Müasir dövrdə ibtidai cəmiyyətdə kulturoloji fikrin inkişafın araşdırılması cəmiyyətmizin aktual məsələlərindən birinə çevrilmişdir. Yer üzündə yaşamış insanlar öz həyat tərzləri ilə bağlı zəngin bir tarixi-kulturoloji iz qoyub getmişlər. Keçmişə aid olan maddi mənbələr (əşyalar), yazılı qaynaqlar bu günə qədər qalır və tariximizi, kulturoloji baxımdan öyrənməyə imkan verir. Maddi mənbələr əsasən yaşayış yerlərindən və qəbir abidələrindən əldə edilir. Yazılı qaynaqlar, kitabələr isə qayalar, daşlar, sümük və gil lövhələr, papirus və s. əşyalar üzərindədir.
Maddi mədəniyyət abidələri (yaşayış yerləri, qəbir abidələri, qayaüstü təsvirlər və s.) və tədqiqat nəticəsində əldə edilmiş materiallar (əmək alətləri, silahlar, bəzək əşyaları və s.) qədim keçmişi öyrənmək üçün son dərəcə əhəmiyyətli tarixi-kulturoloji mənbələrdir. Bu abidələr vasitəsilə qədim insanların yaşayış tərzi, istifadə etdikləri əmək alətləri, adət-ənənələri, dini görüşləri haqqında məlumatlar əldə edilir, onların davranış və məişət həyatı, məşğuliyyəti və ictimai münasibətləri kulturoloji baxımdan öyrənilir və tədqiqat obyektinə çevrilir.
Qədim dövrun maddi mədəniyyət abidələri və yazılı qaynaqları ibtidai icma dövrün mədəniyyətinin tərkib hissəsini təşkil edir.Bəşər tarixinin ilk mərhələrində meydana gələn ibtidai mədəniyyət ən qədim mədəniyyət tipi olub ibtidai insanların bütün tarix boyu varlığını müəyyən edir. İbtidai icma cəmiyyətin tarixi ilk dəfə amerikalı etnoqraf L.Morqan öyrənməyə başlamış və “Qədim cəmiyyət” adlı əsər yazmışdır.
Həmin dövrun müxtəlif tipli qəbir abidələri- daş qutu qəbirlər, torpaq qəbirlər, kurqanlar, küp qəbirlər, taxta qutu, katakomba və onlardan əldə edilmiş materiallar qədim insanların adət-ənənələri,dünyagörüşləri, dini inancları və s. haqqında geniş kulturoloji məlumatlar verir.Kulturoloji məlumatlardan biz İbtidai cəmiyyətdə kulturoloji fikrin inkişafını da öyrənirik.
Qəbir abidələri insanlar arasında müxtəlif dəfn mərasimlərinin mövcud olduğunu göstərir. Mərhumun qırmızı oxra ilə boyanması, parçalanaraq, yandırılaraq dəfn edilməsi adətləri olmuşdur. Dəfn adətləri və qəbir avadanlıqları qədim insanların axirət dünyasına inamlarının olduğunu göstərir.
Təqribən beş min il bundan əvvəl bəzi xalqlarda yazı meydana gəlmişdir. Papirus, gil lövhələr, ağac, daş, dəri, parça, kağız və s. üzərində yazılı tarixi mənbələr dövrümüzə qədər gəlib çıxmışdır. Hələ qədimdə əl ilə kitablar yazılmışdı. İsgəndəriyyə kitabxanasında 700 min cild əlyazmasında kitab olmuşdur. İndiyə qədər qalmış yazıların çoxu oxunmuşdur, lakin hələ də alimlərin oxuya bilmədiyi bəzi yazılı mənbələr var. Alimlər bu yazılı tarixi mənbələr (sənədlər) əsasında tarixi-kulturoloji biliklər əldə edirlər.
İbtidai-icma quruluşunun dağılması və sinifli cəmiyyətin meydana gəlməsi ilk dəfə qədim Şərqdə baş vermişdir. Quruluşa xas olan bir sıra təsərrüfat formaları, dini təsəvvürlər, adət-ənənələr, mədəniyyət və incəsənət formalarının izləri sonrakı tarixi mərhələlərdə də öz əksini saxlamışdır.
