Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xədicənin Xatirəsi

Qoca bir qadın əlinə qurumuş xurma çubuğu alaraq Peyğəmbərin evinə gəlib onunla göruşmək arzusunda olduğunu bildirir. Əshab bunu Peyğəmbərə (s.ə.s) xəbər verdikdə içəri girməsinə icazə vermələrini istəyir. Qadın içəri daxil olub Peyğəmbərlə (s.ə.s) salamlaşır. Peyğəmbər (s.ə.s) qadını tanıyaraq dərhal ayağa qalxır və altındakı döşəkcəni qadına təklif edib oturmasını xahiş edir. Qadın gedəndən sonra məclisdə iştirak edən Ömər ibn Xəttab Peyğəmbərin (s.ə.s) qadına göstərdiyi belə böyek qayğıdan təəccübləndiyini bildirir. O, Peyğəmbərdən qadının kim olduğunu və belə bir davranışın artıq olub olmadığını soruşur: "Ya Rəsulullah! Bu qadın kim idi ki, ona bu qədər hörmət və qayğı göstərdiniz?". Peyğəmbərin (s.ə.s) cavabı tək bu cümlədən ibarət olur; " Bu qadın bizim Xədicənin dostlarındandır". Bu sözləri deyəndən sonra Peyğəmbərin (s.ə.s) gözləri yaşarır.
Gəlin bir anlığa düşünək!
Görəsən, nə ücün Peyğəmbər (s.ə.s) neçə il əvvəl dünyasını dəyişmiş Həzrət Xədicəyə (ə) bu qədər hörmət nümayiş etdirir? Onun dostlarının qarşısında ayağa qalxır, altındakı döşəkcəni ona təklif edir və özü quru yerdə oturu? Görəsən Xədicəni (ə) bu qədər sevdirən nə idi? Sualın cavabını yenə də Peyğəmbərin (s.ə.s) həyat səhifəsindən tapırıq. Uzun müddət keçməsinə baxmayaraq, Peyğəmbər (s.ə.s) keçmiş günləri xatırlayır və Həzrət Xədicəni (ə) yad edərək göz yaşları axıdardı.
Günlərin biri Peyğəmbərin (s.ə.s) zövcəsi Aişə ona deyir:"Ey Allahın Peyğəmbəri! Necə il əvvəl dünyasını dəyişmiş yaşlı bir qadın üçün bu qədər kədərlənib göz yaşı axıtmaqda nə fayda var? Allah-Təala sənə daha gözəl və cavanını ehsan etmişdir. Ağzında dişi qalmayan qoca qadının yerinə sənə sağlam və cavanlarını nəsib etmişdir".
Bunları dedikdən sonra Peyğəmbərdən (s.ə.s) bu cavabı alır: " Ey Aişə! Xədicəni illər boyu unutmamağımın səbəbi onun xaricı görünüşü olmamışdır. Hamı mənim dediklərimi rədd etdiyi və məni özündən uzaqlaşdırdığı zaman o mənə inandı, dediklərimi təsdiq etdi. Ətrafımda hamı məni yalançı adlandırdığı zaman Xədicə mənə ;" Doğru söyləyirsən, dediklərindən əsla çəkinmə!" dedi. İnsanlar məndən qara dirhəmi əsirgədikləri zaman Xədicə bütün sərvətini mənim ixtiyarıma qoyub;" Hamı sənindir, istədiyin qədər götür!" dedi. Dünyada yalqız qaldığım günlərdə Xədicə məni tək qoymadı. Bunlar hamısı keçicidir. İllər boyu keçirdiyin üzüntülərimə şərik oldu, mənimlə birlikdə gözyaşları axıtdı. Bax Xədicəni mən buna görə unutmuram, unuda da bilmərəm!".


Tarix: 19.11.2013 / 04:20 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Maraqlı melumatlar
loading...