Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çin mədəniyyəti

Çinin sivilizasiya tarixi minillikləri əhatə edən qədim mədəniyyətlərdən biridir. Çinlilərin özlərinin təsdiq etdikləri kimi, ölkənin tarixi e.ə. III minilliyin sonlarına gedib çatan Yao, Şunya, Yuya hakimlərinin hökmranlıq dövründən başlayır.
Çin sivilizasiyasının uzun illəri əhatə edən inkişaf yolu dünya mədəniyyəti tarixində mədəniyyətin tamamilə yeni unikal tipini yaratdı. Qərb və qonşu hind mədəniyyətlərindən fərqli olaraq Çin sivilizasiyası daha rasional və praqmatik səciyyə kəsb etmiş və edir. Hər bir çinli üçün ilk növbədə sosial etika və inzibati praktika müstəsnalıq kəsb edirdi.
Qədimdən başlayaraq çin mənəvi mədəniyyətinin spesifikasına rasional səciyyə xarakterikdir. Çinin erkən dinlərində yunan mifologiyasındakı allahların insan və canlı surətlərinə rast gələ bilmərik. Zevsin yerini bu mifologiyada mücərrəd və soyuq substansiya olan Səma təşkil edir. O, insana qarşı çox laqeyd və əlbəttə ki, insani hiss və həyəcanlardan uzaqdır. Bir xeyli müddətdən sonra ölkənin mənəvi mədəniyyətinə daha humanist ideyalar, mistik dünyagörüşləri nüfuz etdi və onların transformasiyası praqmatik nəticələrə gətirib çıxartdı.
Belə bir şəraitdə çin mədəniyyətində mifologiya qismən də olsa, təzahür olunmağa başlayır. Mif yaradıcılığı haqqında ilkin məlumatlar müdrik və ədalətli hakimlərin mifəbənzər, tarixiləşdirilmiş əfsanələrindən əldə edilir. Əfsanələrdəki qəhrəmanlara yüksək etik xüsusiyyətlər (ədalətlilik, müdriklik, xeyirxahlıq, sosial harmoniyaya cəhd və s.) xasdır. Bu qəhrəmanların həyatı dini ideyalar, fövqəltəbiilik, mistik dərketmədən uzaqdır. Görkəmli tarixçi L.S.Vasilyevin sözlərinə görə, qədim Çində erkən vaxtlardan demifologiyalaşma prosesi gedir, allahlar sanki yerə enərək müdrik və xeyirxah ədalətli xadimlərə çevrilir və Çini əsrlərlə idarə etməyə başlayırlar. Artıq Xanın dövründə (b.e.ə. III əsr – b.e.-nın III əsri) vəziyyət dəyişir və ritual etika çin ənənəvi mədəniyyətinin əsas simasını təmin edir.
Bir qədər sonralar konfutsiçilik, daosizm, moizm və buddizm çin mədəniyyətini zənginləşdirdi. Burada ən vacib rolu sosial-siyasət və inzibatçılığı dini-etik norma və tələblərə tabe etdirən konfutsiçilik oynadı. Daosizm də bir dini ideologiya kimi Çin mədəniyyətində xüsusi yer tutdu. Astrologiya, alkimya, çin təbabəti və s. – bütün bunlar daosizmin məhsullarıdır. Daosizm bir çox şair, rəssam və filosofları da öz ətrafında birləşdirmişdi. Bu, əlbəttə ki, konfutsiçiliyə qarşı çıxış deyildi, əksinə, daoçu ideyalar məhz konfutsi fəlsəfəsi əsasında bəhrələnmiş və yaradıcılıq üçün yeni imkanlar açmışdır. qədim Çin memarlıq nümunəsi
Ənənəvi Çin mədəniyyətinə buddizm özünəməxsus təsir göstərmişdir. Bu, din Çinə I-II əsrlərdə maxayananın şimal formasında daxil olmuşdur. Bu, Çinin həmin dövrdəki incəsənətini, ədəbiyyatını və xüsusilə də, memarlığını təzahür etdirir. Çoxsaylı məbədlər, monastırlar, nəhəng mağara və qaya kompleksləri, bədii kamillik, bütövlük mücəssəməsi olan paqodalar Çin memarlığına yeni sima bəxş edərək, sözün əsil mənasında onu dəyişdirmişdi. Çində ilk budda ehramı b.e. 67-ci ildə Loynada Ağ at məbədi kimi tikilmişdir. Çin budda memarlığının qızıl dövrü III-IV əsrləri əhatə edir. Bu dövrdə çoxsaylı paqodalar (budda məbədləri), buddanın simvolik rəmzinə çevrilmiş çoxtəbəqəli tikililər Çinin milli iftixarıdır. Belələrindən ən görkəmliləri Lunmenya, Yunhana, Dunxuana mağara kompleksləridir ki, burada dairəvi heykəltəraşlıq və freska, barelyeflər müstəsnalıq təşkil edir.