İlk yazı növü - piktoqrafiya (şəkli yazı, heroqlif) qədim Şərqdə icad edilmişdir. Qədim şumerlər, hindlilər, elamlar pıktoqrafik yazı sistemini yaratmış və bundan təsərrüfat hesabı aparmaq uçun istifadə etmişlər. E.ə. IV minilliyin sonunda piktoqrafiya artıq tətbiq olunurdu. Piktoqrafiyanın ümumi oxşar cəhətlərinə baxmayaraq, onu işlədən hər bir xalqın ayrılıqda müstəqil yazı yaradıcılığı olmuşdur.Piktoqrafik yazının icad edilməsi ibtidai cəmiyyətdə kulturoloji fikirin inkişaf etdirən istiqamətlərdən biri olmuşdur.
Şəkli yazı mürəkkəb fikirləri ifadə edə bilmirdi. Elamda şəkli yazı əsasında xətti yazı yaradılmışdı. Artıq burada hər bir işarənin heca oxunuşu vardı. Şumerdə şəkli yazının inkişaf mərhələsini mixi yazı işarələri təşkil edirdi. İşarələr bəzi hallarda şəkli (ideoqrafık) oxunuşu saxlamış, digər hallarda isə heca kimi tələffüz olunurdu. E.ə. III minilliyin ortalarında artıq mixi yazıdan geniş istifadə edirdilər. Bu yazı sisteminin yaradıcısı şumerlər idi. Mixi yazılar müəyyən dəyişiklik ilə qonşu xalqlar, o cümlədən akkadlar, elamlar, hürrilər, urartlar, farslar və başqaları tərəfindən mənimsənilmiş, təsərrüfat və salnamə mətnlərinin tərtib edilməsində istifadə olunmuşdur. Şumer mixi yazıları akkadlılar tərəfindən təkmilləşdirilmişdi. Şumer-Akkad mixi işarələrinin sayı 600-dən çox olmuşdur. Hər işarənin bir neçə hecalı mənası var idi. Qonşu xalqlar mixi yazıları öz dillərinə uyğunlaşdırmış, işarələrin sayını azaltmışdılar.
Şərq tarixinin son dövründə ən geniş yazı sistemi arami yazısı olmuşdu. Arami dili Şərqdə beynəlxalq dilə çevrilmişdi. Ümumiyyətlə kulturoloji fikirin inkişafında və yayılmasında yazı sisteminin də özünəməxsus yeri vardır. Müxtəlif istiqamətlərdə araşdırmalar apardıqda məlum olur ki, ibtidai cəmiyyətdə kulturoloji fikirin inkişafı əsasən “insan xarakteri” ilə biləvasitə bağlı olmuşdur.
İnsan xarakteri mürəkkəb olub, kosmik, bioloji, psixi, sosial və mədəni aspektlərə malikdir. Bu baxımdan ibtidai mədəniyyət dedikdə, böyük tarixə malik yığıcılıq və ovçuluq mədəniyyəti nəzərdə tutulur. İbtidai mədəniyyətin spesifik xüsusiyyətlərindən biri onun yekcinsliyidir. Müasir kulturologiyada sosial-mədəni sistemlərin katerogen (qeyri-yekcins), qomagen (yekcins) və qomeostatik tiplər kimi üç tipi göstərilir. Birincisi üçün aksioloji (dəyər) plüralizmi; ikincisi üçün differensiyasiya edilmiş, antaqonist maraqlara malik olan çoxsaylı sosial qrupların mövcudluğu səciyyəvidir
İbtidai cəmiyyətdə kulturoloji fikirin inkişafı ibtidai mədəniyyətlə qarşılıqlı əlaqəda olub və ibtidai-sosial-mədəni sistemin inkişaf dinamikasına təsir göstərir. İbtidai-sosial-mədəni sistem öz inkişaf dinamikasına malik olub, mövcud sistemli strukturun yenidən dirçəlməsinə imkan verir. İbtidai mədəniyyətin digər xüsusiyyəti onun sinkretikliyidir ki, bu da öz təcəssümünü totemizmdə tapmışdır. Onun üçüncü xüsusiyyəti isə tabu (qadağalar) mədəniyyətini təmsil etməsidir.
