Avreli Avqustin (Müqəddəs Avqustin) (13 noyabr 354, Taqast-28 avqust 430, Hippon) — xristian teoloqu, görüşlərinə görə neoplatonizmə yaxın filosof-mistik, patristikanın görkəmli nümayəndəsi.
Həyatı
Afrikanın Numidiya əyalətinin (indiki Əlcəzair) Taqast şəhərində dünyaya göz açmışdır. Atası romalı torpaq sahibi, anası isə dindar xristian olmuşdur. İlk təhsilini doğma şəhərində aldıqdan sonra Madavraya, oradan isə biliyini artırmaq məqsədilə Karfagenə yollanmışdır. Gəncliyində əxlaqsız həyat sürmüş, manixeyizm dinini qəbul etmiş, həmçinin yeni platonçuluq fəlsəfəsi ilə də yaxından tanış olmuşdur. Daha sonra o, xristianlığı dərindən öyrənərək, bu dini qəbul etmək məqsədilə Romaya getmiş, orada ilahiyyat elmlərinə dərindən yiyələnmişdir. Vətəninə Ruhani kimi qayıtmış və 395-ci ildə Qippon şəhərinin yepiskopu vəzifəsinə təyin edilmişdir.430-cu ildə elə orada vəfat etmişdir.
Dünyagörüşü "dini inam olmadan bilik də, həqiqət də yoxdur" prinsipinə əsaslanan fideist xarakter daşıyır. Avqustinin baxışları sxolastikanın mənbələrindən biridir. "Allah şəhəri haqqında" əsərində dünya tarixi barədə xristian konsepsiyasını inkişaf etdirmişdir. Tarixi fatalicəsinə, allah tərəfindən qabaqcadan müəyyən olunmuş nəticə kimi başa düşmüşdür. "Allah şəhərini"-kilsənin dünya hökmranlığını o, "Yer şəhərinə", günahlı dünyəvi dövlətə qarşı qoyur. Xristian teologiyasının sonrakı inkişafına Avqustinin güclü təsiri olmuşdur. Həm katolik, həm də protestant xadimləri indiyədək avqustinizmdən geniş istifadə edirlər.
Yaradıcılığı
Məktəbli Avreli Avqustin
Avqustinin yaradıcılığını üç dövrə bölmək mümkündür. İlk mərhələyə antik, əsasən də neoplatonçu məfkurənin təsiri altında yazılmış əsərlər daxildir. İkinci mərhələyə dini-əxlaqi motivli kitabları aiddir. Onun məşhur "Tövbə" əsəri də elə bu dövrdə qələmə alınmışdır. Üçüncü mərhələ isə esxatoloji (dünyanın sonu haqqında dini təsəvvür) əsərlərdən ibarətdir. Onun ən məşhur kitabı "De civitati Dei" (Tanrı şəhəri haqqında) bu dövrün məhsuludur.
Avqustinin fikrincə, Tanrı maddəni yaratmış, ona müxtəlif formalar və keyfiyyətlər vermişdir. Tanrının əməlləri yaxşılığa doğrudur, deməli bütün məxluqat da yaxşıdır. Tanrı həyatın mənbəyi, gözəllik nümunəsi, xeyirin əsasıdır. Dünya Tanrının fasiləsiz yaratma fəaliyyəti nəticəsində mövcuddur. Yəni Tanrının yaratmaq qabiliyyəti daimidir. Ona görə, dünya, təbiət və insan Tanrının yaratma fəaliyyətinin nəticəsi olaraq, tamamilə Uca Yaradandan asılıdır. Əgər neoplatonizm Tanrını simasız varlıq kimi qəbul edirdisə, Avqustin isə onu iradəsi olan varlıq şəxsində qavrayırdı. Tanrı cisim deyil. Buna görə də O hər məkanda və hər zamanda mövcuddur. Dünya Tanrının qoyduğu nizam-intizama tabeli şəkildə yaradılmışdır.
