Saat əqrəbinin hər bir hərəkəti ömrümüzdən daha bir saniyəni itirdiyimizi xəbər verir. Saniyələr dəqiqəyə, dəqiqələr saata, saatlar günə çevrilir. Günlər aylara, aylar illərə dönür. Bax, beləcə, saat əqrəbi köhlən at kimi ömrümüzü tərkinə alıb aparır. Bir bayatıda deyildiyi kimi,
Gündə bir kərpic düşür
Ömrümün sarayından.
Çox zaman cüzi miqdarda pulumuzu itirəndə kədərdən, narahatçılıqdan özümüzə yer tapa bilmirik. Amma qızıldan, gümüşdən daha dəyərli olan vaxtımızın bihudə və birdəfəlik ötüb keçməsinin fərqinə varmırıq…
İslam müqəddəslərinin hədislərində buyurulur ki, vaxt - möminin itkisidir. Mömin olan şəxs həmişə zamanın qədrini bilməli, vaxtını lazımınca dəyərləndirməlidir. Çünki hər bir hərəkətin uğur və bərəkət qazanması öz vaxtında görülməsindən asılıdır. Öz vaxtında və yerində görülməyən işin qiyməti olmaz. Atalar sözündə deyildiyi kimi, su eyni yerdən bircə dəfə axar. Buna görə də Allah tərəfindən verilmiş imkan çərçivəsində fürsəti qənimət bilməli, hər bir hərəkəti etməzdən əvvəl ölçüb-biçməli, yanlış addımlardan çəkinməliyik. İkinci dəfə eyni fürsəti əldə edə biləcəyimizə zəmanət yoxdur.
İslam peyğəmbəri Həzrəti Muhəmməd Peyğəmbər (s.ə.s.) öz sadiq səhabəsi Əbu Zərrə nəsihətində buyururdu:
"Ey Əbu Zərr, beş nemətin qədrini itirməzdən əvvəl bil: qocalmazdan əvvəl cavanlığın, xəstələnməzdən əvvəl sağlamlığın, kasıblıqdan əvvəl varlılığın, məşğulluqdan əvvəl bekarlığın və ölməzdən əvvəl diriliyin qədrini.
Ey Əbu Zərr! Bu günün işini sabaha qoyma! Sən bu günün əlindəsən, sabah isə hələ sənə məxsus deyil. Əgər sabaha sağ çıxsan, bu günkü kimi yenə vəzifələrin olacaq və həmin vəzifələri yerinə yetirməli olacaqsan. Əgər sabaha sağ çıxmasan, bu gün elə et ki, "Niyə filan əməli dünən etmədim?" - deyə peşmançılıq çəkməyəsən.
Ey Əbu Zərr! Çoxları gecə düşənə kimi yaşamağa fürsət tapmayıblar. Və çoxları sabahın intizarında olub, amma səhərə çıxmayıblar".
Unutmamalıyıq ki, ömür bizə bircə dəfə verilir. Bu ömür sonrakı axirət həyatı üçün bir sınaq meydanıdır. Etdiyimiz əməllərə, vaxtımızı həsr etdiyimiz işlərə görə Ulu Yaradanın qarşısında cavab verəcəyik. Və o zaman ömrümüzün hər bir saniyəsinə, hər bir dəqiqəsinə görə bizdən hesab çəkiləcək. O zaman nəinki pislik etdiyimiz adamlar bizdən şikayət edəcəklər, hətta günah işlərə məcbur etdiyimiz bədən üzvlərimiz də bizim əleyhimizə şəhadət verəcək. Məsələn, əllərimiz söyləyəcək ki, onlarla filan günah işi görmüşük; dilimiz şahidlik edəcək ki, filan vaxt onu yalan danışmağa məcbur etmişik; ayağımız xəbər verəcək ki, filan günah iş dalınca getmişik və s. və i.a.
Hədislərdə buyurulub ki, Allah-Təala gözəldir və gözəlliyi sevir. O, insanı Yer üzündə özünə xəlifə (canişin) olaraq yaradıb. İnsan bədəninin hər bir əzası, ruhunun hər bir mərtəbəsi yalnız və yalnız xeyir əməllərə, savab niyyətlərə hesablanıb. Dilimiz Allahı zikr etmək, Allahın bəyəndiyi söhbətləri danışmaq, qulaqlarımız Allaha xoş gələn sözləri eşitmək, gözümüz Allahın razı qaldığı mənzərələri seyr etmək üçün yaradılıb. Bunları günah əməllərə sərf etmək ən azı insafsızlıq, daha doğru desək, insanın öz-özünə zülm etməsi deməkdir. Allahın əmanət verdiyi bu nemətlərdən öz təyinatına uyğun istifadə etməyənlər barəsində Qurani-kərim belə buyurur: "Həqiqətən, insan ziyan içindədir" (Əsr, 2).
