Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İslam Suçmu?!

Postsovet mərhələsi artıq yavaş-yavaş geridə qaldı desək, yəqin ki, yanılmarıq. Bu mənada, əgər genişqəlblilik göstərib müəyyən xətaların üzərindən keçilməsi o dövr üçün inancımızın əxlaqına daha uyğun idisə, zamanımızda bu, əslində bir əxlaqi fəzilətdən daha çox, qəbahətə yaxın olmuş olar. Bu baxımdan, “ərkyanə replika silsiləsindən” bu yığcam düşüncələrlə son günlər mətbuatda yer almış mövzular ətrafında tezisvari bölüşməyi özümə mənəvi borc bildim:

1) Dünyada islamofobiyanın baş alıb getməsi heç kim üçün sirr deyil. Və yəqin ki, heç kim üçün o da sirr deyil ki, bəzən islamofobiyanın nümunələrinə Vətənimizdə də rast gəlmək olur;

2) Türkiyədə baş verənlər Vətənimizin hər yerində hər birimizi ilgiləndirmədə, həyəcanlandırmada və bundan irəli gələn bəzən haqlı, bəzən də haqsız iradlarda özünü bildirlməkdədir. Və bütün bu baş verənlərin fonunda Türkiyənin hazırkı iqtidarını qınaq obyektinə çevirmək və ya çevirməmək... - bu da normalda müasir sivil dünyada qəbul olunmuş ictimai dinləmələr kontekstində təbii bir haldır;

3) Zamanında Türkiyədə başbakan olmuş Ərbakana da münasibətlərin müxtəlif cür olması – bu da normal bir məsələ. Kimisi zamanında onun yürütdüyü siyasəti bəyənəcək, kimisi bəyənməyəcək. Kimisi qismən bəyənəcək, kimisi də qismən bəyənməyəcək. Bunlar hamısı da tam normal plüralisitik topluma xas olan normal bir vəziyyət. Üstəlik bugünki Türkiyə iqtidarını Ərbakanın tələbələri bilərək daha da çox ona və ya onlara nifrət edəcəkmi, yaxud sevəcəkmi və yaxud da adi bir neytral durumda münasibət bəsləyəcək, - bütün bunlar da normal bir məsələ. Hətta onun hər hansı müsəlman ölkəsinə səfər etməsini də bəyənmək və ya bəyənməmək, onun səfərini müxtəlif cür dəyərləndirmək - bütün bunlar normal sivil bir topluma xas jurnaslistik yaşayış mövcudiyyətidir. Mövzular dartışılmalı, mövqelər bir-birinə vurulmalıdır. Zatən, inkişaf da bu kimi debat formatındadır;

4) Lakin, Uca Rəbbin həqir bəndəsinin nəzərinə görə, bütün bu narazılıqların və nifrətin hamısının ünvanı olan keçmiş və hazırkı iqtidarların suçunu ”din”də, “inanc”da, sözarası İslam Peyğəmbərinin (s) nurani geyim tərzi olan “əba”da, “islami solidariti”sində birbaşa və ya dolayısı ilə görüb və yaxud bunları da ideolojiləşdirmək üçün istifadə vasitəsi kimi seçmək - anladığım qədər yetərli arqument kimi dəyərləndirilə bilməz.

Kimin nə suçu varsa ondan danışılmalı, etdiyi yanlışlıqlara görə qınanılmalı və irad tutulmalı. İnsanların vicdanları ilə bağlı mövzular damğavurma kontekstində istifadə edilməməlidir.

Yuxarıda göstərilən xəta isə, Allah eləməsin, baş alıb gedən islamofobiya kimi mənfi sürəcə rəvac vermiş olar.

Din, inanc, hər imkanla İslam Peyğəmbərinin (s) irsini yaşatmaq, “islami solidariti”sinə can atmaq nə zamandan suç oldu?!

“Suç”sa da... Bu kimi “suçlu” olmaq nə qədər şərəfli!


Hacı İlqar İbrahimoğlu


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 70 Bölmə: Maraqlı melumatlar
loading...