Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

KIMLƏR MƏHRƏM, KİMLƏR NAMƏHRƏM SAYILIR?

Kimlərin bir-birinə naməhrəm olduğunu bilmək üçün əvvəlcə kimlərin məhrəm olduğunu öyrənməliyik. Çünki məhrəmlərin sayı və təbəqəsi şəriətdə dəqiq məlumdur; məhrəm olmayan hər kəs isə naməhrəm sayılır.
Ərəb dilində «məhrəm» sözü «haram» kökündəndir və «qadağan edilmiş, haram olunmuş» mənasını verir. Başqa sözlə desək, o kişi və qadın məhrəm sayılırlar ki, onların bir-biri ilə evlənməsi heç zaman mümkün deyil. Məhrəm kişi və qadın istər evli olsunlar, istərsə də subay, istər keçmiş həyat yoldaşlarından boşanmış olsunlar, istərsə də onun vəfatı nəticəsində dul qalsınlar, aralarında hər nə qədər yaş fərqi olsa da, heç bir istisna qəbul edlmədən bir-biri ilə ailə qura bilməzlər.
Məhrəmlik üç yolla yaranır: əsil-nəsəb vasitəsilə, evlənməklə və süd verməklə.


1. Əsil-nəsəb vasitəsilə bir-birinə məhrəm olanlar aşağıdakılardır: kişiyə öz anası, bacısı və qızı məhrəmdir. Qadına da öz atası, qardaşı və oğlu məhrəm sayılır. Bu qohumluq əlaqələri düz xətt üzrə yuxarıya və aşağıya doğru da davam edir. Yəni kişiyə öz anası məhrəm olduğu kimi, nənəsi (anasının və atasının anası), anasının və atasının nənələri də məhrəmdir. Kişiyə öz bacısı məhrəm olduğu kimi, bacısının qızları və nəvələri də məhrəmdir. Kişiyə öz qızı məhrəm olduğu kimi, qızının qızı və qızının nəvəsi də məhrəm sayılır. Eləcə də, qadına öz babası, ulu babası, qardaşı oğlu və qardaşı nəvəsi, öz nəvəsi və nəticəsi də məhrəmdir. Bunlar məhrəmlikdə ən əsas və birinci təbəqə sayılırlar.

Bunlardan əlavə, əsil-nəsəb yolu ilə məhrəmliyin ikinci təbəqəsi də var. Yəni məhrəmlik əlaqəsi ata-ana və nənə-baba qollarında şaxələnir. Atanın qardaşı (əmi) və bacısı (bibi), ananın qardaşı (dayı) və bacısı (xala) da məhrəmdirlər. Eləcə də, babanın və nənənin qardaş və bacıları da məhrəmdir (yəni atanın və ananın dayısı, xalası, əmisi, bibisi). Amma bunların övladlarına məhrəmlik şamil edilmir. Yəni əmi məhrəm olsa da, əmioğlu naməhrəmdir. Xala məhrəm olsa da, xalaqızı naməhrəm hesab edilir. Bibi və dayı uşaqları da beləcə naməhrəmdirlər. Adamın atasının və anasının əmisi uşaqları, dayısı uşaqları, xalası uşaqları və bibisi uşaqları da adama naməhrəm sayılırlar. Buna görə də, bəzi ailələrdə əmioğlu-əmiqızı arasında bacı-qardaş münasibətləri mövcud olsa belə, onlar yenə də naməhrəmdirlər və bir-biri ilə evlənə bilərlər.

