Əbu Səid (r.a) Peyğəmbərin (s.a.v) belə buyurduğunu söyləmişdir: “Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər. (İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz. Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər. Heç kəsə səbirdən daha xeyirli və daha böyük nemət verilməmişdir.” Buxari və Müslim.
((Buxari: Zəkat ? 1400. Müslim: Zəkat ? 1053. Tirmizi: Xeyirxahlıq və qohumluq əlaqələri ? 2024. Nəsai: Zəkat ? 2588. Əbu Davud: Zəkat ? 1644. Əhməd: 3/12. Malik: Cəmi ? 1880. Darimi: Zəkat ? 1646.))
ŞƏRH
Bu hədis ümumi ifadəli və faydalı dörd cümlədən ibarətdir.
Birincisi, Peyğəmbərin “Kim iffətli olmaq istəyərsə, Allah onu iffətli edər” kəlamıdır.
İkincisi, “(İnsanlara) möhtac olmaq istəməyən kimsəni Allah heç kəsə möhtac etməz.” cümləsidir.
Bu iki cümlə bir-birinə bağlıdır. Şübhəsiz ki, qulun kamilliyi onun rəğbət və qorxu hissi ilə Allaha olan ixlasında, özünü məxluqatdan deyil, yalnız Allahdan asılı tutmasındadır. O, bu kamilliyi əldə etmək üçün çalışmalı və ona aparan hər səbəbi etməlidir. Bununla da özünü insanlara qul olmaqdan azad edib Allahın layiqli bəndəsi olmalıdır. O, iki məsələdə nəfsinə qarşı cihad etməlidir. Birinci, yaradılanların əllərində olanları istəməməklə onlardan asılılığını qırmalıdır. Nə dili, nə də hal-vəziyyətini göstərməklə insanlardan istəməməlidir. Peyğəmbər (s.a.v) Ömərə (r.a) demişdir: “Əgər sənin canfəşanlığın və istəyin olmadan bu (dünya) malı sənə verilərsə, onu götür. Verilməsə, onun dalınca düşmə.” (Buxari: Zəkat ? 1473. Müslim: Zəkat ? 1045. Nəsai: Zəkat ? 2607. Əbu Davud: Zəkat ? 1647. Əhməd: 1/17. Darimi: Zəkat ? 1647.)
Peyğəmbər (s.a.v) bu sözləri ilə insanı minnətdən və asılılıqdan xilas edən, qəlbdəki canfəşanlığın və dil ilə istəməyin qarşısını alır. Bu, iffətin (saflığın, həyanın və s.) hasil olması üçün güclü səbəbdir.
Kamilliyin tam hasil olması üçün insan öz nəfsi ilə ikinci məsələdə də cihad etməlidir. Həmin məsələ, Allahın verdiyi ilə qane olmaq və yalnız Ona möhtac olmaq. Kim Allaha təvəkkül edərsə, Allah ona bəs edər. Məqsəd elə budur. Birinci səbəb buna vəsilədir. Kim insanların əllərində olanları və onlar vasitəsilə əldə edilənləri istəməzsə, bu onun Allahdan asılılığını gücləndirər, Allahın fəzilətini və yaxşılığını israrla istəyər, Allah haqqında xoş zəndə olar, Ona etibar edər. Allah da onun barəsində yaxşı zəndə olar. Əgər qul xeyir zənn edərsə, lehinə, pis zənn edərsə, əleyhinə olar.
Hər iki məsələ bir-birini gücləndirir. İnsanın Allaha olan bağlılığı gücləndikcə, yaradılmışlardan asılılığı azalar və əksinə.
Peyğəmbər (s.a.v) dualarından birində belə buyurur: “Allahım səndən doğru yolu, təqvanı, iffəti və möhtac olmamağı istəyirəm.”
( Müslim: Zikr, dua, tövbə və bağışlanma diləmə ? 2721. Tirmizi: Dualar ? 3489. İbn Macə: Dua ? 3832. Əhməd: 1/416.)
Peyğəmbər (s.a.v) xeyirli nə varsa bu duada cəmləşdirmişdir. Doğru yol, faydalı elmdir. Təqva isə, saleh əməl və bütün haramlardan çəkinməkdir. Bu da dinin islahıdır.
Bunun tamamı, iffətli olmaq və Allahın verdiyi ilə kifayətlənərək qəlbin islahı və arxayınçılığıdır. Kim Allahla kifayətlənərsə, qazancı az olsa da o, həqiqi zəngin olar. Çünki zənginlik mülkün çoxluğu ilə ölçülmür. Həqiqi zənginlik qəlbin zəngin və iffətli olmasıdır. Zənginliklə qulun gözəl həyatı, dünyəvi nemətləri və Allahın verdiklərinə qane olması tamamlanar.
Üçüncü, Peyğəmbərin (s.a.v) “Kim səbirli olmağa çalışarsa, Allah onu səbirli edər.” sözləridir.
