Yalan – həqiqətin əksinə söz söyləmək, olmuş bir hadisəni olmamış, olmamış hadisəni isə olmuş kimi göstərməkdir. Yalan ən çirkin əməllərdən biridir. Bunun belə olduğunu, çox vaxt yalan danışan insanın özü də bilir. Çünki yalan danışan insan özünə «yalançı» deyilməsini istəmir, bundan narahat olur. Yalançı olduğunu qəbul etməməsi isə, şübhəsiz ki, başqa bir yalandır.
Yalan, insanı öz ətrafında inanılmayan, etibar edilməyən bir hala salır. Çünki yalan söyləyənlərin çoxu qısqanc və xəsis insanlardır. Bu cür insanlara da heç kim haqlı olaraq inanmır.
Doğru sözlü olmaq nə qədər insani və əxlaqi bir xüsusiyyətdirsə, yalançılıq da bir o qədər qeyri-insani və qeyri-əxlaqi bir haldır. Yalanın qeyri-insani qeyri-əxlaqi xüsusiyyəti insanlar arasındakı əlaqələri kökündən sarsıdır.
Yalan danışmaq bəşəri əlaqələri köklü bir şəkildə zədələyir. Çünki insanlar arasında yaxşı əlaqələr qura bilməyin əsas şərti insanların bir-birlərinə inanmalarıdır. Yalan insanlar arasındakı bu inam hissinin əmələ gəlməsinə əngəl olur. Qarşılıqlı olaraq bir-birinə inanmayan insanların sağlam əlaqələr qura bilməsi isə mümkün deyildir.
Cəmiyyəti meydana gətirən şəxslər arasında sağlam və səmimi əlaqələr qurma imkanını ortadan qaldıran yalançılıq İslam əxlaqında qəti bir şəkildə qadağan edilmişdir. Quranda belə buyurulur:
«…Yalan sözlərdən çəkinin» (Həcc, 30);
«Yalanı ancaq Allahın ayələrinə inanmayanlar uydururlar. Onlar əsl yalançıdırlar!» (Nəhl, 105).
Yalanı ən böyük günahlardan biri olaraq qəbul edən Peyğəmbərimiz (s.ə.s.) bir dəfə səhabələrindən soruşur: «Sizə günahların ən böyüyünü xəbər verimmi?». Səhabələr «bəli» deyə cavab verdikdə Həzrəti Peyğəmbər (s.ə.s.) belə buyurur: «Günahların ən böyüyü Allaha ortaq qoşmaq, ata-anaya asi çıxmaqdır». Rəsulullah bu sözləri dirsəklənmiş halda deyirmiş. Birdən dikələrək sözünə belə davam edir: «Xüsusilə yalan danışmağa, yalandan şahidlik etməyə diqqət edin. Yalançılıq və yalançı şahidlikdən çəkinin». Səhabələr rəvayət edirlər ki, Həzrəti Peyğəmbər (s.ə.s.) son sözlərini o qədər vurğuladı ki, heç susmayacağını düşündük (Muslim, Kitabu'l-iman, №87).
Yalan insanın qura biləcəyi hər cür bəşəri əlaqəyə mənfi yöndə təsir edir. İnsanın səylə qurduğu mənəvi aləminə zərər vurur. İnanılan, fikirlərinə etibar edilən insan olma xüsusiyyətini itirir. Bu səbəbdən zarafatla olsa belə yalan demək xoş qarşılanmır. Bir hədisdə belə buyurulur: «Heyiflər olsun o kəsə ki, insanları güldürmək üçün danışır və yalan söyləyir, heyiflər olsun!» (Tirmizi, Kitabu'z-zuhd, bab 10, №2315).
Yalan cəmiyyətdə ədalətin bərqərar olmasına da mane olur. Bu səbəbdən yalandan şahidlik kimi, yalan yerə and içmək də qəti olaraq qadağandır. Rəsulullah «Kim bir müsəlmanın malını qoparmaq üçün and içsə qiyamət günü o insan əzaba düçar olaraq Allahın hüzuruna çıxar» deyə buyurmuş (Təcrid, c.VII, s.211, №1064) və bu ayəni oxumuşdur: «Allah ilə olan əhdlərini və andlarını ucuz bir qiymətə satan şəxslərə axirət nemətlərindən heç bir pay yoxdur. Allah qiyamət günündə onları dindirməz, onlara nəzər salmaz və onları təmizə çıxarmaz. Onları şiddətli bir əzab gözləyir» (Ali-İmran, 77).
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 183 Bölmə: Maraqlı melumatlar