Birinci təbəqəyə məxsus məhrəmlər birtərəfli ögey olsalar belə, məhrəmlik şərti etibarlıdır. Yəni ögey ata-ana da doğma ata-ana kimi məhrəmdir. Anabir və ya atabir bacı-qardaş bir-birinə məhrəmdirlər. Ögey oğul (yəni qadının ərə getdiyi kişinin əvvəlki arvadından olan oğlu) və ogey qız (kişinin evləndiyi qadının əvvəlki ərindən olan qızı) məhrəmdir. Ögey əmi, dayı, xala və bibi də məhrəm sayılırlar (insanın atası və ya anası ilə birtərəfli ogey olmaq şərti ilə). Yəni, məsələn, adamın atasının atabir (anabir) qardaşı (bacısı), anasının atabir (anabir) qardaşı (bacısı) məhrəmdir.

Amma ikinci təbəqəyə məxsus məhrəmlərdə ögeylik varsa, məhrəmlik pozulur. Yəni adamın atabir ögey qardaşının dayısı (xalası) adama məhrəm deyil. Çünki atabir ögey qardaşın dayısı adamın doğma anasının qardaşı deyil, ögey anasının qardaşıdır. Anabir ögey bacının əmisi və bibisi də eyni yolla naməhrəmdir.
Əgər ögeylik hər iki tərəflidirsə, arada məhrəmlik əlaqəsi qalmaz. Təsəvvür edin ki, bir kişi arvadından boşanır və oğlu ilə qalmağa başlayır. Başqa bir qadının da əri vəfat edir və qadın öz qızı ilə tək qalır. Bu kişi ilə qadın evlənirlər. Bu halda kişinin oğlu ilə qadının qızı da evlənə bilərlər (baxmayaraq ki, cəmiyyətdə bunları bəzən ögey bacı-qardaş sayırlar). Çünki qadın kişinin oğluna ögey ana sayılır, amma qadının qızı oğlana ögey bacı sayılmır; çünki qız oğlanın atasından deyil, başqa kişidən doğulub.

2. Məhrəmliyin ikinci növü evlənmə vasitəsilə yaranır. Yəni kişiyə öz qaynanası, qadına da öz qaynatası məhrəmdir. Eləcə də, qaynananın anası da kürəkənə məhrəm sayılır. Qaynatanın atası da gəlin üçün məhrəmdir. Amma qayın və baldız məhrəm deyillər. Ona görə də, əgər qadının əri vəfat etsə, qadın öz keçmiş qaynatasına ərə gedə bilməz, amma keçmiş qaynına ərə gedə bilər. Həmçinin, kişi öz arvadını boşayandan sonra onun anası ilə evlənə bilməz, amma bacısı ilə evlənə bilər. Burada daha bir incə məsələ var. kişi eyni zamanda iki bacı ilə evlənə bilməz. Bunun səbəbini müxtəlif cür izah etmişlər. Səbəblərdən biri də bu ola bilər ki, bacılar arasında rəqabət və düşmənçilik yaranmasın deyə, şəriətimiz bunu qadağan edib. Amma bu, o demək deyil ki, kişi ilə baldızı arasında məhrəmlik mövcuddur. Onların arasındakı evlənmək qadağanı müvəqqətidir; kişinin arvadı vəfat etsə və ya ayrılsalar, kişi öz keçmiş baldızı ilə ailə qura bilər.

Qaynana-kürəkən və qaynata-gəlin arasındakı məhrəmlik münasibəti ögeylik halında pozulur. Yəni kişinin ogey oğlunun arvadı kişiyə məhrəm deyil. Qadının ögey qızının əri də qadına məhrəm deyil. Həmçinin, övladlığa qəbul etmə hallarında da məhrəmlik öz qüvvəsini itirir. Yəni bir ailə övladlığa oğul götürsə, oğulun arvadı atalığa naməhrəm olacaq (eləcə də, övladlığa qız götürsələr, qızın əri analığa naməhrəmdir). Bunu daha yaxşı anlamaq üçün Həzrət Mühəmməd Peyğəmbərin (s) başına gəlmiş bir hadisəni yada salmaq kifayət edər. Cahiliyyə dövründə ögey ata da oğulluğunun arvadına məhrəm sayılırdı. Amma Islam şəriəti bunu ləğv etdi və Peyğəmbərin oğulluğa götürdüyü Zeyd öz həyat yoldaşını boşadıqdan sonra Peyğəmbər o qadınla evləndi.

