Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Pavlikanlar hərəkatı

Pavlikanlar hərəkatı — VIII əsrin ən böyük sosial hərəkatlarından biridir. Qafqaz Albaniyasında VII əsrdə yaranmış hərəkat buradan Ermənistana, daha sonra isə bütün Bizans ərazisinə yayılmışdır[1][2][3][4].

Ziya Bünyadov qeyd edir ki, indiyədək heç bir tədqiqatçı deməmişdir ki, pavlikian hərəkatının meydana gəlməsi Albaniya ilə əlaqədardır[5]. Yalnız Q. M. Bartikyan qeyd etmişdir ki, çox qədimdə pavlikianların adı "ən uzaq Qafqaz Albaniyasında da" çəkilirdi[6].

Y.E.Lipşis[7][8], St.T.Melik-Baxşyan[9], L.Q.İohannisyan[10], F.Konnibir[11] və digərləri belə zənn edirlər ki, pavlikian hərəkatı VI əsrdə törəmişdi, lakin Q.Bartikyan Matenadaranda olan iki sənəd əsasında sübut edir ki, bu hərəkat VII əsrdə meydana gəlmişdir[12].

Bu əlyazmalarında aşkara çıxarılmışdır ki, ən qədim bir mənbədə: 706- 707-ci illərdəki Partav kilsə yığıncağının qətnaməsində pavlikianların adı çəkilir. Qətnamənin tam mətni belədir:“"Müqəddəs Qriqoridən başlayaraq, sıra ilə otuz birinci katolikos olan erməni katolikosu İlya zamanında çağırılmış Alban kilsə yığıncağının qaydaları və qətnamələri. Keşiş Mixail Albaniya patriarxı taxtına çıxan zamanlarda özünün aşağıdakı həmtaxtları ilə: Kapalak yepiskopu İohannes, Amara yepiskopu Saak, Xoşi yepiskopu Yelizar, Meskoqman yepiskopu İzrael, Mesirank yepiskopu Zaxari və Girdiman yepiskopu İohakim[13] ilə ölkəmizin abadlığı və dinimizin pravoslavlığı haqqında danışıb razılaşmışdır. Beləliklə, mən, Şeroy – apoipat patriki[14], Girdiman hökmdarı və Alban knyazı, Varaz-Qriqor patriki və Alban sparapeti, Babi Şaxrperozyan, Varaz-Kurdakyan nəslindan Yunsataxyan nəslindən Rostom, Varaz-Yohanyan nəslindən Vahan, Karoyan nəslindən Sumbat, Qankaryan nəslindən Maxmat, Rahatyan nəslindən Qriqor, Hamgitan nəslindən Patrik, Varokyan nəslindən Arevko, Mərdanşahyan nəslindən Şeroy, Tamdikyan nəslindən İpat Vartiş erməni tarixinin 88-ci ilində bu qərara gəldik: Siz Xalkedon bidəti və ya Mayraqom barəsində və ya pavlikianlar barəsində və ya qohum ilə kəbin kəsmək[15] və ya ümumiyyətlə, hər bir məsələ haqqında hər hansı bir tədbir görəndə heç kəsin ixtiyarı yoxdur ki, sizin əmrinizə tabe olmasın. Əgər bir beləsi çıxarsa, qoy Allahın qəzəbinə rast gəlsin, siz də (onu) öz iradənizlə mühakimə etməyə vəkilsiniz və knyazlardan heç birinin haqqı yoxdur ki, bu işə qarışsın; siz qəbul etdiyiniz qərarların üstündə möhkəm dayanın. Mən, apoipat patriki, Girdiman hökmdarı və Albaniya knyazı Şeroy bütün öz azatlarım ilə bu yazının üstünə öz möhürümü basdım." [16][17]”



VII əsrin axırı – VIII əsrin əvvəllərində ərəblər Albaniyada öz hakimiyyətlərini hələ qurmamış olsalar da, Albaniya üzərinə böyük bac qoymuşdular. Yerli feodallar, bu bacı verməklə əlaqədar olaraq öz zərərlərini ödəmək üçün əhalidən yığılan vergi yükünü daha da ağırlaşdırmağa başlayanda ölkədə xalq həyəcana gəldi ki, bu da, adətən olduğu kimi nəticədə bidət hərəkatı xarakterini aldı. Bu hərəkatdan biri pavlikian hərəkatı idi. Girdiman yepiskopu Nersesin (Bakur) Albaniya knyazı I Varaz Trdatın arvadı Sparma ilə sazişə gəlib, erməni kilsəsindən ayrıldığını xəbər alan kimi erməni katolikosunun ciddi təşvişə düşməsinin səbəbi bu idi ki, müxtəlif bidətlər tez yayıla bilərdi. Erməni katolikosu İlya bu barədə xəlifə Əbd ül-Malikə (685-705) xəbər verdi və onun köməyi ilə Alban kilsəsini qriqoryanlaşdırmağa başlamağa müvəffəq oldu. Nerses əzabla öldürüldü. Sparma zindana salındı[18][19][20][21].

