Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Müqəddəs Ruh kilsənin iman simvollarında

Xristian kilsələrinin böyük əksəriyyəti üç böyük iman simvoluna etiqad edir. Bu simvollarda Müqəddəs Ruh haqqında belə yazılmışdır: Apostol inam rəmzi

“Müqəddəs Ruha, müqəddəs Ümumdünya Kilsəsinə, Müqəddəslərin Ünsiyyətinə, günahların bağışlanmasına, bədənin dirilməsinə, əbədi həyata inanıram. Amin”.

Nikeya iman simvolu

“Həyat verən Rəbb, Atadan çıxan, Ata və Oğul ilə bərabər səcdə edilməyə və izzətləndirilməyə layiq olan, peyğəmbərlərin dili ilə danışan Müqəddəs Ruha da inanıram”.

Afanasiy iman simvolu

“Allahın birinci Sifəti Ata, ikinci Sifəti Oğul və üçüncü Sifəti Müqəddəs Ruhdur. Lakin Ata, Oğul və Müqəddəs Ruh izzətdə bərabər, əzəmətdə əbədi yeganə bir Allahdır. Ata necədirsə, Oğul da belədir, Müqəddəs Ruh da belədir. Ata yaradılmamış, Oğul yaradılmamış və Müqəddəs Ruh yaradılmamışdır. Ata qeyri-məhdud, Oğul qeyri-məhdud və Müqəddəs Ruh qeyri-məhduddur. Ata əbədi, Oğul əbədi və Müqəddəs Ruh əbədidir. Lakin üç əbədi Varlıq deyil, bir əbədi Varlıqdır... Ata Allah, Oğul Allah və Müqəddəs Ruh Allahdır, lakin üç Allah deyil, bir Allahdır. Ata Rəbb, Oğul Rəbb və Müqəddəs Ruh Rəbdir, lakin üç Rəbb deyil, bir Rəbdir”.

Müqəddəs Ruhun rəmzləri

Su

Su insanın həyatı üçün zəruri bir maddə kimi Müqəddəs Ruhun rəmzi olmuşdur.

“Bayramın sonuncu, təntənəli günündə İsa qalxıb nida edərək dedi: «Kim susayıbsa, yanıma gəlib içsin. Müqəddəs Yazılarda deyildiyi kimi, Mənə iman edənin daxilindən həyat suyu axan çaylar çıxacaq». Bunu Ona iman edənlərin alacaqları Ruh barədə söylədi. Ruh isə hələ yox idi, çünki İsa hələ izzətlənməmişdi”.[20]

Od yaxud alov

Allah Musaya yanıb-qurtarmayan kolda görünüb alov içindən xitab etmişdir.[21] Əllinci Gündə İsa Məsihin şagirdləri Müqəddəs Ruhla dolanda, Ruh güclü külək və alov kimi onların üzərinə gəlmişdir.[22] Allah Bibliyada “yandırıb-yaxan alov” kimi vəsf olunur.[23] Od rəmzi həmçinin insanı isidən, köhnə və gərəksiz şeyləri yandıran, enerji verən mənasında şərh oluna bilər. Vəftizçi Yəhya İsa Məsih barəsində demişdir ki, “O sizi Müqəddəs Ruhla və odla vəftiz edəcək”.[24]

Külək

Həm ibranicə (רוּח Ruax), həm də yunanca (πνεῦμα Pneuma) kəlməsi eyni zamanda “Ruh”, “külək”, “yel”, “fırtına”, “nəfəs” mənalarını verir.[25] Buna görə də, İsa Məsih “Yel istədiyi yerdə əsir, onun səsini eşidirsən, amma haradan gəlib haraya getdiyini bilmirsən. Ruhdan doğulmuş adam da belədir” demişdir.[26] Külək hər yeri əhatə edir, sirli, görünməz şəkildə dünyaya təsir göstərir.

Yağ

İsrail xalqında qədimdən padşahları müqəddəs yağla məhs etmək adəti var idi. Başına yağ tökülən padşahlar (peyğəmbərlər) “məsh olunmuş” (ibranicə משׁיח maşiyax; ərəbcə مسيح məsih) sayılırdı; padşahın başına yağ tökülən zaman onun üzərinə İlahi Ruhun gəldiyinə inanılırdı.

“Şamuel yağ buynuzunu götürüb qardaşları arasında onu məsh etdi və o gündən başlayaraq Davudun üzərinə Rəbbin Ruhu qüvvə ilə endi”.[27]

Yağ tökülmək yolu ilə insanın üzərinə gələn İlahi Ruh insanı lazım olan qüvvə, qabiliyyətlər, biliklər ilə təmin edirdi.

“Xudavənd Rəbbin Ruhu üzərimdədir, çünki fəqirlərə müjdəni bildirmək üçün O məni məsh etdi”.[28]

Göyərçin

“Yəhya şəhadət edib dedi: «Gördüm ki, Ruh göydən göyərçin kimi endi və Onun (İsanın) üzərində qaldı»”.[29]

Məlum olduğu kimi, göyərçin sülh rəmzidir. Bundan əlavə, göyərçin şəfqət və həlimlik, paklıq və dinclik mücəssiməsi sayılır. Beləliklə, Müqəddəs Ruhu qəbul edən insan da bu sifətləri nümayiş etdirir. Bu rəmz Allahın həm qüdrətli, həm də rəhmli olaraq vəsf olunması baxımından xristian simvolikasında xüsusi əhəmiyyət kəsb edir.


Tarix: 12.03.2013 / 20:30 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 304 Bölmə: Kilseler
loading...