Bismillahir Rəhmanir Rəhim...
Salam və Salavat olsun sonuncu peyğəmbərimiz Məhəmməd (s.a.a.) Peyğəmbərə və onun Ailəsinə, Pak Əhli-Beytə (ə).
Allahın Salamı olsun İslam Yolunu gedənlərə və İslama Doğru gələnlərə...
Küçədəsinizsə, ətrafınıza və evdəsinizsə, pəncərədən baxın. Ağaclar, çiçəklər, təpələr, səma, insanlar və digər canlılar… Dünyada bu an görə bilmədiyiniz digər yerləri də düşünün; dənizlər, göllər, dağlar, ətrafınızda gördüklərinizdən başqa milyardlarla insan, həyatda heç qarşılaşmadığınız milyonlarla növ canlı… Son olaraq da dünyadan kənara çıxın və kainatı düşünün; içində yüz milyardlarla ulduz olan yüz milyardlarla qalaktika, günəş, planetlər, peyklər, kometalar və digər göy cisimlərinin olduğu ucsuz-bucaqsız məkan…
İndi səmimi olaraq vicdanınızın səsinə qulaq asın və düşünün. Bütün bu saydıqlarımız niyə və necə var olmuşdur? Canlı və cansız hər şey necə belə qüsursuz sistemdə və uyğunluq içində mövcud ola bilir? Kainatdakı bu ehtişamın, canlıların, xüsusilə də insanın sahib olduğu üstün xüsusiyyətlərdəki hikmət nədir? Bütün bunlar, ən əsası da yer üzündəki yeganə şüur sahibi varlıq olan insan hansı məqsədlər üçün dünyadadır?
Allah insanın həqiqi yaradılış məqsədini qullarına yol göstərici olaraq endirdiyi Quranda bildirmişdir. Bu məqsəd insanı yaradan və yaşadan Rəbbimizə qulluq etməkdir.
Allah bir ayəsində bu məqsədi belə bildirir:
…insanları yalnız Mənə ibadət etsinlər deyə yaratdım. (“Zariyat” surəsi, 56)
Budur dünya - yuxarıda saydığımız bütün detallarıyla dənizləri, gölləri, okeanları, çiçəkləri, ağacları, dağları, canlıları ilə birlikdə insanın bu qulluq vəzifəsini yerinə yetirib-yetirmədiyinin sınanması üçün Allahın xüsusi olaraq yaratdığı məkandır. Kainat, kainatdakı bütün sistemlər, ulduzlar, planetlər, göy cisimləri də insanın Rəbbimizin böyüklüyünü və sonsuz qüdrətini görməsi və Onun gücünü təqdir edə bilməsi üçün yaradılmışdır. Eyni şəkildə insanın dünya həyatı boyu yaşadığı bütün hadisələr, olduğu bütün məkanlar, qarşılaşdığı bütün insanlar da insanın dünyada yaşadığı imtahanın bir hissəsidir. Allah insanın yaradılış və dünyada mövcud olma məqsədinin sınaq olduğunu bir ayədə belə xəbər verir:
Həqiqətən, Biz insanı qarışıq bir nütfədən yaratdıq. Biz onu imtahana çəkəcəyik. Biz onu eşidən, görən yaratdıq. (“İnsan” surəsi, 2)
Bu imtahan mühitində insan hər an Allahın əmr və qadağanlarına tabe olmaqla, Allahın razılığına uyğun hərəkət etməklə məsuldur. Bu məsuliyyəti rədd və ya inkar edən insanların sonsuza qədər cəhənnəm əzabı ilə qarşılıq görəcəyi Quranda bildirilmişdir. Çünki bu, Allahın verdiyi bütün nemətlərə qarşı böyük nankorluq və günahdır.
