Həqiqətən həmd sənalar Allaha məxsusdur. Biz də Ona həmd səna edir, Ona sığınır və Ondan bağışlanma diləyirik. Nəfsimizin şərindən və pis əməllərimizdən Allaha sığınırıq. Allahın doğru yola yönəltdiyi kimsəni heç kəs bu yoldan azdıra bilməz, haqq yoldan azdıqdığı kimsəni isə heç kəs doğru yola yönəldə bilməz. Mən şəhadət verirəm ki, Allahdan başqa ibadətə layiq haqq məbud yoxdur və Məhəmməd Onun qulu və elçisidir.
Allah təalə buyurur: "Ey iman gətirənlər! Allahdan layiqincə qorxun. Yalnız müsəlman olduğunuz halda (müsəlman kimi) ölün!" (3/102).
"Ey insanlar! Sizi tək bir şəxsdən (Adəmdən) xəlq edən, ondan zövcəsini (Həvvanı) yaradan və onlardan da bir çox kişi və qadınlar törədən Rəbbinizdən qorxun! (Adı ilə) bir-birinizdən (cürbəcür şeylər) istədiyiniz Allahdan, həmçinin qohumluq əlaqələrini kəsməkdən həzər edin! Şübhəsiz ki, Allah sizin üzərinizdə gözətçidir!" (4/1).
Həqiqətən ən doğru kəlam Allahın kitabıdır, ən doğru yol Məhəmməd peyğəmbərin (s.a.v.) yoludur. Ən pis əməllər dinə edilmiş yeniliklərdir. Hər bir yenilik bidət, hər bir bidət isə zəlalətdir və hər bir zəlalət də cəhənnəmlikdir.
Sünnənin Quran ilə birgə vəzifəsi:
Bildiyimiz kimi Allah təalə Məhəmmədi (s.a.v.) peyğəmbər olaraq seçmiş, ona Öz risalətini vermiş, Qurani Kərim adlı kitabını ona nazil etmiş və bu kitabını insanlar üçün açıqlamağı əmr etmişdir. Allah təalə buyurur: "Sənə də Quranı nazil etdik ki, insanlara onlara göndəriləni (hökmləri, halal-haramı) açıqlayasan və bəlkə, onlar da düşünüb dərk edələr!" (ən-Nəhl/44).
Ayədə qeyd olunan "açıqlama" iki növdür:
Birinci: Quranın sözlərinin və tərtibinin açıqlanması. Bu, nazil olmuş Quranı təbliğ etmək, onu gizlətməmək və onu olduğu kimi ümmətə çatdırmaqdır. Bu haqda Allah təalə buyurur: "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et." (əl-Maidə: 67).
Hədislərin birində Aişə (Allah razı olsun) deyir: "Kim, "Məhəmməd ona nazil olan şəriətdən hər hansı bir şeyi gizlədib insanlara çatdırmayıb" desə, həqiqətən Allaha qarşı böyük böhtan atmış olar" bu sözlərdən sonra, "Ya Peyğəmbər! Rəbbin tərəfindən sənə nazil ediləni təbliğ et" (əl-Maidə/67) ayəsini oxudu. (Buxari və Müslim).
Müslimin rəvayətində deyilir: Əgər Peyğəmbər (s.a.v.) təbliğ olunması əmr edilən hansısa hökmü gizlətsəydi bu ayəni gizlədərdi: "(Ya Peyğəmbər!) Xatırla ki, bir zaman Allahın (islam dininə yönəltməklə) nemət verdiyi və sənin özünün (köləlikdən azad etməklə) nemət verdiyin şəxsə (Zeyd ibn Harisəyə): “Zövzəni (Zeynəb bint Cəhşi) saxla (boşama), Allahdan qorx!” – deyir, Allahın aşkar etdiyi şeyi (Zeynəbin boşanacağı təqdirdə onu almağın haqda sənə nazil olan vəhyi) ürəyində gizli saxlayır və adamlardan (onların Peyğəmbər oğulluğunun boşadığı övrətlə evlənir, – deyəcəklərindən) qorxurdun. Halbuki əslində sənin qorxmalı olduğuna ən çox layiq Allahdır..." (əl-Əhzab/37).
İkinci: Ümmətin dərk etmədiyi sözün, cümlənin və ya ayənin mənasını açıqlamaq. Bu anlaşılmamazlıq çox vaxt ümumi, qeyri müfəssəl və mütləq məna daşıyan ayələrdə olur. Bu halda sünnədən götürülən dəlillərlə ümumi ayələr xüsusiləşir, qeyri-müfəssəllər açıqlanır və mütləq məna daşıyanlar isə müəyyənləşir. Bütün bunlar Peyğəmbərin (s.a.v.) sözləri, əməlləri və görüb inkar etmədikləri işlərdə sübuta yetir.
Quranı başa düşmək üçün sünnənin zəruriliyi:
Allah təalənin "Oğru kişi ilə oğru qadının gördükləri işin əvəzi kimi Allahdan cəza olaraq (sağ) əllərini kəsin" (əl-Maidə/38) ayəsi, buna ən gözəl misaldır. Ayədə oğru sözü əl sözü kimi mütləq (yəni, mahiyyəti açıqlanmamış) deyilmişdir. Lakin Peyğəmbər (s.a.v.) oğru sözünü açıqlamış və demişdir: "Yalnız dinarın dörtdə birini və ya ondan artığını oğurlayanın əli kəsilir" (Buxari və Müslim).
