Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müsəlmanın ətraf mühitə münasibəti

Bunda şübhəniz olmasın ki, yəni bu işə əmin olun ki, yaşadığımız bu ətraf aləm, bu dünya, dərk etdiyimiz hər şey bizə Allah təalanın verdiyi nemətlərdir. Allah təala bu qədər nemətlərin hamısını bizim üçün yaradıb və bizə verib. Qaranlığı bizim üçün yaradıb, onun ardınca gələn gündüzü bizim üçün yaradıb, onda biz qaranlıqdan və ardınca gələn gündüzdən niyə qorxmalıyıq. Axı bunlar hamısı nemətlərdir və bunda olanlar da nemətlərdir. Təkrarən də qeyd edim ki, bütün bunlar bizə verilib. Uca Allah buyurur: “Ölü torpaq onlar üçün (qiyamət günü ölüləri dirildəcəyimizə) bir dəlildir. Biz onu (yağışla) dirildir, oradan (arpa, buğda, düyü və s. kimi) dənələr çıxardırıq, onlar da ondan yeyirlər. Biz orada xurma və üzüm bağları əmələ gətirir, bulaqlar qaynadırıq ki, Onların meyvələrindən və öz əlləri ilə becərdiklərindən (yaxud becərmədiklərindən) yesinlər. Hələ də şükür etməzlər?” (Yasin surəsi 33-35-ci ayələr).

Artıq uca Allah Yer üzünü ən gözəl bir halda, ən yaxşı bir vəziyyətdə yaradıb bəşəriyyət üçün onun bütün ehtiyaclarını orada qarşılayıb. Orada heç bir naqislik, qüsur, nöqsan və çatışmamazlıq yoxdur. Bütün bunlar insanların feli ilə, yəni hərəkətləri ilə də əldə olunur. Bunun əksinə olaraq bu qədər nemətlərin fəsad olması, nemətlərə xələl gəlməsi, təbiətin şıltaqlığı, yer üzərində fəsadın baş verməsi insanların əməllərinə görə olur. Allah təala buyurur: “İnsanların öz əlləri ilə etdikləri (pis əməllər, günahlar) üzündən quruda və suda fəsad (pozuntu) əmələ gələr (bəzi yerlərdə quraqlıq, qıtlıq olar, bəzilərində zərərli yağışlar yağar, zəlzələ baş verər, dənizlərdə gəmilər batar) ki, Allah (bununla) onlara etdiklərinin bir qismini (etdikləri bəzi günahların cəzasını) daddırsın və bəlkə, onlar (tövbə edib pis yoldan) qayıtsınlar” (Rum surəsi 41-ci ayə).
Allah Rəsulunun (ona və ailəsinə salam olsun) sünnəsi, metodu, yolu olan əsl mədəniyyət müsəlmanların ətraf mühitə münasibətini yaxşılaşdırır, ətraf mühiti onlara sevdirir, onu qorumağın yollarını bəşəriyyətə öyrədir. Bu həm təbiətin bərəkətli olmasına, gözəlləşməsinə, həm də insanların səadət və xoşbəxt olmasına gətirib çıxarır. İnsanlar bu mədəniyyətə, bu yola, bu metoda tabe olmaqla həm əmr olunublar, həm də onların xoşbəxtçiliyi və səadəti də bu yoldadır.
Allah Rəsuluna (ona və ailəsinə salam olsun) müxalif olduqda, onun yolunu tərk etdikdə, dediklərinə, etdiklərinə və gətirdklərinə əhəmiyyət vermədikdə ətraf mühitimiz, təbiətmiz, təbiətmizdə bizə verilən su, hava, başqa nemətlər çirklənir. Əbu Hüreyrə (Allah ondan razı olsun) Allah Rəsulunun (ona və ailəsinə salam olsun) belə dedyini rəvayət etmişdir: “İki lənətdən qorxun”. Sehabələr dedilər: “İki lənət nədir, ya Rəsulullah?”. Dedi: “İnsanların yolunda və kölgələndikləri yerdə (yəni oturub istirahət etdkləri yerdə) ayaqyolu etmək (yəni işəmək və ya nəcis etmək)”. Bu iki yerdə bu əməli etmək həmin yerdən keçən və oturan insanların bunu edən insanlara lənət etməsinə səbəb olur. Bu barədə başqa hədislər də varid olmuşdur. Bununla, bu əməli etməklə insan ətraf mühiti çirkləndirir, digər insanlar ona lənət edir, həmin yer belə ondan şkayət edə bilər.
Bizə də məlumdur ki, su həyatın əsasını təşkil edir. Uca Allah buyurur: “- Göydən sizin üçün yağmur endirən Odur. Ondan (o sudan) siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar (və otlar) da içər (ağaclar və otlar da onun vasitəsilə bitər). (Allah) onunla (o su ilə) sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma, üzüm və bütün (başqa) meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır! (Ən-Nəhl 10, 11).
Buna görə də Allah Rəsulu (ona və ailəsinə salam olsun) suyu qorumamızı bizə əmr edərək, dəstəmaz alarkən artıq sudan istfadə etməyi və su işlədərkən israf etməyi bizə qadağan etmişdir. Bütün bunlar onu göstərir ki, biz hamılıqla Allahın bizə verdiyi bu və digər bütün əmanətləri israf etmədən, dəyərini düşürmədən, yerində, qaydasında və qədərində istifadə etməliyik. Belə etmək həm də verilən nemətə görə şükr etmək sayılır. Çünki sən düşünürsən ki, Allahın yaratdığı digər insanlar və başqa yaradılmışlar da bu suya möhtacdırlar və mən istifadə etdiyim kimi onlar da istifadə etməlidirlər. Allah bizə rəhm etsin. Amin!
Həmçinin sən düşünürsən ki, getdiyin yoldan başqa insanlar da keçir, aldığın havadan başqa insanlar da alır. Buna görə də sən sənə verilən ətraf mühiti qoruyaraq əmanəti qiymətləndirir və səndən sonra gələnlərin istifadəsi üçün əlverişli şərait yaradırsan. Ancaq bunun əksi olsa sən həm özün bu qədər nemətlərə qarşı naşükürlük etmiş olarsan, həm də Allahın gələcəkdə səndən sonra gələcək qullarının haqqını tapdalamış hesab olunursan. İslam dini məhz bu səbəbdən üstün və gözəl bir dindir ki, o həm insanları tərbiyələndirir, həm də onların yaşadığı cəmiyyəti, həmin cəmiyyətin havasını, suyunu və qidasını mükəmməl edir. Allaha həmd olsun ki, bizə islam kimi gözəl bir din bəxş etmişdir.

---------------
Əkrəm Həsənov


Tarix: 08.04.2013 / 20:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 271 Bölmə: Maraqlı melumatlar
loading...