Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milad

Milad — xristianlıqda əsas bayramlardan biri, İsanın doğumu qeyd olunan gün. Qərb xristianlıginda, o cümlədən katolisizmdə və bir neçə pravoslav Kilsəsində 25 dekabr, pravoslavlıqda isə 7 yanvar tarixinə düşür. ABŞ-da Milad federal bayramlarından biridir.Mündəricat
1 Yaranması
2 Katoliklərin bayramı
3 Pravoslavların bayramı
4 Müasir qaydalar
5 Kanonik qaydalar
6 Həmçinin bax
7 Xarici keçidlər


Yaranması

Xristian aləminin ən əlamətdar və təntənəli törənlərindən sayılan "Milad" bayramı ənənəyə görə İsa Məsihin Vifleyem şəhərində dünyaya gəlməsinin şərəfinə qeyd olunur. Dünya xristianları mənsub olduqları məzhəblərdən asılı olaraq, bu bayramı müxtəlif günlərdə (25 dekabr; 6-7 yanvar) keçirirlər və o hazırda yüzdən artıq ölkədə rəsmi dövlət bayramı sayılır.

Xristianların bu bayramı qeyd etmələri haqqında ilk məlumatlar IV əsrə aiddir. Lakin xristian ənənəsində İsa Məsihin dünyaya gəlməsinin dəqiq tarixi barədə fikirlər mübahisəlidir və hakim ruhanilər tərəfindən bu məsələ hər məzhəbə görə fərqli izah olunur. Xristianlar bu bayramı hələ ilk dövrlərdə indikinə nisbətən fərqli keçirirmişlər. Çünki, əvvəllər İsa Məsihin dünyaya gəlməsi ilə onun vəftiz (mənəvi paklıq üçün müqəddəs suya salınma) edilməsi tarixi eyni vaxtda qeyd edilirdi. Birinci dəfə Roma Papası Yulinin dövründə (IV əsrin birinci yarısı) Katolik kilsəsi İsa Məsihin dünyaya gəlməsi ilə vəftiz olunması bayramını bir-birindən ayıraraq "Milad"ı dekabr ayının 25-də qeyd etməyə başlamışdır.

Katoliklərin bayramı

Katoliklər tərəfindən məhz bu tarixin seçilməsi təsadüfi deyil. Bəzi mülahizələrə görə, bu tarix ilk xristianların mart ayının 25-də qeyd etdikləri Pasxa və Tanrının bədənləşməsi (İsanın ana bətninə düşməsi) gününün üzərinə 9 ay əlavə edilməsi ilə yaranmış və ən uzun qış gecəsi olan vaxtla üst-üstə düşmüşdür. Bəziləri isə bunu tam başqa səbəblərlə, yəni bütpərəst romalıların həmin tarixdə qeyd etdikləri "Yenilməz Günəşin doğulması" bayramı ilə əlaqələndirirlər.

Katoliklərlə pravoslavlar arasında bayram ənənəsində oxşar cəhətlər olduğu kimi, fərqliliklər də mövcuddur. Məsələn, katoliklərdə də bayram ərəfəsində xüsusi ehkamları olan sərt oruc tutulur. "Xaçaturan" adlandırılan bu orucu tutanlar bal, buğda və arpa dənlərindən hazırlanan toxum şirəsi qəbul edirlər. Adətə görə, xaçaturan göydə ilk ulduzun görünməsi ilə bitir.

Milad ibadəti katoliklikdə üç dəfə icra olunur: gecəyarı, sübh tezdən, günorta. Simvolik olaraq bu ibadətlər İsa Məsihin Tanrı Atada, Məryəm Ananın bətnində və hər xristianın qəlbində doğulmasını tərənnüm edir.

