Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vicdansızlıqları ilə tarixə düşmüş insanlar: Firon və onun törəmələri sayılan Xəvariclər

Bəşəriyyət tarixinin bir çox mərhələsində olduğu kimi insan qanı tökməyə düşkün şəxs və qruplar bu gün də mövcuddurlar. Xəvaric bu qrupların ən təhlükəlisi, ən dəhşətlisi və ən qəddarıdır. Hər gün onlarla insan qadın, uşaq, cavan, yaşlı fərqinə varmadan bu qaniçən yarasaların qurbanına çevrilir. Dəhşətlisi də budur ki, onlar bu işi din naminə, İslam dini adına törətdiklərini elan edirlər. İslam dini qan tökməyi, insan həyatına son qoymağı ən ağır cinayət, ən böyük günah hesab etdiyi halda, bu canilər insanları kütləvi şəkildə qətlə yetirir və bunu İslam dini adından törətdiklərini iddia edir və öz cinayətlərinə “cihad” adı verirlər.

Hər gün media əməkdaşları bu qana susamış canavarların qurbanına çevrilmiş insanların təsvirlərini nümayiş etdirir. Onlar qurbanlarını cəmiyyətin ən müdafiəsiz təbəqəsi arasından seçirlər. Valideynləri övladsız, körpələri yetim, qadınları dul qoyurlar. Körpə uşaqların öldürülməsini heç kim, heç nə ilə izah edə bilməz. Bunun bir tək adı var: vampirlik. Sadəcə vampirlər qan içərək öz nəfslərini təmin edir, həyatlarını bunun hesabına davam etdirirlər. Psixoloqlar bu tip insanların psixoloji vəziyyətini araşdırarkən adətən xəstə ruhlu, ciddi psixoloji problemləri olan insanlarla üz-üzə olduqları nəticəsini çıxarırlar. Onların əldə etmək, çatmaq istədikləri konkret heç bir hədəf və məqsəd yoxdur. Çünki insanları kütləvi şəkildə qətlə yetirməklə məqsədinə çatan heç kim olmayıb. Yaxın tarixdə İosif Stalin, Adolf Hitler, Pol Pot kimi insanlar öz qaniçən xislətlərini kommunizm, faşizm kimi ideologiyalarla pərdələdikləri kimi, xəvariclər də özlərinin insan qanı tökməyə düşkün olan xislətlərini İslam dini ilə pərdələməyə cəhd edirlər. Halbuki bu insanların qadınları, qocaları, uşaqları, bir sözlə dinc və müdafiəsiz insanları öldürməkdən başqa heç bir hədəf və məqsədləri yoxdur. Onlar qurbanlarını məhz özlərini qorumaq iqtidarında olmayan, müdafiəsiz və zəif insanlar arasından seçirlər. Dinc əhalinin yaşadığı yerlərdə bomba partladaraq onların ölümünə səbəb olan, sonra da buna uzaqdan tamaşa edənləri başqa cür adlandırmaq mümkün deyil. Hər bir insanın sevdiyi yaxınları, qohum-əqrəbaları var. Sadəcə təsəvvür etməyə çalışın ki, öz yaxınlarınızdan biri və ya bir neçəsi mənhus bir partlayışın qurbanı olur. Təsəvvür etmək belə çətindir. Amma belə məlum olur ki, normal bir insanın təsəvvür etməyə belə çətinlik çəkdiyi bir şeyi planlayıb həyata keçirməyi bacaranlar və bundan ləzzət ala bilənlər var.


“Xəvaric”, xarici sözünün cəm formasıdır. “Xarici” sözü ərəb dilində xaric olmuş, çıxmış deməkdir. “Xəvaric” sözünün istilahi mənası isə, müsəlman alimləri və rəhbərlərinə qarşı çıxan, böyük günah sahibi olan müsəlmanlara kafir damğası vuraraq, onların qanını axıdanlara deyilir.
Xəvariclər müsəlmanlardan ayrılmış və zəlalətə düşmüş bir firqədir ki, Peyğəmbər (s.ə.v.) onları cəhənnəm köpəkləri adlandırmışdır.
Xəvariclər özlərini haqq yolunun ardıcılları adlandırmalarına baxmayaraq, tarix boyu günahsız müsəlmanların qanlarını axıtmışdırlar.

Məşhur İslam alimlərindən Hafiz İbn Həcər (Allah ona rəhmət etsin) demişdir:
“Xəvariclər, İslamdan çıxmış bir firqədir və onlar bidətçilərdir. İslam dininə və ən xeyirli müsəlmanlara (yəni xəlifə Osman və Əliyə -Y.Q.) qarşı çıxdıqları üçün onlara xəvariclər deyilir. (ibn Həcər , Fəthul -Bari kitabı,12/296.)

