Namazın düzgün olması üçün şərtlər:
Namazın düzgün olması üçün aşağadakıların olması şərtdir:
1. Namazın vaxtının daxil olmasını bilmək: Uca Allah buyurur: «...Çünki namaz möminlərə bəlli vaxtlarda fərz (vacib) edilmişdir»[1].
Üzrsüz yerə vaxtından əvvəl və ya sonra qılınan namaz düzgün sayılmır.
2. Böyük və kiçik[2] natəmizlikdən pak olmaq: Uca Allah buyurur: «Ey iman gətirənlər! Namaza durduğunuz zaman üzünüzü və dirsəklərlə birlikdə əllərinizi yuyun. (Yaş əlinizlə) başınızı məsh edin, ayaqlarınızı isə hər iki topuğa qədər yuyun. Əgər cünub (murdar) olmusunuzsa, qüsl edin (bədəninizi başdan ayağa qədər yuyub təmizləyin)...»[3]. Həmçinin İbn Ömərin hədisində, Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) belə dediyi rəvayət olunur: «Allah, dəstəmazsız namazı qəbul etməz»[4].
3. Paltarın, bədənin və namaz qılınan yerin pak edilməsi:
Paltarın təmizlənməsi Uca Allahın bu ayəsinə əsaslanır: «Libasını təmizlə!»[5] Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Biriniz məscidə gələndə ayaqqabısını çevirib altına baxsın. Əgər orada murdar bir şey görsə ayaqqabını yerə sürtsün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılsın"[6].
Bədənin təmizlənməsi isə Peyğəmbərin (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bu hədisinə əsaslanır. Demək Əli Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) məzi[7] haqqında soruşur və onun cavabı belə olur: «Cinsiyyət orqanını yu və dəstəmaz al»[8].
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) istihazə olan qadına belə demişdir: «Üzərindən qanı yu və namaz qıl»[9].
Namaz qılan yerin təmizlənməsi isə bu hədisə əsaslanır. Demək bir nəfər bədəvi məscidə yüngül subaşı etdikdə Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) öz əshabələrinə deyir: «Onun sidiyinin üzərinə bir qab su tökün»[10].
Faydalı məlumat:
Kim üzərində nəcasət olduğunu bilmədiyi halda namaz qılarsa namazı düzgündür və namazı yenidən qılmağa ehtiyac yoxdur. Əgər namaz əsnasında üzərində nəcasət olduğunu bilsə bunun iki çıxış yolu vardır. Birincisi, imkan varsa nəcasəti özündən uzaqlaşdırsın. Məsələn, əgər nəcasət ayaqqabıda, yaxud paltardadırsa və əynində həmin paltardan əlavə övrətini örtən digər paltar varsa onda nəcasət dəymiş paltarı çıxarmaq və namaza davam etmək lazımdır. Yox əgər nəcasəti təmizləmək mümkün olmasa onda elə halda namaza davam etmək lazımdır. Demək Əbu Səidin hədisində deyilir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namaz qılarkən ayaqqabılarını çıxarır. Bunu görən camaat da ayaqqabılarını çıxarırlar. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazı bitirdikdən sonra: Ayaqqabılarınızı nə üçün çıxardınız? – deyə onlardan soruşur. Onlar isə deyirlər: Sən çıxardın deyə biz də çıxardıq. Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) dedi: «Cəbrail mənim yanıma gəldi və ayaqqabılarımın murdar olduğunu dedi. Ona görə məscidə gələrkən ayaqqabınızı çevirib altına baxın. Əgər orada murdar bir şey görsəniz ayaqqabınızı yerə sürtün və yalnız bundan sonra ayaqqabı ilə namaz qılın»[11].
4. Övrət yerlərinin örtülməsi:
Uca Allah buyurur: «Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin...»[12]. Ayənin mənası o deməkdir ki, ibadət zamanı övrət yerlərinizi örtün. Çünki cahiliyyət zamanı Kəbəni lüt-üryan təvaf edərdilər.
Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[13].
