Birinci şübhə
«Peyğəmbərin (s.a.v) hovuz haqqında söylədiyi hədis»
Bidət əhli Peyğəmbərin (s.a.v) hovuz haqqında dediyi hədisi əsas gətirirlər. Hədisdə deyilir: "(Mən Qiyamət günü hovuz başında olarkən) məni tanıyan və mənim tanıdığım bir qrup insanlar mənim yanıma gələcəklər. Lakin (mələklər) onları hovuzdan uzaqlaşdıracaqlar. Mən deyəcəyəm: "onlar mənim əshabələrimdir, onlar mənim əshabələrimdir". (Mələklər) Mənə deyəcəklər: "Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən"." ( Səhih əl-Buxari, Kitabut Təfsir, Bab "Kəmə Bədənə Əvvələ Xalqin Nuiduhu", 4740. Həmçinin, Kitabul Fitnə, Bab, "Vattaqu Fitnətən" ayəsi.)
Bu hədisin, sənəd və məzmun baxımından rəvayətləri çoxdur. Bəzi rəvayətlərdə deyilir: "Mən hovuzun başında dayanıb yanıma gələnlərə baxdığım halda, bəzi insanların mənə yaxınlaşmasına mane olunacaq. Mən deyəcəyəm: "Ey Rəbbim, bunlar axı məndən, mənim ümmətimdəndirlər". Mənə deyiləcəkdir: "Məyər sən onların səndən sonra nə etdiklərini bilmirsənmi?! Allaha and olsun, səndən sonra az keçmədən dinlərindən üz çevirdilər". Hədis rəvayətçilərindən, İbn Əbu Məlikə adlı bir nəfər deyir: "Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq".
İkinci rəvayətdə isə deyilir: "Mən hamınızdan əvvəl hovuzun başına gələcəyəm. Bir dəstə ilə mübahisə edib onlara qalib gələrək deyəcəyəm: "Ey Rəbbim, onlar mənim əshabələrimdir, onlar mənim əshabələrimdir". Mənə deyiləcək: "Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən". Bu iki hədisi Muslim səhih əsərində rəvayət etmişdir.
Şübhənin cavabı belədir:
Birinci cavab: Hədisdə deyilən əshabə sözü ilə Peyğəmbərin (s.a.v) vaxtında İslamı təzahür edən münafiqlər nəzərdə tutulur. Bu haqda Allah təala buyurur: "(Ya Peyğəmbər!) Münafiqlər sənin yanına gəldikləri zaman: “Biz sənin, doğrudan da, Allahın Peyğəmbəri olduğuna şəhadət veririk! – deyirlər. Allah sənin Onun həqiqi Peyğəmbər olduğunu bilir. Allah həm də münafiqlərin xalis yalançı olduqlarına şəhadət verir". ( əl-Munafiqun: 1.)
Həmin o insanlar da, Peyğəmbərin (s.a.v) tanımadığı münafiqlərdir. Bunun təsdiqi olaraq Allah təala buyurur: "Ətrafınızdakı və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş (bu işdə mahir) münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə (dünyada və qəbr evində) əzab verəcəyik. Sonra (axirətdə) isə ən böyük əzaba uğrayacaqlar".( ət-Tövbə: 101.)
Deyilən insanlar münafiqlər idilər. Amma Peyğəmbər (s.a.v) onların əshabələrdən olduqlarını zənn edirdi. Amma əslində belə deyildi.
İkinci cavab: Həmçinin hədisdə qeyd olunan insanlar, Peyğəmbərin (s.a.v) vəfatından sonra mürtəd (İslamdan imtina edib kafir) olanlardır. Onun vəfatından sonra əksər ərəblər mürtəd oldular. Peyğəmbər "onlar mənim əshabələrimdir" – dediyi zaman, ona belə cavab veriləcəkdir: "Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən". Sən onlardan ayrılandan sonra mürtəd oldular.