Kişinin əmisi və dayısı qadına naməhrəmdir. Qadının xalası və bibisi də kişiyə naməhrəmdir.

3. Məhrəmliyi yaradan vasitələrdən biri də südvermədir. Amma hər südvermə məhrəmlik yaratmaz. Südvermənin bəzi şərtləri vardır ki, bunlar risalələrdə ətraflı təsvir edilib. Yalnız həmin şərtlər daxilində baş vermiş südvermə məhrəmlik yaradır. Yuxarıda əsil-nəsəb yolu ilə yaranmış məhrəmlikdə doğmalarla yanaşı, süd qohumları da məhrəm sayılırlar. Yəni kişiyə süd anası, süd nənəsi, süd bacısı, süd bacısının oğulları (nəvələri), arvadının süd verdiyi qız və onun balaları məhrəmdir. Qadına da süd atası, süd babası, süd qardaşı, süd qardaşının qızları (nəvələri), özünün süd verdiyi oğlan və onun balaları məhrəm sayılırlar. Süd əmisi, dayısı, bibisi və xalası da məhrəmdirlər. Evlənmə yolu ilə məhrəm olanlar südvermə halında da məhrəm sayılırlar. Yəni kişiyə arvadının süd anası, süd qızı məhrəmdir. Qadına ərinin süd atası və süd oğlu məhrəmdir. Kişi öz süd atasının arvadı ilə (yəni ona süd vermiş qadının ərinin başqa arvadı ilə) məhrəmdir. Kişinin arvadı bir oğlan uşağına süd vermişsə, kişi həmin oğlanın arvadına məhrəm sayılır (doğma qaynatası kimi). Bütün bunlar müvafiq şəkildə qadına da aiddir. Yəni qadının süd anasının əri qadına məhrəmdir. Qadının süd qızının əri də həmin qadına məhrəm sayılır (doğma kürəkəni kimi).


Məhrəm şəxslərə qarşılıqlı münasibətlər zamanı şəriətdə bəzi güzəştlər verilir. Yəni qadın özünə məhrəm olan kişinin yanında saçını, boynunu, boğazını açıq qoya bilər. Məhrəmlərin yanında örtülməsi əxlaqa zidd olmayan hüdudda bədən üzvlərini açıq saxlamağa icazə verilir. Yəni qadın qollarının, ayaqlarının, sinəsinin bəzi yerlərini məhrəm kişidən gizlətməyə də bilər. Amma bu, elə bir həddə olmalıdır ki, cəmiyyətdə normal qəbul edilsin və əxlaqsızlıq sayılmasın. Məsələn, əgər qadın biləkdən aşağı əlləri istisna olmaqla bütün qolunu naməhrəmdən gizlətməlidirsə, məhrəm kişinin (ata, qardaş, oğul, qaynata, əmi, dayı və s.) bütün qolunu açıq qoya bilər. Əgər naməhrəm kişinin gözləri qarşısında öz ayaqlarını topuğa kimi bağlamalıdırsa, məhrəmin qabağında dizindən aşağı olmaq şərti ilə bir qədər qısa paltar geyinə bilər. Qadının sinəsi naməhrəm kişidən bütövlükdə gizdi qalmalı olduğu halda, məhrəm kişinin yanında görünməsi əxlaqa zidd olmayan miqdarda sinənin bir hissəsini açıq saxlamaq caizdir.
Bu sadalanan şəxslərdən başqa bütün insanlar bir-birinə naməhrəm sayılırlar və qarşılıqlı münasibətlər zamanı naməhrəmlik şərtlərini gözləməlidirlər. Şəriətə görə qadın özünə naməhrəm olan kişiyə yalnız sifətini (dəstəmazda yuyulan hüdudda) və biləkdən aşağı əllərini göstərə bilər. Kişi özünə naməhrəm olan qadının bədəninin heç bir yerinə şəhvət məqsədi ilə baxa bilməz; hətta sifətinə və biləkdən aşağı qollarına belə. Amma şəhvət məqsədi olmasa, həmin yerlərə baxa bilər. Qadın da kişinin adətən açıq qoyulması normal sayılan bədən üzvlərinə (başına, boyun-boğazına, dirsəkdən aşağı qoluna, dizdən aşağı ayağına) şəhvət qəsdi olmadan baxa bilər. Amma şəhvət qəsdi ilə hətta bu bədən üzvlərinə baxması da haramdır.

