Ayətullah İbrahim Əmininin “Nəfsin saflaşdırlması” kitabından:
Mərifət əhlindən bəziləri bu yolu ötüb keçmək üçün aşağıdakı işləri tövsiyə etmişlər:
1. Hər bir şeydən əvvəl, tövbə vasitəsilə öz nəfsini günahlardan, çirkin və rəzil xislətlərdən təmizləmək lazımdır. Əvvəl tövbə məqsədi ilə qüsl et, qüsl halında günahlarını, batini aludəliklərini nəzərində canlandır və mehriban Allaha belə ərz et: “Pərvərdigara, günahlardan tövbə edərək Sənə tərəf qayıtdım. Qərara almışam ki, bir daha günah etməyim. Bədənimi su ilə pakladığım kimi, qəlbimi də günahlardan, aludəliklərdən rəzil xüsusiyyətlərdən paklayıram”.
2. Özünü daim Allahın hüzurunda gör və çalış ki, bütün vəziyyətlərdə Allahı xatırlayasan. Əgər azacıq qəflət baş vermiş olsa, dərhal tövbə et.
3. Öz nəfsini günaha aludə olmamasından ötrü tamamilə nəzarət altına al. Gecə-gündüz ərzində nəfsdən hesab çəkmək üçün müəyyən bir saat ayır, gündəlik əməllərini tam diqqətlə araşdır, onu ciddi şəkildə mühasibəyə çəkib cəzalandır.
4. Sükuta riayət et, zərurət miqdarından artıq danışma.
5. Ehtiyac qədərində yemək ye, çox yeməkdən, qarına qulluq etməkdən çəkin.
6. Daim dəstəmazlı ol. Hər vaxt dəstəmazın batil olsa dərhal yenidən dəstəmaz al. Peyğəmbəri-Əkrəm (s.ə.v.v) buyurur: «Mütəal Allah buyurur: “Hər kəs dəstəmazı batil olduqdan sonra yenidən dəstəmaz almasa Mənə cəfa etmişdir. Hər kəs dəstəmaz aldıqdan sonra iki rəkət namaz qılmasa Mənə cəfa etmişdir. Hər kəs namaz qılıb dünya və axirət işləri barəsində dua etsə, onun duasını qəbul etməsəm Mən ona cəfa etmiş olaram. Lakin Mən cəfakar Allah deyiləm”.
7. Gecə-gündüz ərzində bir saatı hüzuri-qəlblə Allaha diqqət etməyə ayır. Əgər gecə zamanı, xüsusilə səhər çağları olsa, daha yaxşı olar. Sakit bir guşədə əyləş, başını dizlərinə qoy və bütün duyğularını özünə cəm et. Yad fikirlərin daxil olmasının qarşısını ciddi şəkildə al. Bir müddət bu əməli davam etdir, bəlkə bunun vasitəsilə sənin üçün mükaşifələr (qeyb aləmindən olan görüntü) hasil olsun.
8. «Ya Həyyu, ya Qəyyum, ya mən lə iləhə illə ənt» zikrini daim dildə və eyni zamanda hüzuri-qəlblə təkrarla.
9. Gecə-gündüz ərzində uzun bir səcdə yerinə yetir və imkan olduqca hüzuri-qəlblə bu zikrləri təkrar et: “Lə iləhə illə ənt, subhənəkə inni kuntu minəz-zalimin”.
Səcdənin davam etdirilməsi dəfələrlə təcrübədən çıxmışdır və çox müsbət təsirləri vardır. Bəzi ariflər barəsində nəql olunur ki, səcdədə bu zikri dörd min dəfə təkrar edirmişlər.
10.Gecə-gündüzdə bir saat hüzuri-qəlb ilə “Ya Ğəniyyu, ya Muğni” sözünü təkrarlamaqdan ötrü ayır.
11.Hər gün hüzuri-qəlblə bir qədər Quran oxu, ayələrin mənasında təfəkkür et. Əgər ayaq üstə oxusan, daha yaxşı olar.
12. Sübhə yaxın yuxudan oyanan zaman dəstəmaz al və sakit bir yerdə hüzuri-qəlb ilə gecə namazı qıl, vitr namazının qunutunu uzat, özün və möminlər üçün bağışlanmaq istə.