Üçüncü cavab: Burada deyilən əshabə sözü, ümumi məna daşıyan bir ifadə kimi işlədilmişdir. Yəni Peyğəmbərə (s.a.v) itaət etmədən onunla yoldaşlıq edən hər kəsə aiddir. Belə olan təqdirdə həmin insanlar əshabə sözünü şəriət baxımından mənasına daxil deyillər. Buna dəlalət edən məqam budur. Demək, Mədinə şəhərində münafiqlərin başçısı sayılan, Abdullah ibn Ubeyy ibn Səlul bu sözləri: “Əgər biz (Bəni Müstəliq vuruşundan) Mədinəyə qayıtsaq, ən güclülər (ən şərəflilər – münafiqlər) ən zəifləri (ən həqirləri – Peyğəmbəri və ona iman gətirənləri), əlbəttə, oradan çıxardacaqlar!” – dediyi zaman bu sözlər Ömərə (r.a) çatır və o, deyir: "Ey Allahın elçisi, qoy bu münafiqin başını bədənindən ayırım!" Peyğəmbər (s.a.v) dedi: "Onunla işin yoxdur. Sonra deməsinlər ki, Məhəmməd öz əshabələrini öldürür". ( Səhih əl-Buxari: 4622. (4, 1861).
Bu məqamda Peyğəmbər (s.a.v) onu öz əshabəsi olaraq qeyd edir. Lakin burada əshabə sözü şərii mənaya görə deyil, lüğəti mənaya görədir. Çünki Abdullah ibn Ubeyy ibn Səlul münafiqlərin başçısı sayılırdı. Allah təala tərəfindən ifşa edilən bu insan öz münafiqliyini açıq-aşkar bildirirdi.
O ki, qaldı Peyğəmbərin (s.a.v) onları tanımasına, artıq özü bu haqda xəbər verərək demişdir: "(Qiyamət günü) Mən bu ümməti tanıyacağam". Odan soruşurlar: "Ey Allahın elçisi, sən axı onları görməmisən necə tanıyacaqsan?" Peyğəmbər (s.a.v) deyir: "Mən onları dəstəmaz izlərindən tanıyacağam".
( Səhihi Müslim: Kitabut Təharət, Bab, İstihbab İtalətul Ğurra vət Təhcil Fil Vudu, 367.)
Bu mənanı təkid edən məqam, İbn Əbu Məlikə adlı bir nəfər tabiinin bu sözləridir: "Allahım, dinimizdən üz çevirməkdən (qorxub) sənə sığınırıq".
Biz heç bir əshabənin mürtəd olduğunu demirik, onlar bundan uzaqdırlar. Əslində biz başda Əli ibn Əbu Talib olmaqla bütün əshabələri tam qəbul edir, onların cənnət əhlindən olduqlarını təsdiqləyirik. Peyğəmbər (s.a.v) Hira dağının üzərində olarkən Əli haqqında demişdir: "Ey hira, sakit ol. Həqiqətən sənin üzərində bir Peyğəmbər, ya siddiq, ya da şəhid vardır".Əli də Peyğəmbərlə (s.a.v) birgə idi. O, Cənnət əhlindəndir.
(Sünəni Əbu Davud: 4648. Sünəni Tirmizi: 2699. Sünəni Nəsai əl-Kubra: 8156. Sünəni İbn Macə: 124. Səhih İbn Hibban: 6916. Müsnədi Əhməd: 22427. əl-Bəhruz Zəxxar, 1263. Musənnəf İbn Əbi Şeybə: 26.)
Səhih hədislərin birində Peyğəmbərin (s.a.v) Həsən və Hüseyn haqqında belə dediyi qeyd olunur: "Onlar Cənnət cavanlarının ağası olacaqlar". ( Sünəni Tirmizi: 2768. Sünəni İbn Macə: 118. Müsnədi Əhməd: 10616.)
Əgər kimsə Əbu Bəkrin, Ömərin, Əbu Ubeydənin və Peyğəmbərin (s.a.v) başqa əshabələrinin hovuzun ətrafından qovulacaqlarını deyirsə, o zaman Əlinin də hovuz başından qovulmasını deyən nasibilərə bunu deməyə nə mane olmalıdır?! Əgər Əlinin fəziləti haqqında deyilənləri dəlil gətirsələr, o zaman cavab belə olacaqdır: "Əbu Bəkr və Ömər haqqıda deyilən fəzilətlər, Əli haqqında deyilən fəzilətlərdən qat-qat çoxdur".
İkinci şübhə
«Allah bütün səhabələri tərifləməmişdir»
Quranın bir ayəsində deyilir: "Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" ( əl-Fəth: 29.)
