Möminlərin anası Xədicə Xuveylid qızı
(Allah ondan razı olsun!)
O, Peyğəmbərin (s.a.v.) ilk həyat yoldaşı, ona inanan ilk insan və Qureyşin Peyğəmbəri (s.a.v.) təkzib etdiyi, ona qarşı düşmən mövqeyində durduğu zaman onu dəstəkləmiş və dediklərini təsdiq etmiş nəcib qadındır.
Onun, peyğəmbərin yanında olmaqla Allahın dininin qələbəsi naminə nümayiş etdirdiyi əzəmətli mövqeləri saysızdır və belə bir balaca kitabçanın onları ehtiva etməsi qeyri mümkündür. Buna görədə burada onun Peyğəmbərə –səlləllahu aleyhi və səlləm- mağarada ikən ilk dəfə vəhy olunduğu zaman nə baş verdiyini ona bildirdiyi anda onun hansı mövqe nümayiş etdirdiyini qeyd etməklə kifayətlənirəm.
İmam əl-Buxari “əs-Səhih” əsərində və digər rəvayətçilər möminlər anası Aişədən (Allah ondan razı olsun!) rəvayət edir: «Allah elçisi –səlləllahu aleyhi və səlləm- ona Hira mağarasında ilk dəfə vəhy nazil olduqdan sonra evə qayıdaraq Xədicə Xuveylid qızının (Allah ondan razı olsun!) yanına gəlib demişdir: “Üstümü örtün, məni bürüyün”.
Onun üstünü örtdükdən sonra qorxu keçmişdir. O, baş verənləri Xədicəyə danışaraq demişdir: “Özümə görə qorxdum”. Cavabında Xədicə belə buyurmuşdur: “Əsla! And olsun Allaha ki, O, səni heç vaxt rəzil etməz. Həqiqətən sən qohum-əqraba ilə daimi ünsiyyətdə olan, kimsəsizlərin əlindən tutan, yoxsulun ehtiyacını ödəyən, qonağın qulluğunda duran və məzluma yardım edənsən.”
Sonra Xədicə onu cahiliyyə dövründə nəsraniliyi qəbul etmiş əmisi oğlu Varaqə bin Nofəl bin Əsəd bin Abdul-Uzzanın yanına gətirərək ona: “Ey əmi oğlu, qardaş oğluna qulaq as!”
Varaqə ona dedi: “Ey qardaş oğlu nə bilirsən?”. Allahın elçisi (s.a.v.) mağarada gördüklərini ona danışır.
Varaqə deyir: “Bu Allahın Musaya nazil etdiyi vəhydir. Kaş ki, mən sənin qohum-əqrabanın (qövmünün) sənə təzyiq göstərəcəkləri (səni qovacaqları) zaman sağ olaydım”. Allahın elçisi (s.a.v.) buna təəccüb edərək: “Onlar mənə təzyiq göstərəcəklər (məni qovacaqlar)?- deyir”. Varaqə: “Bəli, sənin qarşılaşdığın vəziyyətlə qarşılaşan hər kəs təzyiqə məruz qalmış, düşmənçiliklə üzləşmişdir. Əgər mən o günü görsəm səni var gücümlə dəstəkləyəcəyəm”- deyir».
Möminlər anası xanım Xədicə (Allah ondan razı olsun!) Qureyşin sərtliyinə, inadkarlığına və gücünə bələd idi. Bununla belə o, Allah elçisinin qohum-əqrabasının ona qarşı müharibəyə başlayacaqlarını, ona təzyiqlər edəcəklərini eşitdiyi halda gözlənilən fırtınaya qarşı duraraq Allah yolunda hər cür əziyyət və məşəqqətlərə, Qureyşə qarşı çıxmaq kimi çətin vəzifənin öhdəsindən gəlmək qərarına gəlir.
Bütün bunlar mömin, sadiq qadınların möminlər anası Xədicənin (Allah ondan razı olsun!) həyat yoldaşı Allahın elçisini, (s.a.v.) Allahın köməyi ilə islam dinini ilk olaraq öz qövmü arasında, sonra isə dünyanın hər yerində yaymaq və islam dövləti qurmaq naminə dəstəkləmək və onun arxasında durmaqla hər cür əziyyət və məşəqqətlərə dözüm nümayiş etdirməsi baxımından özləri üçün bir rəhbər, öndər qərar vermələrinə dəlalət edən ən əzəmətli nümunələrdən biridir.
Buna görə də Allahın elçisi (s.a.v.) onu Allahın izni ilə cənnətlə mücdələmişdir. Belə ki, İmam əl-Buxari “əs-Səhih” əsərində və digər rəvayətçilər Əbu Hureyrədən (Allah ondan razı olsun!) rəvayət edirlər: «Cəbrail peyğəmbərin yanına gələrək: “Ey Allahın elçisi bu Xədicədir, onunla sənə içərisində yağ (qatıq), yemək və içmək olan bir qab gəlmişdir. O, yanına gələndə Uca və Əzəmətli Rəbbindən və məndən ona salam de, onu cənnətdə səs-küysüz, dərd-sərdən uzaq möhtəşəm bir ev ilə mücdələ”- demişdir».
İndi isə peyğəmbərin həyat yoldaşı Xədicənin onu və Allahın dinini necə dəstəklədiyini Allahın elçisinin (s.a.v.) özündən eşidək. O, belə buyurmuşdur: «O, insanların küfr etdiyi zaman iman gətirmiş, insanların məni təkzib etdikləri zaman mənə dəstək vermiş və insanların məni öz mal-dövlətindən məhrum etdikləri zaman məndən öz var-dövlətini əsirgəməmişdir».
“Xədicə (Allah ondan razı olsun!) Allah və Rəsuluna inanan və dediklərini təsdiq edən ilk insan olmuşdur. Bununlada Allah peyğəmbərə təskinlik vermişdir. Allahın elçisi (s.a.v.) ona qarşı çıxmaq kimi sevmədiyi bir şey eşitdiyi zaman o, onu təsbit edər və insanların bu kimi əməllərini onun gözündə yüngülləşdirərdi”.