Lakin Z. Bünyadov qeyd edir ki, katolikos İlya pavlikian bidətini Albaniyanın yalnız hakim yuxarı təbəqələri arasında yatırmağa müvəffəq olmuşdur. Geniş əhali təbəqələri arasında isə pavlikian bidəti böyük antifeodal hərəkat xarakteri aldı və Alban vilayətlərindən Girdiman və xüsusilə Balasakan bu cəhətdən ayrıca yer tutdular.

Movses Xorenski bu iki vilayət əhalisinin həyəcan və narazılığını qeyd etmişdir; o yazır ki, "Balasakan ölkələrində bir yalançı nəzəriyyə çox yayılmışdı və Girdiman vadisində də həmin bidətin ardıcılları var idi"[22]. Bunu Moisey Kalankatlı da təsdiq edir[23]. Erməni katolikosu İlyanın xələfi katolikos Odzunlu İohann (717-728) "pavlikianlara qarşı" xüsusi məktub yazmışdır və bu məktub pavlikianları pisləmiş Dvin kilsə yığıncağının "32 qaydasının" əsasını təşkil etmişdir: "Pavlikianlar adlanan murdar msxne təriqətçilərinə öz evində yataq yeri vermək, yaxud onlara qoşulmaq, onlarla oturub-durmaq, söhbət etmək olmaz, əksinə, onlardan tamamilə uzaqlaşmaq, iyrənmək və onlara nifrət etmək lazımdır, çünki onlar şeytan balası və əbədi atəşin közərtiləridir; əgər birisi onlara qoşulub onları sevərsə və onlarla dostluq edərsə, belələrinə işgəncə və ağır cəza vermək lazımdır, həm də o qədər ki, onların etiqadları sağlam olsun və möhkəmlənsin. Əgər onlar yenidən belə əməl tutsalar, əmr edirik, belələrini vəba xəstəliyinə tutulanlar kimi, xristian kilsəsi üzvlərindən ayırıb atsınlar"[24][25].

St.T.Melik-Baxşyan, habelə bir sıra digər ermənişünaslar belə zənn edirlər ki, Dvin yığıncağının qətnaməsində adları çəkilən pavlikianlardan "sonralar təhlükəli bir qüvvə" kimi bəhs edilmir [26]. Lakin Gevondun "Tarix"ində bu kimi fıkirləri rədd edən məlumat vardır. Gevond "günahkar oğullar"dan [27] danışır. Q.Bartikyan belə hesab edir ki, bunlar ancaq pavlikianlar ola bilər[28]. Görünür, pavlikianlar 768-ci ildə Partav kilsə yığıncağının qətnamələrində adı çəkilən bidətçilərdən ibarətdir; həmin qətnamədə belə deyilir:
"Qoy kilsələrdə maneəsiz olaraq vardapetlər (müəllimlər) təyin olunsunlar ki, Allahın idrak təliminə maneçilik göstərilməsin və kilsələri pozan təfriqətçi bidət onlara sirayət etməsin"

— Matenadaran əlyazması № 6409, səh. 94 b (Q.Bartikyanın tərcüməsi)

Ərəb müəlliflərinin verdiyi məlumatda elə hadisələrə və insanlar fəaliyyətinə təsadüf edirik ki, bunlar pavlikianların fəaliyyətinə çox oxşayır. VIII-IX əsrlərdə Beyləqan əyalətinin əhalisi ərəblərə möhkəm itaətsizlik gostərirdilər: bu hal Albaniyada bidətçilərin, xüsusilə pavlikianların böyük fəaliyyətinin nəticəsi idi. Məsələn, Bəlazuri yazır:
"Xəlifə Əbü-l-Abbasın (750-754) hökmranlığı zamanı Beyləqan əhalisi üsyan qaldırıb Gilab qalasına girmişdi; onların başçısı Kabad ibn Asəf əl-Beyləqani idi"

— Əl-Bəlazuri, səh. 209.