30 min il ərzində arxaik mədəniyyət aradan çıxmamış, bu gün də yaşayır. «Əcdadlar kultu» formasında tarixi dünya anlamı prinsipini insanlar çox qədim dövrlərdə dərk etmişlər. Onlar yaxınlarının birdəfəlik bu həyatı tərk etməsinə inana bilmirdilər. Belə hesab edirdilər ki, ölülər onlarla yanaşı yaşayır, davranışlarını, adətlərə sədaqətlərini müşahidə edirlər. Deməli indi ilə keçmiş arasında bir növ asılılıq, qırılmaz əlaqə mövcuddur. Mədəniyyət elementləri bu cür yaranmışdır.Mədəniyyət elementlərin yaranması bir növ ibtidai cəmiyyətdə kulturoloji fikirin inkişafının göstəricisi idi.
Müasir dövrdə biz onları «tarixi yaddaş», «məsuliyyət», «vətənpərvərlik», «vicdan», «ləyaqət», «borc» və s. adlandırırıq. Arxaik mədəniyyətin qalıqları saysız-hesabsız xırda şeylərlə məsələn, kosmik gəmidəki həmail (gözmuncuğu), qaranlıqdan qorxma, tatuirovka (bədənə şəkillər döydürülməsi) və s. göstərmək olar. Bunlar yuxarıda qeyd etdiyimiz kimi, saysız hesabsızdır. Burada müəyyən qanunauyğunluğun olduğunu nəzərə almaq lazımdır. Həyati situasiyalar (doğum, ölüm, dəfn, nikah, xəstəlik və s.) əhəmiyyətli olduğu qədər də ibtidai mədəniyyət irsi, onun mərasim, simvol, psixoloji qaydaları və stereotipləri də mühüm yer tutur.
Bəzi tədqiqatçılara görə müasir cəmiyyətin mədəniyyətində sivilizasiya təbəqəsi olduqca zəifdir və çətin situasiyalarda (zorakılıq, aclıq, qorxu, sosial böhran və kütləvi psixoz) onlar tez təzahür edir. Bu zaman ibtidai şüurun güclü fantomları təzədən dirçəldilir, müvafiq mədəni forma alır, müharibə təbilləri gurlayır, insanlar təsəvvürlərində yaratdıqları düşmən cəsədləri üzərində rəqs edir, onların məhv edilməsinə ürəkdən sevinirlər.
On min illərlə bir dövrü əhatə edən ibtidai mədəniyyətdə ümumi, bütöv olan bir şey tapmaq mümkündürmü? İbtidai mədəniyyətin inkişafında çoxsaylı mərhələlərin olduğunu çox az adam inkar edə bilər. Müasir Avstraliya aborigenləri, eskimoslar, Cənubi Amerika ovçuları-hindularının mədəniyyətində ümumi qanunauyğunluqlar tapmaq olduqca çətindir. Görəsən bizim şüurumuzla ibtidai insanın şüuru arasında köklü fərqlər olmuşdurmu? Bu sualın cavabının birinci variantını təkamül məktəbinə daxil olanlar verir. Əsas müddəa budur: insan psixikası cəmiyyətin inkişafının bütün mərhələlərində birtiplidir. Təfəkkür qanunları universal və dəyişməzdir.
İbtidai cəmiyyətdə kulturoloji fikirin inkişafına dinə qədərki fikirlərinə aid nəzəriyyələrin və dindən sonrakı fikirlərin müəyyən təsiri olmuşdur. İbtidai insanların dinə qədərki fikirlərinə aid nəzəriyyələr kifayət qədər əsaslandırılmamışdır, çünki ibtidai insanların dünya haqqında təsəvvürlərinin müxtəlif formalarına aid materiallar daha çoxdur. Əgər buraya ibtidai inkişaf mərhələsində yaşayan, məsələn, Avstraliya aborigenlərini və b. həyat tərzinin öyrənilməsini də daxil etsək, güclü və zəngin material əldə etmiş olarıq.
