Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AŞURA - QANIN QILINCA QALİB GƏLDİYİ GÜN

Bismilləhir-Rahmənir-Rahim!

Aşura məktəbinin yaşadılması – konkret fərdlərə, əməllərə, işlərə bağlıdır. Bu məktəbin nəzəri baxımdan yaşadılması nə qədər mühümdürsə, mübarək anım mərasimlərinin hesabına təşəkkül tapması da bir o qədər əhəmiyyətlidir. Bu anım mərasimlərində edilən bəhslər 14 əsrlik şücaət, fədakarlıq, dönməzlik məktəbinin təfərrüatlarını, yeni-yeni çalarlarını açıqlayır, əzadarlıq mərasimləri, növhə, mərsiyə, rövzələr isə bu məktəbi duyğularla yaşatmağa yardım edir. Zira, məhz emosiyaların, hisslərin, duyğuların tərbiyəsi nəzəri bilgilərin insanın vücudunda lazımi yer tutmasına əvəzsiz kömək göstərir. Və bu mübarək məclislərdə iştirak edənlərin, məhərrəm-səfər əyyamının hər mənada nuraniyyətini qəlblərinə hopmasını, dünya və axirətdə Həzrət Peyğəmbər (s) və Əhli-beytilə (ə) məşhur olmalarını Uca Allahdan diləyirik!

ƏZADARLIQ MƏCLİSLƏRİ

Sözügedən bu əzadarlıq məclislərində Kərbəlada nəyin baş verdiyi, necə baş verdiyi, nə üçün baş verdiyi açıqlanır, ibrətlər götürülür, dərslər alınır. Dünyanın hər yerində - istər Şərqdə, istərsə də Qərbdə Aşura günü, həmçinin bütün məhərrəm-səfər əyyamı boyunca insanlar İmam Hüseynin (ə) məktəbini yaşadırlar və imkanlarında olan hər cür vasitə ilə bu məktəbin amallarını toplumlara çatdırırlar.

Builki məhərrəm-səfər əyyamı bir neçə işarə altında keçdi. Əgər keçən ilki məhərrəmlik Qəzza qətliamı dönəmində keçirilir və bu məkanda baş verən faciə Kərbəla müsibətini daha da real dərk etməyə xidmət edirdisə, bu il bu qırğın Yəməndə baş verir. Yenə günahsız körpələr, qadınlar, ahıllar bombardmanlarda məhv edilir, yenə də ümmətin pərakəndəliyindən sui-istifadə edən iblis nökərləri öz anti-bəşər siyasətlərini həyata keçirməkdədirlər. Və iman əhlinin daxilindən gələn İmam Hüseyn (ə) eşqinin təzahürü olaraq, bu günahsız qurbanlar Kərbəla müsibətinin dövrümüzə olan inikası kimi xatırlanmaqdadır. Bu xatırlamalar həm Kərbəlada baş verənlərin ağrı-acılarını günümüzdə hiss etməyə imkan verir, həm də bu gün Yəməndə baş verənlərin Kərbəla vaqiəsinə aid olunmasına işarə edir. Və hər bir müsəlman kəs ki, bu gün qəlbində günümzün müsibətlərini yaşadır, bu müsibətlər – istər Vətənində yaşanan, istərsə də dünyanın hər hansı bir yerində - onun qəlbini narahat edir, deməli həqiqi Hüseynçidir, Aşura məktəbinin şagirdlərindəndir.

AŞURANIN MÜQƏDDİMƏSİ

Aşuraya aid hadisələrə diqqət etdikdə, görürük ki, bir qisim hadisələr Aşura gününədək baş verənlərdir, bir qisim bilavasitə Aşura gününün hadisələridir, digər hissəsi isə Aşuradan sonrakı dövrə aiddir.

Aşura günündən əvvəlki period – İmam Hüseyn (ə) Mədinədən çıxmağa hazırlaşandan, Mədinədən çıxıb Məkkəyə gələndən, Məkkədən çıxıb Kufəyə doğru hərəkət edəndən, gəlib Kərbəlaya çatanadək, budada dayanacaq quranadək olan bir zaman kəsimidir. Eyni zamanda, bu period İmamın (ə) ümumi mesajlar göndərməsi ilə səciyyəlidir. Hər an Yezid lənətliyin istibdadından və ümmətə, İlahi dəyərlərə olan təhlükədən insanları agah edir. Kərbəla səhnəsində də, ilk gündən Aşura gününədək insanlara həqiqətlər çatdırır. Hər bir şey edir ki, insanların seçimləri iradəvi olsun. Bütün vasitələrlə İmam Hüseyn (ə) bir işlər görür ki, insanların seçimi şüurlu olsun. Sonra heç kəs deməsin ki, “mən anlamadım nə baş verirdi”. Eyni zamanda, İmam (ə) onunla qayğılanırdı ki, yanındakı insanlar etdiklərinin nə üçünlüyünü, niyəliyini dərk etsinlər, əhəmiyyətini anlasınlar. Seçimlərini şüurlu etsinlər, İmamın (ə) yanında şüurlu olaraq qalsınlar, niyə qaldıqlarını bilsinlər, özləri üçün bunu müəyyən etsinlər. Kor-koranəlik olmasın, vərdiş olmasın, növbətçi xarakter daşımasın.

İmam Hüseyn (ə) bütün mümkün olan vasitələrlə düşmən tərəfə də ayıldıcı mesajlar verirdi. Xəbərlər göndərirdi ki, onlar səhv yolda olduqlarını, özlərini hansı həlakətə düçar etdiklərini, aqibətlərinin zəlillik olmasını anlasınlar. Ümmətin İmamı (ə) bir xüsusi məhəbbətlə ümməti ayıltmağa çalışırdı. Diqqət edək: burada söz işləyir, məntiq işləyir. Bunlar düşüncəyə yönəlik məsələlərdir, ağıla, rasionalizmə yönəlik məsələlərdir. Bunların bazisində ayıldıcılıq yükü durur, bunlar insanın təfəkkür qabiliyyətini hədəfləyir. İnsanların yadına salınır, onlara məlum olan mətləblər xatırladılır, onlardan bircə-bircə soruşulur və s. Hədəf də odur ki, insanlar dərklə bu mövzulara diqqət etsinlər.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 100 Bölmə: Maraqlı melumatlar
loading...