Bu gün cəmiyyətimiz, ayrılıqda hər bir fərdimiz, ailəmizdən qardaşımız, atamız, yaxın qohumlarımız süfrədə bir araya gəldikdə, oturub bir tikə çörək yedikdə mütləq özlərində, öz məclislərində kənardan özlərinə xoş görsənən, öz dilləri ilə desək keflərini açan bir içkini süfrədə görmədikdə, yeməkləri boğazlarından getmir, sanki nə isə böyük bir çatışmamazlıqlarının olduğunu deyirlər, bunu açıqdan da deyir, hətta davranışlarından müşahidə edirik. Məclislərində Allah Təalanın murdarlıq adlandırdığı şərab olmadıqda sanki bu məclis bir yas məclisi imiş kimi qayğılı, üzlərində üzüntü hiss olunur. Bu gün cəmiyyətimiz bu böyük bir bəlaya mübtəla olmuşdur. Allahdan xalqımızın, camaatımızın bağışlanmağını istəyir, onlara təmizlik və gözəllik arzu edirik.
Allah Təala Qurani Kərimdə buyurur: “- Ey iman gətirənlər! Şərab da (içki də), qumar da, bütlər də, fal oxları da Şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız!” (əl-Maidə (Süfrə) surəsi, 90).
Buxari Səhihində “Kitabu-l-əşribədə (İçəcəklər kitabı)” bu ayəni içkinin haramlığı haqqında gələn hədislərə bir hazırlıq və müqəddimə olmaq üçün zikr etmişdir. Bu ayə sərxoşluq verən içkilərin qadağası və haram edilməsi haqqında üçüncü və son olaraq enən ayədir. Bunlardan birincisi Quranın Nisa surəsinin 43-cü ayəsidir: “- Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlamayana qədər və cunub (murdar) olduğunuz zaman - yol ötən müsafirlər müstəsnadır - qüsl edənədək namaza (namaz qılınan yerə) yaxınlaşmayın. Xəstələndikdə və ya səfərdə olduqda, sizlərdən biri ayaq yolundan gəldikdə, yaxud qadınlara toxunmuş (yaxınlıq etmiş) olduqda (qüsl və dəstəmaz üçün) su tapmadığınız zaman pak bir torpaqla təyəmmüm edin, (ovuclarınızı) üzünüzə və əllərinizə sürtün! Şübhəsiz ki, Allah əfv edəndir, bağışlayandır!” İkincisi isə Quranın əl-Bəqərə (İnək) surəsinin 219-220-ci ayələridir: “- (Ya Rəsulum!) Səndən içki və qumar (meysir) haqqında sual edənlərə söylə: “Onlarda həm böyük günah, həm də insanlar üçün mənfəət (dünya mənfəəti) vardır. Lakin günahları mənfəətlərindən daha böyükdür”! (Allah yolunda) nəyi paylamalı olduqlarını soruşanlara isə de: “Ehtiyacınızdan artıq qalanını (möhtaclara paylayın)!” Allah sizə Öz ayələrini bu cür bildirir ki, bəlkə, fikirləşəsiniz. Dünya və axirət (işləri) barəsində. (Ya Rəsulum!) Səndən yetimlər haqqında sual edənlərə söylə: “Onlar üçün (onların malını qorumaq və güzəranlarını) yaxşılaşdırmaq xeyirlidir (nəcib əməldir). Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır”. Allah islah (yaxşılıq) edənləri də, fəsad salanları da tanıyır. Əgər Allah istəsəydi, sizi, əlbəttə, əziyyətə salardı. Həqiqətən, Allah yenilməz qüvvət, hikmət sahibidir!”.
Buxari bu ayəni dəlil gətirdikdən sonra aşağıdakı hədisləri rəvayət etmişdir:
1. ...Bizə Malik, Nafidən, o da Abdullah bin Ömərdən xəbər verdi ki; Allahın rəsulu (s.ə.s) belə buyurdu: “Kim dünyada şərab içsə, sonra bu günahından tövbə etməsə, o adam axirətdə Cənnət şərabından məhrum olacaq”.
2. ...Əz-Zühri belə demişdir; mənə Səid bin Müsəyyəb xəbər verdi ki, özü Əbu Hüreyrədən eşitmişdir: Peyğəmbərə isra etdirildiyi gecə (meraca çıxdığı gecə) iliyada (Beytu-l Məqdisdə) biri şərab, digəri də süd dolu olan iki qədəh gətirildi. Peyğəmbər (s.ə.s) onlara baxdı, sonra süd qədəhini aldı. Cəbrayıl (ə.s) ona belə dedi: “Səni fitrətə yönəldən Allaha həmd olsun! Əgər sən şərabı götürmüş olsaydın, ümmətin zəlalətdə olardı”.
3. ...Ənəs belə demişdir: Mən peyğəmbərdən bir hədis eşitdim ki, onu sizə məndən başqa heç kim deməyəcək. Belə buyurdu: “Cəhalətin yayılması, zinanın yayılması, şərabın içilməsi, kişilərin sayı azalıb, qadınların çoxalması – o dərəcədə ki, əlli qadının yalnız bir baxanı, sahibi olması qiyamət əlamətlərindəndir”.
4. ...İbn Şihab belə demişdir: Mən Əbu Sələmə bin Əbdurrahman ilə İbnul Müsəyyəbdən eşitdim, belə deyirdilər: Əbu Hüreyrə (r.a) belə dedi: Peyğəmbər belə buyurdu: “Zina edən adam zina etdiyi vaxt (tam və kamil) mömin olduğu halda zina etməz. İçki içən də içdiyi vaxtda kamil bir mömin olaraq içməz. Oğurluq edən də oğurlayarkən kamil bir mömin olaraq oğurluq etməz”.
Tarix: 18.04.2013 / 14:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 202 Bölmə: Maraqlı melumatlar