Kulturoloji fikirin inkişafını ilkin dini təsəvvürsuz qəbulu bir qədər düzgün olmazdır. Çünki, ilkin dini təsəvvürlər kompleksi çoxcəhətlidir. Lakin onların əksəriyyəti son nəticədə təbiətdə insanın yeri və rolu, insanın ətraf aləmlə əlaqələrinin öyrənilməsi baxımından bir sıra forma və metodlara bölünür. Bu formalar totemizm, animizm, magiya, fetişizm və mifologiyadan ibarətdir. Yuxarıdakı formaların hamısı vacib olsa da, onların içərisində mifologiya özünəməxsus yer tutur. Mifologiyada insanlara öz totem-əcdadları ilə əlaqəsini, təbiətin bu və ya digər qüvvəsinin canlılaşdırılması, fetişin və magiyanın sehrli gücünü izah edən material istənilən qədərdir.
Müxtəlif xalqların rəngarəng miflərinin və müxtəlif adlar altında çıxış edən allahları, qəhrəmanları və mifik hökmdarlarının olmasına baxmayaraq, ən qədim dövrlərdə bəşər mədəniyyətinin ümumi cəhətlərə malik olması heç kimdə şübhə doğurmamalıdır. Bu vəhdətin mövcudluğu mifin özünün atribut və s. cəhətləri ilə bu və ya digər sosial-etnik birliklərin müəyyən inkişaf mərhələsində xalqların mənəvi mədəniyyəti və mental təcrübəsinin nümunəsi rolunda çıxış etməsi tamamilə doğrudur. Lakin mif təkcə xatirə yaddaş deyil, həmçinin insan fikrinin sərbəst uçuşudur ki, cəlbedici mədəniyyət dünyasına daxil olmaq üçün göstərilən cəhdin nağıl xassəli, fantastik və realist istəkləri məcmusu hesab oluna bilər. İnsan fikri gündəlik konkret qayğılardan xilas olaraq poetik səyahətin sonsuz nöqtələrinə doğru istiqamət götürə bilir. Mifdə müasir sivilizasiyanın mənəvi potensialını doğuran ilkin rüşeym açıq-aydın görünür. Qədim cəmiyyətlərdə dünyanın dərki və insanın oradakı yeri əslində mifdə, mifologiyada səlis şəkildə anlaşıla bilərdi. Mif fərdi şüura qarşı qoyulan, ondan köklü şəkildə fərqlənən kollektiv şüurun inikasıdır. Mif mədəniyyətin kollektiv tərəfindən sakral dərk edilməsidir. Mif ilkin dini təsəvvürlər komplektinin mərkəz oxu olmuşdur. Onun ümumi mədəniyyətlə əlaqəsi şəksizdir. Mif ilkin fikrin məcburi, zəruri formasıdır.Mif kulturoji fikrin həmçinin dərki deməkdir. Onun formalaşdığı kollektiv təsəvvürlər nə praktik müşahidələrin rasionalizminə, nə də abstrakt mühakimələrə əsaslana bilməzdi. Qrupların təsəvvürləri, hər şeydən əvvəl emosional əhval-ruhiyyəyə, özünü gerçək mühitə daxil etməyə arxalanır.
Arxaik mədəniyyəti və kulturoloji fikiri təcəssüm etdirən miflər haqqında müasir təsəvvürlər bir sıra nəticələri çıxarmağa imkan verir:
Miflər adamların öz varlığını dərk etmək və şüurlu şəkildə emosional və məntiqi assosiasiyaların köməyi ilə varlıqla çulğaşmaq cəhdidir.
Mifoloji təfəkkürün xüsusiyyətləri ümumi, mücərrəd anlayışların çatışmamağı ilə əlaqədardır.
Mif ibtidai insanın şüurunun intuitiv olaraq təbiət hadisələrinin qaydası və qanunauyğunluğunun dərk edilməsidir.
Miflərin quruluşu insan psixikasının müəyyən xüsusiyyətlərini ifadə edir.
Miflər kollektiv təcrübə ilə əlaqədardır, bu isə individ üçün etiqad obyekti, əcdadların müdrikliyi kimi olmuşdur. Fərdi təcrübə onu dəyişdirə bilmir; mif əcdadların etiqadı kimi, subyektin işi kimi yoxlanmırdı, məntiqi əsaslandırılmağa ehtiyac hiss etmirdi.
