İsra və Merac
İsra, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ın gecə vaxtı Məkkədən Beytul-Məqdisə (Qüds) aparılmağı deməkdir.
Merac isə, Ruhu və bədəni ilə göy üzünə çıxardılmağı deməkdir.
İsra hadisəsi Qurani-Kərimdə keçməkdədir :
«Dəlillərimizdən bəzisini ona (Peyğəmbərə) göstərmək üçün Öz qulunu gecə vaxtı Məscidulharamdan ətrafına xeyir-bərəkət verdiyimiz Məscidul-Əqsaya aparan Allah pak və müqəddəsdir. Həqiqətən, O, Eşidəndir, Görəndir.» (İsra / 1)
Merac isə, Nəcm surəsinin yeddinci ayəsindən on səkkizinci ayəsinə qədər olan qismində qeyd edildiyini deyənlər olmuşdur. Bəzi rəylərə görə isə, burada qeyd edilən merac deyil, başqa bir hadisədir.
Meracın vaxtı barəsində də ixtilaf vardır. Kimiləri "peyğəmbərimizin peyğəmbər olaraq vəzifələndirildiyi ildir," dedilər. Bəziləri də peyğəmbərliyin 5-ci ilindədir, dedilər. "Bəziləri isə, peyğəmbərliyin 10-cu ili Rəcəb ayının 27-sindədir", dedilər. Peyğəmbərliyin 12-ci ili, Ramazanın 17-sində, Məhərrəm ayında, peyğəmbərliyin 13-cü ili Rəbiül-Əvvəl ayının 17-sindədir, deyənlər də olmuşdur.
Bu hadisənin səhih hədislərdən yığılmış xülasəsi budur.
Gecə vaxtı Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Məscidi-Haramda ikən, Cəbrayıl (Əleyhissalam) Burak adlanan bir minik ilə gəlib Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı alıb Beytul-Məqdisə gətirdi. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) orada digər peyğəmbərlər ilə qarşılaşıb onlara imam olaraq iki rükət namaz qıldırdı. Sonra Cəbrayıl ona iki tas təqdim etdi. Taslardan birində süd,Ə digərində isə içki vardı. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) südü seçdi. Cəbrayıl ona : "Fitrətə isabət etdin, Hidayətə çatdın və Ümmətini də hidayətə çatdırdın. Əgər içkini alsaydın, Ümmətin azardı." dedi.
Sonra Cəbrayıl onu aparıb birinci dünya səmasına çıxardı. Cəbrayıl ondan açılmağını tələb etdi və açıldı. Orada bütün insanların atası Adəm onu sevinclə qarşılayıb peyğəmbərliyini təbrik etdi. Adəmin sağında möminlərin ruhları vardı. Onlara baxdığı zaman gülürdü. Solunda da şikayətçilərin ruhları vardı. Onlara baxdığı zamanda ağlayırdı.
Sonra eyni şəkildə ikinci dünya səmasına çıxdılar. Cəbrayıl səmanın onlara açılmağını istədi və səma açıldı. Orada iki xalaoğlu Məryəm oğlu İsa ilə Zəkəriyya oğlu Yəhyanı gördülər. Qarşılıqlı salamlaşdıqdan sonra, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı qarşılayıb peyğəmbərliyini təbrik etdilər.
Sonra Cəbrayıl onu üçüncü dünya səmasına çıxardı. Orada Yusif (Əleyhissalam)`ı gördü. Gözəlliyin yarısı ona verilmiş kimiydi. Qarşılıqlı salamlaşdıqdan sonra Yusif (Əleyhissalam) onu qarşıladı və peyğəmbərliyindən dolayı təbrik etdi.
Sonra dördüncü dünya səmasına çıxdılar. Orada da İdris (Əleyhissalam)`i görüb qarşılıqlı salamlaşdıqdan sonra İdris (Əleyhissalam) onu qarşılayıb peyğəmbərliyindən dolayı təbrik etdi.
Sonra beşinci dünya səmasına çıxıb orada İmranın oğlu Harun (Əleyhissalam)`u gördülər. Qarşılıqlı salamlaşdıqdan sonra, Harun (Əleyhissalam) onu qarşılayıb peyğəmbərliyindən dolayı təbrik etdi.
Sonra altıncı dünya səmasına çıxdılar və orada İmranın oğlu Musa (Əleyhissalam) vardı. Qarşılıqlı salamlaşdılar. Musa (Əleyhissalam) onu salamlayıb peyğəmbərliyindən dolayı təbrik etdi. Orada ayrıldıqları əsnada Musa (Əleyhissalam) ağladı. "Niyə ağlayırsan?" deyildikdə isə, "Məndən sonra bir cavan peyğəmbər olaraq göndərilir və onun ümmətindən cənnətə girənlər mənim ümmətimdən çox olur deyə cavab verdi.
Sonra yeddinci səmaya yüksəlib orada İbrahim (Əleyhissalam) ilə qarşılaşdılar. Qarşılıqlı salamlaşdıqdan sonra İbrahim (Əleyhissalam) onu qarşılayıb peyğəmbərliyindən dolayı onu təbrik etdi. Kürəyini Beytul-Məmura söykəmişdi. Bu, gündə 70000 mələyin girib, bir daha heç çıxmadığı bir yer idi.