Ayə, zahiri baxımdan Peyğəmbərin (s.a.v) əshabələri üçün tərifdir. Lakin az öncə dediyimiz kimi, Allah təala buyurur: "(Ya Rəsulum!) Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun (Kitabın) bir hissəsi (Quranın əslini, əsasını təşkil edən) möhkəm (mənası aydın, hökmü bəlli), digər qismi isə mütəşabih (çətin anlaşılan, dəqiq mənası bilinməyən, məğzi bəlli olmayan) ayələrdir. Ürəklərində əyrilik (şəkk-şübhə) olanlar fitnə-fəsad salmaq və istədikləri kimi məna vermək məqsədilə mütəşabih ayələrə uyarlar (tabe olarlar). Halbuki onların yozumunu (həqiqi mənasını) Allahdan (yaxud Allahdan və elmdə qüvvətli olanlardan) başqa heç kəs bilməz. Elmdə qüvvətli olanlar isə: “Biz onlara iman gətirdik, onların hamısı Rəbbimizin dərgahındandır”, - deyərlər. Bunları ancaq ağıllı adamlar dərk edərlər".
(Ali İmran: 7.)
Demək onlar deyilən ayənin bəzi sözlərini götürüb deyirlər ki, "Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" burada, "Onlardan" sözü, onların bəzilərindən mənasını verir. Çünki ərəb dilindəki "min" (dan, dən) şəkilçisi, (bəzi) mənasını bildirir. Demək Allah təala bu neməti, onların hamısına deyil, bəzilərinə bəxş edəcəkdir.
Təbii ki, bu bir yalan və gözdən pərdə asmaqdır. Bu azmış kimi, bəziləri bu işdə ifrata vararaq təfsir alimlərinin yekdil olaraq bu ayədəki "min" (dan, dən) şəkilçisinin (bəzi) mənasında işləndiyini deyirlər. (Summə İhtədeytu kitabı: səh, 117.)
Bütün bunlar aşağıdakı səbəblərə görə yalan sayılır.
Birinci cavab: Təfsir alimlərinin rəyinə əsasən ayədəki "Minhum" yəni, onlardan sözündəki, "min" (dan, dən) şəkilçisi (bəzi) mənasını vermir. Əslində bu ayədəki şəkilçi iki məna daşıyır. Birinci məna, onların cinsindən və onlar kimi olanlar anlamına gəlir. Necə ki, Allah təala ayələrinin birində buyurur: "(Ey insanlar! Həccin sizə vacib olan əməli) budur. Və hər kəs (ihramda ikən) Allahın haram buyurduqlarına hörmət (riayət) etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. (Haram olduğu “Maidə” surəsində) sizə deyilənlərdən başqa, qalan heyvanlar (onların ətini yemək) sizə halal edilmişdir. Belə olduğu təqdirdə, murdar bütlərdən qaçın, yalan sözlərdən də (Allaha şərik qoşmaqdan da) çəkinin". ( əl-Həcc: 30.)
Ayədə, Allah təala, bütlərin bəzisindən qaçıb, bəzisindən isə qaçmamağı əmr etmir. Əslində bizdən tələb olunan, bütün bütlərdən uzaq olmaqdır. Ayədə deyilən, "murdar bütlərdən qaçın" sözlərinin mənası, "belə çirkin bütlərdən qaçın" – deməkdir.
Şəkilçinin digər mənası isə, təkid mənasında ola bilər. Bir ayədə Allah təala buyurur: "Biz Qurandan möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. O, zalımların (kafirlərin) ancaq ziyanını artırır".
(əl-İsra: 82.)
Ayə, Quranın bəzi ayələrinin şəfa və mərhəmət, digərlərinin isə belə olmaması anlamına gəlmir. Əslində Quranın hamısı şəfa və mərhəmətdir. Buradakı "min" (dan, dən) şəkilçisi təkid edən məna daşıyaraq, Quranın bütün ayələrinin şəfa və mərhəmət olmasını bildirir. Eləcə də haqqında danışılan ayədə də Allah təala, "onlardan" deməklə, onlar kimi olanlar demək istəyir. Yaxud həmin şəkilçi əshabələrin ayədə deyilənlərə layiq olduqlarını təkid etmək üçün işlədilmişdir.
Həmçinin siz ayənin tərtibatına baxsanız bütün ayənin mədh məzmunlu olduğunu görərsiniz. Orada heç kəs haqqında mənfi danışıq yoxdur. Allah onları vəsf edərək buyurur: "...Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan görərsən...".
