İslamın ilk dövrlərindən etibarən bəzi müsəlmanlar ibadətə başqalarından daha artıq həvəs göstərirdilər. Peyğəmbər və səhabə dövründən sonra fəth edilən ərazilər genişləndikcə və xilafətin gəlirləri artdıqca müsəlmanlar arasında da təbəqələşmə başladı.
Dövlət adamlarının, zəngin insanların əksəriyyəti dünya malına aludə olub ibadətdən soyudular. Amma bəzi möminlər zalım rejimə etiraz əlaməti olaraq zahidanə həyat tərzi sürür, ibadətə qapılırdılar. İstər hakim təbəqənin, istərsə də onları təqlid edən kütlənin davranışı ilə bu şəxslərin yaşayış tərzi arasında kəskin ziddiyyət var idi. Buna görə də həmin adamlar başqalarından seçilir, abid kimi tanınırdılar. "Abid" sözünün ərəb dilindən tərcüməsi “ibadət edən” deməkdir.
İslamda abidlik nə qədər bəyənilən xüsusiyyət olsa da, cəmiyyətdən kənara çəkilib özünə qapanmaq və yalnız ibadətlə məşğul olmaq məsləhət görülmür. Əsl müsəlman odur ki, həm ibadətlərini yerinə yetirsin, həm də cəmiyyətin həyatında iştirak etsin, başqaları ilə ünsiyyət qursun, öz bildiklərini ətrafındakılara öyrətsin, cəmiyyətin rifahı naminə çalışsın, mənfi hallarla mübarizə aparsın. Bu mənada tərki-dünya həyat sürən, öz elmini artırmayan, ibadətə qapanan insanlar hədislərdə tənqid atəşinə tutulur: “Alimin abiddən üstünlüyü Ayın ulduzlardan üstünlüyü kimidir, ya da mənim ən aşağı səviyyəli səhabəmdən üstünlüyüm kimidir” (Həzrət Mühəmməd Peyğəmbər (s)). “Öz elmi ilə fayda verən alim yetmiş min abiddən üstündür" (İmam Baqir (ə)).
Hədislərdə imanı və iradəsi zəif olan bir abidin faciəli aqibətindən danışılır. Keçmiş zamanlarda Bərsisa adlı bir abid yaşayırdı. Bərsisa insanlardan ayrılıb tənha bir məkanda illər uzunu ibadət etmişdi. Elə bir məqama çatmışdı ki, camaat öz xəstələrini onun yanına gətirirdi. Xəstələr Bərsisanın yanında bir müddət qaldıqdan sonra onun duaları nəticəsində şəfa tapırdılar.
Bir dəfə ağlı çaşmış yaraşıqlı bir qızı Bərsisanın yanında qoyub gedirlər. Qız bir neçə gün abidin hücrəsində qalır. Bu müddət ərzində şeytan Bərsisanı yoldan çıxarıb qızın namusuna təcavüz etməyə sövq edir. Hadisədən bir neçə ay sonra Bərsisa qızın hamilə olduğunu görür. Amma işin üstü açılsa, rüsvay olacağını bildiyi üçün qızı öldürüb meyitini gizli bir yerdə basdırır.
Təyin olunmuş vaxt tamam olanda qardaşları qızı aparmağa gəlirlər, amma bacılarını tapmayanda abiddən şübhələnirlər. Şeytan onlara qızın dəfn edildiyi yeri göstərir. Artıq Bərsisanın cinayətkar olmasına heç kimin şübhəsi qalmır. Hakimin hökmü ilə onu dara çəkirlər.
Şeytan burada da abidi rahat buraxmır. Onun gözünə görünüb deyir: “Səni bu vəziyyətə salan mən idim. İndi də səni bu vəziyyətdən xilas etməyə yalnız mən qadirəm. Amma gərək mənə bircə dəfə səcdə edəsən”.
Bərsisa deyir: “Əl-qolum bağlı olduğu halda sənə necə səcdə edim?”. Şeytan onun işarə ilə səcdə etməsini tələb edir. Bərsisa gözləri ilə şeytana səcdə etdiyini göstərir. Həmin anda şeytan Bərsisanın yanından uzaqlaşıb onu ölümlə baş-başa buraxır. Beləliklə, ömrünü ibadətə həsr etmiş bir abid kafir halda dünyadan gedir.
Tarix: 19.11.2013 / 04:22 Müəllif: Akhundoff Baxılıb: 89 Bölmə: Maraqlı melumatlar