İNABƏT (TÖVBƏ)
Allah-taala inabət haqqında buyurur: “Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl Ona təslim olun.
”[“Zumər”, 54.]
“Tövbə” Allaha üz tutmaq, Ona doğru qayıdış mə`nasındadır. Tövbə üç cür olur:
1. Qəlblə olan tövbə; Bu tövbədə insanın qəlbi həmişə Allahla olmalıdır və insan düşüncəsində, çıxarmaq istədiyi qərarda Allaha yaxınlaşmağı tələb etməlidir. Necə ki, Allah buyurur: “Rəbbinin hüzuruna haqqa dönən qəlblə qayıtdı.”[“Qaf”, 33.]
2. Dillə olan (sözlə) tövbə; Bu tövbədə insan daimən Allahı zikr etməklə, Onun ne`mətlərini, Ona yaxın bəndələri yad etməklə məşğul olur. Allahın buyurduğu kimi: “(Bu ne`mətləri) ancaq tövbə edib Rəbbinə dönən kimsə yad edər.”[“Mu`min”, 13.]
3. Əməli tövbə. Tövbənin bu bəndində insanın etdiyi işlər və ibadətlər Allaha qürbət qəsdi ilə olur, məsələn, vacib və müstəhəbbi namazlar, müqəddəs ziyarətgahlara getmək, Allah bəndələrinə ehsan, sədəqə vermək, insanlara mənfəət verib, zərəri onlardan dəf etmək, müamilədə düzgün olmaq, özü və ailəsi ilə insaflı davranmaq və xülasə şəriətin bütün hökmləri Allaha yaxınlaşmaq, Onun razılığını cəlb etmək qəsdi ilə olmalıdır. Allah da bu barədə buyurur: “Cənnət də müttəqilər üçün yaxın bir yerə gətiriləcəkdir. (Onlara deyiləcəkdir): “Bu, və`d olunduğunuz cənnətdir. O, hər bir (tövbə edib Allaha tərəf) qayıdan, (nəfsini haramdan, özünü günahdan) qoruyan, Rəbbindən Onu görmədən qorxan və (Rəbbinin hüzuruna) haqqa dönən qəlblə gələn bəndə üçündür! Ora sağlıqla, əmin-amanlıqla daxil olun. Bu əbədiyyət günüdür!” Orada onlar üçün istədikləri hər şey vardır. Dərgahımızda isə ondan artığı (mö`minlərin təsəvvür edə bilmədikləri ne`mətlər, o cümlədən Allahın camalına tamaşa etmək və s.) mövcuddur!”[“Qaf”, 31-35.]
Tarix: 03.06.2013 / 20:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 94 Bölmə: Maraqlı melumatlar