Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Gözəl əxlaq

Gözəl əxlaq Allahın haqqını və qulların haqlarını yerinə yetirmənin əsasıdır. İman ilə birlikdə gözəl əxlaq Allahın haqqına və qulların haqqına sadiq olmanın təməlidir. Bununla dərəcələr yüksəlir və günahlar bağışlanır. Aişə (r.a) rəvayət edir ki, Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Şübhəsiz mömin gözəl əxlaqı ilə gecə namazı qılıb oruc tutanın dərəcəsinə çatar" (Əbu Davud)

Əbu Dərdə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət etmişdir: "Qiyamət günü mömin qulun mizanında heç bir şey gözəl əxlaqdan ağır deyildir. Şübhəsiz Allah kobud və ağzı pozğun insana qarşı çıxar" (Tirmizi, həsən səhihdir)
Gözəl əxlaq bütün xeyirlərin birləşdiyi yerdir. Alimlərdən bəziləri belə deyər: "Əxlaq xeyir etmək və şərdən uzaq durmaqdır" , "Gözəl əxlaq əli açıq olmaq və əziyyət verməkdən uzaq durmaqdır". Gözəl əxlaqın ümumi tərifi isə budur: "Allahın əmr etdiyi hər şeyi etmək və Allahın qadağan etdiyi hər şeyi tərk etməkdir". Gözəl əxlaq - təqva, ixlas, səbir, həya, iffət, namus, valideynlərə yaxşılıq, qohumları ziyarət etmək, mərhəmət, yardımsevərlik, cəsarət, comərdlik, doğruluq, bağışlamaq, dostluq, vəfa, yaxşını əmr etmək və pis işlər görməkdən çəkindirmək, yaxşı qonşuluq, təvazökarlıq; hiyləgərlik və xəyanətdən, fühuşdan, haram yemək və içikilərdən, yalan və iftiralardan, qorxaqlıqdan, riyadan, təkəbbürlükdən, zülm və düşmənlikdən, kin və nifrətdən, həsəd və bu kimi başqa şeylərdən uzaq durmaqdır.
Gözəl əxlaq möminə dünyada və Axirətdə fayda verir. Rəbbinin qatında dərəcəsini yüksəldir. Onun əxlaqından yaxşı və pis, hər kəs faydalanır. Kafirə isə əxlaqı sadəcə dünyada fayda verir. Əxlaqının qarşılığını Allah özünə bu dünyada verir. Axirtdə isə onun heç bir faydası yoxdur. Aişə (r.a) rəvayət edilir: "Ey Rəsulullah! Abdullah bin Cədan barədə nə deyirsən? Şübhəsiz o müsafirə ikram edər, kimsənin qazandırmayacağını qazandırar və zamanın çətinliklərinə qarşı yardım edərdi. Bunlar ona fayda verərmi? Peyğəmbər (s.ə.s) buyurur: "Xeyr. Çünki o, bir gün belə "Rəbbim! Qiyamət günü günahlarımı bağışla" demədi". Allah kitabında hər gözəl əxlaqı əmr etmiş və hər pis əxlaqdan mən etmişdir. Peyğəmbərin (s.ə.s) sünnəsi də hər gözəl əxlaqı əmr edər və hər çirkin əxlaqı qadağan edər. Bu barədə ayələr olduqca çoxdur. Onlardan bəzilərini misal gətirmək olar:

Allah buyurur: Açıq və gizlin pis işlərə yaxın düşməyin (Ənam, 151). O müttəqilər ki, bolluqda da, qıtlıqda da (mallarını yoxsullara) xərcləyər, qəzəblərini udar, insanların günahlarından keçərlər. Allah yaxşılıq edənləri sevər (Ali İmran, 134). Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər! (Əraf, 199). (Ya Rəsulum! Allah yolunda olan bütün əzab-əziyyətə) səbr et. Sənin səbr etməyin yalnız Allahın köməyilədir (Nəhl, 127). Yaxşılıqla pislik eyni ola bilməz! (Ey mömin kimsə!) Sən pisliyi yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən! (Fussilət, 34). Sənə tabe olan möminləri qanadın altına al! (Onlarla yumşaq davran, nəzakətlə rəftar et, köməklərinə çat!) (Şüəra, 215) və s.

Peyğəmbər (s.ə.s) buyurmuşdur: "Əxlaqı gözəl olan üçün Cənnətin ən yuxarı hissəsində bir evə mən zaminəm" (Ənu Davud, səhihdir). İbn Məsud (r.a) rəvayət edir ki, Rəsulullah (s.ə.s) buyurmuşdur: "Sizə Cəhənnəmə haram olan, ya da Cəhənnəmin özünə haram olduğu kimsə barədə xəbər verimmi? İnsanlara qarşı yaxşı və mülayim davranan hər kimsəyə Cəhənnəm haram olar" (Tirmizi, həsən hədis).