Əlin kəsilmə həddini də Peyğəmbər (s.a.v.) öz feli və ya hüzurunda baş verən əshabının feli ilə açıqlamışdır. Çünki onlar oğrunun əlini biləkdən kəsirdilər. Bu, hədis kitablarında qeyd edilmişdir. Həmçinin təyəmmüm ayəsində: "ondan üzünüzə və əllərinizə sürtün..." (əl-Maidə/6) deyilən "əl" sözünü də Peyğəmbər (s.a.v.) öz sözü ilə açıqlamış və buyurmuşdur: "Təyəmmüm, üzə və əllərin biləklərə qədər olan hissəsinə torpaqla məsh etməkdir" (Hədisi, Əhməd, Buxari, Müslim və digər alimlər Ammar İbn Yasirdən rəvayət ediblər).
İndi isə sizə, sünnəsiz düzgün başa düşülməsi mümkün olmayan, bəzi ayələri xatırladacağam.
1. Allah təalə buyurur: "İman gətirib imanlarını zülmə qatışdırmayanlar əmin-amanlıqdadırlar. Haqq yola yönəlmişlər də onlardır!" (əl-Ənam/82). Peyğəmbərin (s.a.v.) əshabı bu ayədə deyilən "zülm" sözünü ümumi mənada başa düşdüklərindən dolayı ayənin mənası onlara qaranlıq qaldı. Ona görə Peyğəmbərin (s.a.v.) yanına gəlib dedilər: Ey Allahın Elçisi! Bizlərdən kim öz imanını zülmə qarışdırmaz? Peyğəmbər (s.a.v.) buyurdu: O zülm sizin başa düşdüyünüz zülm deyildir. Bu zülm şirkdir (Allaha şərik qoşmaqdır). Heç Loğmanın sözünü eşitməmisinizmi: "Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür!” (Loğman/13) (Hədisi Buxari, Müslim və digərləri rəvayət etmişdir).
2. Allah təalə buyurur: "Səfərə çıxdığınız zaman kafirlərin sizə zərər yetirəcəklərindən qorxarsınızsa, namazı qısaltmaq (dörd rəkətli namazı iki rəkət qılmaq) sizə günah hesab edilməz. Həqiqətən kafirlər sizinlə açıq düşməndirlər" (ən-Nisa/101). Ayənin zahiri mənasına görə səfər namazı yalnız qorxu hallarında qılınır. Ona görə də bəzi səhabələr Peyğəmbərdən (s.a.v.) soruşdular: Biz ki, əmin-amanlıqdayıq, nə üçün namazı qısaldaq? Peyğəmbər (s.a.v.) buyurdu: "Bu (namazı qısaltmaq) Allahın sizə verdiyi sədəqədir. Siz də Allahın sədəqəsini qəbul edin" (Müslim).
3. Allah təalə buyurur: "Ölü (kəsilmədən ölüb murdar olmuş) heyvan, qan,... sizə haram edildi..." (əl-Maidə/3). Lakin sünnə bəyan etmişdir ki, balığın və çəyirtkənin ölüsü, tərkibi qan olan dalaq və qara ciyər də bizlərə halaldır. Peyğəmbər (s.a.v.) buyurur: "Bizə iki ölü: çəyirtkə ilə (bütün növ) balıq ölüsü, iki qan: dalaq ilə qara ciyər, halal edildi." (Beyhəqi və digər alimlər rəvayət etmişlər. Hədis səhihdir).
4. Allah təalə buyurur: "(Ya Rəsulum!) De: “Mənə gələn vəhylər içərisində murdar olduqları üçün ölü heyvan, axar qan, donuz əti və ya Allahdan başqasının adı ilə günah olaraq kəsilmiş heyvanlar istisna olmaqla, hər hansı bir kəsin yediyi yeməklər içərisində haram buyurulan bir şey görmürəm..." (əl-Ənam/145). Sünnə isə ayədə deyilməyən bəzi yeməkləri də haram etmişdir. Məsələn, Peyğəmbər (s.a.v.) buyurmuşdur: "Hər bir yırtıcı dışləri olan heyvan və hər bir caynaqları olan quş haramdır". Bu haqda digər hədislər də mövcuddur. Həmçinin Peyğəmbər (s.a.v.) Xeybər qalasını fəth edən günü demişdir: "Həqiqətən Allah təalə və Onun elçisi ev eşşəklərini sizlərə haram edir. Həqiqətən o murdardır" (Buxari və Müslim).
5. Allah təalə buyurur: "(Ya Peyğəmbərim!) De: “Allahın Öz bəndələri üçün yaratdığı zinəti və təmiz (halal) ruziləri kim haram buyurmuşdur?”..." (əl-Əraf/32). Yenə də sünnə bəzi zinətlərin haram olmasını açıqlamışdır. Bir gün Peyğəmbər (s.a.v.) öz səhabələrinin yanına gəldi. Onun bir əlində ipək, digərində isə qızıl var idi. O dedi: "Bu iki şey mənim ümmətimin kişilərinə haram, qadınlarına isə halaldır!" (Hakim rəvayət edib və hədisin səhih olduğunu bildirib). Bu haqda Buxari və Müslimin səhih kitablarında misallar çoxdur.
Əziz müsəlman qardaşlarım, dediyimiz misallarda sünnənin islam şəriətində necə mühüm rol oynaması açıq-aşkar görsənir. Biz, dediyimiz bu misallara nəzər salsaq görərik ki, sünnəsiz Quranı düzgün anlamaq mümkün deyildir. Mən hələ digər misallardan danışmıram.
Tarix: 18.04.2013 / 14:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 196 Bölmə: Maraqlı melumatlar