Bu onların zahiri görünüşləridir. Allah onların zahiri görünüşlərinin səcdə, rüku və mütilik ilə pak olduğunu deyir. Daha sonra isə onların daxilən pak olduqlarını qeyd edərək buyurur: "...Allahdan riza və lütf diləyən görərsən". Göründüyü kimi burada deyilən vəsflər münafiqlər barəsində deyilənlərdən çox fərqlidir. Allah təala münafiqlər barəsində buyurur: "Münafiqlər Allahı aldatmağa çalışırlar. Halbuki əslində (Allah) onları aldadır. Onlar namaza durduqları zaman (yerlərindən) tənbəlliklə (könülsüz) qalxar, özlərini (yalandan) xalqa göstərər və Allahı olduqca az yad edərlər".
(ən-Nisa: 142.)
Görürsünüz, Allah təala münafiqlərin vəsfini verərkən, onların zahirən möminlərlə namaz qıldıqlarını deyir, amma onların daxilən pak olmalarını qeyd etmir. Əksinə onların daxilən yalançı olduqlarını deyir. Peyğəmbərin əshabələrinin daxili paklıqları haqqında isə belə deyilir: "...Allahdan riza və lütf diləyən görərsən". Demək ayədəki "Onlardan" sözü ya "onlar kimi", yaxud əshabələrin deyilən vəsfə uyğun əməl etdiklərini "təkid edən" mənada işlədilir. Bu, Nəsəfinin, İbn əl-Covzinin, İbn əl-Ənbarinin, əz-Zəməxşərinin, əz-Zəccacın, əl-Əkbərinin, ən-Neysaburinin, İbn Kəsirin, ət-Təbərinin, ümumiyyətlə bütün əhli sünnə təfsirçilərinin sözüdür. Onlar bu ayə haqqında danışarkən oradakı "min" şəkilçisinin, iddiaçıların dediyi kimi "bəzi" mənasında deyil, "təkid edən" və ya "qrupu müəyyən edən" mənada işlədildiyini deyirlər.
(Erabul Quran və Sarfuhu və Bəyanuhu. Müəllif, Mahmud Safi. Səh, 272.)
Üçüncü şübhə:
«Onlar Hudeybiyyə ümrəsində Peyğəmbəri (s.a.v) qəzəbləndiriblər»
Peyğəmbər (s.a.v) Hudeybiyyə ilində ümrə etmək üçün getdiyi vaxt Qureyşlilərlə sülh bağladı və ümrə etmədən geri qayıtdı. O, öz əshabələrinə saçlarını qırxıb, qurbanlarını kəsməyi əmr etdi. Əshabələr onun bu sözünə əməl etmədikdə, qəzəbləndi. Sonra qəzəbli halda yoldaşı Ummu Sələmənin yanına getdi. Ummu sələmə onun qəzəbli olduğunu görüb dedi: "Səni kim qəzəbləndirib? Allah onu qəzəbləndirsin!" Peyğəmbər (s.a.v) dedi: "Nə üçün də qəzəblənməyim. Mən əmr edirəm, lakin əmrimə tabe olan yoxdur".
( Sünən ən-Nəsai əl-Kubra: 10017, Sünəni İbn Macə: 2982. Müsnədi Əhməd: 18052. Əbu Yəla: 1672.)
Bidətçilər deyirlər ki, Peyğəmbərin (s.a.v) əshabələri onu qəzəbləndirirlər. Belə insanların ədalətli olmaları mümkün deyildir.
Birinci cavab: Elə həmin rəvayətdə Urva ibn Məsud qeyd edir ki, "Peyğəmbər (s.a.v) tüpürdüyü zaman tüpürcəyi yerə düşmədən əshabələr onu götürərdilər. Mən, Qeysərin, Kisranın və Nəcaşinin krallığını görmüşəm. Lakin heç birinin öz malikanəsində, Muhəmmədin əshabələrinin Muhəmmədi (s.a.v) təzim etdikləri kimi, təzim edildiyini görməmişəm".
( Səhih əl-Buxari: Kitabuş Şurut, Bab, Əş-Şurutu Fil Cihad, 2581.)