Həzrəti Əli (ə) şeirlərinin birində insan həyatının nə qədər qısa olduğunu və bu həyatın xeyir əməllərə sərf edilməsinin vacibliyini belə vurğulayır:
"Əgər insan 60 il yaşayırsa, bu müddətin yarısını yatmaqla keçirir və savab iş görə bilmir.
Qalan yarı hissəsinin yarısında da azyaşlı və təcrübəsiz olduğu üçün, sağı soldan, yəni yaxşını pisdən seçə bilmir.
O biri yarısının üçdə birini var-dövlət toplamağa, çörək pulu qazanmağa və ailəsinə sərf edir.
Yerdə qalan hissə də xəstəlik, qocalıq və ölüm qorxusu ilə keçir.
Həyat dediyim bu qayda ilə keçir,
Deməli, ömrünün uzunluğu ilə öyünən adam həqiqətən nadandır…"
İslam tarixinə nəzər salsaq, həm müqəddəs İslam Peyğəmbərinin, həm imamların, həm də böyük övliya və alimlərin öz vaxtlarına nə qədər məsuliyyətlə yanaşmalarının şahidi olarıq. Bir çox müsəlman alimləri gündəlik saatlarını bölüşdürərkən, elmi fəaliyyətə hər vasitə ilə daha çox yer ayırmağa çalışırdılar. Bu gün Təbəri, İbn Kəsir, İbn Əsakir, Xətib Bağdadi, Əllamə Məclisi, Şeyx Bəhai kimi məşhur din alimlərinin elmi irsini araşdırarkən, haqlı olaraq heyrətlənirik. Bu alimlərin yazdığı əsərlərin həcmi o qədər böyükdür ki, insan bu qədər kitabın bir nəfər tərəfindən təkbaşına yazıldığına şübhə edir. Aşağıda təsvir edilən hadisə müsəlman alimlərinin vaxtdan səmərəli şəkildə istifadə etməyə nə qədər önəm verdiklərini sübuta yetirir:
İslam tarixində ən məşhur alimlərdən və ən məhsuldar müəlliflərdən sayılan Əllamə Hilli yaşadığı Nəcəf şəhərini müvəqqəti tərk edib, Kərbəla ziyarətinə gedir. Onun Nəcəfdəki dərsləri bir müddət dayanır. Ziyarəti başa vurub, geri dönəndən sonra alimin oğlu onun arxasında namaz qılmaqdan imtina edir. Əllamə Hilli bunun səbəbi ilə maraqlananda oğlu cavab verir: "Dinimizdə elmlə məşğul olmaq vacib, ziyarətə getmək isə müstəhəbdir. Sən müstəhəb əməl xatirinə vacibi tərk etdin. Bu, sənin ədalətli olmadığını göstərir. Ədaləti olmayan imam-camaatın arxasında namaz qılmaq düzgün deyil". Alim bu sözləri eşidəndə yanındakı bir əlyazmanı götürüb oğluna göstərir və deyir: "Oğlum, mən ziyarət zamanı da elm və bilikdən ayrı düşməmişəm. Bu kitabı ziyarət vaxtı yazmışam".
Həzrəti Əli (ə) hər bir insana müraciətlə buyurub: "Gecə və gündüz səndən ötrü dövr edir. Onlar sənin ömrünü yeyir, sən də çalış, onlardan bəhrə götür. Vaxtdan bəhrə götürməyin yeganə yolu isə onu Allahın istədiyi əməllərə sərf etmək və Allahın bəyəndiyi kimi yaşamaqdır. Xeyir əməli sabaha saxlama. Çünki sabah belə bir fürsəti təkrar əldə edə biləcəyinə zəmanət yoxdur. Pislik etməyə tələsmə. Çünki sabah həmin səhvi düzəltməyə vaxt tapa bilib-bilməyəcəyini yalnız Allah bilir".
Həzrəti Əli başqa bir nəsihətində isə belə buyurur: "Ey insanlar! Dünya - keçid yeri, axirət - qalan yerdir. Keçid yerindən əbədiyyət məkanına azuqə aparın. Sizin sirrlərinizi bilən Allahın yanında sirr pərdələrini yırtmayın. Bədəniniz dünyanı tərk etməzdən qabaq, ürəyinizi dünyadan kənara çevirin. Siz dünyada sınağa çəkilirsiniz, əslində başqa bir aləm üçün yaradılmısınız. İnsan öləndə adamlar deyirlər: "Özündən sonra nə qoydu?". Mələklər isə soruşurlar: "Özündən əvvəl nə göndərdi?". Allah ata-babalarınızı bağışlasın! Ölməmişdən qabaq var-dövlətinizin bir hissəsini möhtac insanlara verin; xeyir-bərəkətiniz bundadır. Malınızı bu dünyada qoyub getməyin; bu, sizin ziyanınızadır".
Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar