Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cumə Namazı.!

CÜMƏ NAMAZI


CÜMƏ NAMAZININ ÜSTÜNLÜKLƏRI


- Bu gün Ərəfat və Qurban bayramı günündən başqa bütün günlərdən ən yaxşısıdır;
- Bu gündə Allah Adəm əleyhissəlamı xəlq etmişdir;
- Bu gündə Allah onu Cənnətə daxil etmişdir;
- Bu gündə Allah onu oradan xaric etmişdir (Müslimin rəvayətinə görə);
- Bu gündə Allah onu Yeri onun zürriyyəti ilə məskunlaşdırıb insan məskəninə çevirməkdən ötrü Yerə endirmişdir;
- Bu gündə Allah onun tövbəsini qəbul etmişdir;
- Bu gün Axirət həyatında Artma (çoxalma) günü adlanır, çünki bu gündə Cənnətdə özlərinin Rəbbinin kəramətli üzünü görməklə mö'minlərin xoşbəxtliyi artacaq (Təbəraninin rəvayətinə görə);
- Bu gün öz bərəkətinə, xeyirliliyinə, günahların bağışlanmasına və duaların qəbul olunmasına görə günlərin şahı və ən əzəmətlisidir;
- Bu gündə elə bir saat vardır ki, həmin saatda namaz üstündə olub Allaha dua edən və Allahdan özü üçün xeyir diləyən hər bir müsəlman bəndə öz arzusuna çatar (Buxarinin və Müslimin bu barədə etdikləri rəvayətə görə);
- Insanlardan və cinlərdən başqa yerdəki və göylərdəki bütün məxluqlar cümə günlərindən qorxurlar, çünki bu gündə, xəlq olunmuşlar dəhşətli göy gurultusu, sur səsi eşidir, dirilmə və həşr kimi Qiyamət gününün əlamətlərini görürlər;
- Allah müsəlmanları yalnız bu günün xatirinə doğru yola salmış, onları Qiyamət günü haqq-hesabları kəsiləcək və Cənnətə daxil olacaq ilk adamlar etmiş, şənbə və bazar günləri cümə günündən sonra gəldikləri kimi, başqa adamlar da onlardan sonraya keçirilmişlər;
- Kim Cümə namazını onun bütün ehkamını və ədəb-ərkanını qoruyub saxlamaq şərtilə qılsa, Allah, böyük günahlar istisna olmaqla, onun bir həftə ərzində işlədiyi günahları və əlavə olaraq üç günün günahlarını bağışlar (Müslimin rəvayətinə görə);
- Bu gündə kim Məhəmmədə və onun ailəsinə salavat çevirsə, Allah onun salavatını Öz Peyğəmbərinə çatdırar, başqa günlərin salavatını isə Allah-təala Özü qeyd edib Öz Peyğəmbərinə çatdırmaz (Nəsainin rəvayəti);
- Müşrik olmayan adamın cümə günü, yaxud cümə axşamı ölməsi, inşaallah, onun sonunun yaxşı olacağından xəbər verən bir müjdədir.


CÜMƏ NAMAZININ HÖKMÜ


- Cümə namazı aşağıdakı adamlar üçün fərzdir:
- Müsəlman olub Allahın təkliyinə inanan adam üçün, kafir, yaxud müşrik olan adam Islama daxil olmayınca onun cümə namazı qəbul olunmaz;
- Yetkinlik yaşına çatmış kişilər üçün, bu yetkinlik yaşına çatmamış oğlan uşaqları üçün vacib deyil, lakin böyüklər onların məscidə gəlmələrinə mane olmamalı, əksinə, onları özləri ilə məscidə gətirməlidirlər ki, onlar cümə namazının necə qılınmasını öyrənsinlər və buna vərdiş etsinlər;
- Ağlı başında olan kişilər üçün; dəli və özündən gedən adam özlərinə gəlməyincə onların namazı qəbul olunmaz, özlərinə gələndən sonra isə zöhr namazı qılmalıdırlar;
- Azad adamlar üçün; cümə namazı qul üçün, eləcə də cəmiyyətdən təcrid olunmuş məhbus üçün vacib deyil, məhbus cümə günü zühr namazı qılmalıdır;
- Kişi cinsindən olanlar üçün; cümə namazı qadınlar üçün vacib deyil, lakin onlar bu məqsədlə məscidə gəlmiş olsalar, bəzənib-düzənmək, açıq-saçıqlıq və çox danışmaq kimi şəriətə zidd hallara yol vermədikləri halda, onların cümə namazına gəlmələrinə mane olmaq olmaz;
- Sağlam, xəstə olmayan adamlar üçün; xəstə üçün cümə namazı qılmaq vacib deyil, əksinə, xəstə adama cümə namazı qılmaq olmaz, o cümə günü bu vaxt yalnız zühr namazı qıla bilər;
- Daimi yaşayış yerində olub səfərə çıxmayanlar üçün; qərib və səfərdə olanlar üçün cümə namazı qılmaq vacib deyil, onlar bu vaxt yalnız zühr namazı qılmalıdırlar;
- Qüdrətli və böyük Allah buyurmuşdur: "Ey iman gətirənlər! Cümə günü namaza çağırış səslənəndə Allahı yad etmək üçün məscidə getməyə səy edin; bu gün al-verdən əl çəkin..." (əl-Cüm'ə surəsi, 9).
- Bu barədə hədis: "Allah namaz qılmağa qadir olub şəriətə görə üzürlü səbəb olmadan üç cümə günü ardıcıl olaraq saymazlıq göstərib cümə namazı qılmayan adamın qəlbinə qəflət və azğınlıq damğası vurar". Allah eləməsin ki, biz də bu hədisdə haqqında danışılan adamlardan olaq!

CÜMƏ NAMAZININ VACIB ŞƏRTLƏRI


- Həmin gün dan yeri söküləndən cümə namazından bir az əvvələdək olan müddətdə qüsl etmək (hamamlanmaq);
- Cümə namazını məsciddə camaatla birlikdə qılmaq;
- Xütbəni dinləmək;
- Məscidə daxil olarkən imam xütbə oxuduğu halda belə məscidi salamlamaq üçün iki qısa rük'ət namaz qılmaq; bu salam rük'ətlərindən imam istisna olunur, çünki bunlar onun üçün vacib buyurulmamışdır.

CÜMƏ NAMAZI ZAMANI TƏLƏB OLUNAN ƏDƏB-ƏRKAN VƏ BƏYƏNILƏN TƏDBIRLƏR


- Bədənin təmizlənməsi, dırnaqların kəsilməsi, qoltuqların və qasığın tükdən təmizlənməsi, bığların ucunun vurulması, saqqalın daranması, ən yaxşı paltarın (ağ rəngdə olması daha yaxşıdır) geyilməsi, ətirlənmək, dişlərin sivak, yaxud diş fırçası və pastası ilə təmizlənməsi;
- Məscidə namaz başlanandan tez gəlib çıxmaq; məscidə gedərkən yolu tələsmədən, vüqarla və Allahın adını zikr edə-edə getmək;
- Bu gün Peyğəmbərə və onun ailəsinə daha çox salavat çevirmək;
- əl-Kəhf surəsini namazdan əvvəl evdə, yaxud məsciddə alçaq səslə oxumaq;
- Alçaq səslə çoxlu zikr, dua etmək, öz günahlarının bağışlanmasını diləmək; məsciddə olarkən namaz qılanlara mane olmamaq;
- Məscidə sağ ayağını irəli atmaqla bu duanı oxuya-oxuya daxil olmaq: "Əuzu billahi-l-əzim və bivəchihi-l-kərim və sultanihi-l-qədim minə-ş-şeytani-r-rəcim; bismillah, əllahümmə səlli əla Mühəmməd, əllahümmə-ğfir li zünubi və iftəh li əbvabə rəhmətikə" (Lə'nətə gəlmiş şeytanın şərindən əzəmətli Allaha, onun kəramətli üzünə və əzəli hökmünə pənah aparıram; Allahın adı ilə daxil oluram. Ey Allahım, Məhəmmədə xeyir-dualarını əsirgəmə. Ey Allahım, mənim günahlarımı bağışla, Öz rəhmət qapılarını mənim üçün aç);
- Cümə namazından sonra evdə sünnət olaraq iki, yaxud dörd rükət namaz qılmaq; bunu məsciddə də qılmaq olar;
- Məsciddən çıxarkən sol ayağını irəli atıb bu duanı oxuya-oxuya çıxmaq: "Əllahümmə səlli əla Mühəmməd, əllahümmə-ğfir li zünubi, əllahümmə inni əs'əlükə min fəzlikə..."



ÇOX TƏHLÜKƏLI HESAB OLUNAN HƏRƏKƏTLƏR


- Namaza gecikərək azandan sonra gəlmək;
- Namaz qılanların qarşısından keçmək, onları narahat etmək, zərurət olmadan onları bir-birindən aralayıb aralarından keçib qabağa çıxmaq;
- Dünyəvi söhbətlərlə, yaxud uca səslə zikr etməklə namaz qılanlara mane olmaq;
- Imam xütbə oxuyarkən öz paltarı, saqqalı və ya yerə salınmış döşənəklə oynamaqla, təsbeh çevirməklə, yaxud öz qonşusu ilə söhbət etməklə, Peyğəmbərə tez-tez - - -- ucadan salavat çevirməklə, öz barmaqlarını şaqqıldatmaqla məşğul olub imama diqqətlə qulaq asmamaq;
- Xütbəni dinləyərkən oturduğu vəziyyətdə öz üzünü Qibləyə tutmamaq;
- Cümə günü cümə namazından qabaq sarımsaq, yaxud çiy soğan yemək, papiros çəkmək;
- Xütbə oxunan zaman zərurət olmadan məsciddən çıxmaq;
- Namaza durarkən sıraların düzlənməməsi və namaz qılanlar arasında boş araların buraxılması;
- Bütün cümə günlərini məsciddə özünə eyni bir yer seçib oturmaq, tutduğu bu yeri dəyişməmək;
- Cümə namazından sonra əlavə olaraq zöhr namazı qılmaq; bu olduqca təhlükəli bir bidətdir, dində ibadətə əlavələr etmək dinə böhtan atmaqdır;
- Cümə gününü başqa günlərdən fərqləndirib yalnız onda oruc tutmaq, cümə gecəsini başqa gecələrdən fərqləndirib yalnız onu namaz qılmaqla keçirmək;
- Namazda rüku, səcdə edərkən imamı qabaqlamaq, yaxud imamdan qabaq ayağa qalxmaq.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 322 Bölmə: Maraqlı melumatlar
loading...