Xədicə (Allah ondan razı olsun!) möhtəşəm mömin, əməli saleh qadın nümunəsi və mömin qız və qadınların özlərinə rəhbər, öndər edə biləcək layiqli və ən münasib rəhbər olmuşdur. Allah ona qəni-qəni rəhmət eləsin!
Möminlərin anası Aişə Siddiq qızı
(Allah ondan razı olsun!)
O, peyğəmbərin (s.a.v.) həyat yoldaşları içərisində ən çox sevdiyi və onlar arasında peyğəmbər haqqında daha çox məlumata malik qadın idi. O, (Allah ondan razı olsun!) islam təlimini mükəmməl bilənlərdən biri idi.
Əz-Zuhri onun haqqında demişdir: “Əgər Aişənin və bütün möminlərin analarının, eləcədə bütün qadınların elmi bir araya gətirilsə Aişənin elmi daha üstün olar”.
Allah razı olmuş həyatda zahid (tərki dünya), dünyəvi hislərdən uzaq bir qadın idi. İbn Səd Ummu Durrədən belə rəvayət edir: «Aişənin yanına yüz minlə gəldim. O, pulu ehtiyacı olanlara payladı. Həmin gün oruc tutmuşdu. Ona dedim: “Payladığın puldan bir dirhəmə ət alıb iftar edə bilməzdinmi?” O, isə: “Yadıma salsaydın edərdim”- dedi».
Hişam bin Urva əl-Qasim bin Məhəmməddən belə rəvayət edir: «İbn əz-Zubeyrin: “Ömrümdə Aişə və Əsmadan daha comərd qadın görmədim. Onların comərdliyi müxtəlifdir. Aişəyə gəlincə o, əlinə gələni yığar, müəyyən həddə çatdıqdan sonra lazımi yerə sərf edərdi”- dediyini eşitdim».
Allahın elçisi (s.a.v.) Aişənin (Allah ondan razı olsun!) fəziləti, üstünlüyü barəsində: «Aişənin digər qadınlarda üstünlüyü sərid yeməyinin digər yeməklərdən üstünlüyü kimidir»- buyurmuşdur.
Möminlərin anası Zeynəb Cəhş qızı
(Allah ondan razı olsun!)
O, Allahın elçisinin (s.a.v.) əmisi qızı və peyğəmbərin (s.a.v.) kəməkçisi Zeydin arvadı olmuşdur. Zeyd onu boşadıqdan sonra Allah təbarəkə və taala Quran ayəsilə şahidsiz, vəlisiz (cavabdeh şəxs-tərc.) onu öz peyğəmbəri ilə evləndirmişdir.
O, (Allah ondan razı olsun!) əməli saleh, Allahdan qorxan, sadiq qadın olmuşdur. Bütün bunlara şahid olan möminlər anası xanım Aişə onun barəsində bunları söyləmişdir: “Zeynəb olduqca bacarıqlı qadın idi. O, dəri aşılayar, emal edər, Allah yolunda sədəqə verərdi… O, tərifə layiq, saf, dindar, yetimlərin və kimsəsizlərin sığınacaq yeri kimi dünyasını dəyişdi”.
Həmçinin Müslimin “əs-Səhih” əsərində möminlər anası Aişədən rəvayət olunmuşdur: «Zeynəb Cəhş qızı mənimlə Allah elçisi –səlləllahu aleyhi və səlləm- yanında hansımızın daha yüksək mərtəbəyə malik olmağına görə rəqabət aparırdı. Mən Zeynəbdən yaxşı, Allahdan daha çox qorxan, düz danışan, qohum-əqraba ilə daha yaxşı münasibətdə olan və daha çox sədəqə verən qadın görmədim. allah ondan razı olsun».
Rafi qızı Bərzə demişdir: «Günlərin birində Ömər Zeynəbə öz payını göndərir”. Zeynəb: “Allah Öməri bağışlasın, bu paya başqaları məndən daha çox möhtacdır”- deyir. Ona bildirirlər ki, hamısı sənindir.
O: “Subhənallah”- deyib hicabını geyərək deyir: “Boşaldın, üzərinədə bir parça atın”. Sonra isə özü bu payı qohum-əqrabası və kimsəsizlər arasında bölməyə başladı. Artıq qalanını da mənə verdi. Qalıq səksən beş dirhəm idi. Sonra əllərini göyə qaldıraraq: “Ey Allahım mənə bu ildən sonra Ömərin payını almağı qismət eləmə”- dedi».
Beləliklə o, növbəti ilin payına yetişmədən vəfat etdi. Allah rəhmət eləsin.
Möminlərin anası Ummu Həbibə Rəmlə Əbu Sufyan qızı
(Allah ondan razı olsun!)
O, Allahın elçisinin (s.a.v.) əmisi qızı və həyat yoldaşıdır. Allah razı olmuş sadiq, islam dininə və təliminə son dərəcə bağlı və onları hər şeydən, hətta özünə ən yaxın, doğma olanlardan belə üstün nəcib qadın idi.
Əz-Zuheyridən rəvayət olunur ki: «Əbu Sufyan (Rəmlənin atası, o zaman kafir idi) Mədinəyə gəldiyi zaman Peyğəmbər (s.a.v.) Məkkəni fəth etmək istəyirdi. Əbu Sufyanla atəşkəsi uzatmaq üçün söhbət edir. Bu təkliflə razılaşmayan Əbu Sufyan ayağa qalxaraq qızı Ummu Həbibənin yanına gəlir. O, peyğəmbərin (s.a.v.) yatağı üzərində oturmaq üçün ona tərəf gəldiyi zaman qızının kəskin etirazı ilə üzləşir. Bundan təəccüblənən Əbu Sufyan: “Ey qızım bu yatağı məndən, yoxsa məni ondan çox istəyirsən?”- deyir. Qızı isə öz növbəsində: Bəli, bu Allah elçisinin yatağıdır, sən isə murdar müşrikin birisən- deyir».