Buddizm Çin nəsrinin də əsasını qoymuşdur. Budda prototiplərinə həsr edilmiş novellalar bədii nəsrin aparıcı növlərindən birinə çevrildi. Bu isə öz növbəsində klassik Çin romanının təşəkkülünə ciddi təsir göstərdi.
Dao monastırları kimi, budda monastırları da Çin mədəniyyətinin mərkəzlərindən biri olmuşdur. Bu mədəni ocaqda şair, rəssam, alim və filosoflar vaxt keçirərək, öz əsərlərinin ilham duyğusunu, məhz buradan əldə edirdilər. Monastırların arxiv və kitabxanalarında Çinin yazılı mədəniyyətinin ən nadir və dəyərli inciləri qorunub saxlanılırdı. Bütün bunlar isə sənətsevər rahiblərin – tərcüməçilərin, surət çıxaranların hesabına həyata keçirilirdi. Çin budda sənətkarları kitab çapı üçün vacib peşə hesab edilən ksiloqrafiya sənətinin də əsasını qoymuşlar.
Çin xalqının mədəniyyətinə təsir göstərən buddizm əlamətlərindən biri də onun fəlsəfə və mifologiyası olmuşdur. Bu fəlsəfədə yoqların gimnastik təcrübələrindən başlamış, cənnət, cəhənnəm haqqındakı təsəvvürlərə qədər olan hər şey öz əksini hekayə və əfsanələrdə tapmışdır. Müqəddəs budda qəhrəmanlarının obrazı real tarixi qəhrəmanların həyatı ilə qarşılaşdırılır. Quaninin obrazı (bodhisatva Avalokiteşvara) Çində Çcou knyazlarından birinin qızının adı ilə bağı idi.
Çin mədəniyyətində bir çox adət-ənənələr buddizmlə bir əlaqədardır. Məsələn, çay və çayiçmənin təşəkkülü haqqındakı əfsanə buna aiddir. Bu əfsanəyə görə buddaçılar etiqad zamanı gümrah olmalı, bir çox saat ərzində hərəkətsiz qalmalıdır. Bu zaman mürgüləmək və ya yuxuya getmək – böyük günah, eyib hesab edlirdi. Lakin bir dəfə görkəmli patriarx Bodxidxarma etiqad prosesində özü də bilmədən yatır. Oyandıqdan sonra hiddətlənən patriarx öz kipriyini kəsir. Bu zaman yerə düşən qan damlalarından çay kolunun yarpaqları yaranır. Ondan hazırlanan içki isə insana gümrahlıq bəxş edir. Bu bir əfsanə olsa da onun mahiyyətində böyük bir hikmət vardır.

Çin ədəbiyyatının kökləri çox-çox qədimlərə gedib çıxır. Yaranmışəsərlər həqiqətən də möhtəşəmdir. Çin ənənəvi ədəbiyatı xronoloji prinsipə uyğun olaraq beş mühüm tarixi mərhələyə bölünür: b.e.ə. 206-cı ilə qədər; b.e.ə. 206 – b.e. 618-ci il; 618-1279; 1279-1911 və 1911-ci ildən bu günüdək (bunlar 1911-1949-cu illər və 1949-cu illərdən bu günə qədərki dövrü əhatə edən yarım qruplara bölünür).
