Həzrət Mühəmməd Peyğəmbərin (s) zamanında müsəlmanlardan biri kasıblıqdan əziyyət çəkirdi. Nə bacardığı bir peşə, nə də xərcləmək üçün sərmayəsi vardı.
Əli hər yerdən üzülmüş müsəlman əlacı bunda gördü ki, Peyğəmbərin yanına gedib ondan pul istəsin. Bu məqsədlə Mədinə məscidinə gəldi, Peyğəmbərin hüzuruna daxil olub bir tərəfdə oturdu, o həzrətə yaxınlaşıb dərdini söyləmək üçün imkan gözləməyə başladı. Bu zaman eşitdi ki, Peyğəmbər öz səhabələrinə buyurur: “Hər kim bizdən nəsə istəsə, ona verərik. Amma kim başqalarına möhtac olmaqdan çəkinsə, Allah onu hamıdan ehtiyacsız edər”.
O adam Peyğəmbərin bu sözlərini eşidəndən sonra xahişini bildirməyə utandı və heç nə demədən evinə qayıtdı. Ertəsi gün yenə Peyğəmbərin hüzuruna gəldi. Bu dəfə də Peyğəmbərin eyni məzmunlu sözlərini eşidib, o həzrətdən nəsə istəməyə ehtiyac duymadı. Üçüncü gün də eyni hadisə təkrar oldu.
Kasıb müsəlman xahişini Peyğəmbərə çatdırmaq fikrindən birdəfəlik əl çəkdi. Qonşusundan bir balta kirayə aldı. Baltanı götürüb şəhər kənarındakı dağlara qalxdı, oradakı ağaclardan və kollardan bir az qırıb odun hazırladı, odunu şəhərə gətirib satdı. Pula bir az arpa unu alıb evə apardı, həmin undan çörək bişirib yedilər. Ertəsi gün bu işi davam etdirdi. Bir neçə gündən sonra özünə bir balta aldı. Artıq odunu öz baltası ilə doğramağa başladı. Get-gedə dolanışığı yaxşılaşdı. Odunun pulundan kənara qoyub yığdı, özünə iki dəvə aldı. Indi odunu dəvələrlə daşıdığı üçün daha çox işləyə bilirdi. Bundan əlavə, özünə xidmətçilər tutdu. Quru çörəyə möhtac olduğu günlərdən indi əsər-əlamət qalmamışdı.
Günlərin birində o adam yenə Peyğəmbərin hüzuruna gəldi. Başına gələn əhvalatı əvvəldən-axıra danışdı, halal ruzi qazanmaq yolunda çəkdiyi zəhmətləri o həzrətə anlatdı. Peyğəmbər onun söhbətini diqqətlə dinlədikdən sonra buyurdu: “Görürsənmi? Mən demişdim ki, hər kim bizdən nəsə istəsə, ona verərik. Amma camaatdan ehtiyacını üzən adamı Allah özü ehtiyacsız edər”.
Peyğəmbərin zamanında baş vermiş buna oxşar başqa bir hadisə də diqqətəlayiqdir. Müsəlmanlardan biri o həzrətin yanında kasıblıqdan şikayət etdi. Dedi ki, nə məşğul olmaq üçün işi-peşəsi, nə də ailəsini saxlamaq üçün pulu var. Peyğəmbər ona tapşırdı ki, evinə gedib ehtiyacından artıq sayıla biləcək hər nə varsa yığıb gətirsin. O adam evinə getdi, az sonra kiçik bir palaz və bir boşqabla qayıtdı. Peyğəmbər palazı və boşqabı yanındakı müsəlmanlara göstərib soruşdu: “Bunları neçəyə alarsınız?”. Bir nəfər bir dirhəm pul təklif etdi. Peyğəmbər: “Kim bundan artıq pul verər?” – deyə xəbər aldı. Başqa birisi iki dirhəm verməyə razı oldu. Peyğəmbər palazı və boşqabı həmin adama verib iki dirhəmi aldı, sonra pulu malın sahibinə verib buyurdu: “Bir dirhəmə ailən üçün ərzaq tədarük et, bir dirhəmə də balta al”. Kasıb müsəlman bazardan özünə bir balta alıb gəldi. Peyğəmbər ona tapşırdı ki, səhraya gedib quru ağacları və kolları doğrasın, şəhərə gətirib satsın. Həmin gündən o adam odun toplamaqla məşğul olmağa başladı. Cəmi on beş gündən sonra dolanışığında xeyli irəliləyiş yarandı. Peyğəmbər onu görəndə buyurdu: “Qiyamət günündə layiq olmadığın sədəqəni aldığına görə alnına damğa vurulmuş halda məhşərə gəlməyindənsə, bu işin daha yaxşıdır”.
Bu iki rəvayət tənbəllik və ətalət içində qalıb, başqalarının əlinə möhtac olmağın dinimizdə nə qədər bəyənilməz hal olduğunu göstərir. Islam həmişə insanları zəhmətə, alın təri ilə dolanmağa, halal ruzi ardınca getməyə çağırır. Hətta özünün və ailəsinin dolanışığı üçün halal ruzi qazanmaq dinimizdə ibadət sayılır. Imam Əli ibn Əbu Talib (ə) insanın özünün qazanmaq imkanı olduğu halda başqasına əl açmasını kəskin tənqid edərək buyururdu: “Ən böyük eştiyacsızlıq camaatın əlində olanlardan gözünü çəkməkdir”. Həzrət Mühəmməd Peyğəmbər (s) isə: “Hətta misvak çubuğu üçün olsa belə, özünüzü başqalarına möhtac etməyin” – deyə buyurmuşdur.
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 92 Bölmə: Maraqlı melumatlar