Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ər və zövcə əlaqələri

Ailə, cəmiyyətin təməlidir. Millətlər və xalqlar ondan doğar. Ailənin çəyirdəyi kişi və qadındır. “Ey insanlar! Biz sizi bir kişi və qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq” (əl-Hücürat, 13). Ailə - Allahın insanlar üçün hazırladığı, içərisində rahat və sükunət tapacaqları bir sığınacaqdır. Evlilik kainatın şənidir. Nəfsin sükunət tapmasıdır. İffətin və namusun qorunmasıdır. Nigah ilə Allah, bir-birindən uzaq əqrəbaları və fərqli soyları birləşdirir. Allah evlənənə yetərlilik və rizq bolluğu vəd etmişdir. Allahın sözü mütləqa gerçəkləşər: “Əgər onlar yoxsuldularsa, Allah öz lütfü ilə onları dövlətli edər” (Nur, 32).

Ər və zövcənin dərdləri çox və müxtəlifdir. Fəqət gözəl keçim və təmiz sevgi bu dərdləri yox edər. “Onlarla gözəl rəftar edin. Əgər onlardan xoşlanmasanız dözün. Ola bilsin xoşlamadığınız hər hansı bir şeydə Allah (sizdən ötrü) çoxlu xeyir nəzərdə tutmuş olsun” (Nisa, 19). Ailədə xəstəlik və sevgi, əsəbilik və rıza olur. Kişi ədəbi yüksəldər və ağlı təmizlədər. Sevginin ən gözəlini və məhəbbətin ən dəyərlisini göstərər. Xətanı bağışlayar və səhvləri görməməzliyə vurar. Qadın, əyri qabırğa sümüyündən yaradılmışdır. Onu idarə etməklə, xoşlamadığı davranışlarına səbr etməklə işlər yoluna girər. Rəsulullah (s.ə.s) buyurur: "Qadınlarla yaxşı rəftar edin, çünki onlar qabırğa sümüyündən yaradılmışdır. Şübhəsiz qabırğa sümüyünün ən əyri yeri onun üstüdür. Düzəltməyə çalışarsan onu qırarsan. Beləcə buraxsan əyri olaraq qalar. Qadınlarla yaxşı rəftar edin. (Səhih Buxari və Müslim)

Zövcən sənin uşaqlarını dünyaya gətirəndir. Malını mühafizə edən və sirlərini qoruyandır. Ona qarşı gülər üz ol. Gülümsəmək nəfsləri canlandırar və qəlblərdəki kini silər. Qadınların paltarına, etdiyi yeməyə, qoxusuna tərif etmək onların könülllərini alır. İslam, sevginin artması məqsədilə qadına qarşı yalan söyləməyi caiz buyurmuşdur. Ər və zövcə arasında hədiyyələşmə qəlblərin açarıdır. Sevgini və sevinci bildirir. Qadınlarla geniş olaraq danışmaq, kobud davranmamaq xoşbəxt həyatın özəlliyidir. Həyatda doğru bir ər ol ki, zövcən də - Allahın izniylə - daha düzgün olsun. Gözünü sənə halal olmayan şeylərdən çəkindir! Çünki günah, evlilik həyatında pisliyə əlamətdir. Açıq-saçıq filmlərə və seriallara baxmaq kişinin gözündə zövcəsinin gözəlliyini alçaldar və qadının gözündə ərinin dəyərini düşürər. Qəlblər bir-birindən uzaqlaşar. Sevgi azalar və məhəbbət yox olar. Anlaşılmazlıqlar baş verər. Zövcənə qarşı həyatın hər sahəsində onun sənə qarşı necə olmasını istəyirsənsə elə ol!. Çünki sənin ondan istədiyini o da səndən istəyər. İbn Abbas (r.a) belə demişdir: "Şübhəsiz mən onun mənim üçün ətirlənməsindən xoşlandığım kimi zövcəm üçün ətirlənməyi sevirəm". Zövcənin məsləhətinə açıq ürəklə və gülər üzlə qulaq ver. Peyğəmbərin (s.ə.s) zövcələri bəzən onun (s.ə.s) fikrini müzakirə edərdilər, lakin Peyğəmbər (s.ə.s) onlara hirslənməzdi.