Qədim Çin ədəbiyyatının ən məşhur abidəsi poetik ontologiya olan «Şitszin» («Nəğmələr kitabı») hesab olunur. Antologiyada 305 sayda şer toplanıb ki, bunlar da üç mühüm himn qrupuna (sun), odadan ibarət iki qrupa (ya), və 15 nəğməni əhatə edən (qofen) əsərlərə bölünür. Odaların ya (böyük, nəhəng) qrupunda saray həyatı tərənnüm olunursa, syao-ya-da (kiçik) cəmiyyəti tənqid edən müxtəlif bayramlar ifadə edilir. Şerlərin birinciləri Qərbi Çcou dövrünə (b.e.ə. XI əsr), sonuncu isə Yaz və Payız dövrünə (b.e.ə. VI əsrə) aiddir.
«Nəğmələr kitabı»nın ənənələri 300 ildən sonra da Çin ədəbiyyatının görkəmli nümayəndəsi şair Tsyuy Yuanin (348-278) dövrünə qədər davam etdirilmişdir. Şairin şerləri zərifliyi, rəngarəng mifoloji obrazları ilə fərqlənirdi. Bu şair Çində müəllif poeziyasının banisi hesab edilir. Şairin «Qovulanın kədəri» adlı odası lirikepik şer növündə nəsr nümunəsinin əlavə edilməsi ilə fərqlənən yeni bir janrın – «fu»nun əsasını qoyur.
Digər şair Sun Yuy isə (290-223) oda poeziyasını daha da inkişaf etdirmişdir. O, Çində qadın gözəlliyini, məhəbbətini vəsf edən ilk şairdir. Onun «Tainin hündür dağları», «Ölməzlik haqqında oda» adlı əsərləri buna misaldır.
Çin ədəbiyyatı janr rəngarəngliyi ilə seçilir. Məsələn, Xan sülaləsi dövrünə (b.e.ə. 206-cı il – b.e. 220-cı il) «fu» janrı xasdırsa, Tan dövrünə (618-906) «şi» şer janrı, Sun dövrünə (960-1279) «tsı» şeri xarakterikdir.
Xan dövrünün «fu» janrı, öz növbəsində iki növü ilə «syaofu» və «dafu» şerləri ilə fərqləndirilirdi. Tan və Sun dövrünün şairləri şer düzülüşü qaydalarına ciddi riayət edirdilər.
Xan dövrünün görkəmli nümayəndəsi Sıma Syancu (b.e.ə. 179-118-ci il) hesab edilir. O şerlərində imperator U-dini vəsf etməklə onu «nəhəng insan» adlandırırdı. Məhz bu dövrdə Çinin ən məşhur tarixi əsəri olan «Tarixi qeyd»lər yazılır ki, bunun da müəllifi Sıma Tsyanya hesab olunur. Əsər 130 hissə və 520 min ieroqlifdən ibarətdir. Yüksək bədii səviyyədə yazılmış bu tarixi ədəbi nümunə sonrakı dövrlərdə Çinin nəsr və dramının inkişafına güclü təsir göstərdi.
Çin poeziyasının digər inkişaf dövrü Vey (220-265) və Tszin (265-420) sülalələrinin hakimiyyəti illərini əhatə edir. Bu dövrün ən tanınmışşairləri Tsao Tsao, Tsao Pi, Tsao Çci, cuan Tszi, Tszi Kan, Tao Yuanmindir. Bu şairlərin yaradıcılığı digər dövrlər üçün əhəmiyyətli rol oynadı.
Cənub və Şimal sülalələrinin hakimliyi dövründə (420-589) xalq mahnıları, lirik əsərlər daha üstünlük təşkil edirdi. Xüsusilə hərbi ruhda olan əsərlərə üstünlük verilirdi.
Suy (590-617), Tan və Sun sülalələrinin hakimliyi dövründə isə ədəbi poeziya bütün cəmiyyətin başlıca xüsusiyyətinə çevrildi. Şer ən gözəl hədiyyə növü hesab edilirdi. Bunlardan 50 minə yaxını dövrümüzdə qədər gəlib çatmışdı. Bu dövrün tanınmışşairləri Du Fu (712-770), Bo Tszyuyi (772-846), Sıkun Tu (837-908), Van Vey (699 və ya – 701-759; və ya 761)dır.