Sonra dördüncü cümlədə xatırlatdı ki, əgər Allah qula səbir verərsə, bu ən fəzilətli və ən böyük nemət, Allahdan kömək diləmək üçün ən gözəl vasitə olar. Uca Allah buyurur: “Səbir etmək və namaz qılmaqla (Allahdan) kömək diləyin!...” (Bəqərə, 45) Yəni, bu səbəblərdən istifadə edib hər işinizdə kömək istəyə bilərsiniz.
Səbir digər əxlaq davranışları kimidir. O, nəfslə mübarizə aparmağa və onu çalışdırmağa ehtiyac duyur. Buna görə də Peyğəmbər (s.a.v) “Kim səbirli olmağa çalışarsa,” buyurmuşdur. Yəni, səbirli olmaq üçün nəfsi ilə mübarizə apararsa. “Allah onu səbirli edər” yəni, ona kömək olar. Səbir ona görə ən böyük nemətdir ki, o, qulun bütün işləri və onu kamilliyə aparan amillərlə bağlıdır. İnsan hər bir vəziyyətdə səbrə ehtiyac duyur. O, Allaha itaət işlərində, asilikləri Allah üçün tərk etməkdə, qəza və qədər çətinliklərinə dözüb qəzəbə düçar olmamaq üçün səbirli olmalıdır. Hətta Allahın verdiyi nemətlərə və nəfsə xoş gələnlərə də səbir göstərməlidir. O, nəfsin pis şeylərlə sevinməsinə imkan verməməli, əksinə nəfsini Allaha şükür etməyə öyrətməlidir. İnsan bütün hallarda səbrə möhtacdır və qurtuluş da məhz səbir ilə əldə edilir. Buna görə Allah Cənnət əhlini xatırladaraq buyurur: “...Mələklər də hər bir qapıdan (cənnət qapılarından) daxil olub (onlara): “(Dünyada Allah yolunda bütün çətinliklərə) səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdu (Cənnət) nə gözəldir!” – deyəcəklər.” (Rə`d: 23, 24). Başqa ayədə buyurur: “Məhz belələri (Allah yolunda bütün çətinliklərə, əziyyətlərə) səbir etdiklərinə görə cənnət guşəsi (Cənnətdəki yüksək məqamlardan biri) ilə mükafatlandırılacaq, orada (mələklər tərəfindən) ehtiramla, salamla qarşılanacaqlar.” (Furqan: 75).
Onlar Cənnəti neməti ilə birlikdə qazanacaq, səbir ilə yüksək məqamlara çatacaqlar. Lakin qul bu dünyada nəticəsinin necə olacağını bilmədiyi imtahanlardan qurtulmaq üçün Allahdan mərhəmət diləyir. Əgər birdən imtahan olunsa, vəzifəsi səbir etməkdir. Əslən insan bəladan və imtahandan uzaq olmağa çalışmalıdır. Onun səbəbləri və ona bağlı məsələlər olduğu zaman səbir etməlidir. Kömək edən yalnız Allahdır.
Allah Öz Kitabında və Peyğəmbərinin (s.a.v) kəlamlarında səbir edənlərə yüksək və möhtəşəm məsələləri vəd vermişdir. Onlara hər işlərində kömək edəcəyini, diqqəti və uğuru ilə onlarla birgə olacağını vəd etmişdir. Onları sevdiyini, qəlblərini və qədəmlərini sabit etdiyini, üzərilərinə sakitlik və əmin-amanlıq çökdürdüyünü, itaətləri onlar üçün asanlaşdırdığını, asiliklərdən qoruduğunu, müsibətlər zamanı salavat və rəhmətlə onları fəzilətli etdiyini söyləmişdir. Allah onları dünya və axirətdə yüksək məqama qaldıraraq, qələbə vəd etmiş, asana müyəssər edəcəyini və çətinlikdən uzaqlaşdıracağını bildirmişdir. Onlara səadət, qurtuluş və nicat vəd vermişdir. Mükafatlarını haqq-hesab çəkmədən verəcəyini, dünyada onlara sevimli olanların əvəzini qat-qat artıq və gözəl şəkildə ödəyəcəyini və düşdükləri xoşagəlməz vəziyyətlərini tez bir zamanda dəyişəcəyini öhdəsinə götürmüşdür. Səbir etmək ilk anında çətin və ağır gəlir. Lakin sonu asan və tərifəlayiq olur. Necə ki, beytdə deyilir:
Adı kimi dadı da acıdır səbrin,
Baldan şirindir nəticəsi səbrin.
--------------
MÖMİNLƏRİN
KÖNÜL MÜJDƏSİ
Müəllif:
AbdurRahmən əs-Sədi
Ərəbcədən tərcümə edənlər:
Ramil Həsənov
Abdur-Rahim Muradlı
Tarix: 08.04.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 316 Bölmə: Maraqlı melumatlar