Sələf Allahın Öz bəndələrini Cəhənnəmlə qorxutduğundan və Ondan Cəhənnəm xofu ilə qorxan bəndələrini sevməsindən xəbərdardır. Cəhənnəmdən qorxmaq həqiqətdə Allahdan qorxmaq, Cəhənnəmdən qorxan isə elə Allahdan qorxan və Onun məhəbbət və rizasının dalınca qaçandır. Sələf Cəhənnəm həqiqətinin nə olmasını, Allahın orada hazırladığı müxtəlif cəza üsullarının nədən ibarət olmasını bilmiş və qorxusu, həyəcanı daha da artmışdır. Ona görə də Cəhənnəmin adı çəkilən hansısa bir ayəni oxuyarkən sanki Cəhənnəmin ah-naləsi onların qulaqlarını batırırmış kimi və sanki axirət onların gözlərinin önündə imiş kimi qorxularından hönkürtü qoparardılar. Budur, onların bizlərə bu qorxunun hansı dərəcədə olmasını xəbər verən kəlamları və bu qorxunun təsirindən düşdükləri hal. Bəlkə bunlarla tanış olduqdan sonra biz də onlar kimi qorxaq və onlar kimi bir-birimizi Cəhənnəmə düşməkdən çəkindirək.
Ömər (Allah ondan razı olsun!) demişdir: «Əgər kimsə göy üzündən: “Ey insanlar, bir nəfərdən başqa hamınız Cənnətə daxil olacaqsınız” – deyə səslənsə, həmin bir nəfərin mən özüm olmağımdan qorxaram».
Osman ibn Əfvan (Allah ondan razı olsun!) demişdir: «Əgər mən hara düşəcəyimi bilmədiyim bir halda Cənnətlə Cəhənnəmin arasında qalsam, onda hara gedəcəyimi bilməmişdən qabaq kül olmağımı seçərdim».
Həsən əl-Bəsri (Allah ona rəhmət eləsin!) demişdir: «Cənnətə ancaq ora ümid edənlər düşəcək və Cəhənnəmdən də ancaq ondan qorxanlar yan keçəcək».
Cəhənnəmi anma sələfin gözündən yuxunu qaçırmışdır. Belə ki, Əsəd ibn Vədaə demişdir: «Şəddad ibn Aus yorğan-döşəyinə girəndə günəbaxan tumunun tavada qızardığı kimi vurnuxar və: “Allahım, cəhənnəmi yada salmaq məni yatmağa qoymur” – deyərək namaz otağına keçərdi».
Tavis yatağını sərər, yerinə girər-girməz günəbaxan tumunun tavada qızardığı kimi yerində o tərəfə, bu tərəfə çönər, sonra isə dərhal atılıb yerindən qalxar, yatağını salar və üzünü qibləyə sarı tutub sübhə qədər namaz qılardı. Həmçinin belə deyərdi: «Cəhənnəmi anmaq ibadət əhlinin yuxusunu əlindən alıb».
Bir dəfə Rəbiə ibn Xeysəmin qızı atasından soruşur: “Atacan, sənə nə olub axı hamı yatır, sən isə oyaqsan?” Atası isə belə cavab verir: “Qızım, Cəhənnəm atanı yatmağa qoymur”.
Amir ibn Abdullah demişdir: «Cənnətə oxşar elə bir şey görməmişəm ki, onu istəyənin gözünə yuxu getsin. Cəhənəmə bənzər elə bir şey görməmişəm ki, ondan qaçan yata bilsin». O, günorta olanda: “Cəhənnəmin istisi yuxunu qaçırtdı” – deyər və axşam olana kimi yatmazdı. Gecə də gələndə: “Qorxan gecə yola çıxar” – deyərdi və səhər açılanda camaata gecə gəzməyi tərifləyərdi».
İbn əl-Mübarəkfuri deyir:
إذا ما الليل أظلم كابدوه فيسفر عنهم وهم ركوعُ
أطار الخوف نومهم فقاموا وأهل الأمن في الدنيا هجوعُ
Tərcüməsi:
Gecə nə qədər qaranlıq olsa da, onlar bu zülmətə dözər, səhər açıldıqda isə onlar hələ də rüku vəziyyətində olardılar. Cəhənnəm xofu onların yuxusunu qaçırtdıqda ayağa qalxar (namaza durar), dünyada əmin-amanlıq içində yaşayanlar isə hələ də şirin yuxu içində idilər.
Sələflər arasında elələri var idi ki, Cəhənnəm xofundan onların üzləri belə gülməzdi. Səid ibn Cübeyrə: “Eşitmişik ki, sən heç gülməmisən” – deyildikdə o: “Cəhənnəmin artıq alovlandırıldığı, qandalların vurulduğu, zəbanilərin hazır vəziyyətə gətirildiyi bir vaxtda axı mən necə gülə bilərəm” – deyə cavab vermişdir.
Həmçinin sələflər arasında elə insanlar da var idi ki, dünyadakı Cəhənnəmi gördükləri zaman həyəcanlanar, halları dəyişərdi. Əta əl-Xorasaninin sözlərinə görə Uveys əl-Qərni dəmirçilərin emalatxanalarına gedər, onların körüyü necə alışdırdığına tamaşa edər, bundan dəhşətə gələrək qışqırar və yıxılaraq bayılardı.
Həsən söyləyirdi ki, Ömər (Allah ondan razı olsun!) üçün od qalanardı, o, əllərini ona tərəf uzadar və deyərdi: «Ey Xəttab oğlu! Məgər sən buna dözə bilərsən?!»
Bir dəfə Əli ibn Fudeyl Sufyan ibn Uyeynənin yanında idi. Sufyan da nədənsə danışırdı və söhbət əsnasında Cəhənnəmdən də söz düşdü. Əlinin də əlində bağlı bir şeydə kağız var idi. Elə bu zaman Əli hıçqırtı qopararaq ağlamağa başladı, yerə yıxıldı, əlindəki kağızı tulladı, bəlkə də əlindən düşdü. Bunu görən Sufyan ona sarı baxaraq: «Bilsəydim ki, sən burdasan bu barədə heç danışmazdım».
Sələflər içində Cəhənnəm xofundan xəstə olanlar, hətta bundan ölənlər belə var idi. Ömər ibn əl-Xəttab (Allah ondan razı olsun!) gecə təhəccüd namazına duraraq ət-Tur surəsini oxuyan bir kişinin səsini eşidibmiş. Kişi surədə «Rəbbinin əzabı (Ya Peyğəmbər!) mütləq vaqe olacaqdır! Onu heç kəs dəf edə bilməz!» – ayələrinə çatdıqda Ömər and içərək: «Kəbənin Tanrısı haqdır» – deyib evinə qayıdıb. Bu hadisədən sonra Ömər bir ay evində xəstə yatıb. Ona baş çəkənlər xəstəliyinin nə olduğunu anlaya bilməyiblər.
Deyilənlərə görə Əli ibn Fudeyl «(Ya Rəsulum!) Gətirilib od üstündə saxlandıqları zaman sən onların: "Kaş ki, biz dünyaya qaytarılıb Rəbbimizin ayələrini yalan hesab etməyəydik və mö’minlərdən olaydıq!" - demələrini görəydin!» ayəsinin təsirindən dünyasını dəyişibmiş.
Tarix: 04.05.2013 / 12:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 163 Bölmə: Maraqlı melumatlar