Bu təhlildən bir daha aydın olur ki, qədim Çinin tarixinin zənginliyi onun ədəbi mühitinə də güclü təsir göstərərək müxtəlif şer, nəsr məktəblərinin formalaşmasına təsir göstərmişdir.

Ədəbiyyat kimi, qədim Çin təsviri sənəti də rəngarəng səciyyə kəsb edir. Çinin ənənəvi rəngkarlıq janrı «qoxua» hesab edilir. Bu kağız və ya ipək üzərində qara və ya kül rəngli tişə ilə rəsmlərin təsvirindən ibarətdir. Qoxuanın əsas mövzusu dağ, çay, gül və quşları təsvir edən peyzajlardır. Təsvirlərin hər bir elementi rəmzi məna kəsb edir. Bu rəngkarlığın əsas məktəbləri Suy, Tan, Sun sülalərinin hakimiyyəti dövrünə aiddir. Bu dövrün «qoxua» təsvirlərindən dövrümüzə gəlib çatanı Suy zəmanəsinə aid olan rəssam Qu Kayçcinin «Yazın sonu» adlı əsəridir.
Tan rəssamlığının nümayəndələrinə isə, Yan Liben, Yuyçi İtszen, Li Sısyun, U Daotszı, Van Ven aid olsa da, dövrümüzə yalnız Fan Kuanyanın «Qarla örtülmüş dağ» və d. əsərləri gəlib çatmışdı.
Çində rəngkarlıqla eyni vaxtda kalliqrafiya da inkişaf etmişdi. Hətta onun incəsənətin ən ali növü kimi dərk olunması qəbul edilmişdi. Qədim çinlilər yazılarda xətlərin ifadəliliyi, bədiiliyi, zərifliyinə diqqət yetirir, onların kompozisiya quruluşuna, qrafik elementlərin vəhdətinə xüsusi incəliklə yanaşırdılar. Görkəmli kalliqraflar b.e.-nın II əsrinə təsadüf etsə də, onun Çində çiçəklənmə dövrü IV-V əsrlərə aid edilir. Bu zaman kalliqrafiya xüsusi sənət növü kimi 4 ali keyfiyyəti ilə fərqləndirilirdi: şen-tam həyatilik və enerjini əks etdirən üslub kimi; tsi – fırça zərbələrinin qətiyyət və gücü; yun – ritm və tarazılıq; vey – estetik keyfiyyət, xassə kimi özünə yer tutmuşdu. IV əsrdə Çinin ən görkəmli kalliqrafı Van Siçci idi. Onun 353-cü ildə yaratdığı «Səhləb çiçəkli çardaq» kalliqrafik rəsminə uzun illər, əsrlər digər dünya rəssamları oxşarlar çəksələr də, həmin əsərin gözəlliyini yarada bilməmişlər.

Çin incəsənətin digər sahələrində də öz qədimliyi ilə seçilən ölkələrdəndir. Teatr növü bu sahədə ən irəlidə olan incəsənət növlərindəndir. Qədim Çin teatrı öz rəngarəngliyinə görə dünyanın ən zəngin teatrlarından hesab olunur. Kölgə və kukla teatrlarının 60-dan çox növü məlum idi. Müasir opera teatrı məhz bu ənənələr üzərində formalaşmışdı.
Çinin musiqisinə gəldikdə isə, hələ b.e.ə. I əsrdə bu qədim ölkədə 80-ə yaxın milli musiqi alətinin olmasını söyləmək buradakı vəziyyəti anlamağa geniş imkan açır. Musiqinin inkişafı prosesində qədim Çində beşəsas ənənəvi musiqi janrı formalaşmışdı: mahnı, rəqs musiqisi, nəğməli nağıllar musiqisi, yerli opera musiqisi və instrumental musiqi. Çinin musiqi mədəniyyəti bir neçə dəfə çiçəklənmə dövrü keçirmişdi. Qədim klassik musiqi nünunələrinə tsinyada ifa olunan (7 simli alət) üçün «Quanlinsan» adlı pyeslər, xutsya fleytası üçün 18 hissəli süita, «Dairəvi tutqu» pyesi, nəfəsli və simli alətlərdə ifa olunan «Yaz çayında ay işığı və çiçəklər» pyesi və s.