Məşhur İslam alimlərindən Əl-Əcuri demişdir:
“Xəvariclər murdar nəcasətdirlər”.(Şəriət Kitabı səh. 24)

Əli bin Əbu Talib (Allah ondan razı olsun) Peyğəmbərdən (s.ə.v.) eşitdiyi hədisi rəvayət edərək buyurmuşdur:
«Axır zamanda yeniyetmə səfehlər meydana çıxacaq, Qurani-Kərimdən dəlil gətirəcəklər (yəni mənasını başa düşmədən, anlamadan Qurani Kərimdəki ayələri öz istək və arzularına uyğun istifadə edəcəklər, Quranı anlamadıqları üçün, ayənin mənası qəlblərinə çatmayacaq), Qurani-Kərimi oxuyacaqlar amma boğazlarından aşağı enməyəcək və oxun yaydan çıxdığı kimi İslamdan çıxacaqlar. Onlarla harada qarşılaşsanız onları öldürün, onları öldürənə qiyamət günü savab yazılacaqdır».(Buxari, 3611; Müslim , 1066.)

Əbu Zərin (Allah ondan razı olsun) Peyğəmbərdən (s.ə.v.) rəvayət etdiyi hədisdə deyilir:
«Məndən sonra ümmətimdən Qurani-Kərimi oxuyan amma boğazlarından aşağı enməyən insanlar olacaq. Oxun yaydan çıxdığı kimi, İslam dinindən çıxacaqlar və geri dinə qayıtmayacaqlar. Onlar yaradılmışların ən şərliləridir»(Müslim, 1067.)

Yəni İslam dinindən çıxdıqları üçün bir daha geri qayıtmayacaqlar. Ona görə ki, onların çoxu bu bidətlərindən tövbə etmir və müsəlmanların qanını axıtmağa davam edirlər. Bu gün dünyada baş verən hadisələrə diqqət yetirdiyimizdə bunun şahidi oluruq. Ben Laden və onun silahdaşlarının törətdikləri vəhşiliklərə baxdığımızda, həqiqətən, Peyğəmbərimizin (s.ə.v.) ibrətamiz kəlamını daha yaxşı anlayırıq. Günahsız müsəlmanların, uşaqların və sairə insanların qanlarını cihad adı altında axıdırlar və bu çirkin əməllərinə görə sevinirlər. Məhz bunlar Peyğəmbərimizin (s.ə.v.) vəsf etdiyi kimi ən şərli yaradılmışlardır.

İslam alimlərinin buyurduğu kimi, müasir Xəvariclər əvvəlki xəvariclərdən daha murdar nəcasətdirlər. Əvvəlki xəvariclər açıq-aşkar Peyğəmbərimizin xəlifəsi Osmana (Allah ondan razı olsun) qarşı çıxdılar və sonda onu qətl etdilər. Peyğəmbərin iki qızının əri olmuş xəlifə Osmanın qanını axıtmaqla kifayətlənməyərək daha sonra Peyğəmbərin kürəkəni, Əhli Beytindən olan xəlifə Əliyə (Allah ondan razı olsun) qarşı çıxdılar və onu kafir adlandırdılar. Xəvariclərin nə qədər murdar nəcasət olduqları daha açıq şəkildə sizə aydın olmuşdur. Əli bin Əbu Talib (Allah ondan razı olsun) məşhur Nəhravan savaşında Peyğəmbərimizin (s.ə.v.) cəhənnəm köpəyi adlandırdığı xəvaricləri məğlub etdi.

Əbu Ğalib, Peyğəmbərin (s.ə.v.) əshabələrindən Əbu Umamənin belə dediyini rəvayət etmişdir:
«Şamda, xəvariclər baş qaldırdı və qətlə yetirilərək quyuya atıldılar. Əbu Umamə onların atıldığı quyunun başında durub ağladı və sonra: “Sübhənallah, şeytan bu ümməti necə azdırdı? Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Cəhənnəm köpəkləri, Yer üzərində ən şərli öldürülmüşlər, ən şərli öldürülmüşlər -dedi».


Xəvariclər qiblə əhlindən (yəni müsəlmanlardan) sayılırlarmı? Onların arxasında namaz qılmaq olarmı?

Cavab:
“Xəvariclərin kafir olmaları və ya sadəcə zəlalət əhli olmaları barəsində alimlər arasında iki rəy vardır. Xəvariclərin kafir olması rəyi həqiqətə daha yaxın bir rəydir. Çünki dəlillər onların kafir olmasına dəlalət edir. Amma xəvariclərin arxasında namaz qılmağa gəldikdə isə onların arxasında namaz qılmaq olmaz”.(Şəriət elmləri doktoru Şeyx Fovzan Salih Fovzan, “Qlobal məsələlərə dair alimlərin fətvaları kitabı”, səh. 10.


Xəvariclərin kafir olmaları rəyini İslam alimlərindən: Buxari, Qadi Əbu Bəkr, Subki, Qurtubi dəstəkləmişdirlər.(B??: FƏthul Bari, cild 12/300.)


Xəvariclər Vicdan Anlayışından Uzaqdırlar.