Ev xalqına qarşı şəfqətli olmaq kişiliyin zirvəsidir. Bəra (r.a) belə demişdir: "Əbu Bəkr (r.a) ilə bərabər onun evinə getdik. Gördük ki, qızı Aişə yatırdı. Xəstələnmişdi. Əbu Bəkrin onun yanağından öpdüyünü və "necəsən, qızım?" dediyini gördüm”. (Səhih Buxari). Ev işlərində kömək etmək vəfalı insanların keyfiyyətlərindəndir. Aişədən (r.a) soruşdular: "Rəsulullah (s.ə.s) evində nə edərdi?" Aişə cavab verdi: "Bəşərdən bir bəşərdir. Paltarını təmizləyər, qoyununu sağar və öz işini görərdi" (Əhməd). Zövcənə onda olan qüsurları xatırlatma! Xətalarını və eyiblərini üzünə vurma! Ər və zövcə arasındakı mübahisələri uşaqlardan gizlət! Çünki onların uşaqlar tərəfindən bilinməsi, tərbiyələrini və ana-ataya qarşı hörmətini azaldar.

Anlayışlı qadın qəlbini ərinə məskən edər. Könlündə ona qarşı bir güvən bəslər. Onunla söhbətində gülər üzlü olar. Allaha üsyan olan şeylərin xaricində ona itaət edərək yaxşı davranar. Ərinin yaxşılğını və ehsanını etiraf edər. Onun haqlarını yerinə yetirər. Rəsulullah (s.ə.s) belə buyurmuşdur: "Əgər bir insanın başqa bir insana səcdə etməsini əmr etsəydim, qadının ərinə səcdə etməsini əmr edərdim" (İbn Macə, Əhməd, səhihdir). Şeyxülislam İbn Teymiyyə (rahimahullah) demişdir: "Allahın və Rəsulunun haqqından sonra qadının üzərində ərinin haqqından daha çox vacib bir haqq yoxdur". Peyğəmbər (s.ə.s) demişdir: “Qadın kişinin haqqını bilsə, onun günorta və şam yeməyini hazırlamadan, bütün işlərini görmədən oturmaz” (Təbarani, səhihdir).

Salihə qadın ərinin doğru yoldan ayrıldığını görərsə, ona Allahı xatırladar. Sadəcə dünya üçün çalışdığını görərsə, ona Axirəti xatırladar. Onun sirrini açmaz və Allaha üsyan olmayan işlərdə onun əmrinə qarşı çıxmaz. Ana-atasına yaxşılıq etməkdə ərinə kömək edər. Çünki onu onlar böyüdüb yetişdirmişdir. Ərini razı edərək Rəbbinin rızasını qazanmaq istəyər. Səhvlərini və xətalarını üzünə vurmaz. Bütün dərdi - ərinin rızasını qazanaraq Rəbbinə itaət etmək, uşaqlarını doğruluq üzərində yetişdirməkdir. Ərinə qarşı səsini yüksəltməz. Onun fikrinə qarşı gəlməz. Peyğəmbər (s.ə.s) Xədicəyə (r.a) Cənnətdə, içində səs-küy və yorğunluq olmayan bir ev müjdələmişdir. İbn Kəsir rahimahullah demişdir: "Çünki o (Xədicə), Peyğəmbərə (s.ə.s) qarşı səsini yüksəltmədi və bir gün belə onu yormadı. Bir gün belə ona bağırmadı və ona əziyyət vermədi”. Hikmətli bir ərəb qadını qızına evlilik vaxtı belə nəsihət vermişdir: “Ey qızım! Sevdiyin və sevmədiyin hər şeydə onun rızasını öz rızandan və arzusunu öz arzundan üstün tutmazsan əsla ondan istədiyini əldə edə bilməzsən!”.

Qadın öncə Rəbbinə sonra ərinə itaət edər. Onın idarəsinə qarşı çıxmaz. Əri ilə mübahisəyə girməz. Ərinin rahatlığı üçün çalışar. Ona xidmət edər və rızasını diləyər. Əli, ərinin əlindədir. Əri ona hirslənəndə onu razı edənə qədər yatmaz.

Qovulmuş şeytandan Allaha sığınıram.


Tarix: 07.05.2013 / 21:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 325 Bölmə: Maraqlı melumatlar
loading...