İmam Sadiq (ə) buyurur: “Allahın Peyğəmbəri (s) buyurur: “Ümmətimə dörd şeyi sifariş edirəm: tövbə edənləri sevsinlər, zəiflərə rəhm etsinlər, yaxşı əməl sahiblərinə kömək etsinlər və günahkarlar üçün istiğfar istəsinlər”.
Tövbənin əsl mənası qayıtmaqdır. Quran tövbəni günahdan qayıtmaq kimi qiymətləndirmişdir. Bəzən bu kəlmə Allaha nisbət verilir. Burada isə rəhmətə qayıtmaq mənasını verir. Yəni, o rəhmət ki, bəndəsi günah işlətdiyi üçün ondan almışdı. O, itaətə qayıtdıqdan sonra isə ona qaytarılır. Ona görə də Allaha Təvvab deyirlər. Yəni, rəhmətə ən çox qayıdan.
Bütün İslam alimləri tövbənin vacib olduğunu buyururlar. Quranda bu məsələyə dəfələrlə işarə edilmişdir: “Ey iman gətirənlər, Allaha xalis bir tövbə edin, ümid olunur ki, Rəbbiniz sizin günahlarınızı örtsün”. (“Təhrim” 8).
Bütün İlahi peyğəmbərlər (ə) insanları hidayət etmək üçün vəzifələndirilmişdilər, dəvətlərinin ən mühümü tövbə olmuşdur. Çünki tövbə etmədən qəlb lövhəsindəki günahları silmək olmaz. «Və ey mənim qövmüm, Rəbbinizdən bağışlanmaq diləyin, sonra Ona tərəf qayıdın (tövbə edin) ki, sizə bollu bulud və yağış göndərsin, sizin (cismani və maddi) gücünüzə bir güc də artırsın və (Ondan) günahkar kimi üz çevirməyin». (“Hud” 52).
“Buna görə də, Ondan (günahlarınız üçün) bağışlanmaq diləyin, sonra (yaxşı əməllərlə) Ona tərəf qayıdın” (“Hud” 61).
«Və Rəbbinizdən (keçmiş əməllərinizə görə) bağışlanmaq diləyin, sonra (saleh əməllərlə) Ona tərəf qayıdın. Həqiqətən mənim Rəbbim mehriban və (tövbəkar bəndələrini) sevəndir». (“Hud” 90).
Tövbə edənlərin siması.
1. Allahın sevimlisidirlər. “Həqiqətən, Allah çox və tez tövbə edənləri, həmçinin pak olmağa çalışanları sevir”. (“Bəqərə” 222).
Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə edənlər Allahın dostlarıdır”.
2. Pislikləri yaxşılığa çevrilər. “(Keçmiş durumlarına görə) tövbə edən, iman gətirən və yaxşı işlər görən kəs istisna olmaqla. Allah onların günahlarını yaxşılıqlara çevirər (gələcəkdə yaxşı işlər görmələrinə kömək edər və yaxud keçmiş günahlarını məhv edərək onların yerinə yaxşılıq yazar). Allah çox bağışlayan və mehribandır”. (“Furqan” 70).
3. Duaları qəbul olar.
4. Qəbirdən qalxan zaman gülərüz olarlar.
5. Mələklər onlar üçün bağışlanma diləyərlər. “(Haqqın hökmdarlıq yeri və dünyanın idarə olunması fərmanlarının verilmə məkanı olan) Ərşi daşıyanlar (mələklər) və onun ətrafında olanlar Rəbblərinə sitayiş etməklə yanaşı Onu pak sifətlərlə mədh edər, Ona (öz məqamlarına məxsus) iman gətirər, (insanlardan) iman gətirmiş kəslər üçün bağışlanma diləyər (və deyər)lər: «Ey Rəbbimiz! Rəhmət və elmin hər şeyi əhatə etmişdir. Odur ki, tövbə edərək (etiqad və əməldə) Sənin yolunu gedənləri bağışla və onları Cəhənnəm əzabından qoru!» (“Mömin” 7).
6. İnsanlar onu sevməlidir.
7. Yerləri behişt olar. “Hər kim ölən zaman tövbə ilə ölərsə, onun üçün behişt vardır. Ona görə tövbə edin”.
8. Dünyadan imanla gedər.
9. Qəbri geniş və nurani olar.
10. Rahat ölər.
Allah Təala bizləri həqiqi tövbəkarlardan qərar versin!
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 134 Bölmə: Maraqlı melumatlar