Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

QURAN ƏZBƏRLƏMƏYİN 11 MÜHÜM NÖQTƏSİ

(İslami saytlara istinadən)

1. İxlas (səmimiyyət)

Quranı hifz etmək (əzbərləmək) üçün ilk əvvəl niyyət Allahın rizayəti üçün olmalıdır. Quranı hifz etməkdə hədəf isə Allahı xoş etmək olmalıdır. Bu əməl insanı behiştə aparacaqdır.

Səbəbsiz deyildir ki, Allah buna görə bəndələrinə məhəbbət bəsləyir və bu yolda addımlayanlara xitab edərək, buyurur: “(Bu) kitabın nazil olması, izzət və hikmət sahibi olan Allahdandır. Biz (bu) kitabı haqq olaraq sənə göndərdik. İndi (öz) dini(ni) Allaha xalis edərək Allaha ibadət et!” (“Zumər”, surə 1, 2).

“De: “Ey iman gətirən bəndələrim! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənlərə yaxşı (əcr) vardır. Allahın yeri (torpağı) genişdir. Şübhəsiz ki, səbir edənlərin əcrləri saysız-hesabsız, tamam-kamal veriləcəkdir. De: “Mən dini Allaha xalis edərək, Ona ibadət etməyə əmr olunmuşam””. (“Zumər”, surə 10, 11).

Şübhə yoxdur ki, o kəs ki, Quranı hifz edər, mənəvi əcrdən başqa, bu dünyada da öz mükafatını alacaqdır. Əli günaha batmayacaqdır.

2. Düzgün tələffüz və qiraət

İxlasdan sonrakı addım, Qurani-Kərimi oxumaq və qiraət tərzidir. Bu işi yaxşı qarilərin tilavətinə qulaq asaraq, hasil etmək olar. Quranın öyrənilməsində yaxşı bir müəllimə ehtiyac vardır.

O kəslər ki, Quranı gözəl qiraət etmək istəyirlər, ilk növbədə öz qiraətlərindən əmin olmalıdırlar. Bu zaman onlar xüsusilə müəllimlərin nəzarəti altında olmalıdırlar ki, ərəb dilini və Quran oxunuşu tərzini kifayət qədər mənimsəyə bilsinlər. Bu, ona görə mühümdür ki, Quran oxunuşu dili xüsusi bir dildir.

3. Quran oxumaq üçün gündəlik vaxt təyin etmək

Qurani-Məcidi hifz etmək üçün gündəlik proqram tərtib etmək lazımdır. Misal üçün, hər gün bir səhifə və ya iki səhifə və ya nə qədər ki, güc çatır, müəyyən saatda hifz edilməlidir. Beləliklə, Quran hafizi gündəlik proqramını tərtib edərək, qiraətini islah edərək, Quran ayələrini hifz etməkdən başqa, təkrar üçün də vaxt ayırmalıdır.

Quranı hifz və qiraət etməyin mühüm nöqtələrindən biri də odur ki, Quranın qiraət tonuna diqqət edilməldir. Əlbəttə, bu, sonrakı addımdır. Ancaq yaxşı olar ki, əvvəldən ona diqqət edilsin. Çünki, buna riayət etsəniz, diliniz də adət edər. Ona görə də, Quranı oxuyan zaman düz oxumaq lazımdır ki, əzbərləyəndə də yanlış tələffüz edilməsin. Çünki, zehninizdə bu cür qalacaqdır. Sonradan onu düzəltmək çox çətin olacaqdır.

4. Artıq bacarılan həddi keçməyə çalışmamaq

Bir Quran hafizinin bir hissəni yaxşı əzbərləmədən başqa bölməyə keçməsi tövsiyə edilmir. Bu, ona görə əhəmiyyətlidir ki, əzbərlənən bölmə beyinə həkk edilməlidir. Əmin olun ki, beyinə həkk etməyin yolu - gecə və gündüz təkrar etməkdir. Vaxt olan kimi tez öyrənənləri təkrarlamaq lazımdır. Yüksək səslə qiraət edilmədir ki, yadda yaxşı qalsın. Başqa bir hafizi-Quran ilə öyrənənlər təkrarlansa, faydalı olar. Bir bölümü yaxşı öyrənilməsinə əmin olunduqdan sonra, başqa bir bölməyə keçmək olar.

5. Quranın bir nüsxəsindən istifadə etmək

Quranı əzbərləməyə kömək edən amillərdən biri də Quranın bir nüsxəsindən istifadə etməkdir. Yaddan çıxarmaq olmaz ki, onu dəyişdirmək məsləhət deyil. Çünki, insan, hafizəsində Quranın bir nüsxəsinin yazılarını yadda saxlamağa çalışır. Belə ki, Quranın ayrı-ayrı nüsxələrindəki yazılar müxtəlif olur. Hafiz gördüyü hərfləri yadda saxlamağa çalışır. Bu hərflərin dəyişdirilməsi çaşqınlığa səbəb olur.

