Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Origen

Origen (185-254) — Origen Bibliyanın təfsiri ilə də məşğul olmuşdır. Onun fikrincə, Tanrı sözü müqəddəs olmaqla bərabər, çox da sirlidir. Origen Bibliyanın bütün kitablarına təfsir yazmışdır. O, öz tələbələrinə qatı ateist əsərləri istisna olmaqla, müxtəlif fəlsəfi və ədəbi əsərləri öyrənməyi tövsiyə etmişdir. Mütəfəkkir Müqəddəs Kitabın üç anlamı olduğunu bildirmişdir: cismani (hərfi), mənəvi və ruhi.

Origen rəsmi kilsə tərəfindən bidətçi hesab olunmuşdur. Əsərlərinin qadağan edilməsinə baxmayaraq, ilahiyyatçılar tərəfindən kifayət qədər öyrənilmişdir. İntibah dövründən başlayaraq, onun əsərləri yenidən tədqiq edilməyə başlanılmışdır.

Həyatı

İsgəndəriyyədə dindar ailədə doğulmuşdur. İlk dini təhsilini atasından almış, o vəfat etdikdən sonra isə məktəbdə müəllim işləmişdir. Bu dövrlərdə zahid həyatı sürmüşdür. Antik dövrün fəlsəfəsini mükəmməl öyrənmişdir. İsgəndəriyyədə dini məktəbə rəhbərlik etmiş, lakin fəaliyyəti kəskin tənqid olunduğundan Fələstinə köçmüşdür. Xristianlıq növbəti dəfə təqib olunarkən həbs edilmiş, zindanda işgəncələr altında həlak olmuşdur.

Origen ilk dövr xristian ilahiyyatçılarındandır. Ciddi tənqidlərə məruz qalsa da, bəzi ilahiyyatçılar onun təlimlərindən ümumiyyətlə bəhs etməsələr də, Origenin baxışlarının təsirini tamamilə yox etmək mümkün olmamışdır. Origen Xristianlığı fəlsəfi cəhətdən sistemli şəkildə izah edən ilk alimdir. Onun Evsevi, Nisli Qriqori, Vasili kimi məşhur ilahiyyatçılara böyük təsiri olmuşdur.

Fəaliyyəti

"Tanrı konsepsiyası" Origenin fəlsəfi düşüncələrinin məğzini təşkil edir. Onun fikrincə, Tanrı vahid, izahedilməz və əlçatmazdır. O, sadədir, heç nədən törəməyib, əbədidir, dəyişməzdir, hər şeyin əsasıdır. Onun təbiətini qavramaq insan şüurunun xaricindədir. Bir sözlə, hər şey Ondandır. O, müdrikliyin, həqiqətin, nurun və həyatın mənbəyidir, bu səbəbdən də bunların hamısından üstündür.

Onun məşğul olduğu mövzulardan biri də Ata (Tanrı) və Oğul (İsa Məsih) barəsində mülahizələrdir. Origenin fikrincə, Tanrı nə fəaliyyət sahəsində, nə də düşüncədə dəyişkəndir. Bunun üçün onun yanında Oğulun olması təbiidir: "Ata (Tanrı) Müdrikliyi yaratmadan varlığının hər anında mövcud ola bilməzdi. Çünki, biz əgər Tanrının əvvəllər mövcud olmayan Müdrikliyi-Oğulu (İsa Məsihi) xəlq etdiyini mümkün saysaq, o zaman onu (İsa Məsihi) əvvəl yaratmaq iqtidarında olmadığını, ya da yaratmaq istəmədiyini qəbul etməliyik. Məlumdur ki, bunu deyə bilmərik, çünki bu hər iki halda ya Tanrının iqtidarsızlıqdan qüdrətə ucaldığı, ya da Müdrikliyi yaratmaqda gecikdiyi və təxirə saldığı anlamına gələrdi. Bu düşüncə isə Tanrıya qarşı hörmətsizlikdir".

Mütəfəkkirin ən məşhur fikirlərindən biri də ruhlarla bağlıdır. Onun düşüncəsinə görə, ruhlar insan bədəninə daxil olmamışdan öncə də mövcuddur. Bu mövqeyə əsasən, ruhlar bitki və heyvanlara daxil olmur, onlar mükəmməlliyə doğru istiqamətlənərək daha "nurlu" bədənlərdə mövcud olurlar. Origenin fikrincə, günahkar ruhlar mələk, insan və yaxud da cin formasında yenidən doğulurlar. O, ruhun insan bədəninə daxil olmazdan əvvəl də yaşadığını, başlanğıc və sonunun olmadığını iddia etmişdir: "Hissəcikləri digər cisimlərə qarışmış ölü bədənləri necə bərpa etmək olar? Bu hissəciklər bədənlərin hansına aiddir?"

Bu mövqeyi ilə Origen qiyamət günü ölülərin diriləcəyi fikrini, İlahi Mühakimə, Cənnət və Cəhənnəm kimi anlamları nisbi qəbul edərək, Tanrının öz mərhəməti sayəsində təkcə imanlıları deyil, bütün günahkarları da əbədi əzabdan xilas edəcəyini bildirmişdir.

Bəzi tədqiqatçılara görə, Origenin bu məsələdəki mövqeyi müasir dövrdə reinkarnasiya kimi qəbul edilən baxışdan fərqlidir. O, Tanrının çox sayda dünya yaratdığını bildirmişdir. Hər dünya isə məhdud və sonludur. Onlar paralel şəkildə yerləşmir, əksinə, biri başa çatdıqda digəri yaradılır. Bir qisim tədqiqatçılar mütəfəkkirin bu tipli düşüncələrini kilsənin mövqeyi kimi yox, şəxsi düşüncə kimi qəbul etmişlər.


Tarix: 07.03.2013 / 15:58 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 409 Bölmə: Kilseler
loading...