1.Abdullah ibn Əmrdan rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Zöhr namazının vaxtı günəşin zenitdə olmasından başlayır, insanın kölgəsinin özü boyda olmasınadək, yəni əsr namazının vaxtı girənədək davam edir. Əsr namazının vaxtı isə günəşin qızarmamasınadək, məğrib namazının vaxtı isə axşam şəfəqlərinin itməsinədək davam edir. İşa namazının vaxtı gecənin tam yarısına kimidir. Sübh namazının vaxtı isə dan yeri söküləndən başlayır, günəşin çıxmasına kimi davam edir». Hədisi Müslim rəvayət etmişdir.
Müslimin Büreydədən rəvayət etdiyi digər bir hədisdə isə əsr namazı barədə belə deyilir: «...hələ günəş ağ və açıq olaraq qalır».
Onun Əbu Musadan rəvayət etdiyi başqa bir hədisdə isə belə deyilir: «...hələ günəş səmada çox yüksəklikdə idi».
2.Əbu Barza Əsləmidən rəvayət olunur ki, Allahın elçisi (sav) əsr namazını qılardı və bundan sonra da şəhərin kənarında yaşayan bizlərdən biri hələ günəş yüksəklikdə olarkən evinə qayıda bilirdi. Allahın elçisi işa namazını gecikdirməyə üstünlük verər, ondan əvvəl yatmağı, ondan sonra isə söhbət etməyi bəyənməzdi. Sübh namazını isə insanlar öz ətrafındakılarını tanıya bildikləri zaman bitirərdi və namazda altmışdan yüzədək ayə oxuyardı. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
Onların Cabirdən rəvayət etdiyi hədisdə isə deyilir: «İşanı hərdən tezləşdirər, hərdən də gecikdirərdi. Camaatın toplandığını gördükdə tezləşdirər, gecikdiyini gördükdə isə gecikdirərdi. Sübh namazına gəldikdə isə onu Peyğəmbər (sav) hələ qaranlıq ikən qılardı».
2.Rafi ibn Xədicdən rəvayət olunur ki, məğrib namazını Allahın elçisi (sav) ilə birgə qıldıqdan sonra içimizdən biri bizdən uzaqlaşdı.O hələ də oxunun düşdüyü yerləri aydın görürdü. Hədisi Buxari və Müslim rəvayət etmişdir.
3.Aişədən rəvayət olunur ki, Peyğəmbər (sav) gecənin xeyli bir hissəsi keçənədək işa namazını yubatdı. Sonra namazı qıldı və: «Onun əsl vaxtı elə bu vaxtdır və əgər mən ümmətim üçün çətinləşdirməkdən qorxmasaydım...» – dedi.
Hədisi Müslim rəvayət etmişdir.
4.Əbu Hüreyrədən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Əgər havanın hərarəti daha da artarsa, onda namazı müvəqqəti təxirə salın çünki havanın həddən artıq isti olması Cəhənnəmin nəfəsindən irəli gəlir».
Hədisi Buxari və Müslim rəvayət etmişdir.
5.Rafi ibn Xədicdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Şəfəq parlamağa başlayanadək sübh namazını tamamlayın, çünki o sizin savablarınızın ən böyüyüdür». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Tirmizi və İbn Hibban hədisi səhih hesab etmişdir.
6.Əbu Hüreyrədən rəvayət olunur ki, Peyğəmbər (sav) buyurmuşdur: «Kim günəş çıxmamış sübh namazının bir rükətinə və kim də gün batmamış əsr namazının bir rükətinə çatmış olarsa, onda bu namazları vaxtında qılmış hesab olunur». Hədisi Buxari və Müslim rəvayət etmişdir
7.Üqba ibn Amirdən rəvayət olunur ki, Allahın elçisi (sav) bizə üç vaxt namaz qılmağı və ölü dəfn etməyi nəhy etmişdir: Günəş doğmağa başladığı vaxtdan tam doğanadək, günəşin tən ortada olduğu vaxt və günəş batmağa başladığı vaxtdan tam batanadək. Hədisi Müslim rəvayət etmişdir.
8.Cübeyr ibn Mutimdən rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Ey Əbu Manaf övladları! Heç kəsə bu evi təvaf etməyi, gecə və gündüz istədiyi vaxt namaz qılmağı nəhy etməyin». Hədisi Əhməd, Əbu Davud, Tirmizi, Nəsai və İbn Macə rəvayət etmişdir. Tirmizi və İbn Hibban hədisi səhih hesab etmişdir.
9.İbn Məsuddan rəvayət olunur ki, Allahın elçisi (sav) buyurmuşdur: «Əməllərin ən fəzilətlisi namazı vaxtında qılmaqdır». Hədisi Tirmizi və Hakim rəvayət etmiş və eyni zamanda da onu səhih hesab etmişdir. Hədisin əslini Buxari və Müslim rəvayət etmişdir.
Tarix: 25.04.2013 / 20:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 147 Bölmə: Maraqlı melumatlar