Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Klement

Tit Flavi Klement (150-215) — Mütəfəkkir

O, təqribən 150-ci ildə Afina şəhərində zəngin ailədə dünyaya gəlmiş və yaxşı təhsil almışdır. Təxminən 20 yaşında ikən Aralıq dənizi sahilləri boyunca səyahətə çıxmışdır. İsgəndəriyyədə ilahiyyat məktəbinin başçısı Pantenlə tanış olmuş, onun təsiri ilə xristianlığı qəbul edib orada məskunlaşmışdır. Daha sonra ilahiyyat məktəbinin başçısı vəzifəsinədək yüksəlmişdir. İmperator Septimi Severin dövründə, Xristianlığın təqib edildiyi zaman, İsgəndəriyyəni tərk edərək, Fələstinə sığınmış və orada da vəfat etmişdir.

Klement ilk dövr xristian müəlliflərindən olmasına baxmayaraq, fəlsəfə və rasional düşüncəyə daha çox meyl etməsi ilə onlardan fərqlənmişdir. Məhz buna və əsərlərində rast gəlinən qnostisizm (xristian dini, yunan idealist fəlsəfəsi və Şərq dinləri əsasında qurulan dini-fəlsəfi cərəyan) ifadələrinə görə bəzi xristian müəllifləri tərəfindən bidətçi elan edilmişdir.

Klement fəlsəfəni mühüm elm hesab edərək, onun ilahiyyat üçün son dərəcə lazımlı sahə olduğunu önə çəkmişdir. Alimin fikrincə, fəlsəfə birbaşa Tanrı tərəfindən insanlara Onu dərk etmək üçün nazil olmuşdur. Klement yazmışdır ki, fəlsəfə vasitəsilə fikir yürütmək, Tanrıdan vəhy almaq kimi, həqiqəti və Onun varlığını dərk etməyin yoludur: "Fəlsəfə yunanlara Tanrının gəlişinədək həqiqəti tapmaqda yardımçı idi. O, hətta indi də idrak yolu ilə dinə gələnlər üçün vacib vasitədir. Tanrı bütün xeyirlərin ya birbaşa (Bibliya), ya da dolayısı ilə (fəlsəfə) mənbəyidir. Lakin fəlsəfənin yunanlara birbaşa Tanrının özü tərəfindən əta edildiyini demək də mümkündür. Çünki bu, onların Tanrını dərk etməsində bələdçi rolunu (yəhudilərdəki Müqəddəs Kitab kimi) oynayır. Beləliklə, fəlsəfə Məsihə çatmaq yolunda hazırlıq vəzifəsini daşıyır". O, fəlsəfəni tənqid edənlərin düşüncələrini qəbul etməmişdir. Kliment fəlsəfə sahəsində yunanların üstün mövqeyini vurğulamış, onların Tanrını dərk etmək məharətlərini yüksək qiymətləndirmişdir. Klementin Loqos (Kəlam) haqqındakı düşüncələri də diqqətçəkəndir. Onun fikrincə, Kəlam dünyanın yaradıcısıdır və insanlara gələn vəhylər onun vasitəsilə nazil olmuşdur. Kəlamın Yerə enməsi Məsihin gəlişi ilə başa çatmışdır. Kəlam ilahi ağılın bir hissəsi kimi bəşəriyyətin müəllimi və qanunvericisi vəzifəsini daşıyır. Klement əsl Xristianlığın imana bağlı biliklə qazanıldığını da qeyd etmişdir.

İlahiyyatçının əxlaqa dair düşüncələri də maraqlıdır. Onun fikrincə, xeyir və doğru olan hər şey Tanrıdandır. Klement nikah məsələsinə toxunaraq qeyd etmişdir ki, nikahsızlıq (bəkarət) öz-özlüyündə müqəddəslik anlamı daşımır. Evlilik həyatı isə subaylıqdan daha çətin və məsuliyyətli ola bilər. Onun bu məsələdəki mövqeyi digər erkən xristian müəlliflərindən fərqlənmişdir.

Mütəfəkkirin iman məsələsinə baxışı da özünəməxsusdur. Onun fikrincə, iman biliyin qavranılmasından ibarətdir. O, imanın kor-koranə deyil, şüurlu qəbul edildiyini irəli sürmüşdür. İmanın köməyi ilə insan öz gələcəyini planlaşdıra və xoşagəlməz hadisələrdən uzaqlaşa bilər. Onun düşüncəsinə əsasən, imanlı yaşamaq insana bəzi üstünlüklər verir.

Klementin fikrincə, bütpərəstlər bir-biri ilə münaqişədə olan bir çox tanrılara sitayiş edirlər. Bu isə sonda həmin şəxslərin psixoloji durumunun korlanmasına, özünü daim təhlükədə hiss etməsinə səbəb olmaqdadır. Ateistlər də çətin həyat tərzi sürürlər, çünki onlar Tanrıdan heç bir kömək və mükafat gözləmədiklərindən daim özlərinə arxalanmağa məhkumdurlar. Yalnız kamil imanı olan şəxslər həyatın məqsədini anlamaqda çətinlik çəkmirlər. Onlar Tanrını dərk etdiklərindən bütün çətinliklərin arasında ondan kömək gözləyir və həyata ümidlə baxırlar. Klement qeyd etmişdir ki, imanın köməyilə həyatın bütün çətinliklərinə sinə gərmək mümkündür.

Mütəfəkkir, maliyyə məsələlərinə də xüsusi toxunaraq bildirmişdir ki, xristianlar əmlakdan bütünlüklə əl üzməməli, yalnız mal-dövlət sevgisinə baxmayaraq, hər şeydə ilk növbədə Tanrı sevgisini qazanmaq məqsədini güdməlidirlər.

Klementin bütün əsərləri dövrümüzədək gəlib çatmasa da, əldə olanları bu gün də diqqətlə öyrənilir.


Tarix: 07.03.2013 / 15:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 418 Bölmə: Kilseler
loading...