Tanrı insanı xəlq edəndə ona öz ruhundan üfürmüşdür. Avqustin hesab edirdi ki, Bədən əhəmiyyətsiz və günah mənbəyidir. İnsanda yalnız ruh mövcuddur. Heyvan-ruhsuzdur. İnsan Tanrı tərəfindən azad varlıq kimi xəlq edilmişdir. Lakin günah işləyərək, Tanrı iradəsinin əleyhinə gedərək şəri seçmiş və nəticədə müstəqilliyini itirmişdir. İlkin günahın törədildiyi andan etibarən insanlar günaha meyillidir. O, hesab edirdi ki, insanın əsas məqsədi qiyamət məhkəməsində xilas olmaqdır, bunun yolu isə yalnız kilsəyə mütləq tabeçilikdən keçir.
İnsanın Tanrıya yönəlməsini təmin edən hiss ilahi nemətdir. Bu nemət insanın daxilinə nüfuz edən və onun təbiətini dəyişə bilən xüsusi enerjidir. Hər kəs xeyirli əməlləri yalnız Tanrının köməyilə həyata keçirə bilər. Avqustinə görə, ilahi nemət Xristianlıqda əsas doqmat sayılan İsa Məsihin bütün bəşəriyyətin günahlarını öz üzərinə götürməsi ilə birbaşa əlaqəlidir. Lakin ilahi nemət hamıya verilsə də bütün insanlar xilas ola bilməyəcəklər. Avqustin bunu bəzilərinin ilahi neməti qəbul edə bilməməsi ilə izah etmişdir. Onun fikrincə, bu hər kəsin şəxsi iradəsindən asılıdır. İsa Məsihin sözlərinə əməl edən və Tanrının iradəsini öz iradəsi kimi qəbul edən hər kəs İlahi Səltənətə buraxılacaqdır.
Zaman hərəkətin və dəyişmənin ölçüsüdür. Dünya fəza ilə, həyat zamanla məhdudlaşır. Avqustin hesab edirmiş ki, nə keçmiş var, nə də gələcək. Yalnız indiki zaman mövcuddur. Keçmiş bizim yaddaşımızda, gələcək isə ümidlərimizdə yaşayır. İndiki zaman dünyada baş verən sürətli dəyişiklərlə əlaqədardır. Beləliklə də, keçmiş-xatirələr, indiki zaman-düşünmə, gələcək isə ümid deməkdir. Zaman yalnız xatırlanıldığı üçün mövcuddur, deməli, ona mütləq əşya lazımdır. Beləliklə, dünya yaranmamışdan əvvəl zaman məfhumu da mövcud deyildi. Dünyanın yarandığı an zaman da yaranmış-əbədiyyət isə daim mövcud olmuşdur.
Avqustin xristian ilahiyyatında çətin izah edilən "şər" məfhumunu açıqlamağa da çalışmışdır. O, Tanrı məxluqlarının hamısında ümumi xeyirin olduğunu bildirmişdir. Şər isə öz-özünə mövcud olan maddə deyil, sadəcə xeyirin dəyişilmiş və zəifləmiş formasıdır. Şər həm də xeyirin dəyərinin anlaşılması üçün bir ölçü vasitəsidir.
Avqustin cəmiyyətdə bərabərsizliyi təbii hesab edirdi və bunu aradan qaldırmağın mənasızlığını irəli sürürdü. O dövləti ilkin günaha görə verilmiş cəza kimi qəbul edirdi. Avqustinin fikrincə, dövlət xoşbəxtliyin və rifahın əldə olunması üçün deyil, bu dünyadakı mövcudluq üçün zəruridir. Dövlətin vəzifəsi qayda-qanun yaratmaq, əhalini xarici istilalardan qorumaq, kilsəyə yardım etmək və küfrün qarşısını almaqdır. Onun fikrincə, dünyanın tarixi altı dövrə bölünür və Adəmlə başlayıb, qiyamətlə sona çatacaqdır. Avqustin qiyamətdən sonra Tanrını sevənlərin əbədi həyata, öz nəfsini sevənlərin isə əbədi cəzaya düçar olacaqlarını bildirirdi.
Tarix: 07.03.2013 / 15:53 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 604 Bölmə: Kilseler