Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

CƏHƏNNƏM ƏHLİNİN YEMƏYİ

Qurani-Kərim və Peyğəmbər sünnəsi Cəhənnəm əhlinin yeməyini bizə elə təsvir edir ki, sanki biz gözümüzlə həmin yeməkləri görür, yaxud onları dadırıq. Belə bir yemək nəfsə gözyaşardıcı bir acılıq gətirər və insanın daha əvvəl hiss etdiyi şirinliyi bütünlüklə yox edər.

Cəhənnəm əhlinin yeməyi onu yeyənlərin dərəcələrinə görə müxtəlifdir. Amma istənilən halda bu yemək Allahın da buyurduğu kimi çox zərərli və iyrəncdir: «Onların yeməyi (zəhərdən və acı) zəri’dən başqa bir şey olmayacaqdır. (O yemək onlara) nə qüvvət verər, nə də aclıqdan qurtarar».
Zəri’ xoşagəlməz iyi olan acı tikanlı bir bitki növüdür. Bu bitkinin heç bir xeyiri olmaz, onu yeyənin qarnı tox, canı sağ olmaz. Bu yemək hədsiz acılığı ilə yanaşı boğazda tıxanıb qalması, çətinliklə qida borusundan keçərək mədəyə daxil olması, həmçinin ağır həzmi ilə səciyyələnən bir qida növüdür. Bu barədə Allah-taala buyurur: «Dərgahımızda (onlardan ötrü ağır) qandallar və (alovlu) Cəhənnəm; Boğaza tıxanıb qalan yemək (zəqqum) və (yandırıb-yaxan) şiddətli əzab vardır!».
Cəhənnəm əhlinin yeməklərindən biri də atəşin istisi nəticəsində Cəhənnəm əhlinin dərisindən axan və xoşagəlməz iyi olan bir irindir. Digər təfsirlərdə bu irinin zinakar qadınların cinsiyyət orqanlarından axan irin və həmçinin kafirlərin ətindən və dərisindən axan çirk olduğu da bildirilir. Başqa bir təfsirdə isə bunun Cəhənnəm əhlinin sıxılması nəticəsində axan irin olduğu deyilir. Allah-taala buyurur: «Bu gün bax burda onun yaxın bir dostu yoxdur. İrindən başqa bir yeməyi də yoxdur».
Bu irinin Allahın da buyurduğu kimi müxtəlif növləri vardır: «Bu, qaynar su və irindir. Qoy onu dadsınlar! (Cəhənnəmdə) ona bənzər daha başqa-başqa (əzablar) vardır».
Cəhənnəm əhli bu əzabların ağırlığından ölüb yaxa qurtarmağı arzulayacaqlar. Lakin onlar Allah-taalanın da buyurduğu kimi bu ölümdən də məhrum edilmişlər: «(Peyğəmbərlər düşmənləri üzərində qələbə çalmaqdan ötrü Allahdan) kömək dilədilər. Hər bir inadkar təkəbbür sahibi (haqdan inadla üz döndərən və Allaha itaət etməyi özlərinə sığışdırmayan kafirlər) isə ziyana uğradı. Hələ qarşıda (bunun ardınca) Cəhənnəm vardır. (Hər bir inadkar təkəbbür sahibinə orada Cəhənnəm əhlinin bədənlərindən axan) irinli-qanlı sudan içirdiləcəkdir! O, irinli-qanlı suyu qurtum-qurtum içər, onu zorla udar (boğazından aşağı keçirə bilməz). Ona hər tərəfdən (bədəninin hər yerindən) ölüm gələr, lakin ölməz (ki, birdəfəlik canı qurtarsın). Hələ bunun ardınca (daha) dəhşətli bir əzab gələcəkdir!»
Cəhənnəm əhlinin yediyi yemək növlərindən biri də xoşagəlməz və qorxunc görünüşü, pis dadı olan zəqqum ağacıdır. Allah-taala bu ağacı vəsf edərək buyurur: «(Ey insanlar!) Qonaq olmağa (ziyafət üçün) bu (Cənnət) yaxşıdır, yoxsa (Cəhənnəmdəki pis qorxulu, meyvəsi zəhər kimi acı) zəqqum ağacı? Biz onu zalımlar (cəhənnəm istisində heç bir ağac bitməz deyən kafirlər) üçün bir bəla (dərd) etdik. O elə bir ağacdır ki, Cəhənnəmin lap dibindən (cəhənnəm odunun içindən) çıxar. Onun meyvəsi şeytanların başı kimidir (olduqca çirkin və əcaibdir). Onlar (cəhənnəm əhli) ondan yeyəcək və qarınlarını onunla dolduracaqlar. Sonra onlar üçün (içməyə) qaynar su ilə qatışmış irin vardır. Daha sonra onların qayıdacaqları yer mütləq yenə Cəhənnəmdir!», «Şübhəsiz ki, zəqqum ağacından (onun meyvəsindən) yeyəcəksiniz, Qarınlarınızı onunla dolduracaqsınız. Üstündən də (sizə bərk yanğı gəldiyi üçün) qaynar su içəcəksiniz. Özü də onu susuzluq xəstəliyinə tutulmuş (dəvə) kimi içəcəksiniz. Bu onların haqq-hesab günündəki ziyafətidir», «Həqiqətən, (Cəhənnəmdəki) zəqqum ağacı günahkar (kafir) kimsənin yeməyidir! O, ərinmiş mis (yağ) kimi qarınlarda qaynar; Qaynar su qaynayan kimi!»
Həqiqətən, yuxarıdakı ayələr bu eybəcər və əcaib ağacı bizlərə təsvir edərək bildirir ki, onun kökü Cəhənnəmin dibindədir, budaqları isə Cəhənnəmin hər tərəfinə şaxələnmişdir. Həmçinin ayələr bu ağacın meyvələrini şeytan başlarına bənzədir. Lakin heç kəs şeytan başı görməsə də, o insan təxəyyülündə çirkin görünüşü ilə həkk olunmuşdur.
Bu ağacın eybəcərliyinə və meyvələrinin əcaibliyinə baxmayaraq, Cəhənnəm əhlinin onu qarınlarını doldurana kimi yeməkdən başqa çarələri yoxdur. Elə ki, qarınları yeməklə doldu, mədələrində yağ kimi qaynamağa başlar və onlara dözülməz ağrılar gətirər. Sonra isə bərk yanğı gəldiyi üçün qaynar suya doğru gedərək yanğı xəstəliyinə tutulmuş dəvə kimi həmin qaynar sudan içər, içər, amma doymazlar və qaynar su Allahın da buyurduğu kimi onların bağırsaqlarını parça-parça edər: «(Məgər bu cənnətdə olanlar) cəhənnəm odunda əbədi qalıb bağırsaqları parça-parça edən qaynar su içirdiləcək kəslər kimi ola bilərlərmi?!»
Peyğəmbər (Ona və ailəsinə Allahın xeyir-duası və salamı olsun!) bu ağacın iyrəncliyini və xoşagəlməz ətrini təsvir edərək demişdir: «Əgər zəqqum ağacının bir damlası yer üzünə düşsəydi, bu dünya sakinlərinin həyatını zəhər edərdi. Bəs onda yeməyi zəqqum olanın halı necə olar?!» Hədisi Tirmizi rəvayət etmişdir. Albani hədisi səhih adlandırmışdır.


Tarix: 04.05.2013 / 12:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 176 Bölmə: Maraqlı melumatlar
loading...