6. Quranın dərk edilməsi hifz edilməyə yardım edər

Quranı hifz etməyin yollarından biri də ayələrin mənasını dərk edərək, hifz etməkdir. Ona görə də, Quran hafizlərinə tövsiyə edilir ki, Quranla yanaşı, yaxşı bir təfsirə də müraciət etsinlər. Onda Quranla təfsirin rabitəsi şərh edilər. Əmin olmaq lazımdır ki, yadda saxlanan şey beyinə də həkk olunacaqdır. Əgər ayələrin mənasını bilmədən əzbərlənilsə və hətta təkrar edilsə belə, yenə də mənası bilinmədiyi üçün yaddan çıxa bilər. Çünki, insan bir-biri ilə rabitəsi olan məntiqi şeyləri beyninə həkk edir.

Ona görə də demək olar ki, ayələri təkrar etməzdən əvvəl onun mənasını dərk etmək lazımdır.

7. Bir hissəni qurtarmamış, başqasına keçməmək

Qurani-Kərimin bir surəsini əzbərləmək üçün seçəndə onu əvvəldən axıra qədər əzbərləmədən başqa surəyə keçmək lazım deyil. Hafiz əvvəl bu surəni əvvəldən axıra qədər qiraət etməlidir. Əzbərlənmiş ayələr hafizin beynində su kimi axmalıdır. Belə ki, Quran hafizi həyəcanlanmadan və rahat halda bir ayənin dalınca o birilərini deməlidir. Məsələn, “Fatihə” surəsinin adını eşitdikdən sonra, onun ayələrini dalbadal deməlidir. Ona görə də o zaman ki, başa düşülür ki, bu surənin bütün ayələri zehninizə həkk olunmuşdur və onlar heç bir nigarançılıq olmadan söylənir, o zaman başqa surəyə keçmək olar.

8. Əzbərlənənləri başqalarına söyləmək

Quran hafizi əzbərləyən zaman təkcə özünə güvənməməlidir. Belə ki, əzbərlədiklərini başqa insanın köməyi ilə yoxlamalıdır. Yaxşı olar ki, həmin insan da Quran hafizi olsun. Beləliklə, həmin hafiz yaddan çıxardıqlarını və ya yanlış əzbərlədiklərini öyrənmiş olacaqdır. Halbuki əvvəlcə bunlardan xəbəri yox idi. Çünki bizlərdən çoxumuz güman edirik ki, düz hifz edirik.

9. Hifz edilənlərin bir daha təkrarlanması

Quran hafizi belə fikirləşməsin ki, Quranı bir dəfə əzbərləməklə zehnində həmişəlik qalacaqdır. Onu daima təkrar etməlidir, əks halda yadından çıxacaqdır.

10. Bir-birini təkrar edən hissələr

Quranda bir-birini təkrar edən ayələr vardır ki, bu haqda Allah buyurur: “Allah, sözün lap gözəlini, (gözəllikdə ayələri) bir-birinə bənzəyən və bir-biri ilə açıqlanan bir kitab şəklində nazil etmişdir. Rəbblərindən qorxanların dəriləri ondan (dara) çəkilər, sonra Allahın zikri ilə dəriləri və qəlbləri yumşalar. Bu, Allahın hidayətidir. Onunla istədiyini hidayət edər. Allah hər kimi də zəlalətdə buraxsa, artıq onun üçün heç yol göstərən olmaz”. (“Zumər”, 23).

Qurani-Kərimdə 114 surə, 6236 ayə vardır. Bu ayələrin bir neçəsi bir-birinə bənzəyir. Quran hafizi onları bir-biri ilə səhv salmamaq üçün onlar haqqında biliyə malik olmalıdır.

11. Quran hifzinin qızıl illəri

Quranı vaxtında hifz edənlər bu işdə daha çox müvəffəq olurlar. Bu qızıl illər 23 yaşa qədərdir. Bu yaşlarda Quran hafizi olmaq çox münasibdir. Yaxşı olar ki, Quranı hifz etmək istəyənlər bu yaşa qədər onu əzbərləyib qurtarsınlar. Çünki bu yaşda beyin yaxşı işləyir və qavrama sürətli olur. İnsan cavan olduğu üçün məşğuliyyəti də nisbətən çox olmur. Bu yaşda olan hər bir şəxs nəyi istəsə, tez bir zamanda yadda saxlaya bilir.

Hazırladı: Məşhədi Xanım,


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 98 Bölmə: Maraqlı melumatlar
loading...