Mif təbiətin qanunauyğunluğunu əks etdirirdi, mücərrəd təfəkkürün zəifliyinə görə onları şəxsləndirirdi, onları şüurlu fəaliyyət göstərən iradə ilə birləşdirirdi. Buradan isə mifologiyanın əsas fəaliyyət göstərən simaları-allahlar təzahür edirdi.
Mifologiya - insanın özünü ifadə etməsi vasitəsidir. Mif insan yaradıcılıq qabiliyyətinin təzahürünün ən qədim və əbədi formasıdır. Miflər sistemi, müxtəlif tipli mifologiyalar özündə bəşər mədəniyyətinin müxtəlif forma və tiplərini əks etdirir.
Totemizm, animizm, magiya. Totemizm (Şimali Amerika hindularının dilindən götürülmüşdür). Totemizm totemə (onun qəbiləsi sözündəndir) - insan kollektivlərinin (qəbilə, tayfa) ilə müəyyən heyvan və bitki növləri, habelə hər hansı bir predmet arasında guya mövcud olan fövqəltəbii qan qohumluğu əlaqələrinə etiqad edilməsindən ibarətdir
İbtidai insanların istehsal fəaliyyəti, qəbilə və tayfaların sayı artdıqca, balıq totemləri və bitki totemləri haqqında təsəvvürlər yaranıb möhkəmlənirdi. Nəticədə xüsusi totem bayramları yaranır, həmin totemin yeyilməsi mərasimi bu bayramlarda əsas yer tuturdu. Əslində mərasimin bu cəhəti kollektivin qüvvəsini, onun əti yeyilən totemlə qan qohumluğunu möhkəmləndirməli və bununla da totemin təkrar istehsalına zəruri şəraitin təminatçısı olmalı idi.
Totemizm elementləri özünü mifologiyada daha çox qoruyub saxlaya bilmişdir. Mifologiya isə özlüyündə ibtidai cəmiyyətin fəlsəfə tarixi hesab oluna bilər. Həmin cəmiyyətin dünyagörüşü isə mahiyyətcə mifoloji xarakter daşımışdır. Lakin həmin cəmiyyətin mənəvi-konseptual və idrakı sahələrində onun mədəniyyətinin iki qatı olan totemizm və magiya (sehrbazlıq) mühüm rol oynamışdır.
Animizm insanlarda anlayış yaratmaq qabiliyyəti özünü göstərəndən sonra əmələ gəlmişdir. Bu inkişaf mərhələsində aləmin ikiləşməsinə - real və fövqəltəbii aləmə bölünməsinə imkan yaranır. Sonralar fövqəltəbii aləmin real aləmə üzərində hakim olması haqqında inam formalaşır. İbtidai insanın aləmi onun fantaziyasının məhsulu olan ruhların insanların, heyvanların, bitkilərin, təbiət obyektlərinin, insanın yaratdığı predmetlərin ruhlarının «məskənidir».
İbtidai xalqların mədəniyyətində magiya (sehrbazlıq) da mühüm rol oynamışdır. Magiya da ibtidai dini etiqadlara aiddir. Magiya müəyyən simvolik hərəkətlər (tilsimləmək, ovsunlamaq və s.) yolu ilə, yəni fövqəltəbii yolla ibtidai insanın hər hansı təbii hadisələrə təsir göstərmək imkanına olan etiqadından ibarətdir. İbtidai cəmiyyətlərin üzvləri sehrbazlıq üsulları ilə hadisələrin gedişinə özünün arzu etdiyi istiqamətdə təsir göstərməyə çalışırdılar. Magiya sonralar inkişaf etmiş dinin daha mühüm ünsürlərindən birinə çevrilmişdir, hər bir müasir dini kult sehrbazlıq hərəkətlərinin (ayinlər, sirlər, ibadətlər və s.) müəyyən sistemini özündə birləşdirir. Sehrbazlığın ovsunlamaq, falçılıq, qabaqcadan xəbər vermə, «bəd nəzər», caduya inam, «bağlamaq» və s. kimi qalıqları indi də məişətdə qalmaqdadır.