Bu, Peyğəmbərin (s.a.v) əshabələrinin itaətsizlikləri deyil. Onlar, Beytül Hərəmə getmək arzusunda idilər. Onlar ümid edirdilər ki, bəlkə Peyğəmbər öz fikrini dəyişər, yaxud Allah təala vəhy nazil edib Peyğəmbərə (s.a.v) Məkkəyə daxil olmağı əmr edər. Ona görə Peyğəmbərin (s.a.v) əmrini yerinə yetirməyə tələsmədilər. Buna dəlalət edən məqam Ummu Sələmənin (r.amha) hikmətli davranışı idi. O bu vəziyyətin şahidi olduqda Peyğəmbərə (s.a.v) dedi: "Sən saçını qırx və qurabınını kəs".
Peyğəmbər (s.a.v) çıxıb saçını qırxdı və qurbanını kəsdi. Bundan sonra bütün əshabələr, ikinci dəfə əmr verilmədən saçlarını qırxıb, qurbanlarını kəsdilər. Demək onların məqsədi Peyğəmbərə (s.a.v) itaətsizlik göstərmək deyildi. Çünki onlar Peyğəmbərin (s.a.v) saçını qırxıb, qurbanını kəsdiyini gördükdə başa düşdülər ki, artıq iş bitib və Məkkəyə qayıtmağa ümid kəsilib. Bundan sonra onlar, Allahın əmrinə tabe olaraq saçlarını qırxıb, qurbanlarını kəsdilər. Sonra bu ayələr nazil oldu: "(Ya Peyğəmbər!) And olsun ki, (Hüdeybiyyədə) ağac altında sənə beyət etdikləri zaman Allah möminlərdən razı oldu. (Allah) onların ürəklərində olanı (sənə sadiq qalacaqlarını, əhdə vəfa edəcəklərini) bildi, onlara (öz dərgahından) arxayınlıq (rahatlıq, səbir, səbat, mənəvi qüvvə) göndərdi və onları yaxın gələcəkdə qazanılacaq bir qələbə (Xeybərin fəthi) ilə mükafatlandırdı". ( əl-Fəth: 18.)
Həmçinin bu ayəni də nazil etdi: "Muhəmməd Allahın Peyğəmbəridir. Onunla birlikdə olanlar (möminlər) kafirlərə qarşı sərt, bir-birinə (öz aralarında) isə mərhəmətlidirlər. Sən onları (namaz vaxtı) rüku edən, səcdəyə qapanan, Allahdan riza və lütf diləyən görərsən. Onların əlaməti üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkinə bənzədilirlər ki, o artıq cücərtisini üzə çıxarmış, onu bəsləyib cana-qüvvətə gətirmiş, o da (o cücərti də) möhkəmlənib gövdəsi üstünə qalxaraq əkinçiləri heyran qoymuşdur. (Allahın bu təşbihi) kafirləri qəzəbləndirmək üçündür. Onlardan iman gətirib yaxşı əməllər edənlərə Allah məğfirət (günahlardan bağışlanma) və böyük mükafat (Cənnət) vəd buyurmuşdur!" (əl-Fəth: 29. )
Hudeybiyyə sülhündən sonra Allah təala Fəth surəsini bütünlüklə nazil etdi və bu hadisəni fəth adlandırdı. Bu Allahın Öz Peyğəmbərinə (s.a.v) bəxş etdiyi həqiqi fəth idi.
İkinci cavab: Həmçinin demək olar ki, bəzi təriqətlər bu ayəni haqqında danışılan məsələyə dəlil gətirmişlər. Amma onlardan başqa heç kəs, nə Xəvariclər, nə Nasibilər, nə də Mötəzililər bu ayəni dəlil gətirməmişlər. Xəvariclər onlara qarşı döyüşən bəzi əshabələri kafir sayırdılar. Mötəzililər isə Peyğəmbərin (s.a.v) siffin və cəməl döyüşlərində iştirak edən əshabələrinin ədalətli adlandırılmalarına etiraz edirdilər.
Dördüncü şübhə:
«İddiaya görə Peyğəmbər (s.a.v) Usamənin qoşununa qatılmayanları lənətləmişdir. Əbu Bəkr və Ömər də həmin qoşuna qatılmamışdılar.»
