Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

EV HEYVANI SAXLAMAĞIN HÖKMÜ

İslam müqəddəslərinin kəlamlarında ev heyvanları barədə xeyli göstərişlərə rast gəlirik. Bunların bir qismində hər bir ev heyvanının faydası, onu saxlamaq qaydaları göstərilir, başqa bir qismində həmin heyvanla ədalətli rəftar etməyin lazımlığı təkid olunur. Bütün hədislərdə bu fikir vurğulanır ki, hətta heyvanın da öz sahibi üzərində haqqı vardır və bu haqqı pozmaq günahdır.


İT, PIŞIK və SAIRƏ HEYVANLARIN SAXLANMASI
Həyətdə it saxlamağın dini baxımdan problemi yoxdur. Xüsusilə, mühafizəyə ehtiyaclı olan evləri və obyektləri itlərin köməyi ilə qorumaq olar. Itin köməyindən ovda da istifadə etmək mümkündür. Amma bu zaman bir neçə şərtə riayət etmək lazımdır. Əvvəla, it ov iti kimi tərbiyə edilməli və sahibinin tapşırıqlarına qulaq asmalıdır, ovun üzərinə özbaşına yox, sahibinin əmri ilə cümmalıdır. İkincisi, ov itini ovun üzərinə göndərən zaman adam «bismillah» deməlidir. Üçüncüsü, ov heyvanı itin dişlərinin yarasından ölməlidir. Əgər it onu boğüb öldürsə və ya heyvan itin əlindən qaçarkən ürəyi partlasa, halal olmaz. Əgər itin tutduğu heyvan hələ ölməyibsə, ovçu onun başını kəsməlidir ki, əti halal olsun.

İti (istər ov iti, istərsə də ev iti olsun) evin içində saxlamaq qəti surətdə İslam dininə ziddir. Çünki itin rütubətli halda toxunduğu hər şey murdar olur (eynilə donuz kimi). Yəni məsələn it bədənini nəm şalvara sürtsə, şalvar pak edilməlidir. Ya da məsələn, itin bədəni (və ya tükləri) hər hansı səbəbdən yaş olsa, quru əşyaya toxunanda o əşya da murdar olur və paklanmalıdır. Itin tükü yapışmış paltarda namaz qılmaq batildir. İtin yemək yediyi, su içdiyi, yaladığı qab adi su ilə yumaqla pak olmur. Onu əvvəlcə torpaqla möhkəm sürtmək, sonra suda iki dəfə pak etmək lazımdır. Ov itinin ağzı dəyən heyvanı da bişirməzdən qabaq pak etmək gərəkdir.

Evdə pişik saxlamağa şəriətimiz icazə verir. Hətta məşhur səhabə Əbu Hüreyrə məhz pişikləri çox sevdiyinə və həmişə qucağında pişik gəzdirdiyinə görə, Peyğəmbər ona bu künyəni vermişdi (ərəb dilində «Əbu Hüreyrə» sözünün hərfi mənası «pişik balasının atası» deməkdir. Bu söz «pişikləri çox sevən» mənasını verir). Peyğəmbərin də pişiyi tumarladığı, hətta əbasının üstündə uzanmış pişik balasını narahat etməmək xatirinə əbanın ətəyini kəsməsi barədə rəvayətlər var. Dini mənbələrdə xatırlanan alleqorik məzmunlu bir əhvalat da çox məşhurdur. Bu rəvayətə görə, ibadətinin çoxluğu ilə tanınan bir qadın uzun müddətə qonaq gedərkən öz pişiyini evdə ac qoyub qapını üzünə bağlayır. Qadın evə qayıdana kimi pişik acından ölür. Allah buna görə həmin qadını cəhənnəmə salır. Başqa bir qadın pis əxlaqına görə hamının nifrətini qazandığı halda, susuzluqdan əziyyət çəkən bir köpəyə su verdiyinə görə Allahın mərhəmətini qazanır və günahları bağışlanır. Bu əhvalat hətta əslində baş verməsə də, İslamın canlılara qarşı münasibətini nümayiş etdirmək baxımından sox əlamətdardır. Murdar sayılan bir köpəyi də ölümdən xilas etmək insana savab qazandıra və hətta onun başqa günahlarının silinməsinə səbəb ola bilər.

Pişiyin ağzının suyu şəriətə görə murdar sayılmır. Pişiyin bədəni dəyən əşyalar da pakdır. Amma diqqət yetirmək lazımdır ki, pişiyin tükü yapışmış paltarla namaz qılmaq batildir. Buna görə də evində pişik saxlayan və onu qucağına alıb tumarlamağı xoşlayan adamlar namaz qılmazdan əvvəl ya üst-başlarını təmiz çırpıb təmizləməli, ya da geyimlərini dəyişməlidirlər.