Kişinin övrət yeri, göbəklə diz arasında olan yerdir. Amr ibn Şueybin öz atasından o da babasından rəvayət etdiyi hədisdə övrət yerinin təyini birbaşa Peyğəmbərə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nisbət edilir. Rəvayətdə deyilir: «Göbəklə diz arasında olan yer övrətdir»[14].
Cərhəd əl-Əsləmi deyir ki, Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) mənim yanımdan keçirdi. Əynimdə əba vardı, amma baldırım görsənirdi. Peyğəmbər bunu görüb dedi: «Baldırını ört. Doğrudan da baldır övrətdir»[15].
Qadının, yalnız üzü və əli istisna olmaqla, namazda bütün bədəni övrətdir. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: «Qadın övrətdir»[16]. Həmçinin başqa hədisdə buyurmuşdur: «Allah həddi büluğa çatan qadının namazını yalnız baş örtüyü ilə qəbul edər»[17].
5. Qibləyə tərəf yönəlmək:
Demək Uca Allah buyurur: «(Ya Rəsulum! namaz vaxtı) üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız, üzünüzü o tərəfə döndərin...»[18]. Həmçinin Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) namazını səhv qılan kişiyə demişdi ki, «namaza qalxdıqda mükəmməl dəstəmaz al, sonra qibləyə dön...»[19].
Şiddətli qorxu anında və səfər zamanı minik üzərində nafilə namazı qıldıqda qibləyə tərəf dönməmək olar. Uca Allah buyurur: «Əgər (düşməndən və yırtıcı heyvandan) qorxsanız, (namazınızı) piyada gedə-gedə və ya minik üstə (qılın)...»[20]. İbn Ömər ayənin açıqlamasında demişdir: «Bu zaman qibləyə və ya qeyri qibləyə dönmək fərq etmir». «Nafi deyir ki, mənim bildiyim qədər İbn Ömər bunu Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) rəvayət edirdi»[21].
İbn Ömər deyir ki, «Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) miniyi üzərində olarkən, hansı istiqamətə yönəlməsinə baxmayaraq, nafilə namazlarını və vitr namazını qılardı. Amma fərz namazları isə minik üzərində qılmazdı»[22].
Faydalı məlumat:
Kim qibləni axtarıb qiblə olduğunu zənn etdiyi tərəfə namaz qılarsa sonra səhv etdiyi aşkar olunarsa namazını yenidən qılmamalıdır. Amir ibn Rabiə deyir ki, «biz qaranlıq bir gecədə Peyğəmbərlə (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) bərabər səfərdəydik. Qiblənin hansı tərəfdə olduğunu bilmirdik. Buna görə də hərə özü bildiyi tərəfə namaz qıldı. Səhər açılanda bu haqda Peyğəmbərə xəbər verdik. Bu zaman ayə nazil oldu: «...hansı tərəfə yönəlsəniz Allahın üzü oradadır[23]...»[24]
6. Niyyət etmək:
Niyyət, qılmaq istədiyin namaza niyyət edib, həmin namazı qılbin ilə təyin etməkdir. Buna, zöhr, əsr və ya bu namazların sünnələrini misal çəkmək olar[25]. Niyyəti dil ilə demək düzgün deyil. Çünki Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) niyyəti dil ilə tələffüz etməzdi. Demək Peyğəmbər namaza qalxdıqda birbaşa “Allahu Əkbər” deyərdi. Bundan əvvəl heç bir söz deməz, əsla niyyəti dili ilə tələffüz etməzdi. Nə də ki, “mən bu namazı Allah üçün qılıram. Üzüm qibləyə filan namazı dörd rükət olmaqla imam və ya məmum kimi qılıram”, və s. bu kimi sözləri Peyğəmbər (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) deməzdi. Həmçinin namazın əda və ya qəza qılındığını, yaxud fərz vaxtda qılındığını da dilinə gətirməzdi. Bu, on ədəd bidət əməldir. Bu deyilənlərin heç biri, bir söz də olsa belə Peyğəmbərdən (Ona və ailəsinə Allahın salavatı və salamı olsun) nə səhih, nə zəif, nə müsnəd, nə də mürsəl yollarla rəvayət edilməmişdir. Eləcə də heç bir səhabədən belə bir hərəkət rəvayət olunmamışdır. Nə tabiinlər, nə də dörd məzhəb imamları bunu yaxşı əməl kimi qəbul etməmişlər[26].