Naməhrəm şəxslərin bir-birinə baxması üzərində bu qədər ciddi qaydalar tətbiq edilmişsə, aydındır ki, onların arasında söhbət, təmas kimi məsələlərdə daha ciddi qaydalar nəzərdə tutulub. Naməhrəm şəxslərin bir-biri ilə şəhvət oyadan, yaxud yad insanlar arasında edilməsi ayıb olan söhbətlər aparması qəti surətdə haramdır. Bəzən bir-birini sevən gənc oğlan və qızlar məhz bu baxımdan günaha düşürlər. Aralarında məhrəmlik yaranmadan, gələcəkdə qurmaq istədikləri ailəyə aid məsələləri indidən müzakirə etmək, bir-birinə intim hisslər yaradan sözlər və komplimentlər demək dinimizdə haram buyurulub. Uzun-uzadı telefon söhbətləri aparmaq və bu zaman etik normalara əhəmiyyət verməmək çox təəssüf ki, müasir gəncliyin ən böyük problemidir. Naməhrəm şəxslərin əl-ələ tutması, hər hansı təmasda olması, öpüşməsi qadağandır. Bütün bunlar həyatda qadağan olduğu kimi, virtual aləmdə də (telefon, internet, çat və s. vasitəsilə) haramdır. Bir-birini sevən şəxslərin arasında şəriətə uyğun şəkildə kəbin kəsilməyincə, onlar naməhrəm sayılırlar və yuxarıdakı qadağanlara riayət etməlidirlər.

Sonda daha bir problemli məsələyə aydınlıq gətirmək istərdik. Ən böyük günahlardan olsa da, təəssüf ki, cəmiyyətdə buna da ara-sıra rast gəlirik. Bəzən gənclər (hətta evli kişilər də) emosiyaya qapılaraq, bu işin nə qədər böyük günah olduğunu anlamayaraq, ərli qadınlarla qeyri-qanuni münasibət qururlar. Ərli qadın bu kimi münasibətlərə razılıq verirsə, onun əxlaqının hansı səviyyədə olması barədə danışmaq artıq görünür. Bu məsələnin yalnız bir tərəfidir. Bəzən oğlanlar (kişilər) həmin qadının bu əxlaqsız hərəkətinə göz yumaraq, onunla münasibəti davam etdirir və hətta qadın öz ərindən boşanarsa, onunla evlənəcəklərini bildirirlər. Təəssüf ki, haram üzərində qurulan münasibətlər üzündən bəzən ailələr dağılır, qadın ərindən boşanır və görüşdüyü kişiyə ərə gedir. Amma şəriət baxımından bu cür nikah haramdır. Ərli qadın öz ərinə xəyanət edərək, naməhrəm kişi ilə cinsi əlaqədə olsa, hətta ərindən boşandıqdan və ya əri öldükdən sonra belə, görüşdüyü kişiyə ərə gedə bilməz. Onların arasında kəbin kəsilərsə batil sayılır və bu şəxslərin münasibəti ömürlərinin sonuna kimi şəriət baxımından zina kimi qəbul edilir.


Tarix: 19.11.2013 / 04:21 Müəllif: Akhundoff Baxılıb: 332 Bölmə: Maraqlı melumatlar
loading...