Buna baxmayaraq, insanların böyük əksəriyyəti qəribə laqeydlik içindədirlər. Həyatlarının əsl məqsədini unudaraq özlərinə tamamilə fərqli mövzular tapır, tamamilə fərqli məqsədlərlə yaşayırlar. Dünyaya aid əhəmiyyətsiz mövzu üçün aylarla, illərlə çalışıb səy göstərir, amma Allaha qarşı olan məsuliyyətlərini ağıllarına belə gətirmək istəmirlər. Dünyadakı məsuliyyətsizliklərinin qarşılığı olaraq axirətdə cəhənnəmlə qarşılıq görəcəkləri ehtimalını isə heç düşünmürlər. Halbuki yer üzündə bu gerçəklərdən xəbərsiz olduğunu söyləyə biləcək tək bir insan belə yoxdur. Allah Hz. Adəmdən (ə.) bu yana hər dövrdə insanlara Özünü tanıdan, onlara Özünə necə qulluq edəcəklərini öyrədən kitablar endirmiş, xəbərdaredici elçilər göndərmişdir ki, insanlar "biz bunlardan xəbərsiz idik" kimi bəhanələr gətirə bilməsinlər. Bu həqiqət bir ayədə belə bildirilir:
Biz Peyğəmbərləri (möminlərə) müjdə gətirən və (kafirləri) əzabla qorxudan kimi göndərdik ki, daha insanlar üçün Peyğəmbərlərdən sonra Allaha qarşı bir bəhanə yeri qalmasın. Allah yenilməz qüvvət sahibi, hikmət sahibidir! (“Nisa” surəsi, 165)
Allahın göndərdiyi elçilər və qatından endirdiyi kitablarlarla yanaşı, möminlərin insanlara etdikləri təbliğ də bu öyrətmə yollarından biridir. Tarix boyu bir çox imanlı insan digər insanları Allahın dininə dəvət etmiş, ətrafındakı insanlara cənnət və cəhənnəmin varlığını xatırladaraq onları hesab gününə qarşı xəbərdar edib qorxutmuşdur.
Bütün bunlarla yanaşı, fərz edək ki, bir insan həyatın əsl məqsədi haqqında heç bir şey eşitmədiyini, indiyə qədər heç kim tərəfindən xəbərdar edilmədiyini, Allahın kitabını bir dəfə belə oxumadığını söyləsin. Yenə də bu insan, yuxarıda da ifadə etdiyimiz kimi ətrafındakı varlıqları, qüsursuz sistemləri düşünərək bunların sonsuz qüdrət sahibi Yaradıcı tərəfindən mütləq bir məqsədlə yaradıldığını anlaya bilər. Özünün də yaradılmış varlıq olaraq Yaradıcıya qarşı məsuliyyətləri olduğunu qavraya bilər. Çünki Allah insanı ona doğrunu və həqiqəti söyləyən vicdanı ilə birlikdə yaratmışdır. Ətrafındakı varlıqları və hadisələri vicdanına müraciət edərək qiymətləndirən, yəni vicdanının səsini dinləyən insan bu həqiqətlərə çata bilər.
Belə ki, Quranda bizlərə bildirilən hz. İbrahim (ə.) ilə əlaqədar bir əhvalat bu mövzuda çox gözəl və açıqlayıcı nümunədir:
Beləcə, İbrahimə göylərin və yerin mülkünü göstərdik ki, tam qənaətlə inananlardan olsun! Gecə qaranlığı (onu) bürüdükdə o, bir ulduz görüb: “Bu, mənim Rəbbimdir!” dedi. (Ulduz) batdıqda isə: “Mən batanları sevmirəm”, söylədi. (Sonra) doğan ayı görüb: “Bu mənim Rəbbimdir!” – dedi. (Ay) batdıqda isə: “Doğrudan da, əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən zəlalətə düşənlərdən olardım”, - söylədi. (Daha sonra) doğan günəşi görüb: “Bu mənim Rəbbimdir, bu, daha böyükdür!” – dedi. (Günəş) batdıqda isə dedi: “Ey camaatım, mən, həqiqətən, sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Mən, həqiqətən, batildən haqqa tapınaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən (Allaha) şərik qoşanlardan deyiləm!” (“Ənam” surəsi, 75-79)
Yuxarıdakı hekayədə göründüyü kimi, hz. İbrahim (ə.) yalnız öz vicdanını dinləyərək göylərin və yerin yaradıcısı olan Allahın varlığını qavramışdır və yalnız Ona qulluq etməyin lazım olduğunu da anlamışdır. Bu nümunədən aydın olduğu kimi, insanın ətrafına vicdanına tabe olub baxması Allaha qulluq etməyin lazım olduğunu anlaması üçün kifayətdir. Ancaq buna baxmayaraq, Allah insanlara lütf edir və yaranma məqsədlərini, Özünə necə qulluq etmələrinin lazım olduğunu ətraflı şəkildə xəbər verir. Şübhəsiz ki, bu, Allahın qullarına qarşı sonsuz şəfqət və mərhəmət sahibi olduğunun göstəricisi və insanları hidayətə və doğru yola yönəldən Hadi isminin təcəllisidir. Bundan əlavə, Allah insana bir çox vasitələrlə xatırlatmalar edir, həm də bu xatırlatmaları qavraya biləcəyi zamanı da verir.