Yəqubi də bu hadisədən bəhs edir, lakin əlavə edir ki, "Gilab qalasına çoxlu avara toplanmışdı" və bunların başçısı Vard ibn Səfvan əs- Sami idi[29]. Yəqubi "avaralar" deyəndə, Gevondun "günahkar oğullar" adını verdiyi adamlara oxşar insanları nəzərdə tuturdu. Daha sonra Yəqubi bildirir ki, xəlifə Harun ər-Rəşidin (786-809) dövründə Beyləqan əhalisi, Bərdəyə gəlmiş xəlifə canişinin əleyhinə yenidən üsyan qaldırdılar[30][31].

"Ağvan tarixi"nin K.Patkanov tərəfindən edilmiş tərcüməsinə daxil olmayan bir neçə səhifəsində aşağıdakı məlumat vardır:
"Həmin günlərdə (841/2-ci ildə) balakanasik beyləqanlılar (?) gəldilər və Sisan Dzor və Amaras mahallarını talayıb viran etdilər, Əbu Musa adlanan Yesai onlara qarşı qalxdı və onları [tamamilə] əzdi".[32][33][34][35][36].

M.M.Altman yazır ki, "naməlum" baylakanlıların "basqını haqqında digər mənbələrdə məlumat yoxdur"[37]. Sonrakı tədqiqatlar bu nəticənin düzgün olmadığını göstərdi. Belə ki, mənbələrdən biz bilirik ki, Ərəb Xilafətinə qarşı xürrəmilərin azadlıq hərəkatının rəhbəri Babək Alban knyazı Səhl ibn Sumbat və Ablasadın və Vasakın qoşunları ilə Balasakan vilayətindən keçərək birləşməyə gedərkən vilayət əhalisi arasında həddən artıq töycü yığdıqları üçün, balasakanlılar 827/8-ci ildə Babəkə qarşı üsyan qaldırdılar. Bu üsyan müvəffəqiyyətsiz oldu. M.Kalankatuklu bildirir ki, "830/1-ci ildən bir az əvvəl balasakanlılar Bercor mahalına və Artsak əyalətinin Ureas, Karnakaş, Həkəri və Tapat kəndlərinə hücum etdilər, lakin Babəkin köməyi ilə Stepannos Ablasad tərəfindən darmadağın edildilər"[38].

830/1 -ci ildə Ablasad öldürüldükdən sonra balasakanlılar yenidən üsyan qaldırıb Qorozu tutdular və orada öz mövqelərini möhkəmlətdilər. M.Kalankatuklunun dediyinə görə, balasakanlılar bu dəfə Albaniyanın aşağıdakı vilayətlərini 12 il ərzində əllərində saxlamışlar: Verin Vaykunik, Bercor, Sisakan (və Kotak), Mive (Haband), Amaras, Pazkank, Mxank və Triqavar. Yalnız 12 il keçəndən sonra, təqribən 841/2-ci ildə "Ablasadın adamları onun qatilini tutub işgəncə ilə öldürdülər. Ablasadın qardaşı oğlu, Əbu Musa adlanan Yesai dinclik sevən bir kişi idi; o bu vilayətləri ələ keçirdi və hamıya hökmranlıq etdi. Yenə həmin ildə[39]Baban (Babək) Araz çayını keçərək, Amaras vilayətində düşərgə saldı"[40].

Lakin Qoroz qalası yanaşılmaz olduğundan, Babək onu ala bilmədi, buna görə də mühasirədə olanlara "sülhdən danışmağa" başladı. Balasakanlıları təslim olmaq üçün dilə tuta bilməyən Babək Bəzzə qayıtdı və sərkərdələrdən Rostomu öz yerində qoyub əmr etdi ki, "qala ilə vuruşmasın, əksinə, onları (balasakanlıları – Z.B) xoşluqla itaətə cəlb etsin". Lakin Rostom Babəkin əmrini yerinə yetirməyib Qoroz qalasına hücum etdi, onda "qalanın mərdləri [əhalisi] Babəkin ordusunu böyük məğlubiyyətə düçar etdilər"[41]. Şübhəsiz, "Ağvan tarixi"nin nəşr edilməmiş parçasında adı çəkilən və 840/1-ci ildə Yesai Əbu Musa tərəfindən darmadağın edilən balakanasik ilə 830/1-ci ildə üsyan qaldıran balasakanlılar – eyni adamlardır. Bunda heç bir şübhə ola bilməz.

B.F.Minorski yazır ki, balasakanik adını Beyləqan adı ilə əlaqələndirmək imkanı onu çox həvəsləndirir, lakin o, Paytakaran (erm. əyalət adı) ilə Beyləqan arasında filoloji eyniyyət olduğuna tamamilə yəqinlik hasil etməmişdir[42]. Lakin daha sonrakı mənbə ilə tanış olduqda B.F.Minorskinin şübhələri aradan qalxır. Stepannos Orbelian bildirir:
"Balasakan vilayətinin əhalisi Babana tabe olmaqdan boyun qaçırtdılar, buna görə də o, albanlı Ablasadın köməyi ilə vilayəti rəhmsizcəsinə talayıb viran etdi, hətta qadın və məsum uşaqları qırdı"

— Historie de la Siounie, p. 93-97.