Allah razı olmuş vəfatından əvvəl möminlərin analarına xəbər göndərmiş, bəlkə onunla onlar arasında kin-kudurət və s. kimi xoşa gəlməz halların olmasından ehtiyat edərək onlardan halallıq istəmişdir. Bu onun güclü təqvaya, Allah qorxusuna malik olmasından irəli gəlirdi.
Avf bin əl-Haris Aişədən (Allah ondan razı olsun!) eşitdiklərini belə rəvayət edir: «Ummu Həbibə vəfat etdiyi zaman məni çağırdı və dedi: “Ola bilsin ki, aramızda bir kişiyə məxsus qadınlar arasında baş verə biləcək bəzi xoşa gəlməz hallar olmuş olsun. Allah bizim belə səhvlərimizi bağışlasın”. Mən isə ona: “Allah bütün bunları sənə bağışlasın və halal etsin”- dedim. O, öz növbəsində: “Məni sevindirdin, Allah da səni sevindirsin”- dedi.
O, Ummu Sələməyə də xəbər göndərmiş, ona da bu sözləri demişdir».
Əbu Bəkr əs-Siddiq qızı Əsma
(Allah hər ikisindən razı olsun!)
O, Allah elçisinin (s.a.v.) dostu Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun!) qızı və möminlər anası Aişənin atadan doğma bacısıdır.
Allah razı olmuşu həm də “zat ən-nitaqeyn”- iki kəmərli, iki qurşaqlı- kimi çağırırdılar.
Əl-Buxarinin rəvayətinə görə o, Allahın elçisi (s.a.v.) Əbu Bəkr əs-Siddiq ilə Məkkədən Mədinəyə hicrət etdiyi gün ona yemək-içmək apararkən kəmərini iki parçaya bölərək istifadə edir. Onun bu hərəkətini görən peyğəmbər ona “zat ən-nitaqeyn” ləqəbini verir.
Əsma (Allah ondan razı olsun!) öz həyat yoldaşının yanında böyük yüksək mövqeyə malik olmuşdur. O, əməllərinin qarşılığını Allahdan umaraq onunla bərabər kasıblığa, qıtlığa dözmüşdür. O, tanınmış, varlı tacir Əbu Bəkr əs-Siddiqin qızı idi. Ata evindən ər evinə köçür və onun qulluğunda oturur, ehtiyaclarını ödəyir. Hansı ki, bundan öncə ona qulluq olunar, ehtiyacları ödənilərdi.
Bütün bunlar bizə imam Müslimin “əs-Səhih” əsərində Əsma Əbu Bəkr əs-Siddiq qızından olan rəvayətdə izah edilir: «Zubeyr mənimlə evləndiyi zaman nə mal-dövlətə sahib idi, nə də xidmətçisi var idi. O, bir atdan başqa heç nəyə malik deyildi. Mən onun atını yemləyər, qulluğunda durar, idarə edər, dəvəsi üçün xurma çəyirdəklərini üyüdər, onu yemləyər, Zeydin paltarlarını tikər, xəmir yoğurardım. Çörək bişirməyi yaxşı bacarmadığımdan mənim üçün bu işi ənsar qonşularım görərdilər. Onlar çox yaxşı, sadiq qadınlar idi. Həmçinin mən, Zubeyrin Allahın elçisi (s.a.v.) tərəfindən ona ayrılmış sahəsi Fərsəxin üçdə ikisini təşkil edən ərazisindən xurma çəyirdəklərini başım üzərində daşıyırdım.
Əsmanın (Allah ondan razı olsun!) növbəti dəfə səbr etməsi o, Məkkədə ikən atası Əbu Bəkr əs-Siddiqin (Allah ondan razı olsun!) bütün var-dövlətini götürərək Məkkəni tərk etməsi zaman müşahidə olunur. Belə ki, o, səbr edərək babasına heç nəyi hiss etdirmir.
İbn Hişam “əs-Sira” və eləcədə əz-Zəhəbi “Siyər ələm ən-Nubəla” əsərində İbn İshaqa istinadən bildirmişlər ki, Əsma (Allah ondan razı olsun!) bunları söyləmişdir: «Peyğəmbər –səlləllahu aleyhi və səlləm- Məkkədən çıxdığı zaman Əbu Bəkr (Allah ondan razı olsun!) altı-yeddi min civarında olan bütün mal-dövlətini özü ilə götürdü. Bu hadisələrdən sonra gözərinin nurunu itirmiş babam Əbu Quhafə bizə gəldi və həzrəti Əbu Bəkrə (Allah ondan razı olsun!) eyham vuraraq: “Bu sizi var-dövləti və canı ilə pərişan etdi”- dedi. Mən isə: “Əsla, o, bizim üçün çoxlu faydalı şeylər qoyub gedib”- dedim.
Niyyətimdə daşları tutmuşdum. Bu niyyətlə daşlara tərəf getdim və onları evin bir küncünə yığaraq üzərinə bir parça atdım. Sonra onun əlindən tutaraq parçanın üzərinə qoydum və dedim: “O, bizim üçün bunları qoyub gedib”. O, isə öz növbəsində: “Bunları qoyub gedibsə çox yaxşı”- dedi».
Allah razı olmuş əməli saleh, səbrli olması ilə yanaşı daim özünü günahkar hesab edər, təvazöarlıq nümayiş etdirərdi.
İbn Səd Əbu Məlikəyə isnadən belə rəvayət etmişdir: Əsma başı ağrıdığı zaman əlini başına qoyub: “Mənim öz günahımdır. Allahın bağışladığı isə daha çoxdur- deyərdi”.
Allah razı olmuş belə deməklə sadəlik, təvazökarlıq, səhvini etiraf etmək və bir daha ona qayıtmamaq kimi yüksək əxlaqi dəyərləri özündən başqalarına aşılayırdı. Çünki Allah təbarəkə-taala: «Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların [etdiyiniz əməllərin] ucbatındandır!…»- buyurmuşdur.
Əsma (Allah ondan razı olsun!) sadə həyat sürməsinə rəğmən çox əliaçıq, comərd,varını möhtaclardan əsirgəməyən, səxavətli bir qadın idi.
İbn Səd Usamə bin Zeyddən, o da Məhəmməd bin əl-Munkədirdən rəvayət etmişdir ki: “Əbu Bəkrin qızı Əsma verdiyinə peşiman olmayan qadın idi”.
