiyyətinə əhəmiyyət verər, özünün aqibəti barədə qayğılanar. Bu baxımdan, insan Qiyamətin real və qaçılmaz bir perspektiv olmasını daim yadda saxlamalı, öz əməllərinə, rəftarlarına xüsusi diqqət yetirməlidir.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 95 Bölmə: Maraqlı melumatlar