Gözəl əxlaq, sahibinə və cəmiyyətə bərəkət gətirir. Allah qatında bir mərtəbədir. Qulların qəlblərində sevgi və dəyərdir. İşlərin asanlaşmasıdır. Dünyada gözəl bir şəkildə anılma və Axirətdə gözəl bir nəticədir. Pis əxlaq pislikdir, bərəkətin qalxmasıdır. Qulların nifrətinə və qəlblərdə qaranlığa yol açar. Bu dünyada bədbəxtlik və Axirətdə pis nəticədir.

Səhabələrdən hər biri gözəl əxlaqa sahib və dəyərsiz işlərdən uzaq duran bir ümmət idi. Bu onların həyatında açıqca görülməkdədir. Hər gözəl əxlaqda ən üstün örnək bəşəriyyətin əfəndisi Məhəmməddir (s.ə.s). O, (s.ə.s) hər şeydə tam bir örnək təşkil etməkdədir. Allah buyurur: Həqiqətən, Allahın Rəsulu Allaha, Qiyamət gününə ümid bəsləyənlər (Allahdan, Qiyamət günündən qorxanlar) və Allahı çox zikr edənlər üçün gözəl örnəkdir! (Əhzab, 21). Onu Rəbbi tərbiyə etmiş və tərbiyəsini ən gözəl bir şəkildə gerçəkləşdirmişdir. Əbu Hüreyrə (r.a) Peyğəmbərin (s.ə.s) belə buyurduğunu rəvayət edər: "Mən ancaq gözəl əxlaqı tamamlamaq üçün göndərildim" (Əhməd). Aişədən (r.a) Peyğəmbərin (s.ə.s) əxlaqı soruşulur və o, (r.a) belə cavab verir: "Onun əxlaqı Qurandı". İbn Kəsir (rahimahullah) demişdir: "Qurana, əmr və qadağalarına itaət etmək onun əxlaqı olmuşdur. Allahın ona verdiyi həya, comərdlik, bağışlama və hər cür gözəl əxlaqa əlavə olaraq, Quran nə əmr edərsə etmiş və nəyi qadağan edərsə onu tərk etmişdi".
Özünə peyğəmbərlik verilmədən öncə də düşmənlərinin çoxluğuna rəğmən heç bir xətası və qüsuru olmamışdır. Özünə gözləmədiyi bir anda vəhy gəlincə Xədicəyə (r.a) “Özümdən qorxdum” demişdir. Xədicə (r.a) də belə dedi: “Əsla! Allah and olsun ki, Allah heç bir zaman səni utandırmaz. Mühəqqəq ki, sən qohumlarına baxar, doğru söz söylər, hər kəsin ağırlığına yüklənər, müsafiri dəvət edər və haqq yoluna gələnlərə yardım edərsən” (Səhih Buxari və Müslim). Bu onun peyğəmbərlikdən öncəki gözəl əxlaqından bir qisimdir. Allah peyğəmbərlikdən sonra ona olan nemətini və gözəl əxlaqını tamamlamışdır.
Allah buyurur: Həqiqətən Allah (Quranda insanlara) ədalətli olmağı, yaxşılıq etməyi, qohumlara (haqqını) verməyi (kasıb qohum-əqrabaya şəriətin vacib bildiyi tərzdə əl tutmağı) buyurar, zina etməyi, pis işlər görməyi və zülm etməyi isə qadağan edir. (Allah) sizə düşünüb ibrət alasınız deyə, belə öyüd-nəsihət verir! (Nəhl, 90). Bu, hər gözəl əxlaqı bəyan edən və hər pis əxlaqdan çəkindirən bir ayədir. Muaz bin Cəbəl (r.a) Peyğəmbərdən (s.ə.s) belə rəvayət etmişdir: “Harada olursan ol Allahdan qorx! Pislikdən sonra yaxşılıq et ki onu silsin. İnsanlarla gözəl əxlaq ilə davran” (Tirmizi)
Əbu Hüreryə (r.a) rəvayət edir ki, Peyğəmbərdən (s.ə.s) insanların Cənnətə girməsinə ən çox vəsilə olan şeydən soruşdular. O (s.ə.s) buyurdu: “Allahdan haqqıyla qorxmaq və gözəl əxlaq”. Və insanların Cəhənnəmə ən çox girməsinə vəsilə olan şeydən soruşdular. O (s.ə.s) buyurdu: “Ağız və fərc (cinsiyyət orqanı)” (Tirmizi, həsən səhihdir).

Dinimizin əxlaqına sarılın və Peyğəmbərinizin (s.ə.s) yoluna gəlin ki, dünya və Azirət xoşbəxtliyinə qovuşasınız.


Tarix: 09.05.2013 / 12:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Maraqlı melumatlar
loading...