Çin musiqi mədəniyyətinin çiçəklənmə dövrü Suy və Tan sülalələrinin hakimiyyəti dövrünə təsadüf edir. Bu dövrdə oxuma, rəqs və instrumental musiqini birləşdirən musiqili tamaşa – «datsyuy» yaradıldı. Bu janrın ən məşhur nümunələri «Tsin knyazı düşmənləri məhv edir», «İccou» və «Lyançcou» adlı əsərlərdir.
Teatr və dramatik sənətlər içərisində Çin sirk sənəti də qədim səciyyə kəsb edir. Bu janr öz kökünü insanların həyatı, məişəti, dini adət və mərasimlərindən götürür.
Sirk akrobatikası incəsənətin müstəqil növü kimi Yaz və Payız dövrünə (b.e.ə. 770-476 illər) aiddir. Bunu tarixi sənədlər təsdiq edir. Tan sülaləsinin hakimliyi dövründə bu sənət daha da təkmilləşdirildi. Freskalardakı təsvirlər təkcə akrobatları deyil, rəqqas və çovğanları da əks etdirir. Min və Tsin sülalələrinin hökmranlığı dövrlərində isə akrobatik tamaşaların xarakteri dəyişərək yeni forma əldə edir. Bu zaman əsas diqqət ifaçılıq dinamikasının mürəkkəbliyinə, çətinlik səviyyəsinə yönəldilir. Bu illərdə akrobatika incəsənəti Pekin operasının tərkib hissəsinə çevrilir.
Qədim Çin mədəniyyətinin ən geniş yayılmış sənət növlərindən biri də dekorativ-tətbiqi incəsənət idi. Bu sənət aşağıdakı sahələr üzrə inkişaf edirdi: metal üzrə iş; toxuculuq, kağız, rəngli fonar, süni çiçəklərin, lak-şirəli məhsulların, kağız ilanların hazırlanması. Nefrit, fil sümüyü üzərində oyma, nəqş işləmələri dünya miqyasında tanınmış sənət növləridir. Çini və keramika Çinin ən qədim kəşflərindən biridir.

Qədim Çin mədəniyyətində mühüm yer tutan mədəni hadisələrdən biri də milli bayram və festivallar idi. Belə ki, hələ qədimlərdən çinlilər müxtəlif hadisələri tən-tənə ilə keçirtməyi, ona bayram əhvali-ruhiyyəsi verməyə diqqətlə, hörmətlə yanaşmışlar. Bunlardan ən qədimi Bahar bayramı, fonarlar Bayramı, əcdahalı qayıqlar Bayramı, «Payızın ortası» bayramıdır.
Bahar Bayramı ay təqviminə uyğun olaraq Çində Yeni il kimi, ümumxalq təntənəsi kimi müasir günədək gəlib çatmışdır. Hələ Sya sülaləsinin hakimiyyəti dövründə (b.e.ə. XXI-XVI əsr) Ay təqviminə uyğun olaraq birinci gün ilin başlancığı kimi qeyd edilirdi. Xan dövründən isə (b.e.ə. 206-cı il – b.e. 220-ci il) bu ümumxalq bayramı kimi qeyd edilməyə başladı.
Tan dövründən Ay təqviminin birinci ayının 15-ci günü Fənər bayramı keçirilməyə başlanıldı. Əcdahalı qayıqlar Bayramı isə Ay təqviminə uyğun 5-ci ayın 5-ci günü keçirilir. Bu mərasim görkəmli şair Tsyuy Yuanyanın şərəfinə keçirilr. Onun keçirilməsi şairin doğma vətəni Çu knyazlığının Tsin tərəfindən zəbti zamanı şairin özünü Milo çayına atması ilə əlaqədardır.
Beləliklə, qədim sivilizasiyanın mühüm tərkib hissəsini təşkil edən çin mədəniyyətinin çox möhtəşəm yeri vardır. Öz unikallığı və humanizmi ilə fərqlənən qədim çin mədəniyyəti sonrakı tarixi dövr və mərhələlər üçün zəngin irs qoymuşdur.


Tarix: 09.12.2014 / 13:15 Müəllif: Aziza Baxılıb: 290 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)
loading...