Pravoslavların bayramı

Pravoslav ənənəsində də bayramın fərqli tarixi mövcuddur. Onlara görə, qədimdə "Milad" köhnə qayda ilə yanvar ayının 6-sı, yaxud yeni qaydaya əsasən, yanvarın 19-da qeyd edilirdi. İlk xristianların bu tarixlə bayram keçirmələrinin fəlsəfəsini pravoslavlar belə izah edirdilər ki, etiqada görə İsa Məsih bəşər övladı kimi "İkinci Adəm" sayılır. O mənada ki, birinci Adəm günah işləyərək bəşəriyyəti zülmətə, ikincisi isə bu günahları yuyaraq insanları Tanrı nuruna qovuşdurmuşdu. Ona görə ilk kilsə mənsubları yekdil fikrə gələrək İsa Məsihin də Adəmin yaradıldığı tarixdə, yəni ilin birinci ayının 6-cı günü dünyaya gəldiyini qeyd etmişlər. Hazırda pravoslavlar bu tarixdə İsa Məsihin vəftiz olunması bayramını keçirirlər. Qədimdə Epifani adlanan bu bayramın həm vəftizi, həm də miladı əks etdirdiyi bildirilir.

Müasir qaydalar

Müasir dünyada isə yeni qaydaya görə, pravoslavlar Milad bayramını yulian təqviminə əsasən, yanvar ayının 7-si qeyd edirlər. Kilsə nizamnaməsinə uyğun olaraq, dindar pravoslavlar bayramdan qabaq davamlı oruc tuturlar. Bu oruc bayram ərəfəsində daha ciddi və sərt ehkamlarla müşayiət olunur. Məsələn, nizamnaməyə əsasən, yanvar ayının 2-dən (yeni qaydaya görə) balıq yeməyə icazə verilmir. Milad gecəsindən birneçə gün əvvəl isə bayram əhval-ruhiyyəsini qaldırmaq məqsədilə ibadət vaxtları İsa Məsihin dünyaya gəlməsini tərənnüm edən dini mahnılar və bayramın mahiyyətini açıqlayan kanonlar oxunur.

Kilsələrdə, həmçinin İsa Məsihin doğumu ilə bağlı İncil mətnləri qiraət olunur. Bayram axşamı isə oruc daha da sərtləşdirilir. Adətə görə, ilahi təntənənin intizarının nişanəsi olaraq hava qaralana, yəni göydə ilk ulduz görünənə qədər qida qəbul edilməməlidir. Ulduzun görsənməsi simvolik olaraq Vifleyem ulduzunu xatırladır. Çünki xristian rəvayətlərinə görə, məhz bu ulduz kahin və çobanları yeni dünyaya gəlmiş İsanın beşiyi başına gətirmişdir.

Kanonik qaydalar

XIII əsrdə xristian müqəddəsi Assizli Fransiskonun zamanında məbəddə ibadət məqsədilə içərisinə körpə İsanın heykəlciyi yerləşdirilən axur qoyululurdu. Sonralar katoliklər axuru təkcə məbəddə deyil, evlərdə də qoymağa başladılar. Zaman keçdikcə dini və milli adətlər birləşərək Milad bayramının koloritini zənginləşdirdi. Məsələn, uşaq və gənclərin ev-ev gəzərək təbrik mahnıları oxumaları və onun müqabilində ev sahibindən hədiyyə almaları buna misal göstərilə bilər.

İlk vaxtlar bu bayramda, hətta bütpərəst ənənə qalıqları özünü göstərmişdir. Evdə xüsusi ayinlə "milad odunu"nun yandırılması buna misal idi. Odunu təntənə və mərasimlə evə gətirib, onda xaç işarəsi cızaraq, üzərinə buğda səpib, bal, şərab, yağ tökərmişlər. Həmçinin, odunun üzərinə yemək qırıntıları qoyaraq, canlı varlıq kimi onunla söhbət edər, şəninə şərab içərmişlər.

Müasir dövrdə isə katoliklər Milad günü qohumlarlı ilə birgə içi doldurulmuş hind quşu və milad pudinqilə (şirniyyat növü) bəzədilmiş bayram süfrəsi ətrafında toplaşaraq sevinclərini bölüşür, bir-birini təbrik edərək xoş arzular söyləyir və hədiyyə verirlər.


Tarix: 07.03.2013 / 15:48 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 646 Bölmə: Kilseler
loading...