Hişam bin Urva əl-Qasim Bin Məhəmməddən İbn əz-Zubeyrin bu sözləri deməsini eşitmişdir: «Ömrümdə Aişə və Əsmadan daha comərd, daha əliaçıq qadın görmədim. Onların comərdliyi müxtəlifdir. Aişə əlinə gələni yığar, müəyyən həddə çatdıqdan sonra lazımi yerə sərf edərdi. Əsmaya gəlincə o, sabaha bir şey saxlamazdı».
Müslimin “əs-Səhih” əsərində Əbu Bəkrin qızı Əsma (Allah hər ikisindən razı olsun!) haqqında belə bir rəvayət də öz əksini tapmışdır: «O, Peyğəmbərin yanına gələrək deyir: “Ey Allahın peyğəmbəri mən Zubeyrin mənə verdiklərindən savayı bir şeyə malik deyiləm, mənə gələn gəlirdən çox az sədəqə verməyimdə bir qəbahət varmı?” Allahın elçisi cavabında: “Bacardığın qədər ver, olanı verməkdən çəkinmə, əks halda Allah da sənə verməz”- dedi».
Beləcə Allah razı olmuş hətta çox az şeyə malik olduğu zaman belə səxavət, fədakarlıq nümayiş etdirən nümunəvi qadın olmuşdur.
Ummu Səlim Məlhan qızı
(Allah ondan razı olsun!)
O, Məlhan bin Xalid bin Zeyd bin Hiram Cundub bin Amir bin Udey bin ən-Nəccarın qızı Ummu Səlim ər-Rumeysadır. Ənsarlardandır, Xəzrəc qəbiləsinə mənsubdur.
O, əri tərəfindən müqavimətlə rastlaşan ilk qadınlardan olmuşdur. Belə ki, onun əri Malik evə döndüyündə onun islamı qəbul etdiyini bildiyi zaman hiddətlənir, qan beyninə vurur və ona həddən artıq əsəbi halda: “Küfürmü etdin?”- deyir. O, isə cavabında qəti olaraq tam əminliklə: “Küfür etmədim, lakin iman gətirdim”- deyir. Bu arada o, oğlu Ənəsə “lə ilahə illəllah, Muhəmmədən rəsulullah” deməsini öyrədirdi. Ənəs də anasının dediklərini yerinə yetirirdi. Atası ona: “Oğlumu pis yola sövq etmə, onu məndən uzaqlaşdırma”- deyir. O, isə: “Mən onu pis yola sövq etmirəm”- cavabını verir. Arvadının “əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah” kəliməsini israrla, kəskinliklə təkrar etməsini eşidən Malik qəzəbli halda evdən çıxır. Bu hadisədən az sonra onunla rastlaşan düşmənlərindən biri onu qətlə yetirir. Ərinin qətlə yetirilməsindən xəbər tutan Ummu Səlim səbrlə: “Qəti şəkildə bildirirəm ki, Ənəs özü döşü buraxmayana qədər onu süddən kəsməyəcək və onun razılığı olmadan evlənməyəcəyəm”- deyir.
Günlərin birində Ənəsin anası Allah elçisinin (s.a.v.) yanına gələrək utana-utana oğlunu onun yanında qulluqçu qoymaq niyyətində olduğunu bildirir. Onun bu təklifini gülər üzlə qarşılayan Allah elçisi (s.a.v.) ona heçnədən narahat olmamağı tövsiyə edir.
Günlər keçir camaat Ənəs bin Malik və anasından heyranlıqla, şərəf hissi duyaraq söhbət açır. Olub keçənlərdən xəbərdar olan Əbu Təlha Ummu Səlim ilə evlənmək qərarına gəlir. Bu məqsədlə o Ummu Səlimə yüksək dəyərli mehr təklif edir. Lakin gözləmədiyi halda Ummu Səlimin: “Müşriklə evlənməyə məcbur deyiləm. Ey Əbu Təlha, sizin ilahların filankəsin ailəsi tərəfindən düzəldildiyini bilmirsinizmi? Əgər onları oda atsanız yanıb kül olar”- deməklə izzət, comərdlik və müdriklik nümayiş etdirərək bütün bunları rəd etməsi onu heyrətləndirir, dili tutulur.
Əbu Təlha güclü sıxıntı keçirərək geri dönür. O, görüb eşitdiklərinə inanmaq istəmir. Ertəsi gün o, Ummu Səlimin yumşalmasına və təklifini qəbul etməsinə nail olmaq məqsədi ilə ona daha böyük mehr və bolluq içində firavan, rahat həyat vəd edir. Lakin dəvətçi, çox anlayışlı və zəkalı qadın olan Ummu Səlim, dünyanın onun gözləri qarşısında var-dövlət, şan-şöhrət və gənclik kimi üstünlükləri ilə sanki rəqs etməsinə rəğmən qəlbindəki islam qalasının dünyanın hər cür xoşbəxtliyindən, naz-nemətindən üstün olduğunu hiss edir. O, yüksək ədəblə: “Ey Əbu Təlha and olsun Allaha ki, sənin kimisi ələ düşməz, lakin sən kafirsən mən isə müsəlman qadınam. Mənə səninlə evlənmək olmaz. Sənin müsəlman olmağın, islam dinini qəbul etməyin mənim mehrimdir. Səndən başqa şey istəmirəm”- deyir.
Bu sözlər onu dəhşətə gətirərək məğlub edir. Beləliklə Ummu Səlim onun qəlbini bütünlüklə ələ almağı bacarır. Əlbəttə ki, o, var-dövlət və s. kimi dünyəvi ehtiyaclar qarşısında əyilən oyunbaz qadınlardan deyildi. O, özünü təsdiq etmiş ağıllı qadın idi. Əbu Təlha ona həyat yoldaşı, övladlarına isə ana ola biləcək ondan daha yaxşısını tapa bilərdimi??!
Beləliklə o, özündən asılı olmadan: “Mən də sənin qəbul etdiyin dini qəbul etdim, “əşhədu ən lə ilahə illəllah və əşhədu ənnə Muhəmmədən rəsulullah”- deyir.