Ancaq buna baxmayaraq, gördükləri dəlilləri və eşitdikləri gerçəkləri səmimi və vicdanlı şəkildə qiymətləndirməyən insanlar yer üzündə çoxluq təşkil edir. Üstəlik, bu insanlar sonsuz həyatlarında zərərə uğrayacaqları ilə xəbərdar edildikləri halda bu həqiqətlərə qarşı tamamilə laqeyid olurlar.
Ətrafınıza bir daha baxın; uşaqlar, gənclər, kişilər, qadınlar, yaşlı insanlar... Çoxu sanki ölümlə və hesab günü ilə heç qarşılaşmayacaqmış kimi gündəlik işlərinə davam edir. Biri məktəbə gedir, biri iş yerinə gecikməmək üçün sürətli addımlarla avtomobilinə doğru gedir, başqa biri axşam gələcək qonaqları üçün alış-veriş təlaşına qapılır, digəri isə bir neçə həftə sonra dünyaya gələcək nəvəsi üçün hazırlıq görür… Şübhəsiz ki, bütün bunlar hər bir insanın gündəlik həyatının təbii axışı içində yaşadıqlarıdır. Bu sadalananlar, əlbəttə, çox normal davranışlardır. Burada yanlış olan insanların bütün bunları qafil halda yaşamaları və Allahın özlərini əhatə etmiş olduğunu, ölümün sürətlə gəldiyini, Allahın hüzurunda Rəbbimizi unudaraq keçirdikləri illərin hesabını verəcəklərini heç düşünməmələridir.
Bəs, insanlar bu qədər açıq həqiqətlərə, Allahın varlığının saysız dəlillərinə, Onun qarşısında öz acizliklərinin bir çox əlamətlərinə baxmayaraq, necə bu cür məsuliyyətsiz ola bilirlər? Başını quma basdıran dəvəquşu kimi necə həqiqətlərə gözlərini bağlaya bilirlər? Üstəlik, bu davranışlarının fəsadları onlara toxunacaq ikən…
Şübhəsiz ki, bu, insanların bir çoxunun etməli olduqlarını anlaya bilməmələrindən deyil, əksinə, vicdani olaraq doğrunu gördükləri halda bilə-bilə özlərini aldatmalarından qaynaqlanır. Ona görə "aldatmaq" deyirik ki, bir az əvvəl də bəhs etdiyimiz kimi bir çox insanın bu mövzuda məlumatsızlıq və ya qavrayışsızlıq kimi problemi yoxdur. Problem bu insanların dünyaya həvəslə bağlılıqları, gizli və ya aşkar olaraq axirəti inkar etdiklərinə görə həqiqətlərə səmimi yanaşmamalarıdır. Allah Quranda bu cür insanların varlığından belə bəhs edir:
Yer üzündə haqsız yerə təkəbbürlük edənləri ayələrimi anlamaqdan yayındıracağam. Onlar nə möcüzə görsələr, ona inanmazlar. Onlar haqq yolu görsələr, onu qəbul etməz, azğınlıq yolunu görsələr, onu özlərinə yol seçərlər. Bunun səbəbi isə onların ayələrimizi yalan hesab etmələri və ondan qafil olmalarıdır. Ayələrimizi və axirətə qovuşmağı doğru hesab etməyənlərin əməlləri puça çıxdı. Onlar ancaq öz əməllərinin cəzasını çəkəcəklər!” (“Əraf” surəsi, 146-147)