Hərçənd B.F.Minorski belə hesab edir ki, Orbelian bu məsələdə səhv buraxa bilər, lakin buna baxmayaraq, o inkar etmir ki, Balasakan ilə Beyləqanın yeri bir-biri ilə düz gəlir[43]. Z. Bünyadov isə qeyd edir ki, "Ermənistan coğrafıyasında, Paytakaran, Muğan çölündəki Balasacan olan yerdə göstərilmişdir"[44]

Beləliklə, mütəxəssislər qeyd edirlər ki, balasakanlılar və ya balasakacik (beyləqanlılar) Beyləqan və ya Paytakaran əhalisi idi[45]. Babəkin Ablasad, Səhl və Yesai Əbu Musa ilə ittifaq bağlamış olmasına baxmayaraq, bu vilayətin əhalisi Babək əleyhinə üsyan qaldırdı, çünki Babək, öz fəaliyyətinin məhz bu dövründə, xürrəmilərin Xilafətdən qoparıb ayırdıqları çox geniş ərazi üzərində təsirli nəzarət həyata keçirmək iqtidarında deyildi[46]. Həmin balasakanlılar və ya beyləqanlılar – pavlikian ola bilərdilər; çünki onlar IX əsrin ortalarınadək elə ciddi bir qüvvə idilər ki, istər Babəkin müttəfıqləri olan yerli knyazlar, istərsə Xilafət onlarla hesablaşmalı olurdular.

Sonralar, ehtimal ki, pavlikianların hamısı və ya bir hissəsi qırılıb tükənmək və ya müsəlmanlaşdırılmaq təhlükəsinin təsiri altında Beyləqandan Bizansa köçə bilərdi, az hissəsi isə islam dinini qəbul edərək, assimilyasiyaya məruz qalmışdı. Bunu aşağıdakı fakt təsdiq edir: De Quye Kudamanın əsərlərini nəşr edərkən, ona məlum olmayan bir dini təriqətin adına rast gəlmiş və onun transkripsiyasını naylakani və ya naykalani şəklində vermişdi[47][48][49]. Lakin le Strenc bu təriqətin adını baylakani[50] şəklində oxumağı təklif etdi, Quye də dərhal bununla razılaşdı. Məlum oldu ki; bu təriqət pavlikianlar təriqəti idi və Kudamanın əsərində onların adı "baylakani", yəni beyləqanlılar şəklində idi. Melik-Baxşyan bu faktı qeyd edərkən yanlış olaraq belə hesab edir ki, "baylakani" sözünün bu cür oxunuşunu A.A.Vasilyev təklif etmiş və onun düzəlişini də de Quye etmişdir[51]. Lakin bu düzəlişi Le Strenc təklif etmişdir.

A.Vasilyev də öz qeydində ona əsaslanır[52]. Bundan əlavə, Məsudi müxtəlif xristian kilsələrindən danışarkən "baylaqani" (əlbəyaliqə) də olduğunu qeyd edir və göstərir ki, bunların hətta Abrik qalası adlı öz paytaxtları var idi[53][54].

Başqa bir əsərdə yenə də Məsudi belə məlumat verir:
"...baylakani (bəyaliqə) təriqəti və onun təlimindən danışaq. Bu təriqət xristianlarla atəşpərəstlər arasında orta bir yer tutur. Hazırda onlar köçmüşlər və yunan milləti içərisində yaşayırlar"

— Əl-Məsudi, Muruc, VII, səh. 74-75

Bizansda yerli hakimiyyət orqanları tərəfındən sıxışdırılan pavlikianlar ərəb qoşunlarının işğal etdiyi əraziyə keçdilər və yalnız pavlikian qalaları tutulduqdan və Melitenanın ərəb əmiri Ömər ibn Abdullah üzərində qələbə çalındıqdan sonra pavlikianların bir hissəsi bizanslılar tərəfındən Frakiya və Konstantinopola köçürüldülər[55][56] Beləliklə, Albaniyada Girdiman və Beyləqanı (Balasakan, Paytakaran) pavlikianların vətəni hesab etmək edilir. Bu vilayətlər uzun zaman, həm yerli feodallara, həm də yadelli basqınlara qarşı qüdrətli xalq hərəkatının mərkəzi olmuşdur.


Tarix: 12.03.2013 / 20:35 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 792 Bölmə: Kilseler
loading...