Allahın Əbu Təlhanı onun vasitəsi ilə hidayət etməsindən yüksək fərəh hissi duyan Ummu Səlim üzünü oğlu Ənəsə tutaraq: “Ey Ənəs qalx ayağa Əbu Təlhanı evləndir (kəbinini kəs)”- deyir. Ənəs anasının tələbini yerinə yetirir. Bununla Ummu Səlimin mehri özünün tələb etdiyi kimi ərinin islam dinini qəbul etməsi olur.
Sabitin Ənəsdən rəvayət etdiyi hədisdə deyilir: “Ömrümdə Ummu Səlimdən daha qiymətli mehrə sahib qadın görmədim. Onun mehri islam dini idi”.
Ummu Səlim ərinin təlabatını ən yüksək şəkildə ödəyən əməli saleh nümunəvi qadın, eləcə də nümunəvi şəfqətli ana və mükəmməl dəvətçi, tərbiyəçi olmuşdur.
Beləliklə Əbu Təlha əziz həyat yoldaşının vasitəsilə islam dinini qəbul edərək peyğəmbər bulağından faydalananlar cərgəsinə qoşulur və Ummu Səlimə layiqli ər olur.
Uca Allah bu cütlüyə bir oğlan uşağı ehsan edir. Onlar onun gəlişinə həddən artıq sevinirlər və xoş-hal olurlar. Uşaqdan və hərəkətlərindən xüsusi həz alan ata-ana onu Əbu Umeyr adlandırır. Əbu Umeyrin bir quşu var idi. O, onunla oynayardı. Günlərin birində bu quş ölür. Bu hadisədən bərk kədərlənən Əbu Umeyr ağlayır. Allahın elçisi (s.a.v.) onun yanından keçərkən könlünü almaq və təsəlli vermək məqsədilə zarafatla deyir: “Ey Əbu Umeyr, nə etdi nuğeyr ?”- deyir.
Uca Allah onları bu gözəl, sevimli uşaqla imtahana çəkmək istəyir. Mömin ər-arvadın imtahanı əziz körpələri Əbu Umeyrin xəstələnməsi ilə başlayır. Ata-ananın başı ona qarışır. Atası Əbu Təlha bazardan qayıtdığı zaman ev əhlini salamladıqdan sonra dərhal oğlunun səhhəti barəsində soruşardı və onu görməyənə qədər rahatlıq tapmazdı.
Bir gün Əbu Təlha növbəti dəfə məscidə getmək məqsədi ilə evdən çıxır. Bu ərəfədə uşaq ölür. Səbirli mömin ana bu hadisəni razı, səmimi əhval ruhiyə ilə qarşılayır. O: “İnnə lilləhi və innə ileyhi raciun” - deyərək uşağı yatağındaca bükür. Ailəsinə də israrla tapşırır ki, məndən öncə Əbu Təlha ilə oğlu barəsində söhğət etməsinlər.
Əbu Təlha qayıtdığı zaman Ummu Səlim gözərindən rəhmət, şəfqət yaşlarını silmiş, ərini qarşılamaq və onun adət halını almış sualına cavab vermək üçün əhval-ruhiyyəsini bərpa etmişdir.
Əbu Təlha: “Oğlum nə edir, necədir?”- soruşur.
Ummu Səlim: “O, indi ən sakit vəziyyətdədir”- deyir.
Əbu Təlha elə zənn edir ki, o, yaxşılaşmış, sağalmışdır. Uşağın sakit və rahat olmasına sevinir, onun sakitliyini pozmamaq üçün ona yaxınlaşmır. Bütün bunlardan sonra Ummu Səlim ona şam yeməyini verir. Əbu Təlha yeyib içir. Ona əvvəlkindən daha yaxşı qulluq edən Ummu Səlim ən gözəl paltarını geyinir, bəzənib-düzənir, ətirlənir və onunla yatır. Əbu Təlha Təlha onunla cinsi əlaqədə olur.
Ummu Səlim onun doyduğunu və onunla cinsi əlaqədə olduğunu gördükdən sonra belə, söz açmır, gözləyir o, dərin yuxuya dalır. Gecənin sonunda ona deyir: “Ey Əbu Təlha əgər bir qövm (xalq, camaat) bir evə əmanət verərsə və sonra öz əmanətini geri istəyərsə ev sahiblərinin həmin əmanəti geri verməməyə haqları varmı?” Əbu Təlha: “Xeyir”- deyir.
Ummu Səlim:
-Bəs onda istifadə etdikləri həmin əmanəti onlardan geri almaq istəyən sahibi böyük çətinliklə üzləşərsə, buna nə deyirsən?
Əbu Təlha:
-İnsafsız davranmış olarlar.
Ummu Səlim:
-Oğlun Allahın əmanəti idi, geri götürdü. Oğlunu itirməyinlə barış, savabını Allahdan gözlə.
Əbu Təlha: “İnnə lilləhi və innə ileyhi raciun”- deyərək Allaha həmd edir.
Ertəsi gün Əbu Təlha Allah elçisinin (s.a.v.) yanına gələrək olub keçənləri ona danışır. Allahın elçisi (s.a.v.): “Allah gecənizə bərəkət versin”- deyir.
Həmin gecə Ummu Səlimin Abdullah bin Əbu Təlhaya hamilə qaldığı gecə idi. O, körpəsini də gecə vaxtı dünyaya gətirir. Uşağı Ənəs ilə Allah elçisinin (s.a.v.) yanına göndərir. Ənəs Allah elçisinə: “Ummu Səlir bu gecə körpəsini dünyaya gətirdi”- deyir. Allahın elçisi (s.a.v.) bir neçə xurmanı çeynəyib barmağı ilə təzə doğulmuş uşağın ağzına sürtür.
Ənəs: “Ey Allahın elçisi Ona ad qoy”- deyir. Allah elçisi cavabında: “O, Abdullahdır”- deyir.
Hədisin sənədində iştirak edən (məlumatı araşdıran) Ubabə deyir: “Mən həmin oğlanın hər biri Quranı başa çıxmış (xətm etmiş) yeddi oğlunu görmüşəm”.
Bu kamil qadın və mömin ərinin qəhrəmanlığı üzündən Allah onlar barəsində ayə nazil etmişdir ki, insanlar onu oxumaqla Allaha ibadət etmiş oluolar.
Əbu Hureyrə (Allah ondan razı olsun!) belə buyurmuşdur: “Günlərin birində bir kişi Allah elçisinin (s.a.v.) yanına gələrək: “Mən acam”- deyir. Allah elçisi onu arvadlarından bəzilərinin yanına göndərir. Onlardan biri: “Həqiqətən səni göndərən Allaha and olsun ki, sudan başqa heç nəyim yoxdur”- deyir. Sonra digərinin yanına göndərir. O, da eyni sözləri təkrarlayır. Bir sözlə Allah elçisinin bütün qadınları eyni sözü deyir. Allahın elçisi (s.a.v.): “Bu kişini qonaq aparanın üzərinə Allahın rəhməti olsun”- deyir.
Ənsarlardan olan Əbu Təlha adlı bir kişi ayağa qalxaraq: “Mən apararam ey Allahın elçisi”- deyir. O, kişini evinə gətirir. Arvadından: “Bir şeyin varmı”- soruşduqda, onun: “Uşaqların yeməyindən başqa heç nəyim yoxdur”- cavabını alır.
Əbu Təlha arvadına: “Uşaqların başını bir şeylə qarışdır və yatızdır. Qonaq içəri daxil olduğu zaman özünü elə göstər ki, biz də şam edirik. Qonaq əlini uzadıb yemək yeyərkən ayağa qalx guya ki, çırağı düzəldirsən, onu söndür”- deyir. Ummu Səlim ərinin dediyi kimi də edir. Onlar otururlar, qonaq isə yeməyini yeyir. Beləliklə ər-arvad ac yatırlar. Səhər açıldığı zaman Əbu Təlha Allah elçisinin (s.a.v.) yanına gəlir. Allah elçisi (s.a.v.): “Allah filan kişi və filan qadına təəccüb etdi (və ya güldü)”- deyir.
Digər rəvayətdə bu hədis belə varid olmuşdur: “Allah sizin bu gecə qonağa etdiklərinizə təəccübləndi”.
Başqa hədisdə: “Allah «…özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tutarlar…» ayəsini nazil etdi”- deyilir.
Fərəhindən özünü ələ ala bilməyən Əbu Təlha arvadına Allahın onlar barəsində ayə nazil etməsi xəbərini vermək və onu sevindirməyə, rahatlaşdırmağa tələsir.
Beləliklə Ummu Səlim Allah elçisinin –səlləllahu aleyhi və səlləm- yanında yüksək mərtəbəyə malik bir qadın idi. O, Ummu Səlimin evindən başqa heç bir evə girməzdi. Allahın salamı və salavatı olmuş peyğəmbəri onu cənnətlə mücdələyərək demişdir: “Cənnətə girəcəkdir!”. Bu səsi qəflətən qulağı çalan Ummu Səlim: “Kimdir cənnətə girən?”- deyir. Ona bildirirlər ki, bu ər-Rumeysa Məlhan qızı Ənəs bin Malikin anasıdır.
Bütün bunlar sənə halal olsun ey Ummu Səlim. Sən səmimi nəsihət verən, əməli saleh qadın, elmli dəvətçi və uzaq görən tərbiyəçi anasan. Sən oğlunu hələ on yaşında ikən dünyanın tanınmış olduğu ən möhtəşəm mədrəsəyə, peyğəmbər məktəbinə daxil etmisən. Sənə halal olsun,... sənə halal olsun!
Ummu Sələmə
Ummu Sələmə, bilirsənmi kimdir, Ummu Sələmə?!
Atası Məxzum qəbiləsinin tanınmış ağalarından, ərəblərin nadir cəngavərlərindən biridir. Hətta onun haqqında deyərdilər: «O, müsafirlərin ərzaq təminatçısıdır». Beləki, onun mülkündən keçən və ya ona qonaq olan müsafirlər özlərilə yol azuqəsi götürməzdilər.
Əri Abdullah ibn Əbdül Əsəddir ki, İslamı qəbul edən ilk on nəfərdən biridir. Ona qədər yalnız Əbu Bəkr Siddiq və az miqdarda adam müsəlman olmuşlar. Onları da barmaqla saymaq olardı.
Adı Hinddir. Künyəsi Ummu Sələmədir. Bu künyəsiylə də tanınır.
Ummu Sələmə əriylə birgə İslamı qəbul etdi. İlk müsəlman qadınlardan biri idi.
Ummu Sələmənin və ərinin İslamda olması xəbəri yayılan kimi Qüreyşin təlatümü başladı. Onları başqalarına dərs olsun deyə söyüb danladılar. Elə sözlər deyirdilər ki, qayalar belə titrəyirdi. Onlarsa zəifləmədilər, qorxmadılar və heç tərəddüd belə etmədilər.
Verilən əzab və əziyyət son həddə çatdıqda Peyğəmbər (s.a.v.) onlara mühacirlərin ilk sırasında Həbəşistana getmək icazəsi verdi. Ummu Sələmə Məkkədə təmtəraqlı bir imarət, şan-şöhrət, tanınmış əsil-nəcabət qoyaraq bütün bunların əvəzinə Allahdan mükafat və Onun rizasını qazanmaq diləyilə qürbət həyatı sürdülər.
Ummu Sələmənin və onun yol yoldaşlarının Həbəşistanda Allahın Cənnətə sakin etdiyi və üzünə nur saldığı Nəcaşidən hər cür hörmət və qayğı görmələrinə baxmayaraq vəhy vətəni olan Məkkənin şövqində idilər. Onlar hüda mənbəyi olan Allah Peyğəmbəri üçün də darıxırdılar. Onun və ərinin ürəyi bu şövqlə yanırdı.
Həbəşistana çatan xəbərlərdən aydın oldu ki, Məkkədə müsəlmanların sayı getdikcə artır. Həmzə ibn Əbdül Müttəlibin və Ömər ibn Xəttabın müsəlman olması onların gücünü artırmışdı, Qüreyşin təzyiqini müəyyən qədər zəiflətmişdi. Mühacirətdə olanlardan bir dəstə Məkkəyə qayıtmaq qərarına gəldi. Şövq və vüsal hissi onları çəkirdi.
Ummu Sələmə və əri geri dönənlərin başında idilər.
Lakin tezliklə geri dönənlərə aydın oldu ki, onlara çatan məlumatlar mübaliğəli imişlər. Həmzə və Ömərdən sonra müsəlmanların irəli atdıqları hər addım Qüreyşin daha şiddətli müqavimətiylə qarşılaşdı.
Müşriklər müsəlmanlara əzab vermək, onları incitmək, ən pis əziyyətlərə məruz qoymaq və əvvəllər heç görmədikləri pislikləri etmək işində çox ustalaşmışdılar.
Belə olduqda Peyğəmbər (s.a.v.) müsəlmanlara Mədinəyə hicrət etmək icazəsi verdi. Ummu Sələmə və əri öz dinlərini qoruyaraq və Qureyşin əziyyətlərindən xilas olaraq hicrət edənlərin ön sırasında idilər.
Lakin Ummu Sələmənin və ərinin səfəri heç də onların düşündükləri qədər asan olmadı. Bu hicrət son dərəcə ağrılı-acılı oldu, bu səfər ağla batmaz bir faciə ilə müşayət olundu.
İndi də sözü Ummu Sələməyə verək ki, öz faciəsindən danışsın.
Onun keçirtdiyi hisslər çox dərin, yaratdığı təsəvvür çox aydın və hərtərəflidir.
Ummu Sələmə deyir:
«Əbu Sələmə Mədinəyə getmək qərarına gəldi. Bunun üçün dəvəni hazırladı. Məni dəvəyə mindirdi. Övladımız Sələmədə qucağımda idi. O heç nəyə baxmadan qatırın cilovundan yapışaraq irəli keçdi.
Məkkəni tərk etməmişdən biz mənim mənsub olduğum Bəni Məxzum qəbiləsinin adamları ilə üzləşdik. Onlar qabağımızı kəsib Əbu Sələməyə dedilər:
-Öz həyatını puç edirsən, bəs bu arvadın günahı nədir?
O bizim qızımızdır. Nə üçün onu özünlə götürüb bizdən ayıraraq başqa ölkəyə gedirsən?!
Onlar Əbu Sələmənin üstünə atıldılar və məni ərimin qəbiləsi olan Bəni Əbdül Əsəd gördü. Onlar görəndə ki, məni və oğlumu Əbu Səlmənin əlindən aldılar bərk qəzəbləndilər və dedilər:
-Yox, vallah, biz uşağı sizin qızınızın yanında qalmağa qoymarıq, siz onu öz ərindən ayırmısınız. O bizim oğlumuzdur, biz onu müdafiə edəcəyik.
Onlar uşağı dartışdırmağa başladılar. Uşağın bir qolunu parçaladılar, gözümün qarşısında onu yaralı halda özləri ilə apardılar. Bir an özümün tək-tənha, qolu-qanadı qırılmış bir vəziyyətdə gördüm. Ərim canını və dinini xilas edərək Mədinəyə üz tutdu. Yaralı oğlumu Bəni Əbdül Əsəd qəbiləsi aparıb gizlətdi. Məni isə qəbiləm Bəni Məxzum apardı. Mən onlarla qaldım. Məni ərimdən və oğlumdan ayırdılar, bu ayrılıq bir ilə qədər davam etdi. Hər səhər mən faciəm baş vermiş yerə gəlir, orada otururdum, mənim, ərim və oğlumun başına gələnləri xatırlayırdım. Səhərdən axşama qədər günüm ağlamağla keçirdi.
Bir ilə qədər biz bu vəziyyətdə qaldıq. Bir gün əmi oğullarımdan biri yanıma gəldi, mənim halımdan xəbərdar oldu, mənə rəhmi gəldi və qəbiləmə dedi:
-Bu yazığı niyə buraxmırsınız? Onu ərindən və uşağından ayırmısınız.
Nəhayət onların ürəyi yumşaldı və rəhmə gəlib mənə dedilər:
-İstəyirsən ərinin yanına get.
Lakin mən necə oğlumu, ciyər paramı Məkkədə Bəni Əbdül Əsədin əlində qoyub Mədinəyə ərimin yanına gedə bilərdim! Mənim bu narahatçılığım necə sakitləşə bilərdi, Gözümün yaşf necə quruya bilərdi. Mən hicrətdə, körpə oğlum Məkkədə, onun haqqında heç nə bilmirdim!!
Bəziləri mənim nə qədər acılar çəkdiyimi, qəm və kədərə qərq olduğumu gördülər, mənə yazıqları gəldi, ürəkləri parçalandı. Onlar Bəni Əbdül Əsədlə mənim barəmdə danışdılar. Onların da mənə rəhmi gəldi və uşağı mənə qaytardılar. Mən mənimlə Məkkəyə səfərə çıxa biləcək bir şəxsi axtarmaq üçün Məkkədə qalıb gözləyə bilməzdim. Qorxurdum ki, gözlənilməz bir hadisə baş verər və ərimlə görüşümə mane olar. Buna görə dəvəni yola hazırlamağa başladım. Oğlumu qucağıma alıb yola çıxdım Mədinəyə əriminn yanına üz tutdum. Tək-tənha idim, heç kəs yanımda yox idi. Məkkə yaxınlığını Tənim adlı yerə çatanda Osman ibn Təlha ilə rastlaşdım. O soruşdu:
-Yolçuların təminatçısının qızı hara gedir?
-Mədinəyə, ərimin yanıma getmək istəyirəm.
-Səninlə heç kəs getmir?
-Yox, Vallah, mənimlə olan yalnız Allahdır, bir də bu körpə uşaq.
-Yox, Vallah, səni tək qoymaram. Özüm səni Mədinəyə çatdıraram.
Allaha and olsun mən ərəblər arasında ondan nəcib və şərafətli bir kişi görmədim. Bir mənzil başına çatanda dəvəmi otuzdurar, gözləyərdi ki, mən dəvənin belindən düşüm, sonra dəvənin yükünü yerə qoyub onu ağac kölgəsinə aparıb bağlayardı.
Bundan sonra məndən aralanıb başqa bir ağac kölgəsində yerə uzanardı. Səfər vaxtı çatanda dəvəni yenidən hazırlayar və mənə verərdi. Sonra mənim dəvəyə miniyimi gözləyib deyərdi:
-Min!
Mən minib dəvənin belində rahatlanandan sonra gəlib cilovu tutardı və dəvəni aparardı. Mədinəyə çatana kimi hər gün mənimlə bu cür davranardı. Mədinə yaxınlığındakı Quba kəndində Bəni Əmr ibn Aufun adamları arasında axtarıb ərimi tapdı və mənə dedi:
-Ərin bu kənddədir. Allahın xeyir və bərəkətilə qal!
Bundan sonra o, Məkkəyə qayıtdı».
Parçalanmış bir ailənin üzvləri uzun ayrılıqdan sonra birləşdilər. Ummu Sələmənin gözləri ərini görəndə yaşardı. Əbu Sələmə də arvadını və uşağını görüb çox sevindi. Bundan sonra hadisələr inkişaf edərək bir göz qırpımında dəyişilirdilər.
Əbu Sələmə Bədr döyüşündə iştirak edib böyük zəfərlə bütün müsəlmanlarla birlikdə qayıtdı.
Uhud döyüşündə ən qızğın çağında iştirak etdi, qəhrəmanlıq göstərdi. Lakin bu döyüşdən sonra ağır yaralı halda qayıtdı. Onu müalicə etdilər, sanki yaralar sağalırdı. Lakin bu zahirən belə idi. Daxildən isə yara ağır idi. Tezliklə yaralar açıldı və Əbu Sələmə yatağa düşdü. Əbu Sələmə yaraları müalicə edilə-edilə arvadına dedi:
-Ya Ummu Sələmə, mən Peyğəmbərin (s.a.v.): «Birinə bir müsibət baş verəndə deyilməlidir: “İnnə lilləhi və innə ileyhi raciun”» (Biz Allaha məxsusuq və Ona da qayıdırıq). Pərvərdigara, mənim bu müsibətimi də nəzərə al. Pərvərdigara, məndən sonra ona (arvada-tərc.) məndən daha yaxşı olanı qismət elə.
Allah onu da qismət elədi.
Əbu Sələmə bir neçə gün yataqda qaldı. Bir gün səhər vaxtı Peyğəmbər (s.a.v.) onun yanına gəldi. Peyğəmbərin (s.a.v.) ziyarəti bitməmişdi ki, o hələ qapı ağzında olarkən Əbu Sələmə həyatla vidalaşdı. Peyğəmbər (s.a.v.) mübarək əlləriylə öz dostunun gözlərini yumdu. Peyğəmbər (s.a.v.) əllərini göyə qaldırıb dedi:
-Pərvərdigara, Əbu Sələməni bağışla, onu Özünə daha çox yaxınlaşdır. Onun övladları və ailəsi üzərində Özün nəzarətçi ol. Bizi və onu bağışla, ya Rəbbil aləmin! Qəbrini genişləndir, onu nurlandır.
Ummu Sələmə Əbu Sələmənin Peyğəmbər (s.a.v.) haqqında dediklərini yada saldı və dedi:
-Allahım, mənim bu müsibətimi nəzərə al.
Lakin o, aşağıdakı sözləri deməyi lazım bilmədi: «Pərvərdigara, məndən sonra ona (arvadıma-tərc.) məndən daha yaxşı olanı qismət el!» Axı onun üçün Əbu Sələmədən daha yaxşı kim ola bilərdi.
Lakin çox keçmədi ki, dua müstəcəb oldu. Müsəlmanlar Ummu Sələmənin dərdinə əvvəllər heç kəslə olmayan bir şəkildə şərik çıxdılar. Ona «Ərəblərin dul qadını» adı verdilər.
Onun Mədinədə körpə uşaqdan başqa bir yaxını qalmamışdı. Bu uşaqsa körpə cücəni xatırladırdı.
Mühacirlər və ənsarlar Ummu Sələmənin onlar üzərindəki haqqını başa düşdülər. Əbu Sələmənin yas müddəti bitən kimi Əbu Bəkr onun yanına gəlib onunla evlənmək istədiyini bildirdi, lakin o razı olmadı. Sonra Ömər ibn Xəttab gəlib eyni təklifi verdi, lakin Ummu Sələmə yenə də razı olmadı. Daha sonra Peyğəmbər (s.a.v.) gəlib evlənmək təklifini etdi. Ummu Sələmə ona dedi:
-Ya Rəsulullah! Mənim xasiyyətimdə üç əlamət vardır: Mən çox qısqanc qadınam, qorxuram məndən səni qəzəbləndirən bir hərəkət görəsən və buna görə Allah mənə əzab versin.
Mən artıq yaşı ötmüş qadınam. Mən həm də ailəli, uşaqlı qadınam.
Peyğəmbər (s.a.v.) ona dedi:
-Sənin qısqanc olmağın barədə deməliyəm ki, Allaha dua edəcəyəm ki, səni ondan xilas etsin. Qaldı sənin yaşına, mən də elə sənin kimiyəm. Uşaq, ailə isə sənin uşağın, ailən elə mənimkidir.
Peyğəmbər (s.a.v.) Ummu Sələmə ilə evləndi. Allah onun duasını eşitdi və ona Əbu Sələmədən yaxşı bir adamı qismət elədi.
Bu gündən etibarən Məxzumiyyəli Hind yalnız Sələmənin anası olmadı, o bütün möminlərin anası oldu.
Allah-təala Ummu Sələmənin üzünü Cənnət mehi ilə sərinləşdirdi. Ondan razı qaldı və onu da razı saldı!
Tarix: 05.05.2013 / 16:43 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 902 Bölmə: Maraqlı melumatlar