O kəslər ki, dünyanı axirətdən üstün tutur, Allah yolundan döndərir və o yolu əyri hala salmaq istəyirlər. Onlar azıb uzaq düşmüşlər. (“İbrahim” surəsi, 3)
Allah başqa bir ayəsində də insanların özlərini aldadıb, həqiqətlərə gözlərini bağlayaraq qapıldıqları qəflətli ruh halını belə xəbər vermişdir:
İnsanların haqq-hesab vaxtı yaxınlaşdı, onlar isə hələ də qəflət içindədirlər və üz döndərirlər. (“Ənbiya” surəsi, 1)
İnsanın dünyada bütün etdiklərindən hesaba çəkiləcəyi, haqq-hesab günü ilə üz-üzə gələcəyi, şübhəsiz, açıq-aşkar bir həqiqətdir. Buna baxmayaraq, insanın qəflət içində olması və bundan xilas olmaq üçün səy göstərməməsi ən böyük ağılsızlıq və vicdansızlıqdır. Bu vicdansızlıq axirətdə Allahın diləməsi ilə davamlı qarşılıq görə bilər.
Əgər siz də özünüzü öz əllərinizlə əsla bərpa edilməyən peşmançılığa aparmaq istəmirsinizsə, diqqət edin! Əsla dünyəvi məqsədlərlə özünüzü aldadıb əyləndirməyin. Sizin bu dünyada olmağınızın gerçək məqsədi, nə yaxşı bir kariyeraya yiyələnmək, nə çox zəngin olmaq, nə də yaxşı ailə qurub oğul-uşaq sahibi olmaqdır. Bunların heç biri əsl yaradılış məqsədiniz deyil. Ən böyük məqsəd Allaha qulluq edərək Onun razılığını, rəhmətini və cənnətini qazanmaqdır. Əlbəttə, insan müvəffəqiyyətli iş adamı ola bilər, evlənib çoxlu uşağa, nəvəyə də sahib ola bilər və ya bunlara sahib olmaq üçün səy göstərə bilər. Amma bunları dünyaya aid yeganə məqsəd halına gətirməmək və bunları yaşayarkən də Allahın razılığını axtarmaq şərti ilə… Onsuz da dünyaya aid bu dəyərlərin hamısı insanın ölümü ilə birlikdə mənasını tamamilə itirəcək və insan etibarlı olan tək şeyin Allaha olan qulluğu olduğunu anlayacaq. Allah bir ayəsində bu həqiqətə belə diqqət çəkir:
Sizi bizə yaxınlaşdıran nə var-dövlətiniz, nə də oğul-uşağınızdır. Yalnız iman gətirib yaxşı işlər görənlərin əməllərinə görə mükafatları qat-qat artıq olacaq və onlar cənnət otaqlarında əmin-amanlıq içində yaşayacaqlar. (“Səba” surəsi, 37)
Allah başqa ayələrində dünyada malı və sahib olduğu imkanları ilə özünü aldadaraq yaradılış məqsədini unudan, bu səbəbdən, axirətdə böyük hüsrana uğrayan insanların vəziyyətindən belə bəhs edir:
"Kaş o (ölüm) qəti olaydı! Mal-dövlətim mənə heç bir fayda vermədi. Mülküm də məhv olub getdi! (Allah dərgahından belə bir nida gələcəkdir: ) "Onu tutub qandallayın! Sonra da Cəhənnəmə atın! " (“Haqqə” surəsi, 27-31)
Tarix: 07.06.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 356 Bölmə: Maraqlı melumatlar