Vicdan hər bir insana gözəl davranışı və düşüncəni deyən, sağlam mühakimə yürütməyinə kömək edən, səhvlə düzü bir-birindən ayıran mənəvi xüsusiyyətdir.
Vicdanın mühüm xüsusiyyətlərindən biri də odur ki, o bütün insanlar arasında müştərəkdir. Yəni bir insanın vicdanına görə doğru olan şey- şərtlər dəyişmədiyi müddətcə- digər insanların vicdanları üçün də doğrudur. Vicdanlar eyni bir mövzu üzərində heç vaxt ziddiyyətdə olmazlar. Bunun səbəbi isə vicdanın mənbəyidir. Vicdan Allahın ilhamıdır. Allah hər bir insana onun vicdanı vasitəsi ilə özünün məmnun olacağı ən doğru və ən gözəl davranışları bildirməkdədir.
Vicdanın Allahın ilhamı olduğunu Quranın Şəms surəsi belə açıqlayır:

Allah taala buyurmuşdur:
«And olsun nəfsə və onu yaradana (ona biçim verənə). Sonra da ona günahlarını və pis əməllərdən çəkinməsini (xeyir və şəri) öyrədənə ki, nəfsini (günahlardan) təmizləyən mütləq nicat tapacaqdır!» .(əş-Şəms, 7-9.)

Vicdansızlıqları ilə tarixə düşmüş insanlar: Firon və onun törəmələri sayılan Xəvariclər

Firon, Musa (ə.s)-ın Allah tərəfindən peyğəmbər olaraq göndərildiyi dövrdə yaşamış və Qur’anda haqqında ən çox söz açılan inkarçıdır. Fironun istər Musa (ə.s)-a və onunla birlikdə olanlara, istərsə də öz xalqına qarşı olan münasibəti təfsilatı ilə tədqiq edildikdə, vicdanına qulaq verməyən, öz nəfsinin əsiri olmuş və dünya həyatı üçün yaşayan insanların ümumi xarakteri meydana çıxacaqdır. İnkarçıların qabaqcıllarından olan və öz xalqı arasında zülmü ilə məşhur olmuş Fironun mənəvi aləmini, məntiq tərzini, həvəslərini, istək və arzularını, qorxularını, gözlənilməz hadisələrə reaksiyasını Quran ayələrinə baxaraq analiz etmək və beləcə vicdansız bir insanın sahib ola biləcəyi xüsusiyyətləri görmək mümkündür. Burada Fironla əlaqəli bəzi Quran ayələri tədqiq ediləcək və vicdansızlığın ən ifrat nöqtələri nümayiş etdiriləcəkdir.

Ancaq Fironun xüsusiyyətlərini oxuyarkən yadda saxlanılmalı mühüm bir cəhət budur ki, onun sahib olduğu xüsusiyyətlər, bu gün cəmiyyətdə kifayət qədər yayılmışdır. Səmimi düşüncəyə malik hər bir insan bu əxlaq tərzinin müasir cəmiyyətdə öz əksini necə tapdığını asanlıqla görə biləcəkdir. Ən səmimi hərəkət isə hər bir insanın bu xüsusiyyətləri digər insanlardan əvvəl özündə – az vəya çox dərəcədə – axtarması və vicdanına zidd cəhətləri islah etməsi olacaqdır.

Uca Allah buyurmuşdur:
«Həqiqətən, Firon yer üzündə (Misirdə) baş qaldırıb onun əhalisini zümrələrə bölmüşdü. (Firon) onların arasında olan bir tayfanı (İsrail oğullarını gücsüz (aciz) görüb onların (yeni doğulan) oğlan uşaqlarını öldürür, qızlarını isə sağ buraxırdı. O, həqiqətən, (yer üzündə) fitnə-fəsad töədənlərdən idi!»(əl-Qəsəs, 4.)

İndi isə bir anlığa Fironun əməlləri ilə xəvariclərin törətdiyi terror hadisələrini müqayisə edin. Aralarında fərq vardırmı?

Firon uşaqları diri–diri boğazlarından kəsdirərək qətl etdirirdi, xəvariclər isə terror hadisələri törədərək körpə uşaqları qanına qəltan edirlər.
Firon bu çirkin əməlini edərkən özünün haqq yolunda olduğunu deyirdi və Allahlıq iddiasına düşmüşdü. Xəvariclər və onların ideya rəhbəri olan Ben Ladenlər də özlərinin haqq yolunda olduğunu qeyd edərək cihad adı altında terror hadisələri törədərək, dinc insanları qətl edir və bu partlayışlarda neçə-neçə körpələr və müsəlman bacılarımız və analarımız qətl edilirlər.
Mahiyyət etibarı ilə Fironun törətdiyi çirkin əməllərlə xəvaricləri törətdiyi çirkin əməllər arasında elə böyük bir fərq yoxdur.

Dəyərli oxucularımız cəhənnəm köpəklərinin sifətləri , əməlləri , çirkin işləri barədə bu məlumatlardan sonra onların şirin dillərinə aldanmayın.Bilinki xəvaricləri peyğəmbərimiz (s.a.v) cənəhhəm köpəkləri adlandırmış və bizlərə bu qan içənklərdən uzaq durmağı buyurmuşdur.


Tarix: 08.04.2013 / 20:25 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 371 Bölmə: Maraqlı melumatlar
loading...