Uca Allah belə buyurur:
"Yer üzü düzəldikdən sonra, orada fəsad törətməyin…" (Əraf, 7/56)
Təfsirçilərin bir çoxu belə deyib: Uca Allah yer üzünü peyğəmbərlər göndərməklə, şəriəti onların vasitəsilə izah etməklə, Allaha itaətə çağırmaqla islah edərkən siz orada günahlar törətməklə, Allahdan başqasına itaət etməyə çağırmaqla fəsad törətməyin. Çünki Allahdan başqasına itaət etmək, Ondan başqasını çağırmaq və Ona şərik qoşmaq yer üzündəki fəsadın ən böyüyüdür. Hətta, əslində yer üzündəki fəsad, ancaq Ona şərik qoşmaqdır, Onun əmrinə qarşı çıxmaqdır.
Uca Allah belə buyurur:
"İnsanların öz əlləri ilə etdikləri üzündən quruda və suda fəsad əmələ gələr…" (Rum, 30/41)
Xülasə şəklində desək, şirk Allahdan başqasına dəvət etmək, Ondan başqa bir məbud göstərmək, Peyğəmbərdən (sallallahu əleyhi və səlləm) başqasına itaət edilən və tabe olunan kimsələr göstərmək yer üzündə ən böyük fəsaddır. Yer üzünün və orada yaşayanların düzəlməsi ancaq və təkcə Allahın məbud kimi qəbul edilməsi, başqasına deyil, yalnız Ona ibadətə dəvət olunması, başqasına deyil, təkcə Allahın Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) itaət edilərək, ona tabe olunması ilə mümkündür. Peyğəmbərdən başqa şəxslərə gəlincə, onlar ancaq Məhəmməd Peyğəmbərə (sallallahu əleyhi və səlləm) itaət göstərməyi əmr etdikləri təqdirdə onlara itaət etmək lazımdır. Əgər kimsə Peyğəmbərə (sallallahu əleyhi və səlləm) qarşı çıxan və onun gətirdiyi şəriətə zidd olan şeyləri əmr edərsə, beləsinin itaət edilmək haqqı yoxdur. Şübhəsiz ki, Allah yer üzünü, Peyğəmbəri (sallallahu əleyhi və səlləm) və dini ilə tövhid olunmasını əmr etməklə islah etmiş, Ona şərik qoşmaq və Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) qarşı çıxmaq vasitəsilə orada fəsad törətməyi qadağan etmişdir.
Dünyada mövcud şərait haqqında diqqətlə fikirləşən hər bir insan yer üzündəki hər hansı tərəqqinin səbəbinin Allahın tövhidinin – təkcə Ona ibadətin və Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) itaətin olduğunu, yer üzündəki hər bir pislik, fitnə-fəsad, qıtlıq, düşmən əlinə keçmə və daha başqa pisliklərin də səbəbinin Allahın Peyğəmbərinə (sallallahu əleyhi və səlləm) qarşı çıxmaq, Allahdan və Peyğəmbərindən başqasına dəvət etməyin olduğunu görəcəkdir. (Bax: İbn Qeyyim, ət-Təfsirul Qeyyim, səh. 255)
Tarix: 08.05.2013 / 20:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 63 Bölmə: Maraqlı melumatlar