İlk insanın, Həzrəti Adəmin yaradılmasına qədər şeytan Allahın qulluğunda olan məxluqlardan olub. Bütün şeytanlar cindir, amma bütün cinlər şeytan deyil. Cinlər arasında da müsəlmanlar, möminlər, Allaha ibadət edənləri var.
Quranda bildirilir ki, Allah-Təala Adəmi yaradanda bütün mələklərə və cinlərə əmr etdi ki, ona səcdə etsinlər. Əslində bu səcdə ibadət səcdəsi deyildi, təzim, ehtiram səcdəsi idi. Hər işin hikmətini Allah bilir, amma hər halda bizə belə gəlir ki, Allah-Təala bu əmri ilə mələkləri və cinləri imtahana çəkirdi. Hamısı baş əydi, iblisdən başqa. Allahın əmrinə üsyan etdiyi üçün iblis lənətləndi, cənnətdən qovuldu, amma qiyamət gününə qədər Adəmin soyundan gələnlərlə savaşmaq, daha doğrusu, onları doğru yoldan azdırmaq üçün möhlət istədi. Allah-Təala o möhləti verdi, amma onu da açıq-aydın bildirdi ki, şeytan Haqq yolda olan Adəm övladına heç bir zərər yetirə bilməz. Qurani-Kərimdə şeytan haqqında deyilir:
“O, sizin açıq-aydın düşməninizdir”. Bəli, şeytan insanla imtahana çəkildi, o imtahanı uduzdu, lənətləndi və əbədi cəhənnəmi haqq elədi. İndi isə insan şeytanla imtahana çəkilir. Yəni insan hər gün şeytanla güləşmək üçün xalçaya çıxan pəhləvan kimidir, kimi udur, kimi uduzur.
Bəziləri yanlış olaraq, Allah-Təala ilə şeytanı qarşı-qarşıya qoymaq istəyirlər. Allah-Təalanın nə şəriyi, nə ortağı, nə bənzəri, nə də qarşılığı ola biləcək bir ad, bir ünvan, bir varlıq mövcud deyil. Şeytanın hədəfi də, düşməni də, qalib gəldiyi, məğlub olduğu rəqibi də insandır. İnsan da məxluqdur, şeytan da və dünya həyatı adlanan bu ömürdə biz ağlımız kəsəndən son nəfəsimizə qədər şeytanla savaşmalıyıq.
Tarix: 04.06.2013 / 20:34 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar