Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zikr və dualar

1.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Allah-taala buyurur: “Nə qədər ki, qulum məni zikr edəcək və dodaqları məni zikr etməklə tərpənəcək, Mən də onunla olacağam”».
Hədisi İbn Macə rəvayət etmiş, İbn Hibban isə səhih hesab etmişdir. Buxari isə hədisi isnadsız olaraq rəvayət etmişdir.

2.Müaz ibn Cəbəldən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «Allahın zikr edilməsi kimi heç bir əməl Adəm övladını Allahın əzabından xilas edə bilməz».
Hədisi İbn Əbu Şeybə və Təbərani yaxşı isnadla rəvayət etmişdir.

3.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «İnsanlar bir yerdə əyləşib Allahı zikr etsələr, mələklər onları dövrəyə alar, mərhəmət onları bürüyər və Allah-taala isə onları Öz yanındakılarla birgə anar».
Hədisi Müslim rəvayət etmişdir.

4.Yenə də Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi,(sav), buyurmuşdur: «İnsanlar bir yerdə əyləşdikdə Allahı zikr etməsələr və Peyğəmbərə, (sav), salavat deməsələr, Qiyamət günü buna görə pərişan olacaqlar».
Hədisi Tirmizi yaxşı isnadla rəvayət etmişdir.

5.Əbu Əyyub əl-Ənsaridən rəvayət olunur ki, Allahın elçisi(sav) , buyurmuşdur: «Kim on dəfə: “Lə iləhə illəllah vəhdəhu lə şərikə ləh, ləhul-mulk va ləhul-həmd, yuhyi va yumitu, va huva alə kulli şeyin qadir” – desə, İsmayılın nəslindən dörd nəfəri köləlikdən azad etmiş kimi olar».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.

6.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi(sav), buyurmuşdur: «Kim yüz dəfə: “Subhanəllah va bihəmdih” – desə, günahaları dənizin köpüyü qədər olsa belə bağışlanar». Hədisi Buxari və Müslim rəvayət etmişdir.

7.Cüveyriyə bint Harisdən rəvayət olunur ki, Allahın elçis (sav), ona belə demişdir: «Səndən sonra dörd kəlmə söylədim. Əgər həmin kəlmələrlə sənin gün boyu söylədiklərin tərəzinin gözlərinə qoyulsaydı, şübhəsiz ki, həmin kəlimələr onlardan ağır gələrdi. Həmin kəlmələr bunlardır: “Məxluqatının sayı və Özünün razı qalacağı qədər, Ərşinin ağırlığı və kəlmələrinin mürəkkəbi miqdarında Allaha həmd edir və Onu bütün nöqsanlardan tənzih edirəm”». Hədisi Müslim rəvayət etmişdir.

8.Əbu Səid əl-Xudridən rəvayət olunur ki, Allahın elçisi(sav), buyurmuşdur: «Saleh əməllərin əbədi qalan cücərtiləri bu sözlərdir: lə iləhə illəllah, va subhanəllah, vallahu əkbər, vəlhəmdülillah, va lə haulə və lə quvvatə illə billəh». Hədisi Nəsai rəvayət etmiş, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.

9.Səmurə ibn Cündubdan rəvayət olunur ki, Allahın elçisi(sav), buyurmuşdur: «Allahın ən çox sevdiyi və bəyəndiyi dörd kəlmə vardır. Onların hansı ilə başlasan, sənin heç bir zərəri yoxdur: subhanəllah, vəl-həmdülillah, va lə iləhə illəllah, vallahu əkbər». Hədisi Müslim rəvayət etmişdir.

10.Əbu Musa əl-Əşaridən rəvayət olunur ki, Allahın elçisi(sav) ona belə demişdir: «Ey Qeys oğlu Abdullah! Sənə Cənnət xəzinələrindən birini göstərimmi? Güc və qüvvət yalnız Allaha məxsusdur». Hədisi Buxari və Müslim rəvayət etmişdir. Nəsainin rəvayətində isə deyilir: «Allahdan yalnız Allahın Özünə sığınmaq olar».

11.Nüman ibn Bəşirdən rəvayət olunur ki, Peyğəmbər(sav) buyurmuşdur: «Həqiqətən, dua ibadətdir».
Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, Tirmizi eyni zamanda onu səhih hesab etmişdir.

12.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Allah üçün duadan daha uca və daha qiymətli heç bir şey yoxdur». Hədisi Tirmizi rəvayət etmiş, İbn Hibban və Hakim isə səhih hesab etmişdir.

13.Ənəsdən rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Azan ilə iqamə arasında edilən dua rədd edilməz». Hədisi Nəsai və başqaları rəvayət etmiş, İbn Hibban və başqaları isə səhih hesab etmişdir.

14.Salmandan rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «Həqiqətən, Rəbbiniz Həyalı və Səxavətlidir. Qulu əllərini Ona tərəf qaldırdıqda onun əllərini əliboş geri qaytarmaqdan utanar». Hədisi Əbu Davud, Tirmizi və İbn Macə rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

15.Şəddad ibn Ausdan rəvayət olunur ki, Allahın elçisi(sav) buyurmuşdur: «İstiğfar (Allahdan bağışlanma diləmək) etmək üçün ən yaxşı dua qulun: “Allahım! Sən mənim Rəbbimsən. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Sən məni xəlq etmisən, mən isə Sənin qulunam. Sənə etdiyim əhd və verdiyim vədə bacardığım qədər sadiq qalacağam. Etdiklərimin şərindən sənə sığınır, mənə bəxş etdiyin neməti qəbul edir və günahlarımı etiraf edirəm. Məni bağışla, çünki günahları bağışlayan yalnız Sənsən” – deməsidir».
Hədisi Buxari rəvayət etmişdir.

16.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi(sav) axşam və səhər bu duaları etməyi əsla unutmazdı: «Allahım! Dinim, dünyam, ailəm və əmlakım üçün Səndən əfv diləyirəm. Allahım! Günahlarımı gizlət və məni qorxduğum şeylərdən qoru. Məni qabaqdan, arxadan, sağdan, soldan və üstdən qoru. Ayağımın altının qazılmasından Sənin əzəmətinə pənah aparıram». Hədisi Nəsai və İbn Macə rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

17.İbn Ömərdən rəvayət olunur ki, Allahın elçisi(sav) belə deyərdi: «Allahım! Nemətindən və əfvindən məhrum olmaqdan, qəfildən baş verə biləcək intiqamından və bütünlüklə qəzəbindən Sənə pənah aparıram». Hədisi Müslim rəvayət etmişdir.

18.Abdullah ibn Əmrdən rəvayət olunur ki, Allahın elçis(sav) belə deyərdi: «Allahım! Borcun hədsiz dərəcədə çoxalmasından, düşmənin qələbəsindən və bədxahlığından Sənə pənah aparıram».
Hədisi Nəsai rəvayət etmiş, Hakim isə səhih hesab etmişdir.

19.Büreydədən rəvayət olunur ki, Allahın elçisi(sav)bir kişinin: «Allahım! Səndən başqa ibadətə layiq haqq məbudun olmamasına, Sənin tək, heç nəyə və heç kəsə möhtac olmamağına, doğmayıb doğulmamağına və Sənin tayının, bərabərinin və bənzərinin olmamasına şəhadət edərək Səndən diləyirəm» – dediyini eşitdi və dedi: «O, Allahın elə bir adı ilə Ona müraciət etdi ki, bu adla Allahdan nə istənilsə, Allah əsirgəməz, Allaha dua edənin duasını Allah cavabsız qoymaz».
Hədisi Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmiş, İbn Hibban isə səhih səhih hesab etmişdir.


Tarix: 25.04.2013 / 20:16 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 305 Bölmə: Maraqlı melumatlar
loading...