Deyirlər ki, Peyğəmbər (s.a.v) Usamənin qoşununu hazırlamışdı. Qoşunda Əbu Bəkr, Ömər, Əbu Ubeydə və bir çox əshabələr mövcud idi. Peyğəmbər isə belə demişdi: "Usamənin qoşunundan yayınanlara Allahın lənəti olsun". Peyğəmbər (s.a.v) vəfat etdikdə Usamənin qoşunu yola çıxır, amma nə Əbu Bəkr, nə də Ömər qoşunla getmir. Buna əsasən onların ikisinin Peyğəmbərin (s.a.v) dili ilə lənətləndiklərini deyirlər.
Birinci cavab: Bu yalandır. Çünki Peyğəmbərin (s.a.v) qoşundan yayınanlar üçün lənət etməsi təsdiqini tapmamışdır. Bəli, Peyğəmbər (s.a.v) Usamənin qoşununu hazırlamışdı, lakin ondan yayınanları lənətləməmişdi.
İkinci cavab: Əbu Bəkr əs-Siddiq, Usamənin qoşununa daxil deyildi. Əcəba, Əbu Bəkr (r.a) Peyğəmbərin (s.a.v) xəstələndiyi zaman on iki gün onun əvəzinə camaata namaz qıldırdığı halda, qoşuna necə yazıla bilər. Necə ola bilər ki, bir tərəfdən Peyğəmbər (s.a.v) onun qoşunla getməsini desin, digər tərəfdən müsəlmanlara namaz qıldırmasını əmr etsin?!
Ömər isə Usamənin qoşununda idi. Peyğəmbər (s.a.v) vəfat etdikdə Usamənin qoşunu hələ yola düşməmişdi. Bu əsnada Əbu Bəkr əs-Siddiq (r.a) Usamənin (r.a) yanına gedib, işlərində məşvərət etməsi üçün Ömərin (r.a) qalmasını xahiş etdi. Bu hərəkət Əbu Bəkr əs-Siddiqin gözəl əxlaqından irəli gəlirdi. Əslində o, Öməri Usamənin icazəsi olmadan da saxlaya bilərdi. Allah onlardan razı olsun! Usamə Ömərin Əbu Bəkr əs-Siddiqlə qalmasına icazə verdi. Gördüyünüz kimi Usamənin hadisəsi, iddia olunduğu kimi olmayıb.
( Tarix ət-Təbəri: 2, 429. əl-Kamil: 2, 215. əl-Bidayə vən Nihayə: 5, 203 və s. i. a.)
Beşinci şübhə:
«Xalid ibn əl-Validin Malik ibn Nuveyranı öldürməsi»
Peyğəmbər (s.a.v) vəfat etdikdə əksər ərəblər Allahın dinindən çıxdılar (mürtəd oldular). Əbu Bəkr mürtədlərə qarşı döyüşmək üçün qoşunlar göndərdi. Mürtədlərə qarşı döyüşən görkəmli sərkərdələrdən biri Xalid ibn əl-Valid (r.a) idi. Əbu Bəkr əs-Siddiq (r.a) onu, Müseyləmə adlı yalançı peyğəmbərə qarşı döyüşməyə göndərmişdi. Xalid ibn əl-Valid (r.a) əl-Hədiqə adlı böyük bir döyüşdə ona qalib gəldi.
Bundan sonra Xalid ibn əl-Valid, Allahın dinindən çıxan ərəb qəbilələrinə hücum çəkdi. Onların qarşısına İslama qayıtmağı, əks halda döyüş şərtini qoydu. Xalid ibn əl-Validin hücum çəkdiyi qəbilələrdən biri Malik ibn Nuveyranın qəbiləsi idi. Bu qəbilə mallarının zəkatını nəinki Əbu Bəkr əs-Siddiqə verməkdən, ümumiyyətlə zəkatdan imtina edirdilər. Xalid ibn əl-Valid oraya gəlib dedi: "Malların zəkatı hanı? Sizə nə olub, namazla zəkat arasında fərq qoyursunuz?"
Malik ibn Nuveyra dedi: "Biz bu malı, sağlığında sizin dostunuza verirdik, indi isə o ölüb. İndi Əbu Bəkrin bu işə nə qarışacağı var." Bunu eşidən Xalid ibn əl-Valid qəzəbləndi və dedi: "O, təkcə bizim dostumuzdur, sənin dostun deyil?" Sonra Dirar ibn əl-Əzvərə onun başını vurmasını əmr etdi. Deyilənlərə görə Malik ibn Nuveyra, peyğəmbərlik iddia edən Səcaha təqlid etmişdi.
