İskəndəriyyəli Afanasi və ya Böyük Afanasi — Kilsə atalarından biri, erkən dövr xristian din xadimi, İsgəndəriyyə yepiskopu.Mündəricat
1 Həyatı
2 Yepiskop fəaliyyəti
3 Mübarizəsi
4 Yaradıcılığı
Həyatı
O, 297-ci ildə İskəndəriyyədə dünyaya gəlmişdir. Ailəsi və gənclik illəri haqqında demək olar ki, məlumat yoxdur. Sadəcə bəzi mənbələrdə İskəndəriyyə yepiskopu Aleksandrın tələbəsi olduğu qeyd edilmişdir. 325-ci ildə Nikeya şəhərində keçirilmiş Kilsə Məclisində iştirak etmişdir.
Bu dövrlərdə rəsmi kilsə ilə arrian məzhəbinin nümayəndələri arasında gərgin mübarizə getdiyindən Nikeya Məclisinin qərarı ilə həmin məzhəbin yaradıcısı Arius bidətçi elan edilərək, sürgün olunmuşdu. Həmin ərəfədə Aleksandr vəfat etdiyindən İskəndəriyyə yepiskopluğu vəzifəsinə Afanasi yiyələnmişdir.
Yepiskop fəaliyyəti
Afanasinin yepiskopluğunun ilk dövrü nisbətən sakit məcrada keçmişdir. Lakin arrian məzhəbindən olan yepiskop Evsevinin imperator Konstantinə təsiri nəticəsində Arius sürgündən azad edilərək, kilsəyə bərpa olunmuş və öz görüşlərini yaymağa başlamışdı. Beləlilkə, onun ideyaları xeyli sayda tərəfdar qazanaraq, əsas düşüncəyə çevrilmişdi. Afanasi isə arrianlığı rədd edərək, bu məzhəbin İskəndəriyyədə yayılmasının tərəfdarlarının fikrinə məhəl qoymamışdı. Buna görə də 335-ci ildə Tir Kilsə Məclisi onu yepiskop Arseninin ölümündə ittiham etmişdir.
Mübarizəsi
Təqib olunmağı ilə barışmayan Afanasi Konstatinopola, imperator Konstantinin yanına şikayətə getmək qərarına gəlmişdir. Bununla o, imperatorun qarşısında öz əleyhdarları ilə üzbəüz disputlar aparmaq hüququ qazanmaq istəyirdi. Lakin orada Afanasiyə qarşı Konstantinopola gedən taxıl gəmilərinin hərəkətinə mane olmaq ittihamı irəli sürülərək, Trir şəhərinə sürgün edilmişdir.
Afanasi yalnız Konstantinin ölümündən sonra İskəndəriyyəyə qayıtmışdır. 345-ci ildə isə yenidən yepiskop olmasına baxmayaraq arrianlarla mübarizəsini davam etdirmişdir. 356-cı ildə Milanda baş tutan Kilsə Məclisində Afanasinin fəaliyyəti yenidən ittiham edilmişdi. Həmin dövrdə İsgəndəriyyədə ibadət zamanı bir qrup silahlı şəxs kilsəyə soxularaq, onu öldürməklə hədələmişdi. Nəticədə o, Yuxarı Misirə qaçaraq, orada sığınacaq tapmaq məcburiyyətində qalmışdı.
İmperator Konstansidən sonra taxta çıxan Yulian bütün dini cərəyanlara sərbəstlik verilməsi barədə Fərman imzalamışdı. Bundan istifadə edən Afanasi İskəndəriyyəyə qayıtmışdı. Lakin daha sonra hakimiyyətə gələn Valent də onu sürgünə yollasa da, qısa müddətdən sonra, azad edilib İskəndəriyyəyə qayıdaraq yepiskop vəzifəsinə yenidən yiyələnmişdir. O bu vəzifəni ömrünün sonunadək, yəni, 373-cü ilədək icra etmişdir.
Yaradıcılığı
Afanasinin elmi irsinin böyük əksəriyyəti arrianlarla mübarizəyə həsr edilmişdir. Onun ilk yazdığı kitablar "Bütpərəstlik əleyhinə" və "Kəlamın gerçəkləşməsi" adlanır. Bu apologetik (xristian təlimini müdafiə edən) kitablarda Tanrının vəhdəti, onun dünyanın xilası üçün vacibliyi kimi məsələlərə toxunulmuş, Məsihin ilahi mahiyyəti haqqında bir sıra açıqlamalar verilmişdir. Afanasi "Arrianların tarixi", mühacirət həyatına və imperator Konstantinin məhkəməsinə dair yazılmış "Müdafiə sözü", "Müqəddəs Antoninin həyatı" və bir sıra digər kitabların da müəllifidir.
Onun fikrincə İlahi Təbiətlə İlahi İradə bir-birindən fərqlidir. Təbiətə görə Tanrı Atadır, o, Oğulu yaradır və Müqəddəs Ruh göndərir. Lakin dünyanın yaranması Tanrının təbiətinə görə olmasa da, iradəsinə əsasən baş verir. Beləliklə, Xaliqlə məxluq fərqli təbiətlərə malikdir. Onun fikrincə, şər və ölüm Tanrı istəyinə görə yox, ilkin günahın nəticəsi olaraq meydana çıxmışdır. Günahlardan xilasın nəticəsində dünya ölümdən qurtulacaq. Afanasinin ilahiyyatla bağlı əsərlərində dünyanın xilası məsələsi əhəmiyyətli problem kimi qoyulur. Onun fikrincə, məxluqlar aləmi canlı və Tanrının gözündə qiymətlidir. Ölüm isə elə güclü düşməndir ki, onun üzərində yalnız insan cildindəki Tanrının ölümü ilə (İsa Məsih nəzərdə tutulur) qələbə çalmaq mümkündür.
Afanasinin yaradıcılığının mühüm sahəsi İsa Məsih haqqında araşdırmalardır. O, İsanın insan cildinə düşmüş kəlam olduğunu bildirmiş, onu yalnız ilahi şəxsiyyət və insani təbiət kimi qəbul etmişdir. İlahiyyatçı Üç üqnum inancını da araşdırmış və bu məsələ ətrafında fəlsəfi mülahizələr yürütməyin düzgün olmadığını bildirmişdir: "Tanrı kəlamının bizim kəlam kimi olmaması şübhə altına alınmamalıdır, çünki Tanrı bizim kimi deyil. Kəlamın Tanrıdan necə gəldiyi, Onun hansı şəkildə yaratdığı və mərəmətinin necəliyi məsələləri haqqında fikir yürütmək də bu qəbildəndir. Bu Tanrının necə Ata olduğu haqqında verilən suallar kimi mənasızdır".
Afanasi xristian dünyasının mühüm ilahiyyatçısı olmaqla yanaşı, kilsənin (xüsusilə pravoslavlığın) müqəddəs saydığı şəxsiyyətlərdəndir.
Tarix: 07.03.2013 / 16:01 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 355 Bölmə: Kilseler