İbtidai cəmiyyətlərdə geniş yayılmış etiqad formalarından biri də fetişizm hesab olunur. Fetişizm (fransızca fetiche - büt, tilsim deməkdir) müxtəlif maddi əşyaların fövqəltəbii xassələrinə etiqad olunmasına deyilir. İbtidai insanın müxtəlif əşyalardan, məsələn, daşlardan, ağaclardan, sonralar isə amuletlərdən (gözmuncuğularından, dualardan və s.), bütlərdən və s. fövqəltəbii kömək almaq ümidi fetişizmdə əks olunurdu. İbtidai cəmiyyətdə yaşamaq taleyinə düşən insanın praktiki fəaliyyətinin inkişaf etməsi və onun dərketmə imkanlarının məhdudluğu fetişizmin ilk mənbələri olmuşdur. İbtidai dövrlərdə fetiş öz-özlüyündə real mövcud olan predmet kimi pərəstiş obyekti olmuşdur. Sonralar isə onda «məskunlaşan» gizli fövqəltəbii qüvvə haqqında təsəvvürlər meydana çıxır. Fetişizm dini pərəstişin zəruri komponentidir. Möcüzəli ikonalara, xaça, quru cəsədlərə, «müqəddəs yerlərə pərəstiş edilməsi, tilsimlərin, amuletlərin, boyundan asılan xaçların və s. möcüzələr doğurduğuna etiqad edilməsi müasir dini praktikada fetişizmin daha xarakterik təzahürləridir.
Cəlbedici predmetlər, gözəl görünən, eləcə də çirkin görünən şeylər fetişə çevrilə bilər. Predmet-əşya forması kimi fetişizm Qərbi Afrikada çox yaxşı saxlanılmışdır. Burada fetişlər hər yerdə nəzərə çarpır. Ən geniş surətdə yayılmış canlı fetişlər ilan (əjdaha) və qarğadır. Canlı fetişlər qəbilə üzvləri üçün eyniləşdirici başlanğıcı ifadə etmirdi, onları eyni hesab etmək olmazdı. Onlar ya totemizmin özünəməxsus qalıqları, yaxud da güclü, müstəqil ruhların daşıyıcıları idi. Bəzi hallarda qəbilə üzvləri onlardan yararlana bilərdi. Ona görə də bir xalqın bir neçə canlı fetişi olurdu.
Mədəniyyət tarixinin bir çox səhifələri fetişizmlə əlaqədardır, lakin onlardan biri müasir insana olduqca amansız və qəbuledilməz şəkildə görünür. Söhbət kannibalizmdən (adam yeməkdən) gedir. Kannibalizm çox qədim tarixə malikdir. Əcdadlarımız olan neandertallar adamyeyənlər idi. Homo sapiyens 40 min əvvəl planetdə adamyeyən kimi peyda oldu. Sonralar insan mədəniyyəti qəti imperativ ilə adam yeməyi qadağan etdi. Sonra qan qarışdırmaya (yaxınlarla evlənmə) qadağa qoyuldu. İkinci qadağa daha universal idi və insan cəmiyyətində ciddi şəkildə qorunmağa başladı. Bu tabu (qadağa) kannibalizmdən daha qədimdir. «Tabu» ibtidai mədəniyyətlə əlaqədar olan ən mühüm anlayışlardan biridir, onun pozulması dəhşətlə müşahidə olunur. Tabunun qorunması təhlükədən xilas olunmağın yeganə vasitəsidir.
Beləliklə ibtidai cəmiyyətin mədəniyyəti ilə tanış olduqda biz həm də kulturoloji fikrin inkişafını araşdırmış oluruq.Qeyd etməliyik ki,ibtidai cəmiyyətin mədəniyyəti , ibtidai cəmiyyətdə kulturoloji fikirin inkişafı , ibtidai cəmiyyəti öyrənir.
Tarix: 08.12.2014 / 16:40 Müəllif: Aziza Baxılıb: 379 Bölmə: Kulturologiya (mədəniyyətşünaslıq)