İslam şəriəti öz əsasında, məsləkində, kamilliyində və hökmlərində Rəbbani şəriətdir. O, ötən şəriətlər üzərində hakimdir və Qiyamət qopanadək daima qalacaqdır. Ona görə də onun bütün hökmləri orta və ədalətlidir. Bu haqda Allah taala buyurur:
"(Ey müsəlmanlar!) Beləliklə də, sizi (ədalətli və seçilmiş) bir ümmət etdik..." (əl-Bəqərə: 143).
Bəzi alimlər deyirlər: "Allah onları dində orta yol tutduqlarına görə adil adlandırmışdır. Onlar nə həddini aşanlar, nə də qayğısızdırlar, lakin onlar ədalətlidirlər. Allah onları belə təsvir etmişdir. Çünki Allahın ən çox sevdiyi iş, adil işdir".
Ərəb dilində "vəsət" sözü xeyir mənasını daşıyır. Buna görə də bir nəfəri tərifləmək üçün misal olaraq: “Filankəs öz tayfası arasında vəsətdir (ədalətli və ortamövqelidir)” - deyirlər. Bu baxımdan vəsət sözü adillik və ortamövqelilik mənası ilə açıqlanmışdır. Çünki insanların ən xeyirlisi adıl olanıdır.
Qanun və düsturların tətbiqində adil, orta mövqeli olmaq asan iş deyil. Qanun və düstur qoyan bəşər övladları orta mövqe tutmaqda acizlik çəkirlər. Onlardan bəziləri tam sol tərəfə, bəziləri isə tam sağ tərəfə yönəlirlər. İslam şəriəti bu yöndə tayı-bərabəri olmayan, yeganə mövqe tutur. Onun müəyyən etdiyi işlərdə nə ifratçılıq (həddini aşmaq), nə də laqeydlik vardır. Əksinə o, adillikdən əsla üz döndərməyən ortamövqeli və ədalətli şəriətdir.
Bu sübut edir ki, adil və orta mövqeli qayda-qanun yaratmağa yalnız İslam şəriəti qadirdir. Çünki bu şəriət Allah tərəfindən nazil olunmuşdur. O, hər şeyin haqqını doğru hesaba alan, əməlləri dəqiq tərəzidə çəkən, hər şeyi saya-hesaba alan, heç bir şeyi faydasız yaratmayan, naqis və eyibli sifətlərdən uzaq olan Allahdır. Elə buradan da, İslam şəriəti ortamövqeliliklə vəsf olunmuşdur. İslam şəriətinin ədalətli olması, naqis məxluqun təsəvvür etdiyi kimi deyil, Allah taalanın istəyinə uyğun, adil olmasıdır. Orta: həddi aşmadan adil, naqislik olmadan ədalətlilikdir.
Bəzi alimlər deyirlər: "Orta: dairənin mərkəzi kimi, tərəf nisbətlərinin özünə bərabərməsafəli olmasıdır. İfrat (həddini aşmaq) və təfrit (laqeydlik) baxımından, hər tərəfdən özünü əhatə etmiş pis işlərin ortası olan bu yaxşı işlər, sonralar bəşəriyyətin gözəl işlərinə bir ad olaraq verilmişdir".
İslam şəriətinin ədalətli olması müəyyən cəhətə və ya sahəyə xas deyil, onun bütün əhkamlarına aiddir. Ona görə şəriətin ədalətli olmasını çəkiləcək misallar və dəlillərlə əhatə etmək mümkün deyil. Şəriətin ruhla bədən, fərdlə cəmiyyət rəyi arasındakı bərabərliyini misal çəkmək olar:
İslam şəriəti öz hökmlərində ruhla vücud arasında münasibətləri nəzərə almışdır. O, bəzi dinlərdəkindən fərqli olaraq, nə bədəni rədd edib, ruh haqqında təsəvvürlərin dərinliyinə gedən, nə də – batil və təhrif olunmuş dinlərdə olduğundan fərqli olaraq - bədəni və maddiliyi üstün tutaraq ruhun haqqını inkar edən deyildir. Həqiqətən o, Peyğəmbərin nişan verdiyi ədalətli şəriətdir:
"Allaha and olsun ki, mən sizin Allahdan ən çox qorxanınız, ən çox təqvalı olanıyam, buna baxmayaraq mən oruc tutur və iftar açıram, namaz qılıram və yatıram, qadınlarla da evlənirəm. Kim mənim Sünnəmdən (qoyduğum yoldan) üz döndərərsə məndən deyildir"(Buxari: 9\ 104\ ? 5063. Müslim: 2\ 1020\ ? 1401.)
Fərdin və cəmiyyətin münasibətləri arasındakı bərabərlik: İslam dini, müəyyən bir şəxsin və ya toplumun məsləhətinə görə insanları təhqir etməklə, aldatmaqla, hüquqlarını pozmaqla özlərini demokratik adlandıranlardan, yaxud, bir toplumun rəyinə görə fərdin hüquqlarını heç edən kommunistlərdən fərqli olaraq fərdin və ictimaiyyətin maraqlarını ədalətlilik mövqeyindən nümayiş etdirir.
İslam şəriəti iki rəy arasında bərabərlikdir. Şəriətə görə hər kəsin tam xüsusi mülkiyyəti vardır. Əgər o, öz mülkiyyəti xatirinə təcavüz edərək, camaatın haqqına toxunarsa, heç bir təhqir və ya mübaliğə olmadan, olduğu yerdə də dayandırılmalıdır. Bunun əvəzində yer üzünün adamları birləşərək bir adamı öldürərlərsə, onlardan həmin adamın qisası alınmalıdır. Çünki, öldürən kimsələr ölən kimsəylə yaşamaq hüququnda bərabərdirlər.
Xülasə: İslam öz mütəkamil şəriəti ilə icma hüquqlarını təsdiq etdiyi kimi, fərdin hüquqlarını da isbat edir. Onların hər ikisinin arasında müəyyən tənzimləmə, uyğunluq və birlik yaradır, onlara münasib qanunlar buyurur, hər ikisinin əlaqəsini biri-birinə sıx bağlayır. Toplumla fərdin mənfəəti arasında hər hansı ziddiyət olduqda İslam şəriəti cəmiyyətin mənafeyini fərdin mənafeyindən daha üstün tutur.
Eləcə də bütün şəriət hökmlərində orta mövqe tutub, bərabərlik yaradaraq dünya və axirət tələbatlarını tənzimləyir. Dünyanın öz tələbləri, axirətin də öz lazımı müvafiq tələbləri mövcuddur. Şəriətdə hər ikisinin kifayəti vardır. Dünya və axirəti qazanmaq üçün nə ifrata (həddini aşmaq) nə də laqeydliyə yer yoxdur. Əksinə, İslam dininin mövqeyi orta mövqedir. Bunun təfsilatı çox uzundur. Bu müxtəsər kitabçada buna kifayət qədər yer ayırmaq mümkün deyil. Amma qarşıda gələn fəsillərdə İslam şəriətinin qaydalarından çəkiləcək bəzi misallar məsələyə tam aydınlıq gətirəcəkdir.
Tarix: 08.05.2013 / 20:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 85 Bölmə: Maraqlı melumatlar