Gecə namazından sonra “Səxrə” ayəsini hüzuri-qəlblə yeddi dəfə oxu, çünki bu, yəqinin hasil olmasında, Allahdan başqasının fikirlərinin zehindən çıxarılmasından ötrü çox faydalıdır. “Səxrə” ayəsi budur:
“İnnə Rabbəkumullahul-ləzi xələqəs-səmavati vəl-ərzə fi sittəti əyyamin, summəstəva ələl-ərşi yuğşil-ləylən-nəharə yətlubuhu həsisən vəş-şəmsu vəl-qəməru vən-nucumu müsəxxəratin bi əmrih, əla ləhul-xəlqu vəl-əmru, təbarəkəllahu Rəbbul-aləmin. Udu Rəbbəkum təzərruən və xifyətən innəhu lə yuhibbul-mutədin və lə tufsidu fil-ərzi bədə islahiha vəduhu xovfən və təməən innə rahmətəllahi qaribun minəl-muhsinin”. (“Ə”raf” surəsi, ayə:54-56)
Nəzrədə tutulan nəticəyə çatmaq üçün qırx gecə-gündüz bu göstərişə əməl edilməlidir. Mümkündür ki, Subhan Allahın nəzərini cəlb edəsən və sənin üçün müəyyən uğurlar hasil olsun. Lakin əgər birinci qırx günlükdə müvəffəq olmasan - məyus olma, ikinci qırx günlüyü daha artıq ciddiyyətlə başla və öz istəyinə çatıncaya qədər davam etdir. Əgər yenə də müvəffəq olmasan öz nəticəni əldə edənə qədər üçüncü, dördüncü və sair qırx günlükləri davam etdir. Heç vaxt əməldən, ciddiyyətdən, nəfslə cihaddan usanma, Allaha mərifət yolunda ciddiyyət göstər və mehriban Allahdan müvəffəqiyyət dilə. Səndə istedad və qabiliyyət formalaşan zaman Allahın köməkliyi ilə nailiyyət əldə edəcəksən.
Əgər arif işin əvvəlində bütün bu işləri əncam vermək üçün qüdrət və himmətə malik olmasa, az miqdardan başlayıb tədricən artıra bilər. Lakin bu əməllərin ən mühümü təfəkkür, nəfsin nəzarət altına alınması, hüzuri-qəlb və Allaha diqqət yetirməkdir. Əsas məsələ budur ki, təkamül yolçusu pərakəndə şəkildə olan bütün fikirlərini nəfsdən (qəlbdən) uzaqlaşdırsın və birbaşa Allaha diqqət yetirsin. Əlbəttə, bu, çox çətin işdir.
1. Birinci mərhələdə çalışın zikr halında ikən bütün diqqətiniz zikrlərə yönəlsin, bütün başqa fikirləri başınızdan çıxardın. Bu əməli o qədər davam etdirin ki, nəfsinizə kamil şəkildə hakim kəsiləsiniz və onun başqa fikirlərə yönəlməsinin qarşısını alasınız.
2. İkinci mərhələdə, elə birinci yolda olduğu kimi, zikrlə məşğul olun, bu şərtlə ki, zikrin məna və məfhumlarına tam diqqət yetirəsiniz, onları zehninizdən keçirəsiniz, digər fikirlərin hücum gətirməsindən tamamilə uzaq olasınız. Bu göstərişi o qədər davam etdirin ki, nəhayət zikrin bütün mərhələlərində başqa fikirlərin qəlbə yönəlməsinin qarşısını ala biləsiniz. Eyni halda, zikrlərin məfhum və mənalarına da diqqətlə nəzər yetirməlisiniz.
3. Üçüncü mərhələdə çalışmalısınız ki, ilk növbədə mənaları qəlbinizdə canlandırasınız, zikrləri qəlbən qəbul edib onlara iman gətirdiyiniz üçün onu dilinizdə təkrar edəsiniz. Həqiqətdə dil qəlbə itaət edir.
4.Dördüncü mərhələdə çalışırsınız ki, bütün fikirləri, məfhumları, mənaları və hətta zikrlərdən təsəvvür olunan məfhumları belə, qəlbinizdən çıxardasınız, onu sübhan Allah tərəfindən əta olunan nuraniyyət üçün hazırlayasınız, bütün varlığınızla Haqq-Təbarəkə və Təalaya diqqət yetirəsiniz, Ondan başqa hər bir şeyi qəlbinizdən çıxardıb qəlbin qapısını Allah tərəfindən olan lütflərə açasınız. Bu zaman mümkündür ki, Allah tərəfindən olan məxsus lütflərə layiq görüləsiniz, ilahi nurdan istifadə edəsiniz, onun cazibəsi ilə kamal mərhələsinə doğru seyr edəsiniz. Təkamül yolçusu bu məqamda o qədər qərq ola bilər ki, Allahdan başqa heç bir şeyi görməyə bilər, belə ki, hətta öz nəfs və davranışlarını da müşahidə etməyə bilər, yalnız Allahla ünsiyyət bağlaya bilər.
Yaxşı olar ki, sözün davamını Allah övliyalarının dilindən gətirək. Çünki, onlar bu yolu keçib getmiş, Allahla üns, liqa və şövq məqamının ləzzətini dərk etmişlər.
Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 153 Bölmə: Maraqlı melumatlar