Sonra, Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) Sidrəti-Müntəhaya yüksəldildi. Yarpaqları fil burunu, meyvələri də böyük çəyirtkələr kimiydi.
Sonra Allahın heç bir qulunun gözəlliyini izah edə bilməyəcəyi qədər gözəlliklərə büründü.
Allahın elçisi (Səllallahu Aleyhi və Səlləm) sonra Allaha yaxınlaşdı. Çox yaxınlaşdı və Rəbbi ona dilədiyi şeyləri vəhy etdi. Ona və ümmətinə bir gün və gecədə əlli vaxtda namaz qılmağı fərz etdi. Sonrasını Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) belə izah edir :
Nəhayət, mən geri qayıdıb gəldim. İmranın oğlu Musaya baş çəkdikdə mənə;
Hər gün əlli vaxtda namaz dedim. Musa (Əleyhissalam) : Şübhəsiz ki, namaz ağırdır, ümmətin isə zifdir. Rəbbinə qayıt və ümmətindən onu yüngülləşdirməsini istə. dedi. Rəbbimə qayıdıb məndən və ümmətimdən onu yüngülləşdirməsini istədim. Mənə on vaxt qısaldıldı. Sonra ayrılıb Musa (Əleyhissalam)`ya baş çəkdim, mənə yenə eyni sözü dedi. Qayıdıb Rəbbimdən yüngülləşdirməsini istədim. Mənə on vaxt yenə qısaltdı. Sonra ayrılıb Musaya baş çəkdim. Mənə yenə eyni sözü dedi. Qayıdaraq Rəbbimdən yüngülləşdirməsini istədim. Mənə on vaxt yenə qısaltdı. Sonra Musa (Əleyhissalam) bunun bənzərini mənə deməyə davam etdi. Hər dəfə onun yanına gəldikdə :
"Rəbbinin yanına get və ondan yüngülləşdirməsini istə" dedi.
Nəhayət, hər gün və gecədə beş vaxt namaza endirililənə qədər Rəbbimin (dərgahına- tərc) getdim. Sonra Musa (Əleyhissalam)`nın yanına qayıtdım, mənə yenə eyni şeyi deyəndə :
Rəbbimə qayıdıb istədim, hətta, ondan utandım, artıq istəyə bilmərəm. deyə cavab verdim.
Sizdən hər kim o beş vaxt namazı inanaraq və savabını Allıahdan istəyərək qılarsa, əlli vaxt fərz namazın savabını qazanar.
Sonra eyni gecə sabaha yaqxın Məkkeyi-Mükərrəməyə qayıtdı. Səhər açılanda qövmünə gecə baş verənləri izah etdi. Onlar eşitdiklərindən dəhşətə qapıldılar. Kimisi heyrətindən fit çalır, kimisi də əlini başına qoyurdu. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı şiddətlə inkar etdilər. İçlərindən bəziləri qaçıb onun dediklərini Əbu Bəkrə çatdırdılar. Əbu Bəkr : "Əgər o deyibsə, düz demişdir." dedi. Müşriklər : Yaxşı, sən bu sözlərə inanırsanmı? Deyə soruşanda o:
Əlbəttə, bundan daha çox müdhiş olanına belə inanaram. deyərək imanının gücünü göstərdi. Bu səbəbdəndir ki, o gündən sonra ona gerçək mənada inanan və təsdiq edən mənasına gələn "Siddiq" ləqəbi verildi.
Müşriklər daha sonra Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`ı imtahan etməyə, sözlərinin doğru olub olmadığını araşdırmağa çalışdılar. Ona Beytul-Məqdisi təsvir etməyini dedilər. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) daha əvvəl oranı görməmişdi. Allah, oranı Rəsulunun gözlərinin qabağına gətirdi. Allahın Rəsulu (Səllallahu Aleyhi və Səlləm), Beytül-Məqdisi nöqtə-bənöqtə təsvir etdi. Müşriklər : "Vallahi düz deyir". deməkdən başqa bir çarə tapa bilmədilər.
Ayrıca, Şamdan qayıtmaqda olan karvanlarını da soruşdular. Rəsulullah (Səllallahu Aleyhi və Səlləm) onlara karvanda olan dəvələrin saylarından, vəziyyətlərindən və gəlmə vaxtlarından bir bir bəhs etdi. Bu karvandan əvvəl gələcək ayrı bir karvanı da bildirdi. Onun bütün bu dedikləri gerçəkləşdi. Ancaq, zalımlar inkarlarında israrlıydılar.
İsra gününün səhəri Cəbrayıl (Əleyhissalam), Rəsulullah (Səllallahu Aleyhi və Səlləm)`in yanına gələrək beş vaxt fərz namazın vaxtlarını və qılınma qaydasını öyrətdi. Müsəlmanlar daha əvvəl iki rükət səhər, iki rükət axşam olmaqla dörd rükət namaz qılırdılar.
Tarix: 02.05.2013 / 22:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 362 Bölmə: Maraqlı melumatlar