Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Baptizm

Baptizm — Xristian protestant məzhəbidir. Yunan dilindən tərcümədə "suya batırmaq, suda vəftiz etmək" mənasını ifadə edən baptizmin meydana gəlməsi konkret bir ölkə ilə əlaqədar olmamışdır.Mündəricat
1 Baptizmin tarixi
2 Baptizmdə Allah inancı
3 Vəftiz (xaç suyuna çəkilmə) ayini
4 Baptistlikdə axirət inancı
5 Baptistlərdə ibadət
6 Baptistlər Azərbaycanda


Baptizmin tarixi

Baptizmin yaranması prosesi Hollandiyada başlamış, İngiltərədə isə başa çatmışdır. Baptistlər öz tarixlərinin Yəhya peyğəmbər və İsa Məsihin dövründən başladığını iddia etsələr də, tarixi qaynaqlar onun XVII əsrin əvvəllərində ortaya çıxdığını təsbit edir. Baptistlərin ilk icmasının əsası 1609-cu ildə Amsterdamda qoyulmuşdur. Onun üzvləri özlərini bu vaxt baptist adlandırmasa da yeni dini cərəyanın bünövrəsini qoymuşlar. Yetkin insanın şüurlu şəkildə öz etiqadını müstəqil müəyyənləşdirməsi və vəftiz edilməsi ideyalarını müdafiə etmişlər. Onlar siyasi əqidələrinə görə təqib edildiyindən İngiltərədən Hollandiyaya köç etmiş kalvinçi immiqrantlar idi. 1606-cı ildə İngiltərədə kilsə əleyhinə yönəlmiş hərəkat nəticəsində ölkəni tərk etməli olan kalvinçilər Hollandiyada müstəqil iki qrup kimi fəaliyyətlərini davam etdirmişlər. Con Robinsonun başçılıq etdiyi qrup Hollandiyanın Leyden şəhərinə, digər qrupa rəhbərlik edən Con Smit (1570-1612) isə Amsterdam şəhərinə sığınmış və orada müstəqil kilsələrini quraraq fəliyyət göstərmişlər.

1612-ci ildə İngiltərədə dini təqiblərə son qoyulduqdan sonra Con Smitin yaxın tərəfdaşları olan Tomas Helvis və Con Mertonun başçılığı ilə vətənə dönən Amsterdamdakı kalvinçilər Londonda İngiltərədəki ilk baptist icmasını təsis etdilər. Məhz İngiltərədə onlar özlərini baptistlər adlandırmışlar. Con Smit yeni dini cərəyanın qurucusu hesab edilir.

Bu cəmiyyət qısa müddət ərzində İngiltərədə və digər Avropa ölkələrində çoxlu tərəfdar toplamışdır. Cəmiyyət yeni kilsənin nizamnaməsini hazırlamışdı. Bu nizamnamədə baptist kilsəni digər kilsələrdən fərqləndirən xüsusiyyətlər qeyd edilmişdir.

Baptizmin Şimali Amerikada kök salması 1638-ci ilə təsadüf etmişdir. Bu dövrdə Rocer Uilyamsomun başçılıq etdiyi bir qrup missioner Providens və Nyuport şəhərlərində ABŞ-da ilk baptist kilsəsini təsis etmişdir.

Cərəyanın Avropa qitəsində geniş yayılmasında da ingilis və amerikan missionerlər böyük rol oynamışlar. Məhz onların fəaliyyətinin nəticəsi olaraq, XIX əsrin 20-30-cu illərində Fransa və Almaniyada baptist icmalar yaranmışdır. Sonradan, keşiş Onkenin rəhbərlik etdiyi bir qrupu alman baptistin sayəsində Almaniya, Skandinaviya və digər Avropa ölkələri arasında baptizm təliminin mərkəzinə çevrilmişdir.

Hazırda dünyada ən böyük protestant konfessiyası sayılan baptizm, təxminən 100 milyona yaxın insanı birləşdirir. Onların təqribən səksən faizi ABŞ-da məskunlaşmışdır. Dünyada mövcud olan baptist kilsələri Ümumdünya Baptist İttifaqında birləşmişlər. İttifaq 1905-ci ildə Londonda təsis edilmişdir. Dünyanın demək olar ki, bütün bölgələrini əhatə edən 214 baptist icması bu ittifaqda birləşmişdir. İttifaqın aparıcı strukturu olan Ümumdünya Şurası Vaşinqtonda yerləşir.

Beynəlxalq Baptist Təşkilatı lüteranlarda olduğu kimi "yumuşaq" struktura malikdir. Yəni, aparıcı strukturlar olan Ümumdünya şurasının və Beynəlxalq baptist konqresinin (onun iclasları beş ildən bir keçirilir) qərarları tövsiyə xarakteri daşıyır. Yerli baptist təşkilatları fəaliyyətlərində müstəqildirlər.

XIX əsrin 60-cı illərində xüsusi baptistlər Zaqafqaziya və Şimali Qafqaza ayaq açmışlar. 70-ci illərin sonlarında isə Peterburqda ilk ümumi baptist icması yaranmışdır.