( Şiə alimlərindən sayılan İbn Tavus deyir: Bənu Təmim və əz-Zəyyat qəbilələri mürtəd olub Malik ibn Nuveyra əl-Yərbuinin ətrafına toplaşdılar. Bax, Faslul Xitab Fi İsbat Təhrifi Kitabu Rabbul Ərbab: səh, 105.)
Bu haqda üçüncü rəvayətdə isə deyilir: "Xalid ibn əl-Valid (r.a) onlarla danışdıqdan və onlara xəbərdarlıq etdikdən sonra (onlarla döyüşür), bir çoxlarını əsir götürür. Soyuq gecələrin birində, Xalid öz silahdaşlarına deyir: "Ədfiu əsrakum" yəni, əsirləri isti yerdə saxlayın. Səqif qəbiləsinin ləhcəsinə görə "Ədfiu ər-rəculə" (adamı istiləyin) sözü, öldürün mənasına gəlir. Onlar, Xalidin əsirlərin öldürülməsi istəyində olmasını düşünüb, onun əmri olmadan əsirləri öldürdülər.
Deyilən bu üç hadisədən hansı baş vermişdir. Xalid ibn əl-Valid (r.a) onları yozumlu düşündüyü üçün qətlə yetirmişdi. Buna görə onu qınamaq olmaz.
Xalid ibn əl-Validin, Malik ibn Nuveyranı öldürdükdən sonra həmin gecə onun arvadının yanına daxil olması haqqında deyilənlər yalandır. Xalid ibn əl-Valid, döyüşdə öldürdüyünü öldürdükdən və əsir aldıqdan sonra onun arvadını özünə kəniz götürmüşdür. Çünki o da əsirlərdən sayılırdı. Amma onu öldürdükdən sonra həmin gecə arvadının yanına daxil olması, yaxud, arvadını ələ keçirmək üçün Malik ibn Nuveyranı öldürməsi haqqında deyilənlər yalandır.
(əl-Bidayə vən Nihayə: 6, 326.)
Allah yolunda mücahidlik edən Xalid ibn əl-Valid (r.a) deyir: "Soyuq bir gecədə səhər tezədən düşmənin qarşısına çıxmaq, həmin gecə mənə hədiyyə ediləcək gəlindən, yaxud övlad müjdəsindən daha əzizdir". ( əl-Bidayə vən Nihayə: 7, 117.)
Xalid ibn əl-Valid (r.a) görkəmli sərkərdələrdən idi. Peyğəmbər (s.a.v) onun haqqında demişdir: "Xalid, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir".
( Fəthul Bari, Kitab Fədailus Əshabə: Bab, Mənaqib Xalid ibn əl-Valid, 3757. Deyilən mətn hədisin birinci hissəsində qeyd edilir. Hədisin tam variantını İbn Əsakir (8, 15) rəvayət etmişdir. Həmçinin əs-Silsilətus Səhihə 1237-yə baxa bilərsiniz.)
Xalid ibn əl-Valid (r.a) Malik ibn Nuveyranı öldürəndə, Ömər ibn əl-Xəttab (r.a) Əbu Bəkrə (r.a) dedi: "Xalidi vəzifəsindən al, çünki onun qılıncında nahaq qan izi var".
Əbu Bəkr (r.a) isə dedi: "Xeyr, Allaha and olsun! O, Allahın, müşriklərin üzərinə çəkdiyi qılınclarından biridir".
(əl-Kamil Fit Tarix: 2, 242.)
Malik ibn Nuveyranın qatilindən qisas alınmamasını Əbu Bəkrə (r.a) irad tutmaq düzgün deyil. Çünki bu kimi hadisələr çox baş vermişdir. O cümlədən Osmanın (r.a) qatillərindən qisas almamağı Əliyə (r.a) də irad tutmaq düzgün deyil. Osman (r.a) Peyğəmbərin (s.a.v) əshabəsi, kürəkəni və müsəlmanların xəlifəsi idi. Malik ibn Nuveyranın müsəlman olması isə müəmmalıdır.
Tarix: 03.05.2013 / 20:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 629 Bölmə: Maraqlı melumatlar