Evdə dağsiçanı (xomyak) və sairə bu kimi faydasız gəmiriciləri saxlamaq həm İslam baxımından məsləhət deyil, həm də sanitar-gigiyenik cəhətdən çox təhlükəlidir. Meymun saxlamaq və onunla oynamaq dinimizdə ən bəyənilməz hərəkətlərdən sayılır.

Həyətdə ev quşları saxlamağa da İslam heç bir qadağan qoymur. Toyuq, qaz, ördək, hindtoyuğu kimi ev quşları yumurta və ət baxımından faydalıdır.
Heyvanların nəcasətinə (peyininə) gəlincə, əti yeyilməyən və qanı sıçrayan bütün heyvanların peyini və sidiyi murdardır (bəzi alimlər hətta əti yeyilməyən və qanı sıçramayan heyvanları da bura aid edirlər). Yəni it, pişik kimi ev heyvanlarının nəcasətinə bulanmış ayaqqabı, paltar və sairə pak edilməlidir. Əti yeyilən heyvanların nəcasətinə bulaşan əşyaları pak etmək vacib deyil (təmizlik xatirinə yumaq kifayətdir).

BİR NEÇƏ KƏLMƏ DƏ DƏVƏ, QOYUN, İNƏK və AT SAXLAMAĞIN FAYDASI HDQDA
Dəvə İslam mədəniyyətində və müsəlman məişətində xüsusi yeri olan canlıdır. «Dəvə öldü, ərəb öldü», «dəvəsi ölmüş ərəb» kimi atalar sözləri ərəbin həyatında dəvənin nə kimi yer tutduğunu əyani şəkildə göstərir. Ərəblər hətta gözəl qızları dəvəyə bənzədirlər. Ərəb dilində «cəməl» (dəvə) sözü ilə «cəmal» (gözəllik) sözlərinin kökü eynidir. Şərq ədəbiyyatının ən böyük nailiyyəti olan əruz vəzninin bəhrləri (ölçüləri) məhz dəvə yerişinin ritminə əsasən qurulub. Həzrət Mühəmməd Peyğəmbər (s) Qəsva adlı dəvənin tərkində Mədinəyə hicrət etdikdən sonra Onun harada yaşaması barədə mübahisə yarananda o həzrətin göstərişi ilə Qəsvanın ovsarını sərbəst buraxdılar və dəvənin yerə çökdüyü yeri Peyğəmbərin evi üçün ayırdılar.

Bununla belə, ətindən, südündən və yunundan istifadə edilən heyvanların faydası barədə İslam müqəddəslərinin rəvayətlərində ilk yeri qoyun tutur, bundan sonra iribuynuzlu mal-qara, ondan sonra dəvə gəlir.

İmam Əlinin (ə) bacısı Ümmi-Hani Həzrət Mühəmməd Peyğəmbərdən (s) rəvayət edib ki, o həzrət buyurub: «Qoyun saxlayın, onda bərəkət vardır». Bir qadın Peyğəmbərə şikayət etdi ki, qoyunları artıb-törəmir. Peyğəmbər heyvanların rəngini soruşdu, qadın onların qara olduğunu bildirdi. Peyğəmbər buyurdu: «Onları ağ yunlu qoyunlarla dəyişdir; çünki ağ yunlu qoyunun bərəkəti olar». Imamların buyurduqlarından məlum olur ki, qoyun saxlanılan həyətə mələklər xeyir-bərəkət gətirər, kasıblığı oradan qovarlar.

Ev heyvanları arasında atın da özünəməxsus yeri var. Xüsusilə, keçmiş zamanlarda həm dinc şəraitdə, həm də müharibə vaxtı at əvəzsiz minik vasitəsi idi. Buna görə məsumlarımız atalara tövsiyə edirdilər ki, öz uşaqlarına ox atmaq, suda üzməklə yanaşı, at minməyi də öyrətsinlər. At sürmək bədəni möhkəmlədir, çevikliyi artırır, bəzi daxili xəstəliklərin qarşısını alır. Sırf idman tədbiri məqsədi ilə atçapma yarışları təşkil etmək nə qədər bəyənilsə də, bunu qumar vasitəsinə çevirmək və yarışa pul qoymaq bir o qədər böyük günah sayılır.

Həzrət Mühəmməd Peyğəmbər (s) ev heyvanlarını incitməyi, onları nahaq yerə vurmağı, bellərinə ağır yük qoymağı qadağan etmişdi. Hətta rəvayətə görə, dəvəsini nahaq yerə incidən və hədsiz işlədən adamı yanına çağırıb danlamış, «sən bu heyvana qarşı münasibətin barədə qiyamət günündə cavab verəcəksən» deyə buyurmuşdu. Bu göstərişlərə sonrakı dövrlərdə də ciddi riayət edilirdi. Islam məmləkətlərində dəvələrin yük həddi müəyyən edilmişdi; onların belinə bundan artıq yük qoymaq qadağan olunmuşdu. Qadağanı pozanlara qarşı cəza tətbiq olunurdu.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 231 Bölmə: Maraqlı melumatlar
loading...