Baptizmdə Allah inancı

Baptizmdə tarixən iki axın mövcud olmuşdur: ümumi və xüsusi. Onlar biri-birindən vəftiz məfhumunun mahiyyətini fərqli dərk etdikləri üçün seçilirlər. Ümumi baptistlərə görə, İsa Məsih insanlar arasında fərq qoymadan hər kəsin günahını təmizləmişdir. Xüsusi baptistlər isə İsanın əvvəlcədən seçilmiş bir sıra insanın günahlarını təmizlədiyini qəbul edirlər. Con Smit ümumi baptist icmasının qurucusu hesab olunur. İlk xüsusi icma isə 1638-ci ildə İngiltərənin Sosverq şəhərində meydana gəlmişdir. Baptistlərin həyat devizi olan "Tanrı məhəbbətin özüdür" ifadəsi özündə bütün xoşbəxtlik və sevincin Tanrı ilə bilavasitə əlaqədar olması mənasını ehtiva edir. İnanca görə, inanan insanın Allahın varlığına sübut gətirməsinə ehtiyac yoxdur. Çünki Allah varlığını inanan insanın şüuruna yerləşdirmişdir. Baptistlərə görə, Allah təkdir, o bir ruhdur, diridir, hər şeyə qadir, əbədi, müqəddəs və ədalətlidir. Katolik, pravoslav, lüteran və digər xristian təriqətlərindən fərqli olaraq, baptistlər Tanrının yalnız ruhani təbiətə malik olduğunu bildirərək, onun insan qismində nə vaxtsa zühurunu qəbul etmirlər. Tanrının hansısa formada surətinin təsvir edilməsinə etiraz edirlər. Əgər katolik və pravoslav kilsələrində Ata Tanrının təsvirlərini tavan və divarlarda görmək mümkündürsə, baptistlər bunu ümumiyyətlə qəbul etmirlər.

Baptistlər təslis, yəni üçlük inancını Ata Tanrı, Oğul Tanrı və Müqəddəs Ruh Tanrısını qəbul edirlər. Onlara görə, Müqəddəs Ruh insanın inancında böyük rol oynayır. Müqəddəs Ruh insana açılmadan insanda imana olan istək meydana gəlməz. Baptistlər bu səbəbəbdən Müqəddəs Ruha böyük əhəmiyyət verirlər.

Baptistlər Tanrı mövzusunda digər xristianlardan fərqli fikirdədirlər. Belə ki, xristian icmaların əqidəsinə görə, bəndə cəzalanmalıdırsa, Tanrı onu harda olursa-olsun cəzalandıracaq. Tanrı ilahi şəxsiyyət kimi aşkar yerdədir. Baptistlər də tanrının isdədiyi vaxt və yerdə insanı cəzalandıra bilmək qabiliyyətinə malik olması ideyasını qəbul edirlər. Lakin onlar Tanrını laməkan sayırlar. Baptizm ideologiyasının mərkəzində məsihçilik dayanır. Baptistlər İsanın Allahın özü olduğuna inanmaqla yanaşı, Tanrının insan bədəninə girərək İsa adı ilə bəşəriyyəti günahlardan qurtarmaq üçün gəldiyini qəbul edirlər. İsa onların əqidə və ehkamlarında mənbə rolunu oynayır. O, xilas, həqiqət və həyat yoludur. Tanrı ilə bəndə arasında yeganə əlaqə vasitəçisi İsadır.

Aktiv missioner fəaliyyət göstərmələrinin səbəbi baptistlərdə İsanın bəşəriyyəti xilas etmək üçün özünü qurban etməsindən doğan sevinc hissinin daha yüksək olması ilə izah olunur. Xilas olmaqdan danışarkən, baptistlər həvari Paveldən gətirilən sitata əsaslanırlar: "Zira Allahın lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Allahın ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin" (Efeslilərə məktub, 2:8-9). Bibliyaya görə, yalnız İsa Məsih insanların günahlardan çəkinərək, yalnız ona etibar etdiyi təqdirdə xilas edə bilər. Lakin, təkcə İsanın öldüyü və yenidən diriləcəyi ideyası ilə kifayətlənmək olmaz: hər insan özündə İsanın onun günahları ucbatından öldüyü və ona bəraət qazandırmaq üçün yenidən zühur edəcəyi fikrini təlqin etməlidir.

Baptistlərə xas digər mühüm xüsusiyyət onların kilsə haqqında düşüncələridir. Onlara görə, kilsə Tanrı tərəfindən xüsusi mənəvi imtiyazlar verilmiş, mükəmməl insanların məkanıdır. Kilsə, hər hansı məbəd binası, ilahi firavanlığın təmsilçisi deyil, hər şeydən öncə "dirilmiş ruhlar"ın toplandığı yerdir. Baptistlər ikona, xaç simvolu və əksər kilsə ayinlərini qəbul etmirlər. Lakin baptistləri digər icmalardan fərqləndirən ən mühüm xüsusiyyət onların etiqadında Bibliyanın çox əhəmiyyətli yer tutmasıdır. İcma üzvləri bunun səbəbini Bibliyanın İsa Məsih vasitəsilə xilas olmağın və Tanrı ilə barışmağın mümkünlüyünə şahidlik etməsilə izah edirlər. Baptistlər inanc və həyat təcrübəsində yalnız Müqəddəs Yazıların hökmlərinə istinad edirlər. Spirtli içkilər, narkotik maddələrin qəbulu, papiros çəkmək, əxlaqsızlıq və dələduzluqla məşğul olmaqdan xilas olmaq təbliğ edilir. Belə mənfi vərdişlər ruhun xilas olması üçün ciddi maneədir. Onlardan xilas olmayan insan böyük günah sahibidir və Cənnətə düşmək şansını itirir.

Vəftiz (xaç suyuna çəkilmə) ayini

Vəftiz baptistlərin ən cox diqqət yetirdikləri dini ayinlərdən biridir. Vəftizin həyata keçirilməsi baptizmin ortaya çıxmasında böyük rol oynamış səbəblərdən biri kimi qəbul edilir. Çünki "baptizm" adı "vəftiz" kəlməsindən medana gəlib. Baptistləri digər xristian məzhəblərindən fərqləndirən əsas əlamətlərdən biri vəftiz dini ayini ilə bağlıdır. Baptistlərə görə, uşaqları vəftiz etmək şüursuz varlıqları suya salıb çıxartmaq kimidir. Onlar uşaqların vəftiz edilməsini qəbul etmirlər. Xristian günahlarının bağışlanması üçün əvvəlcə İsa Məsihin, bütün insanlığın günahlarının bağışlanması üçün özünü qurban etdiyinə inanmalı və sonra vəftiz olunmalıdır. Baptistlər kiminsə vəftiz olunmadan kilsəyə üzv olunmasını qəbul etmirlər. Onlar eyni zamanda vəftizin Allah ilə insan arasında bir əhd olduğuna inanırlar.

Baptistlikdə axirət inancı

Baptistlər ölümdən sonrakı axirət həyatını qəbul edirlər. Onların inanclarına görə, iki – dünya (müvəqqəti) və ilahi (daimi) həyat mövcuddur. Dünya həyatı qəm-qüssəli, əzablı həyatdır. Onun yeganə müsbət işi, bəşəriyyətdə Tanrıya məhəbbət hissi oyatmaqdır. Ölən kimsə İsa Məsihin bəşəriyyətin günahlarının bağışlanması üçün öldüyünə inanmışdırsa axirətdə əbədi yaşayacaqdır. Bu inancı qəbul etməyənlər isə əbədi cəzalandırılacaqlar. Əslində Allahın heç kimi cəzalandırmaq istəmədiyinə inanan baptistlər bu cəzaya layiq görülən insanların özlərini günahkar hesab edirlər. Yaşamağın əsas məqsədi axirət həyatını qazanmaqdan ibarət olduğunu qəbul edən baptistlər dünya həyatını dəyərsiz və fani sayırlar. Baptistlərə görə, Cənnət – istirahət, Cəhənnəm isə – vicdanın əzab çəkdiyi yerdir.

Baptistlərdə ibadət

Baptistlərin ibadətlərində dualar mühüm yer tutur. Onların inaclarına görə, Allaha yaxın olmanın ən qısa yolu duadan keçir. İnsan bütün həyatı boyu dua etməlidir ki, Allah da onun dularını qəbul etsin. Baptistlərdə dua iki cür edilir: birincisi, camaatla birlikdə edilən dua, ikincisi isə fərdi duadır. Camaatla edilən dua həftədə iki-üç dəfə müəyyən günlərdə yerinə yetirilir. Fərdi duanı isə hər zaman və hər yerdə etmək olar.

Baptistlər Azərbaycanda

Baptistlik XIX əsrin ikinci yarsından etibarən Azərbaycanda yayılmağa başlayıb. 1894-cü ilin sentyabrında çar II Nikolay baptistlərin dövlətçilik üçün təhlükəli olduğunu əsas gətirərək onların ətraf bölgələrə, xüsusən də Qafqaza və Azərbaycana sürgün edilməsi haqda qərar qəbul edib. Həmin vaxt sürgün edilənlər əsasən Tərtər, Şuşa və digər rayonlarda məskunlaşmışlar. 1899-cu ildə onlar Bakıda böyük Baptist icmasını və dua evini qurmağa nail olmuşlar.

1911-ci ildə Bakı şəhərində "Şəfəq" kinoteatrının yanında yeni baptist kilsəsi inşa edilmişdir. Azərbaycanda sovet rejimi qurulandan sonra da baptistlər burada fəaliyyətlərini davam etdirmişlər. Belə ki, 1956-cı ildə yeni dua evi inşa edilmişdir.


Tarix: 08.03.2013 / 15:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 754 Bölmə: Kilseler
loading...