______________________________________________________________
[1] ən-Nisa: 103.
[2] Böyük natəmizlik cinsi yaxınlıq səbəbi ilə olur. Bu zaman qüsl etmək lazımdır. Kiçik natəmizlik isə ağır və ya yüngül subaşına çıxdıqda olur.
[3] əl-Maidə: 6.
[4] Hədis səhihdir. Səhih Müslimin müxtəsəri: 104. Müslim: 11/ 204/ ? 224. Tirmizi: 1/ 3/ ? 1.
[5] əl-Müddəssir: 4.
[6] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[7] Məzi: Kişi və qadınlarda şəhvət hissi başlayarkən ifraz olunan ağ, yapışqan, duru mayedir. (tərc.)
[8] Buxari: 1/ 230/ 132. Müslim: 1/ 247/ 303. Hədisin tərtibatı Müslimin rəvayətinə əsasən verilmişdir.
[9] Buxari: 1/ 42/ ? 331. Müslim: 1/ 261/ ? 333. Tirmizi: 1/ 82/ ? 125. İbn Macə: 1/ 203/ ? 621. Nəsai: 1/ 184.
[10] Buxari: 1/ 323/ 220. Nəsai: 1/ 48 və 49. İrva əl-Ğəlil: 171. Hədisi daha ətraflı bu alimlər rəvayət ediblər: Əbu Davud: 2/ 39/ 376. Tirmizi: 1/ 99/ 147.
[11] Hədis səhihdir. Səhih Sünən Əbu Davud: 605. Əbu Davud: 2/ 353/ 636.
[12] əl-Əraf: 31.
[13] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 534. Əbu Davud: 2/ 345/ ? 627. Tirmizi: 1/ 234/ ? 375. İbn Macə: 1/ 215/ ? 655.
[14] Hədis həsəndir. əl-İrva: ? 271. Hədisi həmçinin Darəqutni, Əhməd və Əbu Davud da rəvayət etmişlər.
[15] Sıhihun liğeyrihi. əl-İrva: ? 269. Tirmizi: 4/ 197/ ? 2948. Əbu Davud: 11/ 52/ ? 3995. Bu məsələ haqqında “Təhzibus Sünnə” adlı kitabda (6/ 17) İbn əl-Qeyyimin sözlərinə bax.
[16] Hədis səhihdir. Səhih əl-Cami əs-Səğir: ? 6690. Tirmizi: 2/ 319/ ? 1183.
[17] Hədis səhihdir. Səhih Sünən İbn Macə: ? 534. Əbu Davud: 2/ 345/ ? 627. Tirmizi: 1/ 234/ ? 375. İbn Macə: 1/ 215/ ? 655.
[18] əl-Bəqərə: 150.
[19] Buxari: 11/ 36/ ? 6251. Müslim: 1/ 298/ ? 397.
[20] əl-Bəqərə: 239.
[21] Hədis səhihdir. Malik, əl-Muvatta: 126/ ? 442. Buxari: 8/ 199/ ? 4535.
[22] Buxari: 2/ 575/ ? 1097. Onun rəvayəti müəlləqdir. Müslim: 1/ 487/ ? 700.
[23] əl-Bəqərə: 115.
[24] Hədis həsəndir. Səhih Sünən İbn Macə: ? 835. Tirmizi: 1/ 216/ ? 343. İbn Macə: 1/ 326/ ? 1020. Onun rəvayəti mətndəki rəvayətə oxşardır. Beyhəqi: 2/ 11.
[25] Təlxisu Sifəti Salət ən-Nəbiy (.əl-Albani): səh. 12.
[26] Zadul Məad: 1/ 51.
Tarix: 01.05.2013 / 18:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Maraqlı melumatlar