Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Salam Olsun Yusiflərə

Şər çox pis şeydir. Allah özü şərdən insanı qorusun. Gənc yaşlarımızda məscidə gedəndə namazdan sonra ağsaqqal axund (haqq deyə bilmədiyinə görə işindən istefa etdi) həmişə dua edərdi: “İlahi, bizi namərdlərə möhtac etmə! İlahi, insanların və cinlər...in şərrindən bizi qoru! İlahi, mərdimazarları bizdən uzaq et!”.

Bəli, bu kişinin duaları o zaman mənim üçün adi görünürdü. Lakin indi baxıram ki, duaların yeri var imiş. Çünki ağsaqqal narkotika ilə həbs ediləndə, din alimini silah ittihamı ilə tutarlar. Ancaq həmişə elə o kişi deyərdi: “Mömin üçün əziyyət kəffarə (günahlarının bağışlanması) və imtahandır (məqamının Allah yanında artması üçün imtahan edilir). Zalim, kafir və fasiq üçün isə bəla və cəhənnəm siqnalı”. Bəli, kişinin sözlərini o vaxt elə də böyük saymırdım. Lakin görürəm axund kişi düz deyib.

Amma bir azərbaycanlı olaraq bəzi üzünü görə bilmədiyim şəxslərə sual vermək istərdim: "Bəyəm şərlə nəsə əldə etmək olar? Və yaxud, möminlər elə bilirsiniz yiyəsizdirlər?". Möminlərin Allahı var. Unutmayın. Deyə bilərsiniz, "o Allah elə biz zalimlərin də Allahıdır da". Bəli, o Allah ki, sizin də, bizim də Allahımızdır, şər və böhtanı çox böyük günah sayır. Özü də belə günahların əzabını bəzən dünyada verir. Bunu unutmayın!

Bəzən mənə elə gəlir ki, tarix sizin əsas fənniniz olsa da, yaxşı oxumamısınız. Əgər yaxşı oxusaydınız, hələ pis adamları demirəm, Suleyman Peyğəmbərin (ə) bu dünyadan o biri dünyaya heç bir şey aparmadığını bilərdiniz. Amma məncə bunu bilirsiniz. Çünki elə gördükləriniz də az olmayıb. Yaxın tarixdə belə şəxsiyyətlər az olmayıb. Bir zamanlar dünyasını dəyişən böyüklərinin qarşısında tir-tir əsənlər, indi o günlərini lətifə kimi yada salırlar. Amma bilin ki, tarix elə tarix kimi yazılır. Bəzi telekanallardan fərqli olaraq, tarix yalanı qəbul etmir. Diqqətli olun! Tarixə necə düşəcəyinizi fikirləşin.

Çox təəssüflər olsun ki, belə tezliklə Qarabağı görə bilməyəcəyik. Çünki... "Çünki"si çoxdur. Xalq hazırda bu şərəfə layiq olmaq istəyir.Xalq dindarları özündən ayırmağı necə istəyə bilər? Axı bu dindarlar başqa planetdən gəlməyiblər. Onlar bu xalqın nümayəndələridir. Bu xalqın qalibiyyəti yalnız bir yerdə ola bilər. Xalq nə qədər parçalanırsa, bir o qədər torpaqlarını azad edə bilməyəcək. Bu fərziyyə deyil. Tarixə əsaslanan sözlərdir. Bu gün dindar-qeyri dindar ayrı seçkiliyi salıb, Qarabağı azad edə bilərikmi? Bu gün ayrılmaq dövrü deyil. Bu gün birləşmək dövrüdür. Ancaq çox təəssüf ki, bunu rüşvətxorlar başa düşməyəcək. Qarabağın da işğalda olması onları narahat etməyəcək. Dindarlara şər-böhtanlar atılacaq. Yalandan onlara damğalar vurulacaq. Sonda ermənilər sevinəcək. Qarabağın azadlığını görməyib gedəcəyik. Onsuzda hamımız öləcəyik. Elə düşünməyək ki, bu ölüm kasıba var, varlıya yoxdur. Ancaq kişi kimi ölmək hamıya nəsib olmur. Bunu bilin! Birini şərləyəndə, birinə zülm edəndə, birindən rüşvət alanda, insan, hansı vəzifə tutmasından asılı olmayaraq, ölən anda insan sifətində o dünyaya getmir. Yəni kişi kimi ölmür.

Sonda isə zindanda olan bütün möminlərə, müsəlmanlara salam deyirəm. Xüsusilə salam olsun dininə görə həbs edilən Yusiflərə. Bizləri halal edin, çünki sizlər əziyyət çəkirsiz, bizlər isə...

Amma hər halda, sizin məqamlarınız Allah yanında artır. Buna görə sevinirəm. Həm də hər zaman Yusifləri zindana atanlar, sonda zəlil halda dünyalarını dəyişirlər.

Yuxarıda qeyd etdiyim kimi, tarixə “zəlil filankəs” olaraq düşürlər.


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 124 Bölmə: Maraqlı melumatlar
loading...