Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Seviliyalı İsidor

Seviliyalı İsidor (lat. Isidorus Hispalensis; 560 – 4 aprel 636) — Məşhur xristian alimi, Kilsə Atalarından biri.Mündəricat
1 Həyatı
2 Yepiskop fəaliyyəti
3 Yaradıcılığı
3.1 Etimologiya
3.2 "Qotların, vandalların və svevlərin tarixi"
3.3 Digər əsərləri
4 İnternet himayəçisi


Həyatı

Məşhur xristian ilahiyyatçısı Sevilyalı İsidor 560-cı ildə Karfagen (müasir Kartaxena) şəhərində tanınmış və dindar ailədə dünyaya gözlərini açmışdır. Öz dövrünə görə yaxşı təhsil almışdır. Onun Leandr və Fulhensi adlı qardaşı, Florentina adlı bacısı olmuşdur. Daha sonralar bu ailənin hər üzvü Roma-Katolik Kilsəsi tərəfindən müqəddəs elan edilmişdir. Valideynlərini tez itirən İsidor böyük qardaşının himayəsində yaşamışdır. Lakin onun qardaşı Leandr tərbiyəsi zamanı sərt tədbirlərə əl atırdı. Rəvayətə əsasən, təzyiqə dözməyən İsidor bir gün evdən qaçmışdır. Bu zaman bir mağaraya sığınmış və orada damcı-damcı süzülən suyun daşı necə dəldiyini müşahidə etmişdi. Bu təcrübə onda insanın da damcı kimi çəkinmədən öz hədəfinə doğru getməsi haqqında fikir oyandırmış və İsidor evə qayıtmaq qərarına gəlmişdir.

Yepiskop fəaliyyəti

Qardaşı Leandr Katolik Kİlsəsi tərəfdarı kimi tanınmışdı və Seviliya şəhərinin yepiskopu vəzifəsini tuturdu. İsidor ona işləri zamanı yardım edir və vəzifə zamanı görülən işlərə dair təcrübə toplayırdı. Leandrın vəfatından sonra həmin vəzifəsyə gəlmiş İsidor, həm də vestqot kralı Rekkeradın ruhani müəllimi olmuşdur. Həmin kralın arrianlıqdan uzaqlaşaraq, kilsənin ağuşuna qayıtmasına səbəbkarı olan alim, habelə Toledo şəhərində keçirilmiş Dördüncü Kilsə Şurasına sədrlik etmiş, bu şurada dövlət və kilsənin vahid olduqlarına dair qərarın çıxarılmasına nail olmuşdur. Həmçinin yepiskopluq fəaliyyəti zamanı yəhudilərin din azadlığının təmin olunması üçün zəhmətini əsirgəməmişdir.30 ildən artıq Seviliya yepiskopu olan İsidor 636-cı ildə orada da vəfat etmişdir.

Yaradıcılığı

Etimologiya

Seviliyalı İsidorun ən mühüm əsəri "Etimologiya"dır. Bu əsərdə əsasən antik dövrdən bəri məlum olan elmlər haqqında ensklopedik bilgilər verilmişdir. Onun yazılma səbəbi savadlı şəxslər üçün çoxsaylı kitabları əvəz edə biləcək bir kitabın yazılması idi. Hər bir bölməyə başlamışdan əvvəl İsidor oxuyucuya həmin bölmədə danışılan elm sahəsinin mənası (etimologiyası) haqqında məlumat verir, əsərin adı da buradan götürülmüşdür. Həmin kitabın 20 bölməsində qrammatikaya, ritorikaya, riyaziyyata, tibbə, tarixə, hüquqa, kosmologiyaya (göy cisimləri haqqında elm), zoologiyaya, aqronomiyaya və digər sahələrə dair xeyli qiymətli məlumatlar toplanmışdır. Bu elmlər haqqında o dövrün anlayışlarına görə klassifikasiya aparılmışdır. Məsələn birinci üç fəsildə qrammatika, ritorika, dialektika, həndəsə, cəbr, astronomiya və musiqiyə dair məlumatlar toplanmışdır. Bu elmlər o zamanlar yeddi azad sənət (latın dilində septem artes liberales) adı ilə tanınırdı. "Etimologiya" orta əsrlərin ən məşhur əsərləri arasında idi və Avropada ilk ensklopedik əsər hesab olunur. Bu kitabın özəlliklərindən biri təsnifatın bəzən əlifba sırası, bəzən də tematik prinsiplə aparılmasıdır.

"Qotların, vandalların və svevlərin tarixi"

Ən mühüm tarixi əsəri "Qotların, vandalların və svevlərin tarixi" adlı əsərdir. Burada Avropanı istila etmiş həmin barbar tayfaları haqqında maraqlı məlumatlar toplanaraq, oxucuların diqqətinə çatdırılmışdır. Bu kitabın yazılmasınin məqsədi o dövrdə İspaniyanı idarə edən vestqot krallarının mənşəyi haqqında məlumat vermək olmuşdur. Həmin krallar özlərini Roma imperatorlarına bənzətmək üçün bir sıra tədbirlər həyata keçirirdilər. Bu zaman İsidor da bu kitabı yazmaq qərarına gəlmişdi. Əsərdə hadisələr 265-624-cü illəri əhatə edir. Kitabın əvvəlində İspaniyanın üstünlükləri mədh edilir. Daha sonra isə İspaniyanın birləşdirilməsi üçün qotların xidmətlərindən bəhs olunmuşdur. Bu əsərin yazılması üçün bir sıra ilkin qaynaqlardan, o cümlədən də Evsevinin əsərlərindən istifadə edilmişdir.

Digər əsərləri

Bundan başqa İsidor təbiətşünaslığa, qrammatikaya, ilahiyyata, tarixə dair bir sıra digər əsərləri də qələmə almışdır. Kilsə tarixşünaslığı üçün onun yazdığı "Qanunlar toplusu" adlı əsəri çox mühüm əhəmiyyət daşıyır. Bu kitabda antik dövrlərdən başlayaraq, VII əsrədək bütün Kilsə Şuralarında qəbul olunmuş qərarlar toplanmışdır. İsidorun qələmindən dünyanın yaranmasından başlayaraq, öz dövrünə qədərki tarixi əhatə edən iki əsər də çıxmışdır.

İnternet himayəçisi

Seviliyalı İsidora dair ən maraqlı məsələlərindən biri də onun müasir dövr katolikləri tərəfindən İnternetin himayəçisi olaraq qəbul olunmasıdır. Bunun səbəbi onun ensklopediyaların banisi hesab olunmasındadır. Bu səbəbə görə də bir sıra ölkələrdə İnternetin qeyd olunma günü 4 aprel (Seviliyalı İsidorun vəfat etdiyi gün) qeyd olunur. Bu tarix 1998-ci ildə mərhum Roma Papası II İoann Pavel tərəfindən təsdiq olunmuşdur.


Tarix: 07.03.2013 